Şərm-həyanın qiyməti

header_image_how-to-overcome-shyness-around-men-fustany-living

Şərm-həyanın qiyməti

Qəribə millətik. Görəsən adamını bizim qədər dilemmalar, seçimlər qarşısında qalmağa məcbur edən ikinci bir toplum varmı, üzü o yandan bəri bu gen dünyada?!

“Hünərli olmaq”la “həyalı qalmaq” arasındakı dilemmadan danışıram. Belə ağır seçim basqısına adammı tab gətirər?

Abrını qorumaq istəsən, pıçhapıç düşər – “Qorxur”. Qorxmayıb danışarsan, yazarsan, deyərlər: “Abrını qoru, həyanı əldən vermə!”

Nə edəsən ki, hər ikisini saxlaya biləsən? Bax, bu sualın cavabı yaşadığın cəmiyyətə bağlıdır.

Abırlı adamların qorxmadan danışa bildiyi cəmiyyətdi – yaxşı cəmiyyət!

“Abrını qoru!” sözünü başa düşürəm, amma xoşum gəlmir “abrına qısıl” söhbətindən. “Qısılmaq” sözü “əyilmək”, “büzüşmək”, “qatlanmaq” sözlərini də ehtiva edir. Necə yəni, “abrına qısıl”? Yəni nə? Əyil? Büzüş? Qatlan?

İnsan üzünün şərm-həyası nə deməkdir? Abır-həya necə olur? Alınırmı? Satılırmı?

Abırın, həyanın ən qiymətli dəyər olduğu yerdi –  yaxşı cəmiyyət!

Abır-həyanın bir parça çörəyə, iş yerinə, medala, qranta, mükafata satıldığı yerdi –  pis cəmiyyət.

Abır vicdandan sonra ən qiymətli dəyəridi insanın.

İnsan üzündəki şərm-həyanın qiyməti neçəyədi? Bax, bunlardan danışmaq istəyirəm.

Uzağa getməyəcəm “Çöl Qala” povestindəki bir pritça cavabdı sualıma.

“Çöl Qala”dan oxuyaq:

“Bir gün varlı bir tacir dükanı qarşısında oturubmuş. Çarşablı bir qadın ona yaxınlaşıb əl açır. Tacir pul kisəsini çıxarıb qadına bir mis sikkə uzadır. Pulu dilənçinin ovcuna qoyanda çarşab qadının başından düşür, üzü görünür. Tacir gördüyü gözəlliyə heyran qalır. Ona əl açan Ay parçası bir qızmış. Qız cəld çarşabını başına çəkib çaparaq aralanır. Onların bir anda toqquşan baxışları tacirin ürəyinə vəlvələ salır, qığılcım alova dönür, vulkan kimi püskürür. O, itaətkar qul kimi qızın arxasına düşüb gedir.

Belə bir gözəlin dilənməsində sirr olmamış deyil! Yol boyu ürəyində boy verən dəli ehtiras marağa qarışır. Bir xeyli küçə keçir, tin dönürlər. Sonunda qız böyük bir imarətə girir. Tacir marağından elə bil bu andaca çatlayacaqdı. Tərəddüd etmədən imarətin darvazasını döyür.

Onu içəri alıb bir otağa gətirirlər. Çox keçmir, evin sahibi gəlir. Tacir görür ki, bu, çox varlı bir qaraçıdı. Salamdan sonra tacir başına gələni ev sahibinə danışır. O qızı xəbər alır, bu sirri açmasını xahiş edir. Öyrənir ki, o, ev sahibinin qızıdı. Tacir qızı almaq istədiyini, nə qədər lazımsa pul verəcəyini söyləyir. Ev sahibi razılaşmır.

Ordan havalı ayrılan tacir özünə yer tapmır. Qızı başından çıxara bilmir. Ona dəli bir eşqlə aşiq olur. Səhəri yenə qızgilə gedir, o biri gün yenə. Amma varlı qaraçını razı salmaq mümkün olmur.

Tacirin inadından dönmədiyini görən qaraçı axırda bir şərtlə qızı ona verə biləcəyini deyir: “Sabah obaşdan şəhər darvazası ağzına çıxarsan, bütün günü dilənərsən, gün boyu yığdığın pulu axşam gətirərsən, qızı sənə verərəm”.

Tacir eşitdiklərinə inanmır: “Mən sənə kisə-kisə qızıl verərəm, qara qəpikləri neyləyirsən?”

Qaraçı deyir: “Mənə sənin gətirəcəyin qara qəpiklər lazımdı”.

Tacir yenə ordan kor-peşman ayrılır. Şəhər əhlinin tanıyıb ehtiram elədiyi bir adam indi küçəyə çıxıb necə dilənsin?

Bütün gecəni yata bilmir…

Səhər tezdən şəhərin darvazaları açılanda üzü-başı bağlı tacir qala divarları dibində oturub şəhərə girən karvan əhlinə əl uzadırdı. Keçənlər bu qəribə dilənçinin ovcuna pul basırdılar.

