
“Azərbaycan dilində yazılan əsəri dünya ədəbiyyat “bazarı”na çıxara bilməzsən”
Vahid Qazi: “Ya dünya dillərində yazan yazarların olmalıdır, ya da yazılanları dünya dillərinə çevirəsi güclü tərcümə məktəbin”.
Yazıçılar Birliyinin qurultayında səslənən fikirlər yazarlar arasında da birmənalı qarşılanmadı. Xüsusən Mədəniyyət naziri Əbülfəs Qarayevin Azərbaycan ədəbiyyatının xaricdə lazım olduğu səviyyədə təqdim edilməməsi ilə bağlı fikirləri narazılıqla qarşılandı. O, həmçinin tərcümələrdə də ciddi problemlərin olduğunu bildirdi. İsveçdə yaşayan yazıçı Vahid Qazi bizimlə söhbətində bu sahədəki problemlərdən danışdı.
– Azərbaycan ədəbiyyatının səviyyəsi aşağıdır, yoxsa bu sahənin inkişafına görə məsuliyyət daşıyan şəxslərin? Əbülfəz Qarayevin ittihamlarına münasibətiniz necədir?
– Əbülfəz Qarayevin Yazıçılar Birliyinin qurultayında elədiyi çıxışla yox, çıxışı haqda mətbuatda gedən qısa xəbərlə tanışam. Çox şeyi düz deyir, amma “müasir Azərbaycan ədəbiyyatı dünyaya layiq olduğu səviyyədə təqdim edilmir” fikri belə bir sual yaradır: “bunu kim təqdim eləməlidi?” Bu mövzu səlahiyyətli dövlət rəsmiləriylə müzakirə olunsa yaxşıdı.
Bir neçə nəfəri çıxmaq şərtiylə, demək olar, Azərbaycanda hamı ana dilində yazır. Dilimizsə dünya dili deyil. Bu dildə yazılanı dünya ədəbiyyat “bazarı”na çıxara bilməzsən. Ya dünya dillərində yazan yazarların olmalıdır, ya da yazılanları dünya dillərinə çevirəsi güclü tərcümə məktəbin.
Bir qədər obrazlı çıxır, amma indi manatımız dilimizdən güclüdü, imkanları genişdi, daha rahat “konvertasiya” olunur. Neft pulundan dilimizin inkişafı üçün də yararlanmalıyıq.
– Tərcümələrlə bağlı da ciddi problem olduğu deyilir…
Yeni tərcümə mərkəzinin yaradılması ilə bağlı prezident fərman imzalayıb. Dünya ədəbiyyatı dilimizə çevrilməlidi, özü də tək klassiklər yox, müasirlər də. Bizimkilər də dünya dillərinə. Bunun üçün tərcümə məktəbi yaradılmalıdır. Universitetlərdə tərcüməçi yetişdirilməlidir, originaldan ədəbi tərcüməni bacaran kadrlar hazırlanmalıdır. Tərcüməçi bilməlidir ki, çevirdiyi əsərə görə alacağı qonarar onun bütün maddi ehtiyacını ödəyəcək. Tərcümə sənəti tərcüməçinin hobbisi, əlavə dolanışıq yeri yox, əsas qazanc mənbəyi olmalıdır.
Mənim bir praqalı dostum var, Petruşka Şustrova, Bakıda tanıyanlar az deyil. Ötən qış qonağı oldum. Neçə ildir bir nəşriyyatla müqavilə bağlayıb, dünya ədəbiyyatından çex dilinə tərcümələr edir. Aldığı qonarar özünə də bəs edir, nəvələrinə də xərcləyir, hələ səfərlərdən də qalmır. Bu, balaca Çexiyanın elə özü kimi balaca çex dilinə kitablar çevirən tərcüməçidən gətirdiyim misaldı. Görün, yüz milyonlarla oxucusu olan dillərin tərcüməçisi nə qədər qazanır?!
Sovet dövründə hər sahədə olduğu kimi tərcümədə də plan var idi. Bu işə pul ayrılırdı. Uzağa gedib, uzaqdakılarla yox, elə qonşu gürcülərlə müqayisə edək. Gürcüstan dövlət kitabxanasının keçmiş direktoru Levan Berdzenişvili məni inandırırdı ki, onlar sovet dönəmində mükəmməl tərcümə məktəbi yarada biliblər. Vaxtında imkandan səmərəli yararlanıblar, demək olar, bütün dünya klassiklərini yüksək səviyyədə gürcü dilinə çeviriblər, qadağan olunan Nitşedən, Şopenhauerdən belə. Bizimsə sovet vaxtı dilimizə çevrilənlərin xeylisi bərbad tərcümədi. Dediyim odu ki, imkan varsa, istifadə olunmalıdır. Sabah neft qurtaranda indiki imkandan səmərəli istifadə olunmadığına görə heyfsilənməyək. Keyfiyyətsiz tərcümələrlə onsuz da kitaba ölmüş marağı quyu dibinə atmayaq. Mağazalar bərbad tərcümələrlə doludu. “Qanun” nəşriyyatının tərcümələrini, “Dünya ədəbiyyatı kitabxanası” seriyasından bəzi çevirmələri oxumaq olmur.
