
Facebook səhifəmdə başqa heç yanda dərc olunmayan xeyli uşaqlıq, gənclik xatirələrim var. Bu xatirələri neçə ildir yazdığım statuslarla, fotolarla bölüşmüşəm. Xatirə yazıları sosial şəbəkədə ən çox diqqət çəkən paylaşımlarındandır. İtib batmasın deyə onları bir yerə yığdım, yüngül əl gəzdirdim, ayrıca fayllarda saxladım. Bu gün bir hissəsini bloqumda dərc etməyə qərar verdim. “Facebookda qalan yaddaş ləpirlərim” adlı xatirələr toplusunun IV hissəsinə 2021-ci ildə yazdıqlarım daxildir.
Facebookda qalan yaddaş ləpirlərim. IV hissə
2021
Bu şəklin 25 yaşı var. Bir gün bir məclisdən çıxanda Cavanşir Quliyev dedi ki, Müsavatın himni hazırdı, gəlin gedək dinləyin, görün necə alınıb. Gec olmasına baxmayaraq, onun evindəki studiyaya getdik. Cavanşir bəy himni Ramiz Rövşənin sözlərinə yazmışdı.
Dinlədik. Əzəmətli himn alınmışdı. Bəyəndiyimizi dedik, təşəkkür etdik. ”Kimdi oxuyanlar?” soruşduq. ”Aygün Kazımova razı oldu, o biri də özüməm” dedi. ”Müxalifət partiyasının himnini oxumaq hər müğəninin hünəri deyil, sağ olsun”, bunu da Nasir Əhmədov dedi. O vaxt (elə indi də) müxalif partiyaya himn yazmaq da hər şairin, bəstəkarın işi deyildi.
Bir dəfə söhbətlərin birində Ramiz bəy dedi ki, Azərbaycanın azad, varlı, qüdrətli dövlət olmasını hamıdan çox onun yaradıcı adamları istəməlidir, biz istəyirik. Çünki bizim yaratdıqlarımızın yalnız o halda yaşamaq ehtimalı var ki, Azərbaycan dövləti, xalqı və dili yaşasın.
Bütün çətinliklərə rəğmən Azərbaycan dövləti, xalqı, dili yaşayacaq və böyük şairini də yüzillər boyu yaşadacaq, buna inanıram.
75 yaşın mübarək, Ramiz bəy! 15.12.2021
***
Çoxçəkən olmuşam. Günə 50-55 ədəd. Özü də cani-dildən. Tüstüsünü sonuncu qüllabınacan sinəmə çəkərdim. Filtrin yanıq tamını dilimdə hiss etməyincə söndürməzdim.
Siqaretin mənə güc gəldiyini yəqin edən gündən onu tərgitməyə qərar verdim. Psixoloji hazırlıqdan başladım. Hazırlıq aylar sürdü və ən qəribəsi də odur ki, onunla vidalaşma günü siqarlar ölkəsi Kubaya 2006-cı il səfərinə təsadüf elədi. Bakıdan gətirdiyim 2 blok Kent bitəndə yerli siqaret aldım. Zəhər kimi. Və bu son oldu.
O tərgitmədə bir “pis” o idi ki, sonrakı səfərdə bir kubalı dissidentin bağışladığı 13 ədəd siqarın dadını bilmədim. “Satışda beləsi yoxdur, ev siqarıdır”, demişdi. Bakıda payladığım siqarsevər dostların söylədiklərinə görə hələ beləsini çəkməyibmişlər.
Siqaretlə vidalaşmamın 15 ili tamam oldu. İndi qoxusunu uzaqdan alanda belə ürək bulandırır. Atın getsin! Dünyada siqaretdən də maraqlı məşğuliyyətlər var. İstəsəniz onlardan da danışaram bir gün.
Hələliksə siqareti atmışlara salam olsun, demək istədim. 09.12.2021
***
Bütün “qurban olum”ların ən səmimisi “Anan boyuna qurban”dır. Yerdə qalanların az, ya çox pafos qatqısı var. Əsgərlikdən dönəndə anamın titrək səslə dediyi o söz, atamın kəsdiyi qurbanı yadıma düşdü. Bayramınızı qonşu həyətində təzəcə açan bu çiçəklə təbrik etmək istədim.
