Facebook səhifəmdə başqa heç yanda dərc olunmayan xeyli uşaqlıq, gənclik xatirələrim var. Bu xatirələri neçə ildir yazdığım statuslarla, fotolarla bölüşmüşəm. Xatirə yazıları sosial şəbəkədə ən çox diqqət çəkən paylaşımlarındandır. İtib batmasın deyə onları bir yerə yığdım, yüngül əl gəzdirdim, ayrıca fayllarda saxladım. Bu gün bir hissəsini bloqumda dərc etməyə qərar verdim. “Facebookda qalan yaddaş ləpirlərim” adlı xatirələr toplusunun III hissəsinə 2020-ci ildə yazdıqlarım daxildir.
Facebookda qalan yaddaş ləpirlərim. III hissə
2020

O gün 1 ayın nəhayətində şəhərimizə gün doğmuşdu. Mən də pəncərə qabağında onu seyr edir, boyuna sevinirdim. Yan otaqda sovet dövrünün uşaq mahnılarına gur səs vermişdilər…
1973, ya 74-cü ilin bu günləri olardı. Yeni ilə hazırlaşırdıq. Ağdamda Lenin bağının bəri üzündəki, süd satan Lətafət xalanın dükanının tinindəki bağçamızda Mina müəllimə məni də xora yazmışdı. O vaxt qızlarımın indi yan otaqda dinlədiyi bu mahnını oxuyurduq.
”Qoy gətirim ləyəni,
Su tök, yuyundur məni.
Ay ana, böyüyəndə
Günəş olaram mən də”.
Mahnının nəqarət hissəsini bir qız səsləndirirdi. Amma nədənsə mən xorla yanaşı solo hissəni də oxuyurdum. Məndən asılı deyildi, nəqarət yeri gələndə çaşıb başlayırdım. Axırda Mina müəllimə acıqlanıb məni xordan çıxardı. Bir müddət kənarda qaldım, sonra, ya ağzımı büzübmüşəm, ya ürəyi dözmədi, nədisə, geri qaytardı. Barmaqlarını gözünə aparıb – ”Oxuyanda gözümün içinə bax!”, dedi.
Növbəti məşqdə gözümü Mina müəllimədən ayırmadım. Mahnının nəqarət yerində müəllimənin gözləri hədəqədən çıxacaqmış kimi mənə elə zilləndi ki, az qala nitqim quruya. Beləcə, nəqarəti oxumağı tərgitdim.
Ömrün xoş çağları idi. Mina müəllimə nəqarəti oxumağı mənə tərgitsə də ”Günəş olaram mən də” istəyimi əlimdən almadı…
Qəti dəyişməmişəm, hələ də günəş olmağa ümidim var: ”Ay ana, böyüyəndə, Günəş olaram mən də”.
Uşaqlarınıza dinlədin, nəvələriniz varsa, nəvələrinizə dinlədin bu màhnını, oxudun. “Günəş olmaq” istəyi yaransın içlərində. Ən əsası – onlara qoşulub siz də oxuyun.
Həyat gözəldir. Həyat Günəşlə daha gözəldi. 27.12.20
***
Bu gün Güney Azərbaycanda qurulan Milli Hökumətin – Azərbaycan Demokrat Firqəsinin 75-ci il dönümüdür. 12 dekabr (21 Azər) Azərbaycan tarixinin 28 may, bir də 15 sentyabr qədər əlamətdar günüdür. Bu münasibətlə xalqımızı təbrik edirəm.
1947-ci ildə çəkilmiş ”Arazın o tayında” filmi Milli hökumətimiz haqda dolğun informasiyalarla zəngindir. Şərhdə bölüşürəm. Karantin günündə baxmağa bundan gözəl filmmi olar! Görün 200 ildə ilk birləşmə şansımız nə qədər real imiş.
Qalib gələn milli hərəkatlar nə qədər sevinc yaşadırsa, məğlubiyyətin üzü də o qədər kədərlidir. Stalin xaincəsinə qoşunları İrandan çəkərək Milli hökuməti şah rejimi ilə üzü-üzə qoydu. Nəticədə şah milli hərəkatı qanda boğdu. Canını götürüb bizə pənah gətirən fədailərə isə kommunistlər divan tutdu.
İldönümü günündə bu mövzuda atamdan eşitdiyim bir xatirəni bölüşmək istəyirəm sizinlə.
Demək, Ağdamda milis idarəsi ilə hasar qonşusu idik. Atam uşaq vaxtı çəpərdən baxıb gördüklərini belə danışırdı: ”Müharibədən (1941-1945) əvvəl o həyətdən tez-tez bağırtı səsi gəlirdi. O vaxtlar “artıq-əksik danışan”ları tutub Sibirə göndərirdilər, amma əvvəlcə burda “dopros” edirdilər. Müharibədən sonra isə bu həyətə adamları dəstə ilə gətirməyə başladılar. Onlara demokrat deyirdilər. İrandan canlarını götürüb qaçıbmışlar. Milislərin bağırtı və söyüşündən, şallaq səsindən, döyülənlərin fəryadından qulaq tutulurdu. Diz üstə aman diləyən bir kişi deyirdi ki, biz də azərbaycanlıyıq, dilimiz də, dinimiz də birdi, bizi niyə döyürsünüz. Qoluzorlu milislər isə bu yalvarışları eşitmirdilər. Bütün bunlara çəpər dibinə qısılıb qorxa-qorxa baxardıq. Ən qorxduğumuz adam isə milislər yox, kənardan papiros çəkə-çəkə bu mənzərəyə tamaşa edən qara kurtkalı, qara kepkalı adam idi”.
Cəmi bir il yaşasa da ruhu 75 ildir güneyli soydaşlarımızda azadlıq eşqini diri saxlayır. Bir bayatıya o cür reaksiya Güneydə milli ruhun hansı səviyyədə oyaq olmasını rəsmən sübut etdi! Adama elə gəlir ki, İran ABŞ-dan, İsraildən çox bizim müstəqil dövlətimizin mövcudluğundan qorxur. Bu cür fikirləri bizim rəsmilərimiz dilə gətirmirlər, düz də edirlər. Amma biz yazı-pozu adamları bu mövzuda danışmalı, yazmalıyıq.
Qarabağda hərbi qalibiyyət yürüşümüz Güneydə milli oyanışa çox böyük təkan verib, biləsiniz. Üfiqdə gələcək tarixi hadisələrin işartıları görünür. 25 il qabaq Elçibəyin söz açdığı işartıları deyirəm.
Üfiq işartıları isə Günəşin doğuş müjdəçisidir. 12.12.20
***
1919-cu ildə Cümhuriyyətin 1 illiyi münasibətiylə Bakıdakı paradda addımlayanda da, 1920-ci ilin Novruz günlərində baş qaldıran erməni qiyamlarını yatırıb Xankəndidə qələbə paradı düzənləyəndə də türk əsgəri yanımızda olub.
Bu günkü Zəfər paradında da bizimlədir.
Arzu gerçəyin yarısıdı, o biri yarısı da inamdı. Arzum Qələbə paradını Xankəndidə görməkdi. İnanıram, bu arzu da gerçək olacaq!
Bu qəşəng gündə nə vaxtsa hərbi paraddan keçmiş bir əsgər kimi yaşadığım qəribə hissi sizinlə bölüşmək istəyirəm.
Demək, dabanına dəmir nal vurduğun əsgər çəkməsi, sapoq deyərdik, ayağının bütün gücüylə yerə çırpıldıqca bədənin titrəyir, ürəyin riqqətə gəlir, ruhun coşur. Minlərlə əsgərin harmonik addımında elə bilirsən, Yeri titrədirsən. Bunları 1986-cı ilin 7 noyabr günü Oktyabr inqlabının ildönümü münasibətiylə Kuybışev şəhər meydanında hərbi paraddan keçəndə yaşamışam. 1 ay hazırlaşmışdıq o parada.
