Facebookda qalan yaddaş ləpirlərim. II hissə

Facebook səhifəmdə başqa heç yanda dərc olunmayan xeyli uşaqlıq, gənclik xatirələrim var. Bu xatirələri neçə ildir yazdığım statuslarla, fotolarla bölüşmüşəm. Xatirə yazıları sosial şəbəkədə ən çox diqqət çəkən paylaşımlarındandır. İtib batmasın deyə onları bir yerə yığdım, yüngül əl gəzdirdim, ayrıca fayllarda saxladım. Bu gün bir hissəsini bloqumda dərc etməyə qərar verdim. “Facebookda qalan yaddaş ləpirlərim” adlı xatirələr toplusunun II hissəsinə 2018-2019-cu illərdə yazdıqlarım daxildir.

Facebookda qalan yaddaş ləpirlərim. II hissə

2019

Dünənki seçkinin havası çəkilməmiş bir xatirə danışım.

Yenə söz vaxtına çəkər. 1997-ci ilin dekabrında 15-dək ictimai-siyasi fəalla ABŞ-ın Hyuston şəhərində mer seçkilərinin ikinci turunu müşahidə edirdik. Namizədlərdən biri qaradəriliydi, bir suyu Barak Obamaya oxşayırdı; sadə, zəhmətkeş sinifin nümayəndəsiydi. O biri ağdərili, qırmızısifət, “tortyeyən” (sovet vaxtı biz tərəfdə varlı-hallı adama nəyə görəsə tortyeyən deyərdilər) burjuyun yekəsiydi.

İlk dəfə qaradərilinin seçilmək şansı yaranmışdı. Ona görə də seçki çox gərgin keçirdi. Kim uğurlu namizəddi, kim udacaq deyə aramızda ciddi müzakirə edirdik. Axırda qrupumuzda fikirlər haçalandı. Əksərimiz “zəhmətkeşə”, bir neçə nəfərsə “burjuya” azarkeşlik eləməyə başladıq. Qəribədi, o vaxt “burjuya” azarkeşlik edənləri sonra bizim “burjuylar”ın cərgəsində gördüm. Amma sözüm bunda deyil. Sözüm ondadır ki, səslərin sayılmasını ilk dəfə canlı izlədiyimiz seçkidə qaradərili Lee Brown qalib gəldi. Cəmi 30 il öncə bu, ABŞ-da ağlasığmaz hadisə olardı.

Dünənki seçki (2019-cu  ildə keçirilən bələdiyyə seçkiləri nəzərdə tutulur. – V.Q.) onu göstərdi ki, başqa sahələrdə olduğu kimi seçkilərdə də gənclərə güvənilməli, meydan onlara verilməlidir. Ağlagəlməz nəticələr ağıllı birlikdən doğur. Demokratiyaya qalandasa, o, doğrudan da “gediləsi uzun, incə bir yoldu”. Bu yolda yorulmayanlara Milad salamı olsun! 24.12.19

***

2020 siçan ildir. Novator.az saytı əvvəlki siçan illəri – 1972, 1984, 1996, 2008-ci illəri nələrlə yadda saxladığımı məndən də soruşdu. Şəklim olan 1971-ci ilin Turşsu səfərini xatırlaya bilmirəm, 1972-ci ildə Turşsu yaylağında çəkilən şəklim yoxdu, amma yaddaşımda elə o yaylağın səhər dumanı kimi qalanlar var. O biri illərsə yadımda belə qalıb:

– 1972-ci ilə yaddaşımın ən ucqar küncündə qalan xatirələr ili deyərdim. Yayı nənəmgillə, qohumlarla Şuşa Turşsuyunda keçirdik. Yaylamağa getmişdik, neçə alaçıq qurmuşduq…

– 1984-cü il ilk uzaq səfər ilim oldu. Əmim, bibimgil Moskva ətrafındakı Balabanovo şəhəri yaxınlığında yerləşən istirahət evinə putyovka almışdılar, məni də apardılar. Qızıl Meydanı, Leninin mavzoleyini, rus meşəsini, keflənib küçədə yatanları ilk dəfə onda gördüm.