Qurbanlarımız yalnız qoyun olsun! 20.07.2021
***
Nimdaş vidinə – əziyinə, qırışına baxmayın, müharibədən çıxıb. Neçə albom, kitab arasında, boxça içində qaçqın ömrü yaşayıb. Əsas odur, salamat qalıb, gəlib mənə də çatıb.
Ömrün xoşbəxt çağlarından qalan foto.
1977-ci ilin yayında xalamgil Şuşa Turşsuyunda (bizimkilər adətən Vəngin altındakı Kolatağ Turşsuyuna düşərdilər ) alaçıq qurmuşdular, məni də aparmışdılar. Aran rayonlarından gələn ailələrin yüzlərlə alaçığı içində bizimki bulağa yaxın sırada idi. O vaxt ən sevimli məşğuliyyətim turşsunun fontan vurmasını gözləmək idi. 15.05.2021
***
1995-ci ilin axır çərşənbəsi idi. İşdən gəlirdim. 52 nömrəli avtobus “Azərbaycan xörəkləri” adlı restoranın qabağında saxladı. Düşüb evə gedirdim.
Bu, həyatın ağırlığını çiyinlərimdə təzə-təzə hiss etdiyim vaxtlar idi. Artıq 2 il idi atam, anam, bir də bacım Ağdamdan qaçqın düşmüşdülər. Əmim oğlu Samir üçün aldığı mənzili atamgilə vermişdi. Mən də kirayə qaldığım evdən çıxıb onların yanına gəlmişdim. İşğalın ilk günündən əvvəldən Bakıda yaşayan qohumlarım – əmilərim, dayım, bibim atamgilə qaçqınlığın ağır üzünü görməyi rəva bilmədilər, imkan vermədilər. Ömür boyu unutmaram!
Amma artıq evin “yükçəkəni” mən idim. Ailəmi öz komama yığmağın vaxtı idi. Bakıda ev almaq imkanım üfiqdə belə görünmürdü. Binaların arasıyla gedirdim. Dayandım. Qulaq falına çıxım dedim. Uşaqlıq şakərimdir, inanıram ona, sınamışdım.
“Ev alıb, ailəmi öz evimə yığa biləcəmmi?” niyyəti ilə bir mətbəxin açıq pəncərəsindən gələn səsə qulaq tutuldum. İlk eşitdiyim bu oldu:”Onun dərmanı zoğaldı”. İki qadın söhbət edirdi.
Ümid dolu enerjiylə evə gəldim. Anamın cücərtdiyi səmənini əlimə aldım, üzümə-gözümə sürdüm.
…Bir il çəkmədi. Artıq evimiz var idi. 16.03.21
***
Bir dəfə anam əl işlərini töküb sahmanlayırdı. Mən də qıraqdan baxırdım. Maraqlı gəldi, soruşdum: “Niyə ərə gələndən sonra daha heç nə tikmədin, toxumadın?”
Qəribə təbəssümlə üzümə baxıb belə cavab vermişdi: “Başım sizi toxumağa qarışdı. İstədim ən yaxşı naxışları sizə vurum”.
Sizi bilmirəm, 8 mart hər dəfə təsəvvürümdə anamın çöhrəsiylə canlanır. Bəlkə də uşaqlıqdan dilimizə düşən ” 8 martdır, anacan” misralı şeirə görə.
Bu “pələng”i anam toxuyub. 18 yaşı varmış onda. Qız vaxtı belə əl işləri çox olub. Hələ nənəmlə birləşib iri bir xalı toxumasını demirəm. Bir tərəfinin rəngi solsa da salamatdı, durur.
Bu günü ayırımçı Roza Lüksemburqun bayramı hesab etməyən bütün qadınları – bu günün və sabahın analarını – təbrik edirəm.
Ən yaxşı ilmə-naxışlarınız balalar olsun! 08.03.2021
***
Varşavada insan haqları mövzusunda beynəlxalq konfransların birində rus əsgərlərinin Çeçenistandakı vəhşiliklərindən bəhs edən film göstərirdilər. Gözü dönmüş əsgərlər dinc əhalini – qadın, uşaq, qoca demədən güllələyirdilər, yalvarana belə aman vermirdilər.
Ürək paralayan kadrlardan hamı şoka düşmüşdü. Kədərli baxışlarda təlaş, qorxu vardı. Ekranda gördüklərim məni də sarsıtmışdı, amma Xocalı qurbanlarını Ağdam məscidində gördüyümdən idi, ya nə səbəbdənsə, mən başqalarından sakit idim.
Dünyaca məşhur hüquq müdafiəçiləri, siyasi-ictimai xadimlərin kimi ağlayır, kimi inildəyir, kimi də donub eləcə baxırdı. Birdən zalda nalə qopdu. Neçə adam eyni vaxtda fəryad elədi. ”Oh My God!”
Filmdə yana-yana qaçan at göstərilirdi!
Rus əsgəri bir atın üstünə benzin töküb kibrit çəkmişdi.
O vaxtdan hardasa 25 il keçib. Hələ də düşünürəm, niyə o adamlar dirigözlü güllənən körpələrə, yalvaran qadınlara yox, yanan ata nalə çəkdilər?
İnsanı anlamaqdan çətin işmi var…
Deyir, bu gün Beynəlxalq Yazıçılar Günüdür. İnsanı anladan əsərlər çox yazılıb, mənə görə elə əsl yazıçı da insanı yazandır. Təbrik etmək istədim onları bu gün.
Bu sətirləri yaza-yaza belə yadıma düşdü: Andrey Platonovun “Can”ı, bir də Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan Alabaş”ı. 03.03.21
***
Məni dirigözlü ölümdən qurtaran bir xanımdan danışmaq istəyirəm. 80 yaşı tamam olan gün, onunla çoxsaylı xatirələrdən məhz bunu seçdim.
Günlərin bir günü Borjomiyə cender problemlərinə həsr olunmuş konfransa getmişdik. Axşam hotelin televizor qoyulmuş guşəsində deyib-gülüb şirin söhbət edirdik. Birdən üzbəüz otaqdan bir gürcü çıxıb rusların ”vaşmat”ları sayaq söyüşlərlə bizi təhqir elədi. Səsimiz bərk gəlirmiş, kişini narahat edibmişik.
Xoşagəlməz vəziyyət yaranmışdı, bir tərəfdə alt paltarda çıxıb bizi söyən kefli gürcü, bir yanda da beş-altı azərbaycanlı qadın arasında tək kişi xeylağı mən. Bir xanımlarımıza baxdım, bir bu çılpaq gürcüyə.
O deyirlər ey, qeyrət boğdu, filan. Bax, ona bənzər bir şey oldu. Masanın üstündəki gürcü çaxırını götürüb söyüş söyənə tolazladım. Başını əyməsəydi butulka təpəsini yaracaqdı – divara dəyib qırıldı. Qan rəngində ”Kindzmarauli” divar aşağı axmağa başladı.
Gürcü otağına qayıtdı. Elə şeşələnib xanımlarımıza sarı çevrilmişdim ki, çığırtı qopdu. Sən demə bu ”alçaq çılpaq” məndən qorxub qaçmayıbmış, otağa pistoletini götürməyə gedibmiş. Bir də gördüm Novella Cəfərova ”Vahidi gizlədin” deyib sinəsini qabağa verib, gürcünün üstünə getdi. Əli pistoletli kefli adamın! Gürcü onu görüb məni unutdu.
Sonra olanları yazıb uzatmayım. İş səhəri gün gürcünün gəlib hamımızdan üzr istəməsiylə bitdi.
Sonralar o hadisəni yada salıb dilxoşluq edərdik. Bilmirəm, nə qədər haqlıyam, bir dəfə Novella xanıma dedim ki, gərək 1993-cü ilin iyununda Surət Hüseynovun qabağına səni çıxarardılar. İndi milli hökumətimiz də durardı, Qarabağ da işğal olunmazdı, arzuladığımız cəmiyyət də qurulmuşdu və s.
Onunla bir kitablıq səfər xatirələrim var. Afrikadan Polşaya, Bosniyadan İssık-Kula, Borçalıdan Səmərqəndəcən. Sağlıq olsun, o biri yubileylərində onlardan da danışaram.
Bayaq zəng vurub təbrik elədim. ”Ağdam, Şuşa qayırdı, ta sən də qayıt”, dedi.
Təbrik edirəm, məni güllədən xilas edən dost! Əzəmətli 80 yaşın mübarək olsun! 03.03.21
***
Yalçın Rzazadə mənə nostalji duyğular yaşadan ilk müğənni olub.