Ordumuzun ayaq səsi, türk əsgərinin Mehtər marşı olan yerdə bizi şimal ayısının nə pomidor sanksiyası qorxudar, nə də Qarabağa erməni daşımaları.
Zəfər paradısa bir başqa paraddır. Bu, vətəni azad edənlərin paradıdır.
Tanrı ordumuzu qorusun! 10.12.20
***
10 ilin söhbətidi, Azərbaycanın xarici ölkələrdəki bütün səfirliklərinə məktub yazıb “Ağdam – Qafqaz Xirosiması və Ruhlar Şəhəri” adlı foto-sərgi keçirməyə kömək etmələrini xahiş etmişdim. Məktubda yazmışdım ki, sərgidə Ağdamın işğaldan əvvəl və sonrakı halını əks etdirən 80 foto, Azərbaycan, ingilis, rus dillərində nəşr olunan sərgi kataloqu, 4 dildə 8 dəqiqəlik “Qafqaz Xirosiması” filmi nümayiş olunur. Giley olmasın, Almaniya, Macarıstan, bir də Kanadadakı səfirliklərimizdən başqa heç birindən hay gəlmədi. XİN-nin rəsmilərini inandıra bilmədim ki, ay tövbə, ağız dolusu danışdığınız “Qarabağ həqiqətlərini dünyaya çatdırmağın” ən uğurlu yollarından biri də bu cür sərgiləri Paris, London, Moskva, Nyu-York, Vaşinqton – səfirliyimiz olan bütün dünya paytaxtlarında sərgiləməkdir.
O vaxt Qarabağ mövzusu belə dəb deyildi, bəlkə indi edələr?! İndi “ruhlar şəhəri”, “Qafqaz Xiroiması” epitetlərini tək Ağdama yox, dağıdılmış Füzuliyə, Cəbrayıla, Yer üzündən silinmiş yüzlərlə kəndimizə də aid etmək olar. Sərgi materialları durur, buyursunlar, götürüb özləri təşkil eləsinlər.
İnformasiya müharibəsi ki bitməyib. Əksinə, bundan sonra daha da qızışacaq! 06.12.20
***
“Bax, bu körpünü görürsən, rəhmətlik Salatını burda öldürüblər. Odey, o da Qaladərəsi. Ermənilərin sursat anbarı bu dərədəydi. O tərəfdə isə Kirov kəndidi. Orada əvvəllər ermənilər yaşayırdı. İndi bu kənddə azərbaycanlılar məskunlaşıb. Yoxsa Şuşa camaatının gediş-gəlişi müşkülə dönmüşdü. Bax, bu yerdə Laçın xalq cəbhəsinin üzvü Rza Sadıqov öldürülüb. Allah rəhmət eləsin, cəngavər oğlanıydı” deyə sürücü nəhəng bir qayanı göstərdi.
Zarıslını, bir vaxtlar alaçıq qurub yayladığımız Turşsuyu keçib üzü Laçına gedirdik. Şən, xoşbəxt uşaqlıq çağlarımın keçdiyi bu yerlər indi mənə qorxunc görünürdü.
Laçında maşından düşüb dostumuz İlhamın köməyilə başqa maşın tapıb küllü Qarabağın başına dolanan yola çıxdıq. Ağdama gecədən xeyli keçmiş çatdıq.
1991-ci ilin dekabrında Laçına son səfərim oldu. Çox ümidliyəm o füsunkar yolu bir də keçməyə. Belə görünür, Rusiyanın “sülhməram” işğalçıları hələ bir müddət də buna imkan verməyəcəklər. Amma bu da uzun çəkməz – əsas odur, sabah Laçına girsin ordumuz!
Gözaydınlığı verməyə o qədər dost var ki… 30.11.20
***
Yay ayları axşama doğru evimizin damında uzanıb göydə buludlara, uzaqda Xıdırlı dağlarına, yaxında qonşu həyətlərinə, aşağıda küçəmizin gəlib-gedəninə tamaşa eləməkdən xoşum gəlirdi. Taxtapuşun ilıq dəmiri bəzən mürgü gətirərdi, əməlli-başlı yuxuya da gedərdim. Gözümü açanda özümü göyün yeddinci qatın bilirdim, ənginlikdə gözə dayaq nöqtə gəzirdim. Sonra üzüqoylu çevrilib qonşuların həyətinə baxırdım.
Qonşu həyətindən bir epizod danışım sizə.
“Bir yay çəpər qonşumuza Bakıdan qonaqları gəlmişdi. Oğlan uşaqlarıları mənlə yaşıd olsalar da bacıları bir xeyli böyük idi. Ala gözləri, sarıyaçalan saçı hələ də gözümün qabağındadı. Gilənar ağacının kölgəsində ağappaq süfrə salınmış samovarlı masaya dirsəklənib bütün günü kitab oxuyurdu. Qardaşlarıyla oynasam da diqqətim həmişə onda olurdu. Onu o vaxt ekranlara təzəcə çıxan “Buratinonun məcaraları” filmindəki Malvinaya oxşadırdım. Asta hərəkətindən, hərdən qardaşlarına baxıb yüngülcə gülümsəməsindən, arada kitabı qatlayıb, nəzərlərini göydə hansısa məchul nöqtəyə zilləməsindən xoşum gəlirdi. Yarpaqlar o qədər sıx idi ki, aralarından səma güclə görünürdü. Bu bir əlçə göyüzündə nə axtarırdı görən?!
Şəhər uşaqları ilə oynamağın bir başqa ləzzəti vardı, onların danışığı, gülüşü, hərəkətləri də mənə qəribə gəlirdi. Hələ özləriylə gətirdikləri oyuncaqları demirəm. Bəzən özümü unudub maddım-maddım elə baxırdım onlara, elə bil, başqa planetdən gəliblər. Oyuncaqlarıyla isə illərlə oynasam doymazdım. Bu, mənim təbii insan duyğularından olan həsəd hissiylə ilk tanışlığımıydı. Amma nəfsimi boğurdum, oyuncaqlara yaxın durmurdum. Özümü gözütox göstərmək ağlıma gəlmirdi, bu, sadəcə onların bacısına böyük oğlan görünmək istəyindən gəlirdi. O isə məni “görmürdü”.
Yeniyetmə qızlar özlərindən xeyli kiçik oğlanların onlara bəslədiyi hissi duymurlar, amma özlərindən böyük oğlanların sevgisini səbirsizliklə gözləyirlər. Həmin yay o qızın yaşadığı sevdalı ovqatın səbəbini uzun illər sonra bir kitabı – onun o vaxt əlindən düşməyən kitabı oxuyanda anladım. O günlər onunla kəlmə kəsməyə min bir bəhanə gəzirdim: bir dəfə oxuduğu kitabın adını soruşmaq bəhanəsiylə yaxınlaşdım. “Stefan Sveyq”in novellalarıdır”, dedi…” (“Sonalar gölü”nün sahili”dən)
Damda uzanmaqdan usananda dikəlib otururdum. Belədə küçəmiz daha aydın görünürdü. Qoy, küçəmizdən də danışım. Elə bilin bu səhər olub.
Əli İbrahimov adlanan küçəmizə Şuşa dayanacağına çatmadan, “Köhnə hamam”ın tinindən sağa burulub girirəm. Hamamın açıq pəncərəsindən bayıra axan hamam qoxusu burnuma dəyir. “Uçilişa”nın qızları ilə yenə üz-üzə gəlirik, saçımı qarışdırır, üzümə gülürlər. Uşaqlar milis küçəsində futbola bir azdan başlayacaqlar. Şahin atası alan təzə oyuncaqlarını küçəyə çıxarıb.