– 1996-cı ildə ailə qurdum, ömrün daha ciddi dönəmi başladı. Subaylıqda özünü kosmik fəza yüngüllüyündə duyursan, evlənəndə yerə enib, yerdə gəzirsən.

– 2008-də anamı itirdim. O il də itki illəri sırasında olanlardandır. 1992, 1993, 2005-ci illər kimi. Şuşanı, Ağdamı, atamı itirdiyim illər… 23.12.19

***

İndicə oxudum ki, sabahkı seçkini 52.636 müşahidəçi izləyəcək. 20 il öncəki seçki müşahidəçiliyim yadıma düşdü. Dedim, seçki axşamı məntəqədə başıma gələni eşitməyənlərə də danışım.

Söz vaxtına çəkər. 1999-cu ilin dekabrında keçirilən ilk bələdiyyə seçkisinə qatılan beynəlxalq müşahidəçilərin arasında Petruşka Şustrova işini hamıdan tez bitirmişdi. Onunla görüşüb belə qərara gəldik ki, şəhərin mərkəzində, onların qaldıqları yerə yaxın məktəbdəki seçki məntəqəsində müşahidə aparan gürcü dostlarımızı da götürüb şam yeməyinə gedək. Yaxadan asılan müşahidəçi vəsiqəsi heç bir problem olmadan bizə dostlarımızla görüşməyə imkan yaratdı.

Onlar işlərini bitirməmişdilər. Ləngiyəsi olduq. Bizi görən məntəqə sədri yüz ilin dostu kimi qollarını yana açıb üstümüzə gəldi, mehribancasına qalşıladı. Salamdan sonra gürcü dostlarımızdan incik olduğunu dedi, bizim onları dilə tutmağımızı xahiş etdi. Məlum oldu ki, həm də məktəb direktoru olan məntəqə sədri otaqların birində süfrə açıb, amma bu tərs müşahidəçilər yemək istəmirlər.

Gürcülər isə bizə izah etdilər ki, məntəqədə saxtakarlıq olub və komissiya üzvləri hər vəchlə onların, bir neçə dəqiqəlik də olsa, otağı tərk etmələrini gözləyir. Komissiya sədri isə əldən-ayaqdan gedərək bu fikri qətiyyətlə rədd edir, süfrəni qonaqpərvərlik nümunəsi kimi açdıqlarını deyirdi. “Klyanus, vsyo ostıl”, yəni “Həzrət Abbas haqqı, hamısı soyudu”.

Uzun minnətdən sonra belə razılaşdıq ki, hamımız keçirik süfrə başına, amma gürcülər növbə ilə yeyəcəklər. Əlbəttə, qərar komissiya sədrinin xoşuna gəlmədi. Geriyə yol yox idi. Hamı, biz də, onlar da (məktəb direktoru, “zavuç”, “zavxoz” və yaşlı müəllimə) süfrəyə könülsüz yanaşsaq da, yeməyə həvəslə girişdik.

“Belə görürəm, əlac bunları kefləndirməyə qalıb” – gözləri pişik gözü kimi parıldayan “zavxoz” direktora irişdi. “Hə, aç süz, görək. Səhərdən bir loxma da yeməmişəm. Sən bu gombulu kefləndirə bilərsən… Pivə boçkasına oxşayır” – bunu da direktor dedi. “Zavuç”un qımışaraq “Özü də çex pivəsinə” əlavəsi qonaqlarda söhbətin çex pivəsinin əsrarəngizliyindən getdiyi təəssüratı yaratdı.

İki butulka araq boşalandan sonra gürcü müşahidəçisi növbə dəyişikliyi üçün seçki qutuları olan “strateji” otağa keçdi. Direktorun qanı yenə qaralmışdı; məclisə ayıq adam gəlirdi. Dəqiqələr keçir, sağlıqlar bir-birini əvəzləyirdi. Rus dilində başlayan təriflər Azərbaycan dilində təhqirlərlə davam edirdi. “Mi brati, dolqo i şastlivo jili vmeste. Za nas. İt uşağı, it, öldüm axı, ta getmir. Sizin …”

Dalını gətirə bilmədi, ağız-burnunu büzüb başını silkələdi. Turşu xiyar onun da, elə bizim də dadımıza çatdı, söyüşün dalı gəlmədi. “Bu alçaqdan gözüm su içmir, özü də heç vurmur deyəsən. Mən ölüm buna bax, elə bil nemesdi. Qəfil çönmə, başa düşər” – direktor “zavuç”a məni nəzərdə tutub dedi.

