Ağalar Məmmədovun məktubları

pnp-quill-and-parchment

Ağalar Məmmədovun məktubları

Bu məktubları filosof Ağalar Məmmədov ötən ilin yazında göndərib. Onun ”Aşma” kitabı haqda yazdığım ”Aşılası aşılmazlar” adlı məqaləm dərc olunan günün səhəri.

Kompüterin yaddaşında saxlanan köhnə məktubları ayır-seç edəndə onları bir də oxudum. Bu dəfə bir ayrı gözlə, başqa ovqatda oxudum. Oxuyanda tək mənsub olduğun xalqa, cəmiyyətə deyil, elə öz daxili dünyana da baxmağa pəncərə açır kimidi gəldi mənə.

Düşünüb durdum, niyə bizim ümumi ahəngdən bir az fərqli fikrə münasibətimiz belə sərt olur, amansız olur?

Görəsən, düşünən, düşündüyünü dilə gətirən, yazan adama bizim qədər qəddar üz göstərən xalq varmı? Üzü Axundovdan bəri fikir adamlarımıza sərgilədiyimiz tamaşaları deyirəm.

Arxa durub həvəsləndirmək qırağa dursun, ağız büzüb lağa qoyar, təhqir edib aşağılayarıq. Bu işi elliklə görməyə daha həvəslə girişərik.

”In patria natus, non est propheta vocatus”. İncildəndi, deyir:”Öz vətənində peyğəmbər ola bilməzsən!” Hicrət etməsəydi Məkkədə peyğəmbər olmağa qoyardılarmı Məhəmmədi?

Vətəndə təklənmək nədi – bilən varmı?! Oxumağa davam et

Ağalar Məmmədov “Çöl Qala”dan yazır

Agalar memmedov ve col qala

 “Sizcə, nədir bu?”

 Vahid Qazinin “Çöl Qala” povesti haqda

L. Wittgenstein-ın belə bir aforizmi var: “Uşaqlar qələm tutmağı yeni-yeni öyrənməyə başlayan çağlarında ağ kağıza cürbəcür cızma-qaralar çəkib, ata-analarına göstərərək, soruşurlar: “Baxın, mən bura nə çəkmişəm?” (Yadımdadır ki, mən də hərfləri yeni öyrəndiyim vaxtlarda onları ard-arda düzüb, “Bura nə yazmışam?”, – deyə evimizdəkilərdən soruşardum – A. M.). Filosoflar da bir nəzəriyyə qurub, özündən sonrakılardan soruşurlar: “Sizcə, nədir bu, çəkdiyim, yazdığım..?” ”Bir sözlə, “Sizcə, nədir bu?” sualı uşaqlığımızda çəkdiyimiz cızma-qaralardandan başlayır, yetkin yaşlarımızda yaratdığımız böyük əsərlərədək davam edir. Oxumağa davam et

Ağalar Məmmədovun “Aşma” kitabı haqda bir neçə kəlmə

agalar memmedov

Aşılası aşılmazlar

(Ağalar Məmmədovun “Aşma” kitabı haqda bir neçə kəlmə)

Fikir adamlarını tanımaq, duymaq üçün görüşməyə, yaxınlıq, dostluq eləməyə, sən deyən, elə də ehtiyac yoxdu. Hərçənd beləsiylə dost olmağı demirəm heç, bir zamanda yaşamağın özü böyük şansdı. Eləcə uzaqdan-uzağa da tanıya bilirsən, görmədən, eşitmədən. Səni onun özüylə dostluqdan çox fikirləriylə tanışlıq maraqlandırır. Bu minvalla lap tarixin o üzündəki, məsələn, Plantonla, Nitşeylə, canım sənə desin, Buddhanın özüylə də dost ola bilərsən. Nə olsun, bu “dostluq” birtərəflidir?!

Filosof Ağalar Məmmədovu isə görmüşəm, səhv etmirəmsə, cəmi bir dəfə görüşmüşük, “Toplum” jurnalı üçün xahiş elədiyim yazını gətirmişdi. Bakının indi qeybə çəkilən çayxanalarının birində oturub söhbət eləmişdik. Söhbəti də yazıları kimi cəzbedciydi. Yazılarında göründüyü kimiydi.

Məqalələrindən bir kitab bağladığını eşidəndə yazıb mənə də bir nüsxə göndərməsini xahiş elədim. “Aşma” mənim Ağalar Məmmədovun fikirləriylə ilk hərtərəfli tanışlığım oldu. Kitabı oxudum və yəqin elədim ki, bu, bir dəfəyə oxuyub rəfə qoyulası kitablardan deyil. Həmin gün feysbukda belə bir status paylaşdım: “Müasir fəlsəfi fikrimizin öncülü Ağalar Məmmədovun “Aşma”sı Ramiz Rövşənin “Nəfəs”i kimidir. Stol üstündə, ələyaxın saxlanası kitabdır. Günün istənilən saatında, ovqatın hər halında oxunası kitabdır. Oxuduqca səni özünə indiyəcən görmədiyin bucaqdan göstərən kitabdır. Səni sənə tanıdan kitabdır. Son illərdə aldığım ən dəyərli hədiyyələrdən biridir. Göndərən də, çatdıran da sağ olsun!”

***

Kitabda müəllifin müxtəlif mövzuları əhatə edən yazıları cəmlənib. O, fəlsəfə, mədəniyyət, milli xarakter, dil, din, əxlaq, adət, ənənə, azadlıq, insan haqqı, cəmiyyət, dövlət, siyasət və daha neçə-neçə sözün arxa qapılarını öz açarıyla açır. Onlara çoxunun görmədiyi bucaqdan işıq tutur. Bu esse, hekayə, məqalə və müsahibələr bir şəklin puzzle parçaları deyil, hər birinin öz mənzərəsi var. Amma bununla belə həm də bütöv mozaikanın müxtəlif naxışlarıdı. Bu hissələri toplayanda – puzzle hazır olanda – qarşında bir filosofun “zaman” və “insan” rənglərindən çəkdiyi tablonu görürsən.

asma

Ağalar Məmmədovun fərqliliyi ondadır ki, o, sovet fəlsəfi məktəbinin ideolojisinə yoluxmayıb. Bu onun düşüncə və analiz tərzindən görünür. Düşüncələri ideologiyasızdır, azaddır, kompleksizdir.

İstər sovet dönəmində, istərsə də sonra Axundov, Zərdabi kimi fikir adamlarımız haqda nə qədər monoqrafiyalar, publisistik məqalələr yazılıb. Amma “Aşma”da onlara fərqli baxış görürük. A. Məmmədov Axundov və Zərdabiyə Qərb rasionallığının Azərbaycan kulturuna daxil edilməsinin cığıraçanları kimi baxır. Bu missiyanı “Azərbaycanı ərəb-fars islami kultura məkanından çıxarmaq layihəsi” adlandırır. Özünü bu missiyanın davamçısı sayan Ağalar bəy, öz “genişləndirilmiş Axundov layihəsini” təklif edir.

Ağalar Məmmədov oxucusunu qəliz suallarla baş-başa qoyub getmir, onu idrak söhbətinə çəkir: mətnlərini sual-düşüncə-cavab trayektoriyası üzrə qurur.

Kitabda oturuşmuş adət, əsrlərlə formalaşan ənənə, milli kod və hətta məşhur insan tipləri haqda diaqnostik arayışlar var. İlkin maarifçilərimizdən üzü bəri bu günün tənqidçi-maarifçi yazarlarına qədər milli xarakterimiz haqda xeyli belə rəylər oxumuşuq. Ağalar Məmmədovu hamıdan fərqləndirən onun problemin daha dərin qatlarına baxmağa cəhd eləməsidir. Tibb diliylə desək, o, xalqın mental özəlliklərinə Qərbin və Uzaq Şərqin müasir texnoloji aparatları (əxlaq fəlsəfəsi) ilə baxır, analiz edir, rəy yazır.

İnsanı daim daxili gərginlikdə saxlayan bu günün qaçhaqaç, qovhaqovlu ölüm-dirim marafonundan çıxarıb, kütləvi psixoz duruma, anomaliyaya kənardan baxmaq şansı verməsi filosofun insana nəfəs dərmək, sakitləşmək üçün təklif etdiyi məqamdı: “Mən birinci ikinciyəm. İkinciliyi seçməklə mən mübarizəsizliyimi elan edirəm. Mən öz qələbəmi belə qazanıram, özümü əsas yerə rəqib saymadan. Məndən birinci olmaq istəyənə, birinci elə mən özüm qalxıb, istədiyi yeri ona verirəm.”

“Aşma” suallarla doludur, məsələn, “Aydınlığın səbəbi günəşdir, bəs Qaranlığınkı nədir?” sualı kimi. Amma müəllif sual verib qaçmır, oxucunu fikir xaosunda tək qoymur. Sualın cavabını da verir: “Qaranlığın günəş kimi bir səbəbkarı olmadığı üçün, aydınlıq qalıcı, Qaranlıq ötəri hal sayılıb. Əslində isə günəş dünyanı işıqlandırır, dünya özü Qaranlıqdır”.