Sima xala oğlanlarının əlindən tutub şəhərə gəzməyə aparır. Yolun o üzündə Qaçay əmi evinin ağzında siqaret çəkir. Açıq qapısından görünən həyətində Ələkbər kişi arvadı Marusya xalaya qızıl gül dərir. Məhləmizə təzə köçən Ramiz həkimin balaca şıltaq qızı
Elnarə qaça-qaça açıq yaşıl rəngli darvazalarından içə girir. Rza yenə pəncərəni açıb gitarasının səsini aləmə yayır. Çəpər qonşumuz Elza müəllimənin qızı Ellada ilə təzə evlənən göz həkimi Cəfər yaşıl “Jiquli”sindən düşüb üzündəki xoş təbəssüblə mənə salam verir.
Mənsə göy üzünün qapısından keçirəmmiş kimi səma rəngli darvazamızı açıb həyətimizə girirəm… 28.11.20
***
Erməni işğalında qalan evimizin iki əşyası mənim üçün xüsusilə əziz idi. Biri nənəmdən qalma zindan tək ağır şifoner, biri də qara rəngli ”Rostov Don” pianosu. Hər birinin bir ömrə yetəsi qədər xatirəsi var. Şifoner təkcə elə şifoner deyildi, sanki ailəmizin arxiviydi. 100 illik arxiv. ”Çöl Qala”da onun təsvirini vermişəm. Pianomuzsa…
Piano isə mənim könül dostum idi. Onun ”Ruhlar şəhəri”ndə təsvir etdiyim xatirəsini bölüşmək istəyirəm sizinlə:
“Deyirlər, musiqini gecə dinləmək yaxşıdı. Elə konsertlər də bir qayda olaraq axşamlar olur. Amma mən böyük həvəslə bu qaydanı pozardım. Səhərlər musiqi səsinə oyanmaq qədər gözəl nəsə varmı? Mənim o sabahlarımın yerində, görəsən, indi hansı səhərlər açılır?
…Piano dillərindən qopan Bethovenin ürək əsdirən “aylı” sonatası https://www.youtube.com/watch?v=sbTVZMJ9Z2I yatanlar oyanmasın deyə barmaq ucunda çölə axır, baharın ilıq sübh nəfəsini elə bu gecə çiçəkləyən armud ləçəklərinin qoxusu ilə birlikdə içinə çəkib yuxarı mərtəbəyə qalxır, açıq pəncərədən ruh kimi yatmış bədənə girir… İlahi, o anları mənmi yaşamışam? O səhərləri mənmi açmışam?
Musiqini səhər çalarlar! Hava hələ çirklənməmiş, sular dupduruykən, hələ adamlar ayılıb bir-birinə yalan söyləməmiş, …ər sevdiyi arvadıyla, körpə anasıyla, bəndə Allahıyla olanda çalarlar”.
Deyirlər, 3 gün sonra Ağdamın azad olunması xəbəri bir tvittlə gələcək. Nəyisə həyəcanla gözləyəndə anam deyərdi ki, ürəyim yarpaq kimi əsir. Sən demə, nə vaxtsa mənim də ürəyim əsə vurarmış.
Bilirəm, uşaqlığımın Ağdamı çoxdan yoxdur, evimiz də həmçinin. Amma nədənsə mənə elə gəlir ki, pianomuz ordadır. Bacım Hüsniyyə ilahi əfsunmuş kimi bir barmaq təmasıyla, o “aylı sonata”nın bircə notuyla toxunsa evimizi də, şəhərimizi də qaytarar. Anamı da, atamı da.
…Gün gələcək pianomuzun tozunu alacaq, kökləyəcək, həyətimizdə sizi gözəl bir konsertə dəvət edəcəm. Az qalıb! 17.11.20
***
Oğul arzulayan bibim uzun illərdən sonra arzusuna çatmışdı. Bu münasibətlə atam Bakıdan qonaq çağırıb bacısına Şuşada ev tutmuşdu ki, istirahət eləsin. 1976-cı ilin yayı idi. Mən də bibimgillə qalırdım. Şuşaya yolu düşən qohum-əqrəba mütləq bizə dönürdü deyə evimizdə şənlik olurdu. Sonra mütləq Cıdır düzünə çıxırdıq. Bu foto da o Cıdır seyrlərindən birində çəkilib. Rənginin qaralığına baxmayın, 44 illik zaman müharibəsindən üzüağ, alnıaçıq çıxıb. Odu, o qıraqda nənəsinin yanındakı uşaq mənəm.
Bibim oğlunun üstündə yarpaq kimi əsirdi. Qızlarını da, məni də ondan qıraq tuturdu. Mənimsə biboğlunun kolyaskasını sürməkdən ötrü ürəyim gedirdi. Girəvələyən kimi sürürdüm aşağı-yuxarı. Bir gün bibim oğlunu kolyaskada qoyub evə çıxmışdı. Göz-göz eləyib kolyaskanı qaçırdım, sürüb yola çıxdım. Darvazanı təzəcə keçmişdim ki, bibimin səsi həyəti başına götürdü. “Rezki povorod” elədim geri dönəm, kolyaska aşdı. Körpə Ramin yumalanıb kolyaskadan yerə düşdü. Şuşanı yalan deyərəm, amma bibimin fəryadı qonşu məhləyəcən çatdı. Qorxumdan qaçıb evin zirzəmisinə girdim. İncəvara, bir şey olmadı uşağa. Bibim oğlunu bağrına basıb pilləkənlə evə qalxdı, nədənsə məni yox, yaşda məndən böyük qızlarını yamanlaya-yamanlaya.
Gün boyu pərtliyim keçmədi. Könlümü uşaqlıq dostum bibizıqı Esmiralda aldı.
Səhəri gün biz də böyüklərə qoşulub şəkildəki Şuşa bazarına getdik, bibim bizə xoruz şəkilli şirniquş aldı. Mən şirniquşu sümürmək istəmirdim. Qızlar analarına nə dedilərsə, əliylə saçımı qarışdırdı, yəni şirqişunu ye. O bazarlıq edir, bizsə bazarın ikinci mərtəbəsində oynaşırdıq.
O gün bibim oğlunu buraxıb mənim nəvazişimi çəkdi.
20 il keçdi, bir başqa uşağın kolyaskasını sürürdüm – bu dəfə öz baçım oğlunun kolyaskasını. Ta əvvəlki kimi yox, ustuf-ustuf.
Sonra o körpə böyüyüb Orxan Mikayıllı adlı igid oldu. Nənə-babasının, bizim yurd həsrətimizlə böyüdü Orxan…
O gün dayısına mesaj göndərdi ki, ”babagildəyik”, yəni Şuşanı azad etdik! Orxan Şuşanı qanı bahasına azad elədi öz əsgər dostlarıyla.
Ən böyük arzum Qarabağı, Ağdamı, Şuşanı azad görmək idi. Buna inanmışam həmişə, amma ağlıma gəlməzdi ki, bir vaxt kolyaskada gəzdirdiyim körpə Şuşanı azad edənlər arasında olacaq və xilas xəbərini mənə Şuşadan göndərəcək.
Arzudan arzu doğur. İndi bir arzum qalıb: bu köhnə şəklin birini də mən çəkdirim Cıdır düzündə, nənəmin yerində oturum, ailəmlə, doğma qohumlarımla birgə şəkil çəkdirim. Ondan sonra doğulacaq arzulara isə baxarıq…
Arzularımız çin, Qarabağımız mübarək olsun! 13.11.2020
***
Rus “sülhməramlıları”na ilk publik etirazı bilirsiniz kim etmişdi? Qədir Rüstəmov!