Üzünü mənə çevirib davam etdi: “Qospaja Petruxa xanım tvoy tyotka?” Açıq məzələnməyə keçmişdi. “A çto, poxoj?” dedim. “Oçen”. Onlar məni də çex bilib hamımızla dilxoşluq edirdilər, direktorun kefi tamam açılmışdı.

Məclisin şirin yerində “zavxoz” arağın qurtardığını bildirdi: “Gedim alım?” “Yox, konyakı, çaxırı aç. Qoy qarışdırsınlar, bəlkə belə keflənələr”. “Zavxoz” badələrə konyak süzərək dodaqaltı mızıldanırdı: “Onlar yox ey, deyəsən, biz keflənəcəyik. Bunların qarnını doyurmaq olar?”

Nəhayət, o, badəni götürüb çex xalqının qəhrəmanlığından, 68-ci ildə əsgərliyinin Çexoslovakiyada keçməsindən, orada vurulduğu çex qızından uzun-uzadı danışırdı ki, Petruşka qəzəblə dilləndi: “Sən işğalçı olmusan, özün də bununla fəxr edirsən. Amma həmin il məni tutub işgəncə vermişdilər, uzun müddətə həbsə atmışdılar” – deyərək sovet ordusunun 1968-ci ildə Praqa üsyanını vəhşicəsinə yatırmasına işarə vurdu.

Məclis sükuta qərq oldu. “Zavxoz” işləri korlamışdı. Direktor işçilərini otaqdan çıxarıb ikinci gürcünü “tovlayıb” gətirməyə yollamaqla vəziyyəti düzəltməyə çalışdı.

Daha mən də hövsələdən çıxmışdım. Qədəhi götürüb ayağa qalxdım. Rusca minnətdarlıq çıxışından sonra öz dilimizə keçdim. Onların heç bir təhqirinə cavab vermədim. Sadəcə, müəllimlərimizin, ziyalılarımızın gününə acıdığımı, təəssüfləndiyimi dedim.

Mənim azərbaycanlı olduğumu bilən direktor əvvəlcə başını əllərinin arasına aldı. Sonra o əllər qeyri-ixtiyarı yanına düşdü, qaşlar yuxarıya dartılıb qırışlara tay oldu. Gözlər yerindən çıxıb üstümə tullandı. Qıpqırmızı sifətdən keçi əmcəyi xəcalət təri axdı. “Sən azərbaycanlısan?” – o, ayılmışdı. “Yox, nemesəm!” dedim.

Burada baş verənləri, əlbəttə ki, qonaqlara danışmadım. Amma mənim sözümdən sonra komissiya sədrinin, digərlərinin pərtliyi açıq-aydın görünürdü. Ayağa qalxıb gürcülərə “Xvatit, poşli”, dedim. Onsuz da işimizin heç bir əhəmiyyəti qalmamışdı. 22.12.19

***

İbadulla müəllimin göz yaşı

Bakı universitetinin 100 illiyi qeyd olunduğu bu günlərdə, yeridir, bir xatirə-suçumu etiraf edim. Günahdan arınmağa cəhd də demək olar buna. Həm də o dövrün müəllim-tələbə münasibətləri haqda gənc dostlarda təsəvvür yaransın.

1985-ci ilin qışıydı. 1-ci kursda oxuyurdum. “Baksovet”də yerləşən jurnalistika fakültəmizə 4-cü mikrorayondan səhər tezdən durub gəlirdim. Yuxudan doymayan vaxtlarım idi. Elə oldu ki, İbadulla müəllimin dərsinə dalbadal bir neçə dəfə geçikdim. Növbəti belə gecikmədə məni dərsə buraxmadı, qəzəblə imtahanla hədələdi. Ondan qabaq da məşhur Zinyət Əlizadə ilə problemim yaranmışdı, dikbaşlığım ucbatından. Nə gizlədim, qarnıma sancı doldu.

Qorxu halında adamı şüur yox, instinkt idarə edir, bilirsiniz. Dərsdən sonra yaxınlaşdım İbadulla müəllimə. Ömrümdə ilk dəfə rola girdim, yalan danışdım. Vallah görsəydilər akademteatrın rejissorları tamaşalarında mənə rol verərdilər.

“İbadulla müəllim, neçə gündü acam, pulum qurtarıb, evdən pul, zənbil göndərəsidilər. Hər səhər qatarın qabağını çıxıram, həmişəki “provodnik”lər çiyinlərini çəkirlər ki, heç nə yoxdu. 3 gündü suyla keçinirəm. Məni bağışlayın. Yenə vağzaldan gəlirəm”.

Bunu demişdim ki, bir də gördüm kişinin gözlərindən yaş şoruldadı. Hıçqırtıyla məni qucaqladı. Əlini cibinə saldı: “Bəs necə gündü niyə demirsən?”

Onun ağlamasına pis oldum, gözləmirdim düzü. Pulunu almadım, təşəkkür elədim, sabaha mütləq gələr dedim, gəlməsə xəbər edərəm dedim.

Beləcə dostlaşdıq İbadulla müəllimlə, təhlükə sovuşdu. Amma daha dərsinə gecikmədim.

34 il keçib üstündən, hər dəfə yadıma düşəndə, utanan təhər oluram. Bu xatirəni danışmağım həm onun ruhu qarşısında günahyumadı, həm də bizim dövr universitetinin müəllimlərini sizə tanıtmaqdı. Hələ nə qədər etiraf olunası belə suç-xatirə var…

İndi bilmirəm necədi, bizim dövrün müəllimləri tələbələrlə dost, bəzən lap valideyn kimi davranırdılar. Milli Azadlıq Hərəkatı illərində dərsdən qaçıb mitinqlərə gedən, tələbələr arasında təşviqat-təbliğat aparan bir tələbənin belə universitetdən qovulduğunu xatırlamıram, çünki müəllimlər bizim mənəvi dəstəkçilərimiz idilər, bizi rəhbərliyin qəzəbindən qoruyurdular.

Nə olsun ki, universitetin 100 illiyində onu quran Cümhuriyyətçi Qurucu Ataların adı anılmadı, İbadulla Mədətov kimiləri yad edilmədi. Bu o demək deyil ki, onlar unudulub tarixdən silinəcəklər. Yanılırlar ki, kağıza yazılanlar silinər, ürəklərə yazılansa yox!

100 il qabaq universitetimizi yaradanları, bir də müəllimlərimi ehtiramla yad edirəm! 29.11.19

***

Abdalda xaş qonaqlığı.

Deyir, dağ başında bir ev təsəvvür elə, içəridə odun peçinin istisi, çöldə qar dizdən, şaxta.Tut arağını Bəbir gətirmişdi Gülablıdan. Abdalda açılan süfrədə yeyib-içəndən sonra başladıq Bəbirlə dilxoşluq etməyə. “Zay araq” filan. “Tut arağı yox, əzgil suyu” zad. Bəbirin başı çöndü, durub lülkalı motoskletini sürdü arağı aldığı İsmayılgilə. Hələ dan ağarmayıb. Yuxudan durub darvazaya çıxan İsmayıl görür ki, Bəbir gəlib, özü də belə şaxtada lüt, qolsuz maykada. “Məni biabır eləmisən. O nə zay araqdı vermisən mənə? Təmiz araq gətir”. İsmayıl vəziyyəti anlayır. Gözünü ovuşdura-ovuşdura deyir: “Zay araqla bu viddəsən, təmiz araq versəm şalvarsız gələrmişsən ki”.

Bunu bu sabah bizi xaşa qonaq çağıran Elmidar kişi danışdı. O, Qulu Ağsəsin qardaşıdır. Qonaq gəlib. Xoş bir xaş məclisi oldu.

