Müsahibə: “Düşündüklərini içində boğursansa, daxilin duyğu qəbirstanlığına çevrilir.”

“Düşündüklərini içində boğursansa, daxilin duyğu qəbirstanlığına çevrilir.”


Öz əsərlərində oxucunu özüylə birgə dünyanı qarış- qarış gəzdirən yazardır Vahid Qazi. Bir yeri heç vaxt görməyən adama oranı yurd kimi göstərib sevdirməyi, məsələn “Ruhlar şəhəri” kimi, öz nisgilini xəfif bir mehə çevirib oxucularının ürəyinə sərməyi bacaran insandır Vahid Qazi. Onunla söhbətimizdə qürbəti nə qədər gözəl təsvir etsə də, danışdığı xatirələrin hamısında söhbətimizin “əli-qolu” Azərbaycana, Qarabağa, Ağdama uzanırdı.  

- Mən Ağdamı görməmişəm. Vahid Qazi mənə Ağdamı necə təsəvvür edə bilər? Yazınızla “Ruhlar şəhəri” demisiniz, bəs indi?...

- Qəfil sual qəfil də cavab istəyir. Bu suala düşünüb cavab vermək üçün çox uzaq keçmişə getmək lazımdır. Amma qəfil cavab belədir: Ağdam fərqli, hətta deyərdim, bir-birinə zidd xarakterli insanların, konqlomerat sosial icmaların harmoniyada yaşadığı yer idi. Təsəvvür edin, müxtəlif yerdən gəlmiş adamlar Ağdamda, kimya diliylə desəm, tez bir zamanda “həll olur”du, “ağdamlaşır”dı.  Sonra isə ağdamlı olmağıyla fəxr edən təəssübkeşə çevrilirdi. Məsələn, redaktorunuz Aqil Abbas kimi.

– Ağdam ən çox nə ilə yadınızda qalıb?

–  Müəllimlərimlə. Elə birini deyim, tarix müəllimimiz Asif Əsədovla. Elə səviyyəyə, elə ağıla malik idi ki, indi də onu dünyanın ən qabaqcıl ali məktəblərinin müəllimləri ilə eyni pillədə görürəm.

– Vahid müəllim, belə bir deyim var: “Ağdam bir qeyrətli qardaş kimi gözəl Şuşanın  qeyrətin çəkir” doğru bənzətmədir?

– Ağdamın bir hissəsi Şuşadan gələnlərdir. Yaxud əksinə, Şuşanı salanların arasında indiki Ağdam ərazisindən gedənlər çoxluq təşkil edib. Elə Seyidli məhləsini anamgilin Seyidli kəndindən gedənlər salıb. Dünyada belə şəhərlər var ki, onlar bir-birinə çox doğmadır. Şuşayla Ağdam da belədir. Şuşalılar ağdamlılara çox qaynayıb-qarışmışdılar. Şuşanın bir tərəfi Laçın, bir tərəfi də Ağdamdır.
Mənim atam şuşalı idi. Ağdamda dayımla nərd oynayırdılar. Öz aralarında zarafat edirdilər. Dayım deyirdi ki, biz ağamlılar siz qalalılara sərçəni rəngləyib bülbül adına satardıq. Atam da deyirdi ki, sizə salam verəndə gərək barmaqlarını sayasan, biri əskik gələ bilər (gülür). Bu cür xoş xatirəyə çevrilən zarafatların səbəbi isə yaxınlıq, doğmalıq idi.

– Lap əvvələ qayıdaq. Məbuata gəlişinizdən danışaq…

– Bizim nəsildə jurnalist yox idi. Əksər qohum-əqrəba ticarətçi idi. Atamgil məni hüquqşünas, alınmasa, ticarətçi görmək istəyirdilər. Ancaq orta məktəbin son illərində hiss elədim ki, yazı-pozu məni çəkir. Sənədlərimi jurnalistika fakültəsinə vermişdim. Əmimgildə qonaqlıq vaxtı qohumlar atamın “saqqızın oğurladılar” ki, jurnalistika nədir, “ya yurfaka, ya da narxoza versin”! Mənsiz qərar qəbul etdilər.