Bir gün balıq ovundan dönən Qədiri rus əsgərləri saxlayır. Sənəd, baqaj yoxlaması filan. Baqajdan qarmaqla yanaşı, ov tüfəngi də çıxır. Tutub aparırlar. Milis rəisdən tutmuş, başqa rəsmilər qarışır işə: “on izvestniy pevets” filan. Qədiri buraxırlar. Milis idarəsinin qabağında – bizim məhlədə – sanki indi duyuq düşürmüş kimi bir söz deyir: “Boy, rusa bax ey qudurub, tüfəngimi almaq istəyirdi”.
Qarabağda Moskvaya tabe Volski idarəsi çox istəyinə nail oldu, tək Qədir Rüstəmovun tüfəngini ala bilmədi.
İndi 30 il sonrayamı qayıdırıq?
Mən Hikmət Sabiroğlu ilə Ağdamdan Şuşaya gedəndə Əsgərəndə, məsələn, Vladimir Solovyov adlı urusa pasportmu göstərməliyəm?
Allah sənə rəhmət eləsin, Qədir Rüstəmov… 10.11.20
***
Bayraq vətənlə vətəndaşın məcmusudur. Onun sehri elə bundadır!
İssık-Kula Dünya Türk Gənclərinin qurultayına gedirdik. 1995-ci ilin yayı idi. Aeroportda yadımıza düşdü ki, bayraq götürməmişik. Dilxorçuluq yarandı. Bir il əvvəlki Baxçasaray qurultay/festivalından bilirdik ki, belə tədbirə bayraqsız getmək ayıb olar. Uçuşa sayılı dəqiqələr qalıb, minik başlahabaşladır. Yüyürüb aeroport binasından çölə çıxdım. Dörd bir tərəf Azərbaycan, Ukrayna bayraqları ilə ilə bəzədilmişdi. Bizim rəsmilər prezident Kuçmanı yola salıb qayıdırdılar. Bir dəstə hökumət nümayəndəsinin içində gözüm baş prokuror Eldar Həsənovu aldı. “Azərbaycan” qəzetində işləyəndə müsahibə almışdım. Məni tanıyar deyə onun üstünə qaçdım. Belə bir tədbirə gedirik, bayrağı unutmuşuq, təyyarəyə minik başlayıb, olarmı o dirəklərdəki bayrağın birini götürüm. Dayan görüm, deyib üzünü bir polis işçisinə tutdu: “Qalx o bayrağın birini düşür, bunlar vacib tədbirə gedir. Bayraqsız olmaz!”
Hər səhər İssık-Kul sahilindəki düşərgəmizdə dalğalanan bayrağımızı görəndə fərəhlənirdim, elə bilirdim nəsə böyük bir iş görmüşəm. Bayrağın gücü həm də adamı vətəndaşa çevirməyindədir. Bayraq vətənlə vətəndaşın məcmusudur. Onun sehri elə bundadır.
Qurucu babaların bir kərə yüksəltdiyi bayrağı xilaskar balalar ən yüksək zirvədə – Şuşada bir daha enməyə qoymadı.
Bayrağımız mübarək!
P.S. İndi baxdım, sən demə mənim bayraqla babat şəklim yoxmuş. Çəkdirəcəm, açığa lap Şuşada çəkdirəcəm. 09.11.20
***
Şuşanın bu şəklini hamınız görmüsünüz. Amma bilirəm, böyük əksəriyyətiniz qala divarının o üzündə olmamısınız, Gəncə qapısından üzü bəri açılan füsunkar mənzərəni görməmisiniz. Ürəyimizin Şuşayla bir vurduğu bu sabah sizə qala divarının o üzündən söz açmaq istədim.
1983-cü ilin yayı idi. Dostları atamın sağalıb xəstəxanadan çıxması münasibətilə o ala qapıdan içəridəki restoranda məclis qurmuşdular. Masanın mən oturan küncündən baxanda Gəncə qapısından üzüaşağı Qarabağın yamyaşıl dərələri, təpələri, bir də sonsuz üfüq görünürdü.
Hafiz əminin yanında oturmuşdum.
Ağdamın zil və yanıqlı səsiylə seçilən xanəndələrindən idi. Şuşalı məşhur müctəhid Məhəmməd ağa Mürşidzadənin oğludu. Həm qohumluğu, həm də atamla dostluğuna görə onu tez-tez görürdüm, xüsusi bir bağlılığım vardı. Qohum toyları onsuz keçməzdi. Bu toylarda məni görəndə o vaxtkı sevimli mahnımı mütləq oxuyurdı, “Dalğalar”ı.
O gün atamgilin məclisi uzun çəkdi. Böyüklərin söhbəti uşaqlara maraqlı gəlməz deyirlər, məndə elə deyildi, özümü kişilər sırasında görmək, söhbətlərini dənliyimə yığmaq, yaşadıqlarını duymaq istəyirdim.
…Gün əyilirdi, Gəncə qapısından o üzdə təsvirəgəlməz mənzərə açılmışdı. Ayrı vaxt yüz dil töksən oxumayan Hafiz əmi özü başladı. Deməsələr bilməzdim, oxuduğunun “Zəminxarə” olduğunu.
Yaddaşımın ən məhrəm hücrələrindən birinin ağzını açıram sizə – ilahi səslə ilahi mənzərənin təmas nöqtəsini göstərmək istəyirəm.
Oxudu, bitirdi. Bizim məclis sükut içindəykən başqa masalardan alqış səsləri qala divarlarında əsk-səda verdi.
…Sonralar Ağdamın, Şuşanın minarələrindən azanı onun səsiylə verirdilər. Mən azanı Kazanda, Sarayevoyada, İstanbulda, Maldivdə, Səmərqənddə, bizim Sovetskidə, canım sizə desin, Krım Baxçasarayında, Misir Hurqadasında, nə bilim neçə yerdı eşitmişəm. Hafiz əminin azanı hamısından fərqliydi, insanı ilahi sükunətə salacaq qədər möhtəşəm idi. Dinləyən kafir balası da islama gələrdi.
Köhnə sovet lentinə yazılmış o səs yazısını arxivdən tapmağım, bir müsibətlə üzköçürən tapıb surətini çıxardaraq uşaq sevinciylə Şeyxə aparmağım, “ərəbcəsi yaxşı deyil” sayaq bəhanələrlə məscidlərdə oxunmasına rədd cavabı almağım “Şeyximizin bəyənmədiyi azan sədası dünyanı dolaşır” yazısında əks olunub, uzatmıram. O yazını da, Türkiyə məscidlərində səslənəndən sonra bizimkilərin də “bəyəndiyi”, indi adına “Qarabağ azanı” deyilən Hafiz əminin azanını da şərhdə verirəm. Dinləyin və çalışın özünüzü 1983-cü ilin həmin yay axşamındakı Qala divarları arasında hiss edin, ala qapıdan Qarabağı seyr edin.
Görün, siz də görə bilirsinizmi mənim gördüklərimi?!
Az qalıb, o azanın Şuşa məscidində 28 il sonra bir də oxunması gün söhbətidir.
Qalanın o üzündə görüşmək arzusuyla! 08.11.20
***
Mikael Danielyan adlı hüquq müdafiəçisi vardı. Erməni olanda nolar, insan adam idi. Beynəlxalq tədbirlərdə tez-tez rastlaşardıq. Hər dəfə məni görəndə Qarabağı işğal etdiklərinə görə, Ağdamı xarabazara çevirdiklərinə görə üzrxahlıq edirdi. Tək mənə yox, Yerevanda mətbuat konfransında da demişdi ki, biz Qarabağı işğal etmişik, qaytarmalıyıq.