Xatirələr, vətən, məzəli Abdal söhbətləri və s.

Demək istəyirəm ki, xaşlayın, lap aşlayın – nə edirsiz edin, təki yığışın, bir yerdə olun, birgə olun.

Və burda paylaşdığım “Payız yağışında göl” şəkli kimi bir foto da çəkdirin. Bu fotonu bütün dünya xaşistlərinə bağışlayıram😉 22.11.19

***

İndicə oxudum ki, SSRİ-də dissident hərəkatının yaradıcılarından və fəal üzvlərindən olmuş, hüquq müdafiəçisi, yazıçı, Kembric universitetinin professoru Vladimir Bukovski ölüb. Onunla 1998-ci ildə Varşavada keçirilən Üçüncü Ümumdünya İnsan Hüquqları Forumunda tanış oldum. Forumda dünyanın bir çox tanınmış demokratları, nüfuzlu hüquq müdafiəçiləri, məşhur dissidentlər iştirak edirdilər. Lakin ona xüsusi maraq və hörmət hər addımda hiss olunurdu. İmkan düşən kimi onunla qısa söhbətlər edirdik. Rusiyanın gələcəyindən pessimist danışırdı.

Azərbaycanı yaxşı tanıyır, “Neft xatalı şeydir” deyirdi. “Xalqınızın işi onunla çətin olacaq” – deyə Azərbaycan prezidentinin keçmiş DTK generalı olmasına işarə vurur və ümumiyyətlə, DTK-nı dünyanın ən qorxunc orqanı hesab edirdi.

Vaxitə “III Sektor” demokratiya jurnalında onun çox maraqlı bir müsahibəsini dərc etmişdik. “Mən pessimist deyiləm və hər şeyə sakit yanaşıram. Bilirəm ki, hər şey ötüb gedəcək. Sovet İttifaqı keçdi, Putin Pusiyası da ötəcək”. Son müsahibələrindən birində belə demişdi.

Bu arada deyim ki, mən də pessimist deyiləm, qürurverən gənclərimiz var! 28.10.19

***

55 il qabaq – 1964-cü ilin bu günü həyətimizdə bir toy çalınıb. Atam anamı gəlin gətirib.

Özümü Vaqif Bayatlının şerindəki “Qonşu toyuna dörd hasar o yana oynayan uşaq” kimi hiss edirəm bu gün. 24.10.19

***

Yağış yağar, qar çilər.

Qapını kəsər elçilər.

Anam deyər, gəl verək.

Atam deyər, qoy görək.

… Dilinə qurban a, qardaş,

Sən də bir dillən görək.

Tovuz nənəmin söz boxçasından.  Tovuz nənəmin nurlu çöhrəsini, körpə çağlarımın röyası kimi yaddaşıma hopan onun evinin təsvirini “Heyva qoxulu zirzəmi” essesində vermişəm. Milyon qoxu içində o zirzəminin iyini indi də ayırd edə bilərəm. 19.10.19

***

Dayıoğlu Elşən qonaq gəlib ailəsiylə. Mən ona İsveçi göstərirəm, o mənə Qarabağlı günlərimizdən danışır. Birini sizinlə bölüşüm, dodağınız qaçsın, gülün.

Bir dəfə İsa bulağındaydıq. 1981-ci il idi səhv etmirəmsə. Neçə maşın getmişdik qohum-əqrəbayla. Elə oldu ki, qayıdanda atamgil başqa iki tanışını da götürəsi oldu. Dayıoğlu Elşənlə piyada gələsi olduq. Onda Şuşada “26-lar parkı” tərəfdə ev tutmuşduq, orda qalırdıq. Elşənlə deyə-gülə, zümzümə edə-edə gəlirdik. Daşaltına dönən yerdə – “Laçın astanovkası” da deyirdilər ora – “Zastav” pavilyonunun yanında bir bulaq vardı, sudan içib üzü Şuşaya dikələn yolla qalxdıq. Səhv etmirəmsə, İsa bulağından Şuşaya 3 kilometr yol idi. O vaxt bizə uzaq gəlirdi bu yol.

