Famil Mehdinin 80 yaşı tamam oldu. Amma…

Famil Mehdi ve Ala Yaqub

Famil Mehdinin 80 yaşı tamam oldu. Amma…

Bu gün Famil Mehdinin 80 yaşı tamam oldu. Google-da “Famil Mehdi 80” yazıb axtarış elədim. Bir-iki xəbər saytından savayı heç yerdə, heç mədəniyyət, ədəbiyyat saytlarında da bu barədə bir xəbərə rast gəlmədim. Səbəbi mənə aydındı. Məncə, onu tanıyanlara da…

Famil müəllim iki halıyla daha çox yadımda qalıb. Biri bizim tələbəlik illərimizlə bağlıdır. 1988-89-ci illərin mitinqlərinə gedəndə universitetdə çox dərs buraxırdıq. Bizə deyirdi: “Başa düşürəm, haqqı deməyə gedirsiniz. Bir müəllim kimi “Dərsi buraxıb, getməyin” deməliyəm, deyə bilmirəm. Gedin! Amma tribunadan “Vəziryan! Vəziryan!” çığıranların əsl məqsədlərinin nə olduğunu da bilin”. Bildik, iş-işdən keçəndən sonra, bildik, gördük… və görürük.

İkinci halında o, “Dədə Qorqud” filminin sonunda döyüşən tərəflərə yalvaran Dədə Qorquda bənzəyirdi. Ağdam işğal olunanda Yeni Yasamala pənah gətirmiş qaçqınlara divan tutan polislərin qarşısındakı hayqırtısı hələ də qulağımdadı. Polis verilən əmrə uyğun Yeni Yasamala toplaşan qaçqınları döyüb qovurdu. Erməni gülləsindən qurtulanlar öz polisinin təpiyinə, dəyənəyinə tuş gəlmişdi. Famil Mehdi bax eləcə – üzünə, çiyninə dağılmış uzun, ağ saçı, dibinə kədər çökən qəzəbli gözləri, bir də qışqırmaqdan batan xırıltılı səsiylə yaddaşıma həkk olub.

80 yaşın mübarək, müəllim!

Kompas adamlar

qulu_meherremli (4)

Kompas adamlar

(Qulu Məhərrəmlinin 60 yaşına)

Mənəvi aşınma dövrü yaşayan cəmiyyət cəngəllik kimidir. Yolunu azdığını, itib-batdığını, əriyib qarışdığını hiss eləmirsən. Həqiqət hardadı, xəbərin olmur, çünki həqiqət də, yalan da bir-birinə oxşayırlar, ayıra bilmirsən. Belə mühitdə vicdanını bir təhər qoruyub saxlayan ictimai yüklü adamlar kompasa bənzəyirlər. Onlar mənəvi böhran yaşayan “cəngəllik”də azmaq istəməyənlərə bələdçilik edirlər. “Kompas adamlar”a ehtiyacı olmayan ölkələr də var, məsələn, İsveç kimi, beləsindən danışmıram. Hər cığırına bələd olduğun Vətəndə kompasla gəzməyə məhkumluğun əzabından danışıram…

Qulu Məhərrəmliylə elə bir dostluğum olmayıb. Amma dostum kimidi. Az olmayıb heç tanımadığım adamları sevməyim. Onu tanıyıram!

Bu ilki mətbuat günündə feysbuk səhifəmdə belə bir status paylaşdım: “22 iyulda Qulu Məhərrəmli kimi dostlarla bir yerdə olmağı arzuladım. O gün müsahibəsində belə demişdi: “Balaca adamların boyu çox uzanıb. Daha doğrusu özü yox, kölgəsi uzanıb. Əgər bir ölkədə balacaların kölgəsi uzanırsa, deməli o ölkədə günəş batır”. Qulu müəllim kimi yalnız Sözə qul olan adamlarımız durduqca, günəşimiz batmayacaq”.

Onun 60 yaşı tamam oldu. Təbrik eləmək istədim əslində. Bilmirəm, deyə bildimmi, demək istədiyimi?!

Müsavat Partiyasının üzvü olsaydım…

Arif Hacili

Müsavat Partiyasının üzvü olsaydım…

Müsavat Partiyasının üzvü olsaydım, onun başqanlığını haqq eləmiş namizədi dəstəkləyərdim. Qurultaya seçilsəydim, söz alardım. Tribunaya qalxıb deyərdim ki, “Müsavat” sözünün ərəbcə nə məna verməyindən asılı olmayaraq onun Azərbaycan türkcəsində başa düşülən bir anlamı da var – Haqq. Müsavat Partiyası xalqın millət olmaq, dövlət qurmaq haqqından yaranıb. Müsavatçılar 100 il boyu haqqa tapınıblar, haqqa inanıblar, haqları daim tapdansa belə.

Şübhəm yoxdur ki, bu günün müsavatçıları da ənənəyə sadiqdirlər və Müsavatı vətəndə bərpa edən, onun idealı olan müstəqillik aktına səs verən, Qarabağ döyüşlərində onun dağlarında, çöllərində olan, demokratiya savaşlarında küçələrə, meydanlara çıxan, haqq davasında həbsxanalara düşən bir namizədə səs verəcəklər. Bir vaxtlar strukturları ölkənin az qala hər kəndini belə əhatə edən bir partiyanın qurulmasında qara fəhləlik eləmiş birini seçəcəklər (Belə bioqrafiyası olanı başqa xalqlar əl-əl gəzir). Yaşa dolduqca simaca da Rəsulzadəyə oxşayan Arif Hacılını başqan edəcəklər.

Başqanlıq onun halalıdır! Müsavatçılar bu ölkədə haqqın hələ tam itmədiyini öz hərəkətləriylə nümayiş etdirəcəklər. Dostumuz Qubad bəy də başqanlığı haqq eləmiş Arif Hacılının seçiminə halallığını verib elə özü ona səs verəcək. Və beləcə növbəti başqanlığı özünə haqq edəcək.

Bu sözləri deyəndən sonra qurultay iştirakçılarına 2012-ci ilin yanvarında İstiqlalın 20 illiyi dövlət səviyyəsində qeyd ediləndə 50 yaşını həbsxanada keçirən ölkə istiqlalına səs vermiş Arif Hacılıya həsr elədiyim “İstiqlal cəfakeşi”  yazısını oxuyardım.

Sonra da tribunadan düşüb namizədlərin əllərindən tutardım, birlikdə Müsavatın himnini oxuyardıq.

Müsavat Partiyasının üzvü olsaydım…

P.S. Amma şərt üzvlükdə deyil, özünü müsavatçı duymaqdadır. Mən də müsavatçıyam! Üzvlüyü olmayan 100 minlərlə Azərbaycan vətəndaşı kimi. Səsimi də bu gün başqanlığa haqqı çatana verirəm!

Vahid Qazi

Sevgi buketi

sergiden foto Ramiz Quliyev Rafiq Aliyev

Sevgi buketi

Həsrətlərin ən dəhşətlisi vətən həsrətidi. Bunu yaşlaşdıqca daha çox dərk edirsən. İllərlə Kəlbəcərə xəlvəti gedib-gələn Dilqəmgilin də, Qarabağa keçib-qayıdan, hələ ələ keçməyən nə qədər yurddaşımızın da elədikləri bunu deyir.

Dünən böyük tarzən Ramiz Quliyevlə danışanda da bir daha əmin oldum. Saytlarda ürəyindən əməliyyat olunduğunu oxuyanda zəng elədim. Bir-iki dəqiqəlik söhbətdə, bəlkə, 10 dəfə “Qarabağ”, “Ağdam” dedi.

Bu qədər aşılanmadan sonra da cəmiyyətdə vətən sevgisiylə yanıb-qovrulanlar var.

Amma bu sevgiləri topalayıb böyük bir SEVGİ BUKETİ bağlayan oğul yoxdu. “Ağ atlı oğlan”dan yox, bu milləti ağ günə çıxarası oğuldan danışıram.

19.07.14

Ramiz Rövşəni qınayanlara

ramiz rafiq fexri

Ramiz Rövşəni qınayanlara

Ən birinci ondan başlayım ki, hər cür fanatizmdən, bütləşdirmədən uzağam. Amma Ramiz Rövşən haqda bölüşmədiyim fikirlərə cavab verməyə bilmirəm. Bu sözləri də onu qınayan dostlara deyirəm, baxıram “Feysbuk”dakı virtual dostlarım arasında belələri var. Təhqir, qərəz, məqsədli şəkildə qarayaxmalar yazanlara cavab verməyə dəyməz. Oxumağa davam et

“Yelena” Kiyevdə ukraynca dərc olundu

vsesvit

“Yelena” Kiyevdə ukraynca dərc olundu

Bu gün anomal şaxtaya baxmayaraq, Kiyevdə mitinqlərin davam etdirilməsiyə yanaşı ondan da xəbər tutdum ki, “Yelena” adlı hekayəm “Vsesvit” jurnalının 11-12/2013 sayında dərc olunub.

Hekayəni 1995-ci ilin dekabrında, elə bugünkü kimi soyuq bir gündə Kiyevə elədiyim səfər zamanı yaşadıqlarım əsasında uzun illər sonra yazmışdım. Dostlar bəyənmişdilər, elə buna görə də xeyli qəzet, jurnal və saytda dərc olundu. Rusca tərcüməsi bir neçə qəzet və saytda yer aldı . Sonra “Yaddaş ləpirləri” kitabıma da daxil elədim.

Ötən il kiyevli dostum İvan Lozovoy “Yelena”nı ukrayncaya çevirdi. Başqa bir dostum Elxan Nuriyev bədii redaktə üçün Ukraynanın tanınmış ədəbiyyatşünaslarından Mariya Voloşaka oxutdu. Xarici ölkələrin ədəbi dairələriylə yaxşı əlaqəsi olan Səlim Babullaoğlu hekayəni “Vsesvit” jurnalına təqdim elədi. Nəhayət, dərc olundu.

İctimai-siyasi, ədəbi-bədii, illüstrasiyalı “Vsesvit” jurnalı xarici ədəbiyyat dərcisidir. “Все́світ”, azərbaycanca “Bütün dünya” anlamını verir. İki ayda bir dəfə nəşr olunan jurnal 1925-ci ildən çıxır. İndiyədək burada 105 ölkədə yaşayıb yaradan ədəbiyyat adamının əsəri dərc olunub. 84 dildən tərcümə edilənlər arasında 500 roman da var.

Hekayənin tərcümə və dərcində əməyi olmuş bütün dostlara təşəkkür edirəm.

02.02.2014

Vahid Qazi İsveç Yazıçılar Birliyinə üzv oldu

3

Vahid Qazi İsveç Yazıçılar Birliyinə üzv oldu

İsveçdə yaşayan yazar Vahid Qazi bu ölkədə Yazıçılar Birliyinə üzv olub. Dekabrın 9-da “Media forum” saytına danışan Vahid Qazi deyib ki, İsveç Yazıçılar Birliyi 4 aydan çox kitablarını və bloq yazılarını ekspertizadan keçirdikdən sonra onu üzvlüyə qəbul edib: “Gələn ilin yazında İsveç Yazıçılar Birliyi başqa dildə yazan üzvlərinin müsabiqəsini keçirəcək. İki ildən bir belə müsabiqə olur. Mən müsabiqəyə bir əsərimlə qoşulacam. Artıq həmin hekayəm İsveç dilinə tərcümə olunub”.

Vahid Qazi 1968-ci ildə Ağdamda doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Ədalət”, “Azərbaycan” qəzetlərində, Prezident Administrasiyasında çalışıb. “III Sektor”, “Svobodnaya volya” jurnallarının naşiri, “Toplum” dərgisinin baş redaktoru olub.

“Ruhlar şəhəri”, “Yaddaş ləpirləri. Demokratiya yazıları”, “Çamayra – Kuba dəftəri” kitablarının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

“Media forum”

Erkin Qədirlinin Vaşinqton çıxışı barədə

erkin qedirli

Erkin Qədirlinin Vaşinqton çıxışı barədə

Erkin Qədirlinin ABŞ Konqresindəki çıxışını dinlədim. Həmişəki kimi maraqlı danışırdı. Ümumiyyətlə, maraqlı danışan belə adamlarımızın nəhayətdə siyasətlə ciddi məşğul olması, fəal siyasətə qoşulması yaxşı haldır. Oxumağa davam et

Soyuq ölkədə isti Azərbaycan

elcibey goteborg

Soyuq ölkədə isti Azərbaycan

Ötən həftəsonu Yoteburqa Elçibəyin 75 illik yubiley tədbirinə neçə-neçə ölkə və şəhərdən o taylı, bu taylı azərbaycanlı yığılmışdı. Tək Əbülfəz bəy yox, Rəsulzadədən üzü bəri neçə tarixi şəxsiyyətimiz yad olundu. Çıxışlar edib, xatirələr danışdıq.

Səhəri gün Şuşanın Ərimgəldi qayasına oxşayan bir qayanın dibində ocaqlar qalandı, qazanlar asıldı, manqallar gözərdi. Elatımız neçə qoyun kəsdi, neçə tuluq şərab içdi, sayı itdi. Adını çoxdan eşitdiyim neçə adamın üzünü gördüm, neçə dəyərli insanla tanış oldum.

elcibey goteborg 2

Qərib ölkənin soyuq təbiətində isti bir Azərbaycan, özü də bütöv Azərbaycan yaşadıq. Elə bildim Qarabağlı, Təbrizli bir ölkədəyəm. Nə xoş bir duyğudur bu!

Təşəkkür edirəm Arif Rəhimoğluna, dəvət elədiyinə görə. Sağ olsunlar Firudun Ələsgərov, Şahnaz Qasımova, qonaq saxladılar bizi.

Xalqımızın üstündə qazanı qaynayan ocağı heç zaman sönməsin!

1 iyul 2013

Əbülfəz Elçibəy və demokratiya

elci ve irena

Əbülfəz Elçibəyin 75 yaşına

Vahid Qazi

Əbülfəz bəyin 75 yaşı tamam olur. Bir yazı yazmaq istəyirdim. Yaza bilmədim, alınmadı. Hər dəfə əcnəbi qonaqları Kələkiyə yola salanda getmək istədiyim, amma elə aeroportdaca fikrimi dəyişib getmədiyim kimi, bu yazını da yaza bilmədim.

Çoxlu suallarım vardı ona. Çoxlu istəklərim vardı ondan. İşğaldakı məhləmizdən tutmuş Şuşayacan, qırılan ümidləriməcən sual edəcəkdim, başqasıdan yox, məhz ondan soruşacaqdım. Bizi yarıyolda, özü də qaranlıq, qorxulu tunel-labirintdə buraxıb getməyindən, tunelin sonunda işığa ümid yarananda qayıdıb gəlməyindən, gəlişiylə o son işığı da qapatmasından suallar verəcəkdim. 20 il sonra da cavab tapa bilmədiyim suallara izah istəyəcəkdim. 

Bu suallara onun cavabı olacaqdımı?

Oxumağa davam et