Bir dəfə Tiflisdə konfransdayıq. Ermənistandan xeyli gənc erməni fəal da gəlib. Axşam Mikael məni hotelin barına qonaq çağırdı. Gənc ermənilər də burada idilər. Mikaellə birləşib beyni yuyulmuş ermənilərə həqiqət bildiklərimizdən danışdıq. Söhbət qızışdı. Gördüm yox, bunlara heç bir sözün xeyri yoxdu, üzə dirəniblər, valı çevirdim o biri üzünə: dedim, indiki erməni milləti Hindistandan köç etmiş hayların ətrafında birləşmiş konqlemerat – fərqli tayfalardan formalaşıb. Bunu ermənilərin antropoloji baş quruluşu, üz cizgilərindən bilmək olur. Misal kimi iki məşhur erməni aktyorunun adını çəkdim. Armen Cigərxanyanın, bir də Frunzik Mkrtıçyanın. Dedim, baxın, Cigərxanyan həm antropoloji cizgilərindən, həm də soyadından türkə oxşayır, özü də qıpçaq türkünə. Frunzik isə düzgün haydır! Sözümlə razılaşmadılar, inciyən də oldu, amma hiss elədim ki, bir neçəsi ta əvvəlki kimi inadkarlıq eləmədi.
Gecə nə fikirləşdisə, səhər Mikael mənə belə dedi: “Deyəsən axşam dediyin ağla batandı axı”.
Yaxşı oğlan idi, Mikael, elə bu cür ədalətli mövqeyinə görə iki gündən bir Yerevan küçələrində döyürdülər onu, neçə dəfə həbsə də atmışdılar. Axırda, ürəyi partladı, öldü yazıq.
Mikael kimilər tək-təkdir. Cəmiyyət belələrini dışlayır deyə qınlarına çəkilir. Unutmayaq ki, beyni yuyulmuş bütöv bir millətlə qonşuyuq. Ordumuz işini bitirsin, sərhədlər bağlansın, bizim davamız hələ uzun çəkəcək bunlarla, xüsusilə də elm, yazı-pozu adamları gərək ciddi hazırlaşa. 06.11.20
***
Ağlım kəsəndən ildə bir dəfə Ağdam-Xocavənd yoluyla Qubadlıya qonaq gedərdik. O yolun Mərzili, Qarakənd yolayrıcılarından sonra lüt təpələr gəlir. Təpələrin arasıyla qıvrıla-qıvrıla uzanan yoldan xeyli aralı bir təpənin başında bir cüt ağac vardı. Ümid edirəm, durur o ağaclar. İlk dəfə o yolu keçəndə atam həmin ağacları göstərib “erməni-müsəlman davasından” bir hadisəni danışmışdı bizə. O qoşa ağac təpəyə sancılan kimi atamın dedikləri də beynimə eləcə həkk olub qalıb.
Demək, iki qardaş otardıqları sürünü dərə-təpəyə buraxıb hərəsi bir ağacın altında sərinləyirmişlər. Sən demə ermənilər onları pusurmuşlar. Xəlvətcə gəlib onları öldürüb, sürünü aparıbmışlar.
Sonrakı səfərlərdə hər dəfə ordan keçəndə o hadisə yadıma düşürdü, elə bilirdim ki, o qardaşlar hələ də o ağacların altındadılar. Xəyal qururdum: o vaxtın sovet filmlərində gördüyüm “Çapayevin pulemyotu”nu təpənin başında qurub erməniləri zəmi kimi biçirdim. Sonra da xilas etdiyim o çoban qardaşlarla gedirdik Ağdama.
Axırıncı kərə o yolu 1988-ci ilin yayında keçmişəm. Əsgərlikdən təzəcə dönmüşdüm. Bu dəfə Bakıdan gələn əmimgillə birlikdə gedirdik Qubadlıya. Maşınlarımız Martunidən keçəndə ermənilərin bizə necə nifrətlə baxdıqları hələ də gözümün önündən getmir. Qadınlı-kişili, uşaqlı-böyüklü. Söyən kim, bizə baxıb yerə tüpürən kim. O vaxtacan təsəvvürümdəki qılıqlı erməni obrazının yerini Martuninin bu qorxunc-iyrənc simaları tutdu.
Geriyə başqa yolla – Beyləqan, Ağcabədi yoluyla qayıtdıq.
Haqq nazilər, üzülməz! Amma bizim haqq az qala lap süzülmüşdü. Ordumuz qoymadı! İndi ordumuz o şəhəri o qorxunc simalardan təmizləyir. Bolşevik Aleksandr Myasnikyanın inqilabi ləqəbi verilən Martuni şəhərini əsl Xocavəndə çevirir. Bilirəm, o qoşa ağacın altında uyuyan qardaşların da ruhu 100 ildən sonra dinclik tapır.
Bir də… ordumuz həm də mənim uşaqlıq xəyalımı gerçəkləşdirir – düşməni “zəmi kimi biçir”.
Tanrı xalqımıza, dövlətimizə, ordumuza yar olsun! 05.11.20
***
Şuşada daşa, qayaya ad yazmaq dəb idi. Uşaq vaxtı mən də yazmaq istəyirdim. Bir dəfə Cıdır düzündə mismarla oyub adımın baş hərfini qayaya güclə həkk eləyə bildim, arxası qaldı, anam çağırdı ki, gedirik, gəl. Sonrakı dəfələrdə isə ərindim gedib yazmağa.
Tariximizi də belə yazmışıq – yarımçıq! Bu dəfə yarım saxlamayacam, sonacan yazacam. Elə həminki uşaq həvəsi, eşqiylə. 30.10.20
***
Ağlım kəsəndən evimizin alt mərtəbəsində kirayişin qızlar qalıb. Ağdam Musiqi Texnikomuna tək Azərbaycanın rayonlarından yox, başqa respublikalardan da oxumağa gələn olurdu. Adətən bizdə 3 qız qalardı, təhsilini bitirənin yerinə anam seçib-sonayıb münasib bildiyi tələbə qız götürərdi. 70-ci illərin sonunda bizə Aybəniz adlı bir qız gəldi. Hündürboy, uzunsaç, bir suyu Da Vinçinin məşhur portretindəki qıza oxşayırdı, deyərdin bəs, Çokondanın Azərbaycansayaq variantıdır. Barmaqları da uzun idi deyə pianoda çaldıqları gözəl alınırdı. O vaxt belə şeyləri bilməzdim, piano ifaçılığında uzun barmaqların kəramətini qızların öz söhbətlərindən qulağım çalmışdı.
Elə ilk gündən hamımızın ona qanı qaynadı, sevimlimiz oldu. Ələlxüsus da atamın. Anası yox idi deyə, ya nə səbəbdən idisə mehrini anama salmışdı. Anam da onu o biri qızlardan nə qədər ayırmamağa çalışsa da olmur, bir köynək yaxın tutduğu bilinirdi. Əlqərəz, belə bir qızı əldən vermək olmaz – atamgil qərara gəldilər ki, onu nəslimizin subay oğlanlarından birinə alsınlar. Atam dayısı oğlu Vidadinin, anamsa qardaşı, dayım Rafaelin üstündə durdu. Söhbəti bir axşam anam açdı Aybənizə. Mən də uşağam, özümü uşaqlığa qoysam da qulağım, gözüm Aybənizdə idi. İhahi, insan da o cür allanarmı? Cavabı anama birbaşa deyə bilmədi.