Uzun zamandı davam edən “sivilizasiyaların toqquşması” mübahisə-müzakirəsinə onun baxışı da maraqlıdır. Sentimental Şərq və intellektual Qərb bölgüsü düşündürcüdür: “Şərq əxlaqda Allahı, azadlıqda iblis nəfsini gördüyü halda, Qərb birincidə zərurəti, ikincidə insan idrakını görüb. Şərq inanmağı və inandırmağı xoşlayır, Qərb anlamağı və əsaslandırmağı”.

Ağalar Məmmədovu dini aspektdən qınayanları bəlkə də anlamaq olar. Amma belə səmimi möminlərə onu deyim ki, mən “Aşma”da “dinsiz” Ağalar Məmmədov görsəm də “allahsız” Ağalar Məmmədov görmədim. Allahsız dindarları isə başa düşmək həqiqətən çətindir!

Niyə müsəlman ölkələrində aclıq, səfalət, müharibə, ədalətsizlik hökm sürür? Bunun qaynağı nədir? Kitabda belə bir çətin və ağır suala cavab tapmağa cəsarətli və fikrimcə uğurlu cəhdlər var.

Müasir Azərbaycan fəlsəfi fikrinin ən öndəgedər nümayəndələrindən biri, bəlkə də birincisi (ictimai şüura təsirini nəzərə alaraq bu qənaətə gəlirəm) olan Ağalar Məmmədovun boynuna düşən yük daha ağırdı.  “Rus Əhməd” maarifçiliyinin hələ də bitmədiyi, əksinə, yenidən ciddi ehtiyaca çevrildiyi bir zamanda onun kimi “tək”lərin görəcəyi iş QHT birlikləri, partiya koalisiyalarının görəcəyi işdən daha zəruri, taleyüklü və təsirlidir. Bu yol nə qədər “düzxətli” yox, “dolayı” olub uzansa da gedilməlidir.

Filosofların taleyi belədi – sağlığında kütlə onları tanımaz, tanıyan sosial-siyasi institutlarsa sevməzlər. Şərq mentallı bizlər isə bizimlə olmayanacan nəinki sevmərik, hətta daş-qalaq edərik. Ağalar Məmmədovu iqtidar da, müxalifət də elə “bizimlə deyil”ə görə sevmir. Çünki o, onların görünməyən yerlərini görür və göstərir, ayıbını göstərirmiş kimi. Onun hələ beş il əvvəl müxalifətə yönəlik çağırışlarını oxuyuram və belə başa düşürəm ki, o çağırışlar havadadı, hələ də gedib ünvanına çatmayıb.

Ağalar Məmmədov Bakının ən böyük universitet auditoriyalarında tələbələrdən gələcəyin zəka sahiblərini yetişdirə bilərdi. Hər xalqın ən dəyərli neməti onun zəkalı adamları deyilmi?

Nisşenin üstinsan təlimiylə deyəsi olsaq, o, ölkənin üç-beş üstmüəəlimindən biriydi. Müəllimini ölkədən qovan cəmiyyət cəhalət dumanına məhkumdur!

Kitabda sonuncu dərsini dinmədən, susaraq deyən Buddadan nümunə gətirilir: “Ən sonuncu həqiqəti dillə demək olmur”. Düşünürəm ki, Ağalar Məmmədovun öz həqiqətini “susma”sına hələ xeyli zamanı var. Bu gün o, köşə yazısı, qəzet məqaləsi üçün yaşının nə qədər “qoca” vaxtındadırsa, böyük fəlsəfi traktatlar yazmaq üçün də yaşının o qədər oğlan çağındadır.

Axundovdan başlayan Azərbaycan fəlsəfi fikrini davam etdirmək və ötürmək – aşılmaz görünən aşılasılarımızın çoxluğna, ona olanlara və olacaqlara rəğmən – Ağalar Məmmədovun missiyasıdır! “Aşma”dan anladım ki, o, bunu bilir!

Vahid Qazi

Aprel 2015, İsveç

Dərc olundu:

http://kulis.lent.az/news/12430

http://www.medianews.az/2015/04/22/agalar-memmedovun-asma-kitabi-haqda-bir-nece-kelme/

http://kultura.az/articles.php?item_id=20150423011248289&sec_id=60

Nigar Köçərlidən qatma-qarış ədəbiyyat söhbəti

nigar

Nigar Köçərlidən qatma-qarış ədəbiyyat söhbəti

“Azadlıq” radiosundakı “Azərbaycanda hansı yazarların kitabını alan yoxdur?” mövzusunda debatı dinlədim. Məni bu qeydləri yazmağa sövq eləyən “Əli və Nino” kitab mağazalar şəbəkəsinin sahibəsi Nigar Köçərlinin fikirləri oldu. Nigar xanım dedi ki, mağaza və anbarlarında iki-üç yüz Azərbaycan yazıçısının beş-altı min kitabı qalaqlanıb. “Biz bu kitabları nəinki sata bilmirik, həmin yazarlara qaytara bilmirik. Yalvarırıq ki, gəlin aparın”.

Və bu iki-üç yüz yazarın arasında tək mənim adımı çəkdi. “Çox hörmət etdiyim, istedadlı yazıçı Vahid Qazi bir il yarım, iki ildir bizə kitabını verib, sizcə, neçə kitabı satılıb? Bircə kitabı da satılmayıb”.

Sağ olsun, mənə yazıçı (!) deyir. Açığı, bu adın əzəmətindən hürksəm də, xoşuma gəldi. Amma yaxşı olardı, iki ilə qədərdi Azərbaycanda yaşamayan Vahid Qazinin ona necə kitab verdiyini də deyəydi.

Nigar xanımı “skandalsevər” biri kimi tanıdığımdan əvvəl istədim əhəmiyyət verməyim. Bildim ki, bu sözlərlə hələ üç ay əvvəl MKM-nın bu ilki müsabiqəsi ilə bağlı yazdığım “Haramıstan” yazısına cavab verir. Amma radiodan da münasibət bildirməyimi istədikləri üçün bu yazını yazası oldum. Ümid edirəm, radio bu qeydlərlə yanaşı Nigar xanımın incə qəlbinə dərin yara vurmuş “Haramıstan” yazısını da öz saytında dərc edəcək, yaxud mənim bloqumdan o yazıya link qoyacaq ki, oxucular oxuyub onun niyə məhz məni hədəf seçməsinin əsl səbəbini bilsinlər.

İndiyədək üç kitabım çıxıb. Ağdam xatirələrindən bəhs edən “Ruhlar şəhəri” kitabım ilk dəfə nəşr olunanda “Əli və Nino” mağazasına 10 kitab verilmişdi. Bir neçə aydan sonra başqa mağazalarda satılıb qurtarandan, dostlara, kitabxanalara, zəng vurub istəyənlərə paylayandan sonra təkrar nəşr etdik. Amma bu dəfə “Əli və Nino”ya vermədik, çünki əvvəlki kitabların taleyindən xəbər tuta bilmirdik. Zəng edən, facebookda yazan oxucular deyirdilər ki, “Əli və Nino”da o kitab yoxdur. Bir-iki dəfə zəng elədim, yolum düşəndə soruşdum. Həmin sözü mənə də dedilər. Belə olanda kitabın pulunu istədim. Dedilər, satılmayıb. Satılmayan, amma rəflərdə də olmayan kitabları iki ay ərzində yığıb mənə verməyəndə facebookda o mağaza haqda sərt bir status yazdım. Özünü Nigar xanımın nümayəndəsi kimi təqdim edən bir oğlan dərhal reaksiya verdi, nəzakətlə araşdırmağa möhlət istədi. Bir həftə sonra 7-8 kitab və 5-10 manat pul verdilər.

Sonrakı “Yaddaş ləpirləri” və “Çamayra. Kuba dəftəri” kitablarımı isə ümumiyyətlə o mağazaya verməmişəm. Zəhmət olmasa, Nigar xanım mağaza və anbarlarındakı 5-6 min kitab arasından bircə dənə də olsa mənim verdiyim iddia olunan kitabımı göstərsin və bununla da sübut eləsin ki, debatda məhz mənim adımı çəkməsi onun “MKM biznesi” barədə yazdığım “Haramıstan” məqaləsiylə bağlı deyil.

Lap əgər anbarında mənim hansısa kitablarım qalmış olsa belə satılmamanın günahını tək məndə görürsə, Nigar xanım problemi anlamadığını nümayış etdirir. O məntiqlə mən də onu Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Ramiz Rövşən, Cəmil Həsənli kimi Azərbaycan yazıçı və ziyalısının ön söz yazdığı, neçə-neçə tanınmış söz sahibinin rəy verdiyi kitabları satmaq qabiliyyətində olmamaqda qınayıram.

Problem cəmiyyətin bugünkü durumundadır! 9 milyonluq ölkədə 500 tirajla kitab çıxırsa, bazar iqtisadiyyatımızın bu xanım nümayəndəsi bilməlidir ki, problem dərindi, ağırdı, onun zərif çiyinlərinin tab gətirəsi yük deyil.

Kitaba yazıçının əmtəəsi kimi baxan iş adamı gərək onu da bilsin ki, bazarda şorun satılması üçün ya şorsatan “Ay müştəri, əla şor var,” deyib qışqırmalıdır, ya da bir şorsevər barmaq batırıb dadmalı və camaata yaxşı şorun yerini göstərməlidir. “Şorsatanı”, “barmaq batıranı” olmayan ədəbiyyat elə bizimki gündə olmalıdır.

Debatın mövzusuna isə ona görə toxunmuram ki, studiyadakı dostlar hər şeyi yerli-yataqlı dedilər. Radionun saytında debata şərh yazan mənim filosof dostum Ağalar Məmmədovun yazısına imzamı qoya bilsəydim, heç bu qeydlərimə də ehtiyac qalmazdı. Bircə onu anlamadım ki, Şərif Ağayar ondan Markes, Paulo Koelyo olmağı tələb edən bu ədəbiyyat biznesxanımına niyə demirdi: “Sən də Koko Şanel ol görüm, necə olursan?!”

Güman edirəm, dinləyənlər debata telefonla qoşulan iki kitab mağazası sahibinin ədəbiyyat haqda nə qədər fərqli səviyyədə düşündüyünə şahid oldular. Bazar adamıyla, ədəbiyyat adamını uzaq İsveçdə də dinləyib ayırd eləmək asandır, səs qatma-qarış, xışıltılı gəlsə də.

Vahid Qazi

13 sentyabr 2013-cü il

Karlskrona, İsveç

Dərc olundu:

http://news.lent.az/kulis/news/6144

http://musavat.com/news/son-xeber/yazar-vahid-qazi-nashir-nigar-kocherliye-cavab-yazdi_164352.html

http://www.azadliq.org/content/article/25104863.html

TOPLUM vətəndaş cəmiyyəti jurnalı

Toplum 84(8) Payız 2012

REDAKTOR YAZISI. Vahid Qazi: “Facebook ölkəsi”

MÜSAHİB. Əkrəm Əylisli: “Hakimiyyət cəmiyyəti ekstremizmə sürükləyir…”

ANTİDEMOKRATİYA. Məmməd Süleymanov: “Orduda itkilərin qorxulu statistikası”

DEMOKRATİK MÜBARİZƏ TARİXİ. Rafiq Turabxanoğlu: “Məhbəs xatirələri”

SƏRHƏDSİZ SƏRHƏD. Razi Nurullayev: “QHT-lər və siyasət arasında sərhədlər”

DÜŞÜNCƏ BUXOVU. Mehriban Zeynalova: “Azərbaycanda ailə münaqişəsinin mental kökləri”

QHT ARAŞDIRMASI: “Azərbaycanda hərbi-mülki münasibətlər: orduya mülki nəzarət problemləri və perspektivlər”

QHT SÖHBƏTLƏRİ. Bəkir Nərimanoğlu: “Qanuna QHT süzgəci”. Mehdi Fərəc: “QHT-lərin ictimai-siyasi prosesdə iştirak problemləri”

toplum73(7) Yay 2012

REDAKTOR YAZISI. Vahid Qazi: ”Azadlıq qiymətinə foto”

İRAN-TURAN SÖHBƏTİ. Sədrəddin Soltan: ”Azərbaycan-İran konflikrinin əsasları”

MÜSAHİB. Vəfa Quluzadə: “Demokratiyanın yayılması sunami kimidir…”

ANTİDEMOKRATİYA. Məmməd Süleymanov: ”Münaqişələr və media

ÜNSİYYƏT PROBLEMİ. İlqar İbrahimoğlu: ”İnsanlararası münasibətə (münaqişəyə) İslami yanaşma”

DEMOKRATİK MÜBARİZƏ TARİXİ. Rafiq Turabxanoğlu: ”Məhbəs xatirələri”

BİRLƏŞMƏK QORXUSU. Azər Əli: ”Azərbaycan insanının birləşmək problemi”

QHT ARAŞDIRMASI: ”Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda əsgər ölümləri: problemlər və perspektivlər”

QHT SÖHBƏTLƏRİ. Aytən Məmmədova: ”13 il davam edən qeydiyyat prosesi”. Ülkər Bəkirli: ”QHT-lərə qarşı təzyiqlər davam edir”, ”QHT hökumətə inanırmı?

Oxumağa davam et