Tezdən özümü verdim Aqilin ( red: Aqil Abbas) yanına, bizə hamilik edirdi onda.  Dedi ki, jurnalist olmaq istəyirsən? Dedim, hə. “Ondan sənədlərini geri götürmə, de ki, verdim yurfaka. Get imtahanını ver, gir jurnalistikaya, sonra səni öldürməyəcəklər ha”.

Qərar verməyimdə Aqilin böyük rolu olub. Sonra jurnalist kimi işə də “Ədalət”də başladım. Məqalə, reportajlarla yanaşı “Gənc publisistin düşüncələri” adlı silsilə yazılar yazdım. Mənə ən ləzzət verənsə “Müxbirimiz Vahid Qazıyev cəbhə bölgəsindən xəbər verir” başlıqlı yazılar idi. Ağdamdakı 5-54-50 nömrəli telefonumuzla göndərdiyim xəbərlər səhəri günü qəzetdə çap olunurdu. Zarafatla anama deyirdim ki, telefon pulunu qonorar alanda verəcəm.

Nədənsə davam etmədiniz…

– Hadisələr elə gətirdi ki, Prezident Aparatında işləməyə başladım. Ondan sonra “Musavat”ın mətbuat xidmətində çalışdım. Sonra da uzun illər QHT sektorunda işlədim. Amma bütün bunların fonunda yazıdan ayrı düşmədim. Daha çox publisistik yazılara kökləndim, xüsusilə də İsveçdə köçəndən sonra. Həm mühit, həm də vaxt buna şərait yaratdı. Neçə il Bakıda yarımçıq qalan “Çöl Qala” romanını da orada bitirdim.

-Biraz da qürbət…

-Hə, qürbətin də öz təsiri var. Yaxşı mənada adamı yazıya kökləyir.

-İsveçdə daha çox vətənsizliyin ağrısını hiss edirdiniz?  Axı 2020-ci ilə qədər  ata yurdunuz işğal altında idi.

-Ağrı üçün məkanın önəmi yoxdur. Ağrı anlamında İsveç Qarabağdan elə Bakı uzaqlıqdadır. Ancaq fərqli bir məqam var. Orda sən soyuqqanlı düşünə bilirsən. Burda hadisələrin içindəsən, orada isə olanlara kənardan baxırsan. Hər şeyi bir qədər fərqli görürsən. Biri var duyğuları emosional şəkildə ifadə etmək, biri də var ki, sən o dərdi başqasının yaşantısı kimi göstərirsən, yəni tək özününküləşdirmirsən, həm də bəşəriləşdirirsən. Mənim düşüncəmdə bu, oxucuya daha inandırıcı təsir bağışlayır.

– Bir izləyici kimi müasir mətbuatdan razısınız?

– Jurnalistikanın ilkin şərti yaradıcılıq azadlığıdır. Bizdə artıq o yoxdur. Azad düşünə bilməyən insan azad yaza bilməz.

“Yaratmaq azadlığı” yazısında azadlığı olmayan yaradıcı insanın ağrısını balasını çətin doğan ananın sancısına bənzətmişdim. Tapsanız, oxuyun.

“İnsanın xoşbəxtliyi içindəkini sevərək dünyaya çıxarmaq azadlığındadır. Sevdiyi ərdən bala doğan ana kimi, istədiyi romanı yazan yazıçı, simfoniyanı bəstələyən bəstəkar, tablonu çəkən rəssam, rolu oynayan aktyor kimi…

Yaradıcı adamın faciəsi o deyil ki, istədiyini yaratmağa qoymurlar, azadlığı alınıb. Dərd odur ki, qəlbindəkinin əvəzinə sən başqasının tələb etdiyini yaratmağa məcbur edilirsən! Özü də yaratdığının əsərə yox, bala yerinə doğulan qan laxtasına bənzədiyini bilə-bilə!”

Düşündüklərini içində boğursan, boğursan, bir də baxırsan, daxilin duyğu qəbirstanlığına çevrilib.

Rəsmi şəkildə senzura olan dövrdə jurnalistlər daha azad yazırdılar. Amma indi rəsmi senzura olmasa da jurnalist bilir ki, nəyi yaza bilər, nəyi yox.  Yəni artıq senzura onun beynində formalaşıb.

-Bu qorxudur, yoxsa ehtiyat?