Səhər açılanda Aybənizi anamla hovuzun qırağında pıçıldaşan gördüm. Anama nəsə deyib, qaçıb otağına girdi. Sonra bildim ki, Aybəniz anama belə deyibmiş: “İnciməyin, sizi çox istəyirəm. Amma yad yerin bəyindənsə, öz yerimin nökəri yaxşıdı. Evimizə qayıdacam”. Bu sözdən sonra atamgil onu daha da sevdilər.
Aybəniz Zəngilandan idi.
Ordumuzun Zəngilanı azad etməsi xəbərini alanda ilk yadıma düşən Aybəniz oldu. Yurduna bağlı “Cokonda”nın məsum üzü gözümün qabağında canlandı. Mənim üçün bax, Zəngilanın bu fotodakı bənzərsiz gözəlliyi kimidir Aybənizin xətri də, xatirəsi də. Əminəm, o, yenə “Evimizə qayıdacam” deyir!
Tanrı Yurdumuzu, ordumuzu qanadları altda saxlasın! 24.10.20
***
Bir dəfə uşaq vaxtı Ağdamdan Bakıya gedirdik. 1973, ya 74-cü il olardı. Şamaxı yoluyla. Çölün düzündə atam maşını saxladı. Düşüb çöllüyə doğru getdi. Boz təpələrdən başqa heç nə görmürdük. Sən demə yoldan bir qədər aralıda yiyəsiz qəbir varmış. Atam o qəbirin yanında bir xeyli durdu. Qayıdanda üzü dəyişmişdi. Soruşanda dedi ki, “türk qəbiridir, ağam da onlarla birlikdə vuruşub ermənilərlə”. Başqa bir söz demədi. Bir qədər böyüyəndən sonra nənəm bizə danışdı, türk ordusunun gəlişini, Həbib babamın onlara qoşulub vuruşmağını, Əsgəran döyüşündə yaralanmasını…
Nənəmin xatirəsini təkrar paylaşaraq, demək istəyirəm ki, 15 sentyabr 28 maydan sonra Azərbaycan tarixinin ən şərəfli günüdür. 15.09.20
***
At belində xilaskar qəhrəman nağıllarda olur. Xilaskarı gözləməkdə yox, xilasa can atmaqdadır nicat. Belarus xalqının mesajı, örnəyi həm də budur!
20 il öncə “Купалле” milli bayramı günü çəkilib bu şəklim. O vaxt hürkdüyüm bu nəhəng at mənə nə qədər qaba görünsə də, o səfərdə Belarus xalqına – ipək kimi yumşaq insanlar ölkəsinə aşiq olmuşdum.
İndi o “ipək insanlar” dünyaya ipək kimi yumşaq inqilab sərgiləmək əzmindədilər.
2003-cü ilin oktyabr günlərində bizimlə olan belaruslu dostları unutmuram! Bütün qəlbimlə onlarla olduğumu özlərinə məktub və zənglərimlə birdirməyə bu gün də davam edəcəm. 17.08.20
***
Bu fotoların azından 20 yaşı var. Biri Belarus Yazıçılar Birliyinin Minsk ətrafında yerləşən istirahət evində çəkilib. Lukaşenko hökuməti Plüralizm mərkəzlərinin illik beynəlxalq görüşünü keçirməyə Minskdə yer verməyəndə məcbur olub buranı götürmüşdü dostlar. Həm fotodakılar – belaruslu hüquq müdafiəçisi Ales Bialiatski, krımtatar ictimai fəalı Ayder Mujdaba, polyak dissidenti mərhum Yakub Karpinski, həm də başqa dostlarla hər axşam beləcə yığışardıq. Söhbətlər əsasən “Avtoritar rejimlərdən necə qurtulaq, xalqlarımız necə azadlığa çıxsın?” mövzusunda olurdu.
O biri foto isə belarus müxalifətçilərinin Minskdə keçirdiyi Çernobıl yürüşü zamanı çəkilib. Gürcü siyasətçisi İvlian Haindrava ilə. Bir qədər sonra milis bu yürüşü də dünənki yürüş kimi dağıdacaq, neçə dostumuzu həbs edəcəkdi.
…O vaxt heç birimiz düşənməzdik ki, bu yol bu qədər uzun olacaq. Amma bəlkə də azadlığın dadı elə bundadır! Yoxsa asan əldə olunan azadlığın şirinliyi olmaz ki. Özünə təskinlik kimi çıxmasın… 10.08.20
***
Strest çıxarmanın ən sadə yolu GETMƏKdir!
Harasa GEDİN! Karantindirsə – bu otaqdan o otağa – yenə GEDİN!
Olduğunuz yerdən bir addım kənara çıxın!
Bir metr o yanda tamam başqa dünya var – görəcəksiniz!
2003-cü ilin payız stresindən sonra bir addım uzağa – dünyanın o başına – Cənubi Afrikaya getdim. Ən uğurlu seçki kampaniyamızı keçirmişdik – “Sən də seç” – məğlub olsaq da…
Zənci balası belə ağrımı üzümdən oxuyurmuş kimi qaçırdı məndən əvvəl-əvvəl. Şəkildəki üzümə baxın – isti okean və isti cocuq təbəssümü. Bu sevinc-ümidi onlar vermişdi mənə. Okean və okean cocuğu…
Sonra sevdik bir-birimizi – zənci balası, Hind okeanı, bir də mən.
Darıxma!… 03.08.20
***
2002-ci ildə Belarusa səfər etmişdim. Bu ölkənin şəhər, qəsəbə, kəndlərində siyasətçilər, QHT nümayəndələri, jurnalistlər, hüquq müdafiəçiləri, tarixçilər, kommunistlər, demokratlar, vətənpərvərlər, pravoslavlar, katoliklər və nəhayət, azsaylı müsəlmanlarla söhbətlərim, folkloruyla, yaxın-uzaq tarixdən xəbər verən abidələriylə tanışlığım Belarus barədə təsəvvürlərimi alt-üst eləmişdi. Səfər sonunda dərk etmişdim ki, Belarus xalqını bizə səhv təqdim ediblər. Sən demə, kitablar, filmlər, eşitdiklərim və əvvəlki qısamüddətli səfərlərdə gördüklərim bu xalq haqqında əsl həqiqətləri sanki Belarusun bataqlıqları kimi ilim-ilim itirməyə xidmət edirmiş. Həqiqət görünənlərin astar üzündəymiş. O səfər təəssüratlarımdan “Ağ Rusiyanın qara taleyi” adlı yazı ərsəyə gəldi. Yazı ruscaya da çevrildi. Belarusun vətənpərvərləri onu dərc etdilər, yaydılar.
Bu gün Belarus prezident seçkisi ərəfəsindədir. Ölkə çalxalanır, ciddi hadisələr baş verir. Niyə bu gün Belarusdan söz açdım, o yazını xatırladım? İstərdim Rusiyanı qibləgahı sayan bizim “rusca düşünənlərimiz” Rusiyanın ən sadiq müttəfiqi Belarusla davranışına baxsınlar, nəticə çıxarsınlar.
Rusiyadan hələ heç bir xalqın siyasətçisi sonacan xeyir görməyib, heç bir xalq Rusiya ilə münasibətdə xoşbəxtlik tapmayıb! Milli kök, dil, din bağlılığı olan ukraynalılarla, belaruslarla o cür rəftar edən dövlət bizə nələr etməz?! 02.08.20
***
Bütöv şəxsiyyət olmadan böyük sənətkar olmaq mümkünmü?
Youtube kanalında Andrey Zvyagintsevin “Qayıdış” (“Возвращение”) filminin ardınca onun Poznerlə müsahibəsi gəlir. Elə oldu ki, çox maraqla izlədiyim filmdən sonra müsahibəyə də baxası oldum. İstər-istəməz Space TV-nin o günkü “Sadə həqiqətlər” proqramı yadıma düşdü.
Zvyagintsev müasir rus kinosunun öncülüdür, onu ikinci Tarkovski hesab edənlər də var. Açığı bu rejissoru İsveç kanallarından kəşf etmişəm, filmlərini həvəslə göstərirlər.
“Qayıdış”ın cazibəsi öz yerində, diqqətimi Poznerin Putinlə, hakimiyyətlə, ölkədəki vəziyyətlə bağlı suallarına rejissorun vətəndaş mövqeli cavabları xüsusən çəkdi. Oturub düşünürsən, Rusiya ictimai, siyasi, mənəvi durum, insanların psixoloji halı baxımdan bizdən çox da fərqlənmir, bəs niyə bizim sənətkar-şəxsiyyət tandeminə nümunə olası belə sənətkarlarımız yoxdur, yaxud daha qalmayıb! Niyə bir sənət adamımız “hökmdar hüzurunda” şəxsiyyət sınağına sonacan tab gətirə bilmir? Yarımçıqlıq mərəzi bizdə hardandır?
Tələbə vaxtımızın kino müzakirələrini xatırlayıram. Vaqif Mustafayevə kinomuzu SSRİ sərhədlərindən də uzaqlara daşıyacaq sənətkar kimi baxırdıq. İndi hakimiyyətə pişiklənir, yarınmaq üçün Cümhuriyyət qurucularına, Rəsulzadəyə belə dil uzadacaq qədər düşük düşüb. Bir vaxtlar zirvədə görəcəyinə ümid etdiyin birini “ağ yalan”a “sadə həqiqət” deyəcək qədər alçalmış görmək acı olduğu qədər də ürək bulandıran idi.
Ağır karantin günündə mən də bir yandan qanqaraldan söhbət eləməyim, Mustafayev hind fimləriylə baş-baş qalsın, siz Zivyagintsevin filmlərinə baxın. 21.06.20
***
Heç 150 il də çəkmədi, bəs deyirdilər, Lenin əbədi yaşayacaq! Lənətlənmiş adla yaşayacaqmış. Kazanda olanda onun oxuduğu universitetə, doğulduğu Ulyanovska da baş çəkdim. Gördüm, Lenin hər mənada ölüb. Müşahidələrimi “Tatar çölü Rusiya” adlı yazıda belə qeyd elədim:
“Totalitar rejimlər elə istedadla saxta tarix uydururlar ki, adamları inandıra bilsinlər.
…Bauman küçəsindən burulub gəzə-gəzə məşhur Kazan universitetinə gəlirsən. Dünya proletarlarının rəhbəri Vladimir Lenin burada oxuyurmuş. Universitetin qarşısında onun tələbə vaxtının heykəli ucaldılıb. Sovet tarix kitabları onun inqilabi fəaliyyətinə görə buradan qovulduğunu yazır. Daha o vaxtkı avam deyilik ki, hər yazılana inanaq.
Lenin Kazan universitetində cəmi 4 ay, 1887-ci ilin 13 avqustundan 5 dekabrınacan oxuyub. Özü də onu hansısa inqilabi fəaliyyətinə-zada görə yox, tələbə adına yaraşmayan oğru “razborka”sında iştiraka görə universitetdən qovublar.
Tatarıstan Milli muzeyinin bütöv bir divarını tutan nəhəng tabloda isə gənc Ulyanov tələbə dostları qarşısında inqilabi təbliğat çıxışı edir. Bütün saxta qəhrəman obrazları tarixin həqiqət küləkləri ilə sovrulur. Lenin də, onunla bağlı hər şey də beləcə.
Ulyanovska gedəndə tarixin bu acı ironiyasına şahid oldum. Bu vilayətin Tatarıstanla sərhədində. Varlı Tatarıstanın sərhədi şüşə kimi hamar asfalt yol çala-çuxurla, yaraşıqlı evlərin tikildiyi abad tatar kəndləri nimdaş, yarı uçuq, tərk edilmiş rus kəndləriylə əvəz olunanda.
Lenin burada doğulub deyə bir vaxtlar Ulyanovsk şəhərinin dövlət səviyyəsində xüsusi imtiyazı vardı. Ətraf yerlərdən camaat tapa bilmədiyi ərzağı, başqa malları burada tapardılar. Ac Volqaboyu ellər içində bura cənnət köşəsiydi. Lenin və onun ideyaları ölən kimi şəhər köhnə Simbirsk halına qayıtdı. 22.04.20
***
O gün Facebookda orta məktəb müəlliməmə rastladım. Raisə Bağırovaya. 1984-ci ildə Ağdamda bizə anatomiya dərsi deyib. Gənc, qəddi şax, qaməti uca, savadlı və gözəl – yadımda belə qalıb. Hamımız ona həm də Allahverdi Bağırovun bacısı olduğuna görə hörmət edirdik. Məni, sinfimizi xatırlayırmı görən? Dərhal dostluq yolladım. Yazdım ki, mənə dərs demisiniz, sevimli müəlliməmiz olmusunuz. Xoş bir cavab yazdı, feysbuk dostum oldu.
22 aprel milli qəhrəman Allahverdi Bağırovun doğum günüdür. Ona həsr etdiyim “Allah vermişdi Allahverdini” yazısını məhz bu gün yeni feysbuk dostum – sevimli müəlliməm Raisa Bağırovaya hörmət, Allahverdi Bağırova ehtiramla paylaşıram. 22.04.20
***
“III Sektor” demokratiya jurnalının 2006-cı il, 2 (20) sayı “Neft və demokratiya” mövzusuna həsr olunmuşdu. Eyni mövzuda keçirdiyimiz silsilə radio debatların (o vaxt bu, mümkün idi), “Böyük neft kapitalının potensial təhlükələri” adlı dəyirmi masanın materiallarını da orada dərc etmişdik. Neft demokratiyaya son qoyduğu kimi, jurnalın neftə həsr olunmuş nömrəsi də onun sonuncu sayı oldu. Mündərəcatı şərhdə verirəm, təəssüf ki, jurnalın saytı bağlandığından orda dərc edilənləri bölüşə bilmirəm.
Ölkənin susmayan vətəndaş cəmiyyəti fəalları hələ o vaxt həyəcan təbili çalırdılar. Bu qədər ağıllı insanları olan ölkədə neftsiz də rifah cəmiyyəti qurula bilərdi. Ölkədə idarəetmə bacarıqlı komandanın əlində olsa, hələ də gec deyil… 21.04.20
***
İsveç Yazıçılar Birliyində ədəbiyyatımızdan söz açanda gördüm, söhbət elədiyim adamlar Nizami Gəncəvidən üzü bəri dostumuz Vəli Xramçaylıyacan heç kimi tanımırlar. Üzvlüyə qəbul elədikləri ilk azərbaycanlı kimi əvvəl üzümə elə baxırdılar, elə bil Sakit okean adalarından gətirilmiş ekzotik məxluqam. Məni o durumdan İlqar Əlfioğlu xilas elədi. Necə? İndi deyim!
Deməli, görəndəki yazıçı, şairlərimizi tanımırlar, keçdim oxucularımıza. Dedim sizə baxmayın, bizi tanımırsınız, bizim oxucuların İsveç ədəbiyyatı ilə tanışlığı çoxdandı. Sizin Astrid Lindqrenin Karlson, Pippi kimi qəhrəmanlarını uşaqlıqdan hamımız tanıyırıq. Təəccüblü gəlmədi onlara, o qəhrəmanları bütün dünyada tanıyırlar, dedilər.