1987-ci ilin yayı idi. Əsgərliyim bir vaxtlar Jukovun atom bombası sınaqları keçirdiyi Totsk səhrasında davam edirdi. Poliqonda neçə günün ağır təlimindən kazarmaya dönürdük. Yorğunluqdan ayağımı güclə sürüyürdüm. Kəsə gedək deyə yolu kəndin içindən saldıq. Rus daxmaları, həyətləri, filan…
Qəfil səsə diksinən təhər oldum. Radioda eşitdiyim səsdən ətim ürpəşdi. Dizdən bir azca yuxarı taxta hasarı aşıb səs gələn evə yüyürdüm.
Radioda Yalçın Rzazadə oxuyurdu. Orenburq vilayətinin gözdən-könüldən uzaq bir kəndində vətən havası başıma vurdu. Dedim, yəqin burda yaşayan yerlimizdi.
Elə deyilmiş. Bir rus mujiki radionun axtarış diyirçəyini bura-bura dinləməyə bir şey axtarıbmış. Sən demə, səsdən xoşu gəlib deyə əl saxlayıbmış. Elə bu vaxt da mən yoldan keçirmişəm. Sözlərini başa düşmürdü. Dedim, “Juravli”di mahnının adı, yəni durnalar. Vətənə uçan durnalar…
2 stəkandan sonra çaxır qoxuyan mujikə sarılıb qəhərlənməyimdən ta uzun yazmıram bura. Bircə demək istəyirəm ki, estradamızın bənzərsiz səslisi Yalçın Rzazadə tək bizlərin yox, uzaq ellərdə yadların belə könlünü fəth etməyi bacarırdı.
Ruhun şad olsun, o qərib rus çölündə ruhumu şad edən sənətkar! 23.02.21
***
Tələbə vaxtı Bakı bukinistlərini dolaşmaqdan xoşum gələrdi. Kitabların, demək olar, çoxunu bukinistlərdən alırdım. Bir dəfə Floberin tünd qırmızı rəngdə 5 cildliyini almağa pulum çatmadı. Baha idi – 25 manat. Atamgilin hər ayın əvvəlində göndərdiyi 100 manata hələ xeyli vardı. Odur ki, “Madam Bavari” qarışıq hamısını göz qabağından götürüb yuxarı künc rəflərin birində kitabların arxasında gizlətdim. Arada yolüstü keçəndə dönüb baxırdım görüm götürməyiblər ki. Pul gələn kimi gedib aldım.
Bukinistdən kitab almaq şakərim İsveçdə də qalır. İsveç dilim klassik romanları zövq alaraq oxuyacaq səviyyədə olmasa da alıram. Niyəsini bilmirəm, eləcə alıram…
Dünən şəhərimizin bukinistində (sekondhəndin kitab bölümü) gözüm “Madam Bavari”yə sataşdı, tələbəliyin o əhvalatı yadıma düşdü. Elə tələbə həvəsiylə də aldım.
Baxıram, Valentin günüdü, mənlik deyil bu gün. Mənimki 8 martdır, saxlayıb onda bağışlayacam. İsveçcəsi məndən yaxşı olan xanıma 14.02.21
***
46 il sonra azadlığa çıxan foto – 1975-ci ilin fotosu. Bir qədim albomda, köhnə şəkillər arasından tapılıb. Qaranlıq albom əsarətindən qurtulub. Yadımda deyil nəyə sevinirəm burda. Yadımda qalan odur ki, yaşlı qonşuların “Ordubad qızı”, “Tiflis gəlini” çağırdığı nənəm əmimə Cıdır düzünə ilk gəlişindən danışırdı. Babam gətiribmiş, 41-45 müharibəsindən qabaq.
Şəkili tapana da, göndərənə də sağ olun deyirəm. Yaratdığı təəsürat isə özümdə qalsın. 30.01.21
Facebook paylaşımlarınızı derlemeniz iyi olmuş. Bence kitap olarak da derleyin. Her biri ayrı öykü tadında. Hatta Türkiye Türkçesi’nde bilinmeyen ya da pek kullanılmayan sözcüklerin yanına -ki çok fazla değiller, anlatım tadını bozmayacak şekilde, Türkiye lehçesindeki karşılığı yazarsanız hepimiz için çok yararlı olur, sözcük dağarcığımız genişler. Ya da kitabın sonunda bir liste yaparsınız. Rahmetli Arif Bey’den öğrendiğim bir sözcük örneğin: çakır/şarap. Selamlar.