Əvvəl qorxu ilə başlayır. Sonra vərdiş halını alır. Yəni öyrəşirsən, yaşam tərzinə çevrilir. Qorxu qədər insanı pis mənada dəyişən hiss yoxdur. Onun adamı bir anda qəhrəmana çevirən halı da var, ondan danışmıram. Qorxu sağqalma instinkti formalaşdırır adamda. Təbiətin xassəsidir – uyğunlaşa bilməyən çıx-daş olur.

Total qorxu cəmiyyətdə total yaltaqlıq yaradır və bu uzun çəkirsə, tədricən adi həyat normasına çevrilir. Rüşvət “hörmət” olduğu kimi, pişiklənmək də “ehtiram” əlaməti sayılır.  

İnsanın ən ağır anı vicdanı ilə imtahana çəkildiyi andır. Bu imtahandan “kəsilənlər” səhnədən çəkildilər.

Bu baxımdan Azərbaycanda “uyğunlaşa bilməyən yazı-pozu adamı”nın obrazı daha faciəvi görünür.

– Bəs ədəbiyyatda necə, bizim məmləkətdə yazıçı olmaq çətindir?

– Sən bir əsər yazırsan, sonra onu öz pulunla nəşr etdirirsən, reklamı, satışı ilə də özün məşğul olursan. Bu, normal haldırmı? Belə yerdə yazıçı olmağın özü bir qəhrəmanlıqdır. Bəlkə də dəlilikdir.

Məsələn, İsveçdə bunu başa düşməzlər. Mən İsveç Yazıçılar Birliyinin üzvü olanda tədbirlərə çox gedirdim. Orda yazıçıların başqa bir peşəsi də var: yazıçı-kulinar, yazıçı-jurnalist, yazıçı-arxitertor və s. Bunun üstünlüyü ondadır ki, gəliri yazıçılıqdan yox, başqa işdən əldə edirsən. Söhbət kitabları milyonlarla tiraj çap olunanlardan getmir.  Yəni yaradıcılıqları ilə “al-ver” etmirlər. Amma biz yaradıcılıqla “al-ver” edirik. Sovetdən qalmadır bu. Yazıçı əsərini oxucuya satmaqdan daha çox onu dövlətə satmaq haqda düşünür. Bu, kədərli hal indi də davam edir.

Biz jurnalistikaya gələndə böyük ümidlərlə gəlmişdik. Ağlımıza belə gəlməzdi ki, hər şey belə adiləşəcək. Mən jurnalistikanı dünyanın ən gözəl peşəsi hesab edirəm.  Dünyanın başqa ölkələrində yenə də belədir, ancaq bizdə daha belə deyil.
İsveçdə yazıçı və ya jurnalist böyük hörmət sahibidir. Mənim İsveç dilində kitabım nəşr olundu. Ondan sonra getdiyim yerlərdə özümə qarşı daha çox diqqət və xüsusi bir hörmət görürəm.

Bakıda Avropadan gəldiyimi bilən taksi sürücü əvvəl mənə xüsusi hörmətlə, “müəllim” deyərək müraciət etdi, yazı-pozu adamı olduğumu biləndə maraqsızlaşdım onun üçün, zəng edib telefonda kimləsə gap eləməyə başladı.

-Yəni yaradıcı sənətə maraq ölub…

-Bizdə ehtiramın ünvanı varlı adamlardır. Fərqi yoxdur o pulu nə yolla qazanırsan. Əsas odur ki, varlısan və ona görə hörmətlisən.

Pandemiyanın dilimizə saldığı bir söz var – “sosial məsafə”. Yaradıcı adamın problemi cəmiyyətin onunla sosial məsafə saxlamasından başlayır. Bu, təkcə jurnalistikada, ədəbiyyatda belə deyil, kino, teatr, musiqi, başqa mədəniyyət sahələri də eyni vəziyyətdir. Yaradıcı adamlar cəmiyyətin aparıcı gücünə çevrilə bilməyəndə kütlənin axarına qarışır, kütlədə əriyirlər. 

Fikirlərim bir qədər pessimist alındı, üzrlü sayın.

Əntiqə Kərimzadə

“Ədalət” qəzeti

17 noyabr 2022



Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma