“Kuba dəftəri” – macəra içində demokratıya dərsliyi
Vahid Qazinın “Kuba dəftəri” kitabı fonunda əlifba və dil probleminə Güneydən baxış
Əlifba və o tay-bu tay söhbəti
Türkiyə latın əlifbasına keçəndən sonra (1920-ci illərin sonu) İranda da əlifbanı dəyişmək ciddi mübahisə mövzusu idi. Rza şahın Atatürkü təqlid etdiyi bir çox modernləşmə siyasətinin növbəti mərhələsi kimi farscanın latın əlifbasına keçməsi gözlənilirdi. İranlı aydınların bir çoxu söz qonusu olan dəyişimi kütlənin savadsızlığına çarə kimi, həm də fars dilinin gəlişməsi üçün dəstəkləyirdi.
Ancaq dəyişim baş vermədi! Başlıca səbəblərdən biri İranda yaşayan türkləri farsların içində əritmək siyasəti və əlifbanın bu məsələdə önəmli təsiri idi. Əlifba fərqi İran və Türkiyə türkləri arasında əlaqə və ünsiyyətə maneə törədəcək və bu təcridin sonucunda İran türklərində kimlik dəyişimi daha rahat olacaqdı.
Etiraf edək ki, bu siyasət o qədər də başarısız olmayıb. Başqa səbəblər də var: Güneydə öz dilində təhsil haqqından məhrumiyyət kimi. Ancaq eləcə əlifba fərqi güneylilərin nəinki Türkiyə, Quzey Azərbaycanla da ilgisini bəlli dərəcədə məhdudlaşdıra bilib. Düzdür, son illərdə media və internet bu açıdan çox yardımçı olub, ancaq yenə də bəzi sahələrdə, xüsusilə kitab və nəşriyyat sahəsində əlaqələrin azlığı göz qabağındadır.
Bədii ədəbiyyat sahəsində güneylilərin Quzeydə çıxan əsərlərlə tanışlığı (son illərdə bir az yaxşılaşsa da) çox azdır. Müasir yazarlar arasında, şairləri çıxmaq şərti ilə, güneyli oxucu kəsimi bəlkə daha çox Rafiq Tağı, Əkrəm Əylisli, Rüstəm İbrahimbəyovu tanıyır. Təəssüf ki, bu tanışlıq onların yazdıqları əsərlərdən yox, farsdilli xəbər qaynaqlarından irəli gəlir. Rəhmətlik Rafiq Tağı o zaman tanındı ki, iranlı molla onun ölümünə fitva verdi. Əkrəm Əylisli farsdilli internet saytlarında kitablarının yandırılması xəbərinin dərcindən sonra məşhurlaşdı. Rüstəm İbrahimbəyovun adı isə siyasi fəaliyyətə keçdiyi zaman çəkilməyə başladı. Başqa sözlə desək, güneylilər üçün oxuması daha rahat olan (həm dil, həm də əlifba olaraq) fars dilindəki qaynaqlar sadəcə bunların tanınmağına izin verib. Özü də aydındır ki, tərəfsiz mətləblərlə yox, mənfi xəbər təbliğatı ilə.
Əlifba fərqi özəlliklə də yazı və ədəbiyyat sahəsində güneylilərin fars dilindən asılılığını çoxaltmaqdadır. Bu üzdən Quzeydə mövcud olan ədəbi yaradıcılıqdan, yazarların nələrdən etgiləndiyindən, gündəmdə olan janrlardan güneylilərin bəlli dərəcədə bilgisizliyi var. Bu isə bir yandan kütlə arasında dilimizin zənginliyi barədə şübhələrə yol açır, digər yandan güneyli oxucuları həmən əsərlərdən məhrum edir.
Vahid Qazinin “Çamayra. Kuba dəftəri” əsəri də onlardan biridir.
Kuba dəftəri
Quzeydə kitab və yazarlıq mövzusunda məsələ sadəcə tanımamaqla bitmir. Ortada mənfi baxış da olur bəzən. Olubdu, Quzeyin bəzi dirnaqarası xalq artistləri, vəzifəli adamları, aktivistləri Avropaya yolları düşəndə yazdıqları “şah əsərlər”ini də hərdən sovqat gətirirlər. İsrarla imza atıb pay verdikləri o yağlı-boyalı kitabları vərəqləmək belə mümkün deyil. Adı xatirə olan, yaltaqlıq dolu o kitabları kitab rəfində “Dəli Kür”ün, Mirzə Cəlilin kitablarının yanına necə qoymaq olar?! Düşünün, belə bir baxışda olarkən “Çamayra. Kuba dəftəri” kitabına rast gəlibsən! Balaca, nazik bir kitab. İlk baxışda “Kuba” adı bəzi gənc şairlərimizin sərbəst şeir kitablarındakı xarici, xüsusilə latın amerikalı adlara olan maraqlarını xatırlatdı. O şeir kitabları ki, yazar özünü qlobal əsrin şairi sayır, həm də Güney Amerikanın yazarlarındən ilham aldığını göstərməyə çalışır.
Kitabın üz qabığındakı tikanlı tellər mənə 1989-cu ilin 31 dekabrını, Araz sərhədində qırılan o məftilləri xatırlatdı. Vahid Qazi ilə az-çox tanışlığım olmasaydı, deyərdim, milli duyğulu bir şairin kitabıdı qarşımdakı. Yəni bu vaxtlarda oxumağa həvəssiz olduğum bir əsər. Ancaq kitabın arxasına baxanda hər şey dəyişdi. Arxa cilddə yerləşən bu qısa şərh: “Demokratıyanın problemi, çətinliyi ondadı ki, o, insanları inandırmalıdı. Avtoritarizm buna ehtiyac duymur. Adamları inandırmaq aldatmaqdan çətindi. Odur ki, avtoritar idarəetmə demokratik idarəetməkdən asandı” – işini gördü. Bax gör, kişinin oğlu necə qızıl kimi söz deyib! Artıq müəllifin xətrinə görə yox, kitabı məzmununa görə oxumalıyam, dedim. Beləliklə, sırada olan digər kitablardan qabağa keçmiş oldu “Çamayra”.
Rüstəm İbrahimbəyovun kitaba yazdığı ön söz, açığı, ilk oxunuşda o qədər də marağımı çəkmədi. Ancaq kitabı bitirdikdən sonra onu təkrar oxudum və nə qədər ustalıqla yazıldığını başa düşdüm. Önsözləri iki dəfə oxumaq adətimdi: bir dəfə kitaba başlayanda, bir dəfə də oxuyub qurtarandan sonra.