Nə uzadım, teleqülləni keçib üzüaşağı düşdük, sanatoriyanın yanından keçəndə bir də gördük bir sarışın qız gəlir. Elə bildik burda dincələn turistlərdəndi. Elə qız bizə çatmışdı ki, Elşən dilləndi: “Vahid, bu qızı alımmı saaa?”. Bir də gördük, qız çevrilib gülə-gülə “Hə, al” deyib keçdi.

Onda 13 yaşım vardı, qızsa, məndən beş yaş böyük olan Elşənlə yaşıd olardı. Qızın azərbaycanlı çıxması bizi pərt eləmişdi. Elə bir az da irəliləmişdik ki, gördük parkdan, ağacların arasından üç-üç, beş-beş bir dəstə oğlan çıxır. Yalan olmasın, 20 nəfər. Aralarında ən yaşlısı Elşənə yaxınlaşıb: “Nə deyirdin ə, o qıza heylə?” – dedi.

Ağdamlı uşaqlarla şuşalıların davası tez-tez düşürdü. Qızı rus bilməyimiz, üzr istəməyimiz keçmədi. Şuşalının əlinə fürsət düşmüşdü, dikbaş ağdamlılardan intiqam almaq üçün əla girəvə keçmişdi əllərinə. Bir onu eşitdim ki, Elşən qulağımın dibində çığırdı: “Vahid, bilirsən Koroğlu nə deyib? Dayanma, qaç!” Vallah, nə təhər götürüldümsə, tozum da qalmadı. Qorxu bəzən güc aldığı kimi, güc də verir, axı. Bir az aralandığımı görüb Elşən də qaçdı. Sağ olsunlar, ta dalımızca çox qovmadılar. Yoxsa şil-küt eləyəcəkdilər bizi. 08.07.2019

***

Qarabağın xatun xanımlarından olan zövcəsiylə bizə qonaq gələn bu cavan oğlan mənim Rabil dayımdı. “Qəriblik əsgərlik, qərib də bir əsgərdi” deyib mənə dəyməyə – 33 illik “yoluxmaq borcu”nu ödəməyə gəlib. “Borcu” nəymiş, deyim.

Demək, o, bir qayda olaraq sovet vaxtı əsgər gedən bacı və qardaş oğullarına yerindəcə yoluxardı. Moskva, Yaroslavl, Krasnodar, nə bilib Simfiropol filan. Özü də Bakıdan səbət dolu sovqatla gedər, komandirlərə görüm-baxım edib “stroybat”ın igid əsgərlərini tapşırardı. Hamını! Məndən başqa!!!

Bir vaxtlar atom sınağına poliqon olmuş uzaq Totsk səhrəsında yayda 40 dərəcə istidə, qışda 50 dərəcə şaxtada tank sürməyi öyrənən biçarə Vahidə dəyməyə gəlmədiyindən,😔 “Bajoğlu, saa borcum var” deyirdi uzun illər boyu. Nəhayət, “yoluxmaq borcunu” ödəməyə gəlib.

Sizi bilmirəm, mən dayımla fəxr edirəm. Çünki həm dayılığını, həm də day-daylığını görmüşəm. Hələ dostluğumuzu demirəm. Dayınızla dost olun! Dost dayılar əvvəl-axır gəlib adama uzaq İsveçdə də olsa yoluxacaq, “komandirə” də tapşıracaqlar.

Bayaq qulağıma pıçıldadı ki, narahat olma, qayıdanda səni də komandirə tapşıracam😀 Xeyli ürəkləndim! 01.08.19

***

Akademik Saxarovun zövcəsi, məşhur hüquq müdafiəçisi Yelena Bonner-Alixanyan niyə debatın davamını istəmədi?
” – Siz yenə yalan danışırsınız!
– Siz kimsiniz? Azərbaycanlısınızmı?
– Bəli, Qarabağdanam. Məni bağışlayın, bizlərdə böyüyün sözünü kəsməzlər, amma buna sizin sözləriniz məni məcbur edir.
– Onda icazə verin, fikrimi tamamlayım. Siