Şahbaz bəylə Nigar xanıma təklif edirəm ki…

 sahbaz ve nigar

“Qanun”la “Əli və Nino”ya təklifim

Kulis son günlər mətbuatın gündəmindən düşməyən “Əli və Nino” kitab mağazalarının yerli müəlliflərə yaratdığı süni əngəllər mövzusuyla bağlı tanınmış yazar Vahid Qazinin açıqlamasını təqdim edir.

“Anladığım qədər belə bir problem yalnız “Əli və Nino” kitab mağazalarında yaşanır. Mağaza əsasən “Qanun” nəşriyyatının kitablarına üstünlük verir. Mən buna anlayışla yanaşıram. İki biznes strukturu arasında anlaşma var. Mağaza yalnız bir nəşriyyatın kitablarını satır, satsın. Bunu açıq elan eləsələr, hamı başa düşər, bu qədər gərginlik yaşanmaz. Amma yerli müəllifləri ikinci sort yazar kimi aşağılamağa heç kimin haqqı yoxdur, ədəbiyyatdan uzaq adamın isə heç yoxdur. Kitab oxunmamasının səbəbini təkcə yazıçıda axtarmaq problemin kökündən xəbərsiz olmaq deməkdir. Kitabından pul qazandığın yazarı təhqir eləmək yediyin qaba tüpürməyə bənzəyir. Nigar xanımın belə təhqirinə görə hələ iki il öncə iki məqalə yazmağa məcbur oldum. Təkrara ehtiyac duymuram. Bloqumda durur, həvəsi olan oxuya bilər.

Azərbaycanda rusdilli oxucuların fəallığı yeni söhbət deyil. Nigar Köçərlinin son açıqlamasından anladım ki, “Əli və Nino”da satılan kitabların 65 faiz alıcısı rusdilli oxuculardır. “Qanun” nəşriyyatına və “Əli və Nino” kitab şirkətinə rusca kitabımı təklif edirəm. MKM-in son müsabiqəsində favorit kitablardan sayılıb. “ЧАМАЙРА. Кубинская тетрадь” adlı kitaba Kubaya səfərlər zamanı rastladığım olaylardan bəhs edən yazılar, həmçinin ondan artıq hekayə, esse daxildir. Kitabdakı yazıların hamısını bu gün Azərbaycanda ruscaya ən yaxşı çevirənlərdən biri, bəlkə də birincisi sayılan Nicat Məmmədov tərcümə edib. Tərcüməyə, redaktəyə və korrekturaya xərcləri çıxmayacaq. Özümə də qonarar istəmirəm. Satışdan əldə olunan gəlir hesabına istedadlı gənc yazarların bir kitabını nəşr edərik. Buyurun, sübut edin görək həqiqətənmi rus dilində kitab bizim dilimizdəkindən çox satılır?!”

kulis.az, 03 İyun 2015

http://kulis.lent.az/news/12734

“Azərbaycan dilində yazılan əsəri dünya ədəbiyyat “bazarı”na çıxara bilməzsən”

kitab magazasi

“Azərbaycan dilində yazılan əsəri dünya ədəbiyyat “bazarı”na çıxara bilməzsən”

Vahid Qazi: “Ya dünya dillərində yazan yazarların olmalıdır, ya da yazılanları dünya dillərinə çevirəsi güclü tərcümə məktəbin”.

Yazıçılar Birliyinin qurultayında səslənən fikirlər yazarlar arasında da birmənalı qarşılanmadı. Xüsusən Mədəniyyət naziri Əbülfəs Qarayevin Azərbaycan ədəbiyyatının xaricdə lazım olduğu səviyyədə təqdim edilməməsi ilə bağlı fikirləri narazılıqla qarşılandı. O, həmçinin tərcümələrdə də ciddi problemlərin olduğunu bildirdi. İsveçdə yaşayan yazıçı Vahid Qazi bizimlə söhbətində bu sahədəki problemlərdən danışdı.

– Azərbaycan ədəbiyyatının səviyyəsi aşağıdır, yoxsa bu sahənin inkişafına görə məsuliyyət daşıyan şəxslərin? Əbülfəz Qarayevin ittihamlarına münasibətiniz necədir?

– Əbülfəz Qarayevin Yazıçılar Birliyinin qurultayında elədiyi çıxışla yox, çıxışı haqda mətbuatda gedən qısa xəbərlə tanışam. Çox şeyi düz deyir, amma “müasir Azərbaycan ədəbiyyatı dünyaya layiq olduğu səviyyədə təqdim edilmir” fikri belə bir sual yaradır: “bunu kim təqdim eləməlidi?” Bu mövzu səlahiyyətli dövlət rəsmiləriylə müzakirə olunsa yaxşıdı.

Bir neçə nəfəri çıxmaq şərtiylə, demək olar, Azərbaycanda hamı ana dilində yazır. Dilimizsə dünya dili deyil. Bu dildə yazılanı dünya ədəbiyyat “bazarı”na çıxara bilməzsən. Ya dünya dillərində yazan yazarların olmalıdır, ya da yazılanları dünya dillərinə çevirəsi güclü tərcümə məktəbin.

Bir qədər obrazlı çıxır, amma indi manatımız dilimizdən güclüdü, imkanları genişdi, daha rahat “konvertasiya” olunur. Neft pulundan dilimizin inkişafı üçün də yararlanmalıyıq.

– Tərcümələrlə bağlı da ciddi problem olduğu deyilir…

Yeni tərcümə mərkəzinin yaradılması ilə bağlı prezident fərman imzalayıb. Dünya ədəbiyyatı dilimizə çevrilməlidi, özü də tək klassiklər yox, müasirlər də. Bizimkilər də dünya dillərinə. Bunun üçün tərcümə məktəbi yaradılmalıdır. Universitetlərdə tərcüməçi yetişdirilməlidir, originaldan ədəbi tərcüməni bacaran kadrlar hazırlanmalıdır. Tərcüməçi bilməlidir ki, çevirdiyi əsərə görə alacağı qonarar onun bütün maddi ehtiyacını ödəyəcək. Tərcümə sənəti tərcüməçinin hobbisi, əlavə dolanışıq yeri yox, əsas qazanc mənbəyi olmalıdır.

Mənim bir praqalı dostum var, Petruşka Şustrova, Bakıda tanıyanlar az deyil. Ötən qış qonağı oldum. Neçə ildir bir nəşriyyatla müqavilə bağlayıb, dünya ədəbiyyatından çex dilinə tərcümələr edir. Aldığı qonarar özünə də bəs edir, nəvələrinə də xərcləyir, hələ səfərlərdən də qalmır. Bu, balaca Çexiyanın elə özü kimi balaca çex dilinə kitablar çevirən tərcüməçidən gətirdiyim misaldı. Görün, yüz milyonlarla oxucusu olan dillərin tərcüməçisi nə qədər qazanır?!

Sovet dövründə hər sahədə olduğu kimi tərcümədə də plan var idi. Bu işə pul ayrılırdı. Uzağa gedib, uzaqdakılarla yox, elə qonşu gürcülərlə müqayisə edək. Gürcüstan dövlət kitabxanasının keçmiş direktoru Levan Berdzenişvili məni inandırırdı ki, onlar sovet dönəmində mükəmməl tərcümə məktəbi yarada biliblər. Vaxtında imkandan səmərəli yararlanıblar, demək olar, bütün dünya klassiklərini yüksək səviyyədə gürcü dilinə çeviriblər, qadağan olunan Nitşedən, Şopenhauerdən belə. Bizimsə sovet vaxtı dilimizə çevrilənlərin xeylisi bərbad tərcümədi. Dediyim odu ki, imkan varsa, istifadə olunmalıdır. Sabah neft qurtaranda indiki imkandan səmərəli istifadə olunmadığına görə heyfsilənməyək. Keyfiyyətsiz tərcümələrlə onsuz da kitaba ölmüş marağı quyu dibinə atmayaq. Mağazalar bərbad tərcümələrlə doludu. “Qanun” nəşriyyatının tərcümələrini, “Dünya ədəbiyyatı kitabxanası” seriyasından bəzi çevirmələri oxumaq olmur.