Vaxtilə Aydın Məmmədovun rəhbərliyi ilə yaradılan tərcümə mərkəzi işə çox ümidlə başlamışdı. Ora çox istedadlı adamlar yığılmışdı. Tehran Vəliyev Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsərini originaldan dilimizə çevirmişdi. Oxuduqlarım içərisində onu ən mükəmməl tərcümə hesab edirəm. Elə bilirsən, Selencer amerikalı bir gənc haqda Azərbaycan türkcəsində yazıb. Aydın müəllimdən sonra mərkəzə dövlətin diqqətsizliyi işi istənilən səviyyədə davam etdirməyə imkan vermədi.
– Sizcə bu mərkəz effektli nəticə verəcəkmi?
İndiki fərmanla yaradılan mərkəz necə işləyəcək, zaman göstərər. Belə düşünürəm, imkanlar yaradılsa, Afaq Məsud bu işi uğurlu edə bilər.
Dövlət dəstəyi olmadan azərbaycanca yazan bir yazarın öz əsərini tərcümə etdirib, xaricdə nəşrinə, təbliğinə, reklamına nail olub, böyük uğur qazanacağına inanmaq sadəlövlük olar. Sovet dönəmində xeyli yazıçımızın əsəri rus və başqa dillərə çevrilib. Amma böyük rezanans doğuran, əks-sədası bu günə çatanı varmı? Yəqin var, hər halda indi yadıma düşmür. Neçə ildi “Əli və Nino”nun davasını döyürük. Amma indiyədək onu oxuyan bir xaricidən eşitmədim ki, müəllifinin azərbaycanlı olduğunu desin. Gərək izah eləyəsən, inandırasan.
Nəriman Əbdülrəhmanlının «Könül elçisi, yaxud Xuan de Persiа – Оruc bəy Bayatın hekayəti» adlı romanı var. Oxuyub bitirəndə gecə saat 12-də telefonunu tapıb zəng elədim ki, bu kitab ispancaya çevrilsə, ispandilli ölkələrdəki səfirliklərimizin dəstəyilə təbliğ olunsa, böyük uğur qazanar. Bunu Nəriman özü təkbaşına edə bilməz, iki ömür yaşasa da. Buyursun dövlət belə kitablara arxa dursun. Başqa misallar da göstərmək olar.
İmkanlı yazıçılarımız var, öz hesablarına əsərlərini tərcümə etdirirlər, amma bunun davamlı uğur qazanacağını zaman göstərəcək.
– Gənc yazarlar, eləcə də 20-ci əsr Azərbaycan ədəbiyyatı məlumdur ki, dünyada tanınmır. Götürək yaşadığınız İsveçi. Orada heç olmasa Azərbaycan klassikləri tanınırmı?
– İsveç Yazıçılar Birliyində söhbət elədiyim adamların Nizami Gəncəvidən dostumuz Vəli Xramçaylıyacan heç kimdən xəbərləri yox idi. Ədəbiyyatımızı tanımamaları bir yana, ölkəmizi Lorenlə və neftlə tanımaları pisimə gəlmişdi, pərt olmuşdum. Üzvlüyə qəbul elədikləri ilk azərbaycanlı kimi əvvəl üzümə elə baxırdılar, elə bil Yeni Zelandiyanın Maori tayfasından gəlmiş ekzotik məxluqam. Məni bu durumdan İlqar Əlfioğlu xilas elədi. Necə? Deməli, görəndəki yazıçı, şairlərimizi tanımırlar, keçdim oxucularımıza. Dedim sizə baxmayın, bizim oxucuların İsveç ədəbiyyatı ilə tanışlığı çoxdandı. Sizin Astrid Lindqrenin Karlson, Pippi kimi qəhrəmanlarını uşaqlıqdan hamımız tanıyırıq. Təəccüblü gəlmədi onlara, o qəhrəmanları bütün dünyada tanıyırlar, dedilər. İlqar Əlfioğlunun Per Laqerkvistin bir neçə romanını dilimizə çevirdiyini deyəndə söhbətimə maraq yarandığını duydum. Şirnikib bizim oxucular haqda elə həvəslə danışdım ki, az qala dediyimə özüm də inanacaqdım. Ta demədim ki, ən populyar yazarımızın kitabı min tirajla çıxır, onun da yarısı dost-tanışa pulsuz paylanır.
Əli Zülfüqaroğlu
baymedia.az
Bunu bəyən:
Bəyən Yüklənir...