Axşam tacir diləndiyi pulları da götürüb qaraçının yanına gəlir, ona bir kisə qara qəpik uzadır. Qaraçı pulu alıb deyir: “Mən hardan bilim ki, sən bu pulları dilənmisən?” Tacir deyir: “Dilənmişəm! Bütün günü şəhər darvazasının ağzında oturmuşam”.

Qaraçı onu sınayıcı baxışlarla süzür: “Yaxşı, baxarıq! De görüm, ovcuna ilk qəpik qoyulanda hansı duyğuları keçirdin? Nə oldu?” Tacir başını aşağı dikib dərin fikrə gedir. Sonra baxışlarını pud daşı kimi qaldırıb bu sözləri deyir: “İlk qəpiyi mənə elə mən yaşda bir tacir verdi. Pulu ovcuma basanda canımdan üşütmə keçdi. Gözüm qaraldı, bədənimi soyuq tər basdı. Alnımda sıralanmış tər dənələri üzümə axdı. Bir-iki dəfə də tərlədim, sonra daha belə olmadı”.

Qaraçı qalxıb əlini tacirin çiyninə qoyur:

– Düz deyirsən, pulları dilənmisən. Qızı verirəm!

– Səni anlamıram. Qızı əvvəldən niyə vermədin ki, bu qara qəpiklərdimi onun dəyəri?

-Yox, mənim qızımı heç bir qızıl pul əvəz eləməz. Onu yalnız dəlicəsinə sevən birinə verəcəyimi əhd eləmişdim. Mənə sənin qızılların lazım deyil. Mən səndə daha qiymətli olanı aldım. İnsanda ən dəyərli şey üzünün həyasıdır. Ovcuna pul basılan anda səndən çıxan o soyuq tər sənin şərm-həyan idi. Mən səndən onu aldım”.

Bəs sənin üzündə şərm-həya varmı? Varsa, neçəyədir?

Vahid Qazi

30 oktyabr 2015

Kungsmarken, İsveç

Dərc olundu: lent.az, novator.az

“Müəyyənləşdirək görək, kimin əxlaq tələb etməyə haqqı var?”

journalist-in-moral-dilemma

“Müəyyənləşdirək görək, kimin əxlaq tələb etməyə haqqı var?”

Vahid Qazi ictimai əxlaqla bağlı müzakirələrə ehtiyac olduğu qənaətindədir.

Cəmiyyətdə əxlaq məsələsi həmişə diqqət mərkəzindədir. Bu günlərdə bir qrup ziyalı da bu məsələ ilə bağlı müzakirələr keçirib. Müzakirələr zamanı səslənən fikirlər ümumilikdə bir-birindən fərqlənib. Cəmiyyət üçün kifayət qədər maraqlı olan bu mövzu ilə bağlı İnam Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi ilə söhbətləşdik.

– Vahid müəllim, doğrudanmı bu gün cəmiyyətdə əxlaq probleminin ciddi şəkildə müzakirəsinə ehtiyac yaranıb?

– Diqqət yetirsəniz görərsiniz ki, son vaxtlar cəmiyyətdə mənəvi dəyərlərin aşınması həyatımızın əsas mövzularından birinə çevrilib. Mətbuat səhifələrini də izləyəndə görürük ki, günümüzün aparıcı mövzularından biri elə budur. Vaxtı ilə şüurları məşğul edən, gündəmi tutan mövzular da bu gün bu məsələnin fonunda bir qədər arxa plana keçib. Bəziləri bunu vəhşi kapitalizmin ilkin dövrünün ortaya çıxardığı nəticə, təzahür kimi qiymətləndirirlər. Biz bütün bu məsələləri nəzərə alaraq müzakirələr keçirmək qərarına gəldik. Həmin müzakirələrdə çox maraqlı fikirlər səsləndirildi. Biz istəyərdik ki, orada səslənən fikirlər daha geniş auditoriyaya çatsın, müzakirələrə səbəb olsun. Çünki bu bir toplantıda müzakirə olunası məsələ deyil. Sualınıza gəlincə. Onu konkret bir cümlə ilə belə cavablandıra bilərəm ki, bu gün cəmiyyətin ziyalı təbəqəsi üçün əxlaq məsələsi həqiqətən də aktual mövzulardan biridir. Oxumağa davam et

Cahillər və snoblar

snob2

Cahillər və snoblar 

Özümü cəmiyyəti çoxrəngli görmək istəyən, onun çoxsaylı zümrələrin qarşılıqlı təması ilə inkişaf edə biləcəyinə inananlara aid edirəm. Belələri sosial təbəqələrin bərabərhüquqlu ünsiyyətini quran bu şərtləri qəbul edənlərdi: işlək Qanun, hamının əməl elədiyi Qayda, bu qanun-qaydalarla yaşamaq Vərdişi, cəmiyyət həyatına hakim kəsilən Ədalət və Əxlaq. Oxumağa davam et