Vaxtilə Aydın Məmmədovun rəhbərliyi ilə yaradılan tərcümə mərkəzi işə çox ümidlə başlamışdı. Ora çox istedadlı adamlar yığılmışdı. Tehran Vəliyev Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsərini originaldan dilimizə çevirmişdi. Oxuduqlarım içərisində onu ən mükəmməl tərcümə hesab edirəm. Elə bilirsən, Selencer amerikalı bir gənc haqda Azərbaycan türkcəsində yazıb. Aydın müəllimdən sonra mərkəzə dövlətin diqqətsizliyi işi istənilən səviyyədə davam etdirməyə imkan vermədi.

– Sizcə bu mərkəz effektli nəticə verəcəkmi?

İndiki fərmanla yaradılan mərkəz necə işləyəcək, zaman göstərər. Belə düşünürəm, imkanlar yaradılsa, Afaq Məsud bu işi uğurlu edə bilər.

Dövlət dəstəyi olmadan azərbaycanca yazan bir yazarın öz əsərini tərcümə etdirib, xaricdə nəşrinə, təbliğinə, reklamına nail olub, böyük uğur qazanacağına inanmaq sadəlövlük olar. Sovet dönəmində xeyli yazıçımızın əsəri rus və başqa dillərə çevrilib. Amma böyük rezanans doğuran, əks-sədası bu günə çatanı varmı? Yəqin var, hər halda indi yadıma düşmür. Neçə ildi “Əli və Nino”nun davasını döyürük. Amma indiyədək onu oxuyan bir xaricidən eşitmədim ki, müəllifinin azərbaycanlı olduğunu desin. Gərək izah eləyəsən, inandırasan.

Nəriman Əbdülrəhmanlının «Könül elçisi, yaxud Xuan de Persiа – Оruc bəy Bayatın hekayəti» adlı romanı var. Oxuyub bitirəndə gecə saat 12-də telefonunu tapıb zəng elədim ki, bu kitab ispancaya çevrilsə, ispandilli ölkələrdəki səfirliklərimizin dəstəyilə təbliğ olunsa, böyük uğur qazanar. Bunu Nəriman özü təkbaşına edə bilməz, iki ömür yaşasa da. Buyursun dövlət belə kitablara arxa dursun. Başqa misallar da göstərmək olar.

İmkanlı yazıçılarımız var, öz hesablarına əsərlərini tərcümə etdirirlər, amma bunun davamlı uğur qazanacağını zaman göstərəcək.

– Gənc yazarlar, eləcə də 20-ci əsr Azərbaycan ədəbiyyatı məlumdur ki, dünyada tanınmır. Götürək yaşadığınız İsveçi. Orada heç olmasa Azərbaycan klassikləri tanınırmı?

– İsveç Yazıçılar Birliyində söhbət elədiyim adamların Nizami Gəncəvidən dostumuz Vəli Xramçaylıyacan heç kimdən xəbərləri yox idi. Ədəbiyyatımızı tanımamaları bir yana, ölkəmizi Lorenlə və neftlə tanımaları pisimə gəlmişdi, pərt olmuşdum. Üzvlüyə qəbul elədikləri ilk azərbaycanlı kimi əvvəl üzümə elə baxırdılar, elə bil Yeni Zelandiyanın Maori tayfasından gəlmiş ekzotik məxluqam. Məni bu durumdan İlqar Əlfioğlu xilas elədi.  Necə? Deməli, görəndəki yazıçı, şairlərimizi tanımırlar, keçdim oxucularımıza. Dedim sizə baxmayın, bizim oxucuların İsveç ədəbiyyatı ilə tanışlığı çoxdandı. Sizin Astrid Lindqrenin Karlson, Pippi kimi qəhrəmanlarını uşaqlıqdan hamımız tanıyırıq. Təəccüblü gəlmədi onlara, o qəhrəmanları bütün dünyada tanıyırlar, dedilər. İlqar Əlfioğlunun Per Laqerkvistin bir neçə romanını dilimizə çevirdiyini deyəndə söhbətimə maraq yarandığını duydum. Şirnikib bizim oxucular haqda elə həvəslə danışdım ki, az qala dediyimə özüm də inanacaqdım. Ta demədim ki, ən populyar yazarımızın kitabı min tirajla çıxır, onun da yarısı dost-tanışa pulsuz paylanır.

Əli Zülfüqaroğlu

baymedia.az

Nigar Köçərlidən qatma-qarış ədəbiyyat söhbəti

nigar

Nigar Köçərlidən qatma-qarış ədəbiyyat söhbəti

“Azadlıq” radiosundakı “Azərbaycanda hansı yazarların kitabını alan yoxdur?” mövzusunda debatı dinlədim. Məni bu qeydləri yazmağa sövq eləyən “Əli və Nino” kitab mağazalar şəbəkəsinin sahibəsi Nigar Köçərlinin fikirləri oldu. Nigar xanım dedi ki, mağaza və anbarlarında iki-üç yüz Azərbaycan yazıçısının beş-altı min kitabı qalaqlanıb. “Biz bu kitabları nəinki sata bilmirik, həmin yazarlara qaytara bilmirik. Yalvarırıq ki, gəlin aparın”.

Və bu iki-üç yüz yazarın arasında tək mənim adımı çəkdi. “Çox hörmət etdiyim, istedadlı yazıçı Vahid Qazi bir il yarım, iki ildir bizə kitabını verib, sizcə, neçə kitabı satılıb? Bircə kitabı da satılmayıb”.

Sağ olsun, mənə yazıçı (!) deyir. Açığı, bu adın əzəmətindən hürksəm də, xoşuma gəldi. Amma yaxşı olardı, iki ilə qədərdi Azərbaycanda yaşamayan Vahid Qazinin ona necə kitab verdiyini də deyəydi.

Nigar xanımı “skandalsevər” biri kimi tanıdığımdan əvvəl istədim əhəmiyyət verməyim. Bildim ki, bu sözlərlə hələ üç ay əvvəl MKM-nın bu ilki müsabiqəsi ilə bağlı yazdığım “Haramıstan” yazısına cavab verir. Amma radiodan da münasibət bildirməyimi istədikləri üçün bu yazını yazası oldum. Ümid edirəm, radio bu qeydlərlə yanaşı Nigar xanımın incə qəlbinə dərin yara vurmuş “Haramıstan” yazısını da öz saytında dərc edəcək, yaxud mənim bloqumdan o yazıya link qoyacaq ki, oxucular oxuyub onun niyə məhz məni hədəf seçməsinin əsl səbəbini bilsinlər.

İndiyədək üç kitabım çıxıb. Ağdam xatirələrindən bəhs edən “Ruhlar şəhəri” kitabım ilk dəfə nəşr olunanda “Əli və Nino” mağazasına 10 kitab verilmişdi. Bir neçə aydan sonra başqa mağazalarda satılıb qurtarandan, dostlara, kitabxanalara, zəng vurub istəyənlərə paylayandan sonra təkrar nəşr etdik. Amma bu dəfə “Əli və Nino”ya vermədik, çünki əvvəlki kitabların taleyindən xəbər tuta bilmirdik. Zəng edən, facebookda yazan oxucular deyirdilər ki, “Əli və Nino”da o kitab yoxdur. Bir-iki dəfə zəng elədim, yolum düşəndə soruşdum. Həmin sözü mənə də dedilər. Belə olanda kitabın pulunu istədim. Dedilər, satılmayıb. Satılmayan, amma rəflərdə də olmayan kitabları iki ay ərzində yığıb mənə verməyəndə facebookda o mağaza haqda sərt bir status yazdım. Özünü Nigar xanımın nümayəndəsi kimi təqdim edən bir oğlan dərhal reaksiya verdi, nəzakətlə araşdırmağa möhlət istədi. Bir həftə sonra 7-8 kitab və 5-10 manat pul verdilər.

Sonrakı “Yaddaş ləpirləri” və “Çamayra. Kuba dəftəri” kitablarımı isə ümumiyyətlə o mağazaya verməmişəm. Zəhmət olmasa, Nigar xanım mağaza və anbarlarındakı 5-6 min kitab arasından bircə dənə də olsa mənim verdiyim iddia olunan kitabımı göstərsin və bununla da sübut eləsin ki, debatda məhz mənim adımı çəkməsi onun “MKM biznesi” barədə yazdığım “Haramıstan” məqaləsiylə bağlı deyil.

Lap əgər anbarında mənim hansısa kitablarım qalmış olsa belə satılmamanın günahını tək məndə görürsə, Nigar xanım problemi anlamadığını nümayış etdirir. O məntiqlə mən də onu Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Ramiz Rövşən, Cəmil Həsənli kimi Azərbaycan yazıçı və ziyalısının ön söz yazdığı, neçə-neçə tanınmış söz sahibinin rəy verdiyi kitabları satmaq qabiliyyətində olmamaqda qınayıram.

Problem cəmiyyətin bugünkü durumundadır! 9 milyonluq ölkədə 500 tirajla kitab çıxırsa, bazar iqtisadiyyatımızın bu xanım nümayəndəsi bilməlidir ki, problem dərindi, ağırdı, onun zərif çiyinlərinin tab gətirəsi yük deyil.

Kitaba yazıçının əmtəəsi kimi baxan iş adamı gərək onu da bilsin ki, bazarda şorun satılması üçün ya şorsatan “Ay müştəri, əla şor var,” deyib qışqırmalıdır, ya da bir şorsevər barmaq batırıb dadmalı və camaata yaxşı şorun yerini göstərməlidir. “Şorsatanı”, “barmaq batıranı” olmayan ədəbiyyat elə bizimki gündə olmalıdır.

Debatın mövzusuna isə ona görə toxunmuram ki, studiyadakı dostlar hər şeyi yerli-yataqlı dedilər. Radionun saytında debata şərh yazan mənim filosof dostum Ağalar Məmmədovun yazısına imzamı qoya bilsəydim, heç bu qeydlərimə də ehtiyac qalmazdı. Bircə onu anlamadım ki, Şərif Ağayar ondan Markes, Paulo Koelyo olmağı tələb edən bu ədəbiyyat biznesxanımına niyə demirdi: “Sən də Koko Şanel ol görüm, necə olursan?!”

Güman edirəm, dinləyənlər debata telefonla qoşulan iki kitab mağazası sahibinin ədəbiyyat haqda nə qədər fərqli səviyyədə düşündüyünə şahid oldular. Bazar adamıyla, ədəbiyyat adamını uzaq İsveçdə də dinləyib ayırd eləmək asandır, səs qatma-qarış, xışıltılı gəlsə də.

Vahid Qazi

13 sentyabr 2013-cü il

Karlskrona, İsveç

Dərc olundu:

http://news.lent.az/kulis/news/6144

http://musavat.com/news/son-xeber/yazar-vahid-qazi-nashir-nigar-kocherliye-cavab-yazdi_164352.html

http://www.azadliq.org/content/article/25104863.html