Heç pərt olub eləmədim, tərcüməçilərimizə keçdim. İlqar Əlfioğlunun Per Laqerkvistin romanlarını dilimizə çevirdiyini deyəndə söhbətimə maraq yarandı. Mən də girəvələyib bizdə ədəbiyyata olan sevgidən elə ağızdolusu danışdım ki, az qala dediyimə özüm də inanacaqdım.
Bax, İlqar Əlfioğlu o çətin anda beləcə əlimdən tutdu.
Bu gün 65 yaşı tamam olur. Bu dəfə koronavirusa bağışlasın bizi. Bu bəlanı adlayaq, 70 yaşında əlidolu təbrik edərik.
Yubileyin mübarək, dəyərli insan! Uzun illər boyu neçə əldən tutasan, beləcə! 26.03.20
***
Deməyin niyə cırılıb, əzilib? Keçdiyi ömrə baxın sadəcə. Müharibənin odu-alovundan keçib, neçə ev, şəhər, ölkə dolaşıb bu 42 ildə. 1978-ci ildə Ağdamda, hələ oktyabryatkən çəkilib bu əlaçılıq şəklimiz. Müşfiq hədiyyə elədi bu gün mənə. Bundan gözəl hədiyyə ağıla gəlməzdi! Müşfiqin Kazandakı köhnə arxivindən tapılıb. Sağ qalıb, nəhayətdə gün işığına çıxıb. 22.03.20
***
36 il əvvəl oxuduğum mahnı qeybdən gələn səs kimi gəldi…
1984-cü ilin iyun ayı idi. Əmim Moskva ətrafı Balabanovo şəhərinə yaxın istirahət evinə putyovka almışdı. Bakıda yaşayan qohumlarımız ailəlikcə gedirdilər. Məni də aparırdılar deyə Ağdamdan Bakıya gəlmişdim. İndiyə baxmayın, Paris, London su yoluna dönüb. Onda Moskva nədi, Bakı belə rayon uşaqları üçün xəyallar şəhəriydi.
Böyüklər səfər tədarükündəydi, bizimsə sevincimiz yerə-göyə sığmırdı.
Qatarda kimin üst, kimin alt qatda yatacağına qədər bölüşmüşdük. O, tək yaşda böyüyümüz deyildi, həm də başbilənimiz idi. Səfərdən bir gün qabaq piano arxasına keçib hərəmizə bir mahnı oxutdu, səsimizi lentə yazdı. Mən “Gün keçdi” filmindəki məşhur mahnını oxudum. Oxudum deyəndə ki, cəhd elədim. İllər keçdi, o səs yazımızı da yaddaşımdan silib apardı.
O gün telefonumda “Sənə sürprizim var” mesajını oxuyanda 100 il qala ağlıma da gəlməzdi ki, həmin səs yazısını göndərəcək. Sən demə kaseti bu vaxtacan saxlayıbmış. Dəqiqə yarımlıq o səsi ömrün ən xoşbəxt çağından gələn mistik bir an kimi yaşadım.
Mən o mahnını oxuyanda əmim, bibim uşaqları necə qəhqəhə çəkib gülmüşdülərsə, öz balalarım da o xırıltılı səs yazısını dinləyəndə bax eləcə güldülər. Güldülər və onlara qəribə gələn bu səs yazısından belə video-klip düzəltdilər.
Bu gün o səsi yazan, uzun illər saxlayan və 36 il sonra mənə göndərən ən şıltaq uşaqlıq dostumun yubileyidir. Artıq nənədir o. Neçə yaşı olmağının əhəmiyyəti yoxdu, mənim gözümdə həmişə 15 yaşlı qızdır. Onu atalı, analı, əmili, bibili günlərimizin, Ağdamlı, Şuşalı yaylarımızın xatirəsi tək doğma adam kimi təbrik edirəm. O vaxt oxuduğum mahnını onun yubileyi şərəfinə siz dostlar üçün də paylaşıram.
Beləliklə, oxuyur Vahid Qazıyev, pianoda ifa edir Esmeralda Fərruxova.
Dinləyin, amma o uşaqlar kimi gülməyin. Yaxşımı?! 31.01.20
***
Həqiqət bildiyini dilə gətirmək heç vaxt gec deyil. Nə qədər acı olsa da, lap könüllərə dəysə də…
30 il qabaq 19 yanvar gecəsi haya küçəyə çıxdıq. Onda tələbə yoldaşlarım Vaqiflə (“Azadlıq” radiosunda işləyən Vaqif Məmmədov), Faiqlə (deyəsən Moskvada bizneslə məşğuldur) “Papanin”də kirayə qalırdıq. Bizim evə yaxın olduğundan neçə gün idi Salyan kazarmasındakı sovet qoşunlarının yolunu kəsmişdik ki, şəhərə çıxmasın. İnanırdıq ki, bizi əzib keçməzlər. Axşama doğru dedik gedək bir az dincələk, gecə yenə gələrik. Gələ bilmədik, gecəyə qalmadı, qoşun “mühasirə”ni yarıb şəhərə çıxmışdı. Həmin gecə öz qulağımla eşitdiklərimi yazım, bu da mənim 20 yanvar xatirəm olsun.
Küçədə ilk eşitdiyim cümlə bu oldu: “Etibar hakimiyyəti götürdü”. Etibar Məmmədovu nəzərdə tuturdular.
Qarşıdan gələn növbəti dəstədəkilər bunu deyirdilər: “Bəs Nemətin dediyi silahlar hanı?” Nemət Pənahovun silah payladığını əvvəlki günlərdə də eşitmişdik.
Bizə sarı gələn sonuncu dəstədən isə bunları eşitdik: “Qaçın, camaatı qırırlar”.
Eyforik duyğular yaşayan insanlar ölümü belə göz önünə almırdı o gecə. Hər kəs poteansial qurban idi. Həmin gecə tariximizin ən şərəfli səhifələrindən birini yazmış qəhrəman 20 Yanvar şəhidlərinə dualar edirəm indi. Bu günü matəm yox, Qürur günü kimi qeyd etməliyik.
Eyni zamanda qoşunu əliyalın vətəndaşlarının üstünə sürdürən Qorbaçov, Primakov (sonra adını cinayətkarlar siyahısından çıxardacaqlar, daha sonrasa rəzil gündə Bakıda sərgisini keçirəcəklər) və s.lərə lənətlər oxumaqla yanaşı xalqın azadlıq duyğusuyla oynayıb öz məkrli niyyətləri üçün əlləşən Etibar, Nemət və əsl simaları 1993-cü ilin yayında üzə çıxan o qəbildən olanları, adına “radikallar” deyilənləri ən pis duyğularla (daha yazmıram hansı duyğular) yad edirəm.
İnamımsa onadır ki, 30 il əvvəlki əzmimizi bərpa edə bilsək, o hünərlə Qarabağı da geri qaytarar, ədalətli cəmiyyət də qurarıq. 10.01.20
***
Cıdır düzündə daşa-qayaya ad yazmaq dəb idi. Uşaq vaxtı mən də adımı yazmaq istəyirdim. Bir dəfə mismarla oyub adımın baş hərfini qayaya güclə həkk eləyə bildim, arxası qaldı. Anam çağırdı ki, gedirik, gəl. Onda o 4 hərfi də yazmağın ömrümün baş arzusu olacağı min il qala ağlıma gəlməzdi.
Şuşalı Hikmət Sabiroğluna deyirəm ki, yarım qalan o yazını birlikdə bitirib Cıdır düzündəki o “Xuraman qayası”dan qurbanlıq kimi atılmaq da olar.
Hikmətə doğum günü arzusu belə alındı. Qaldı 100 il qabaqkı kimi Şuşanı geri almaq. Bakı atəşfəşanlığında unudulmasa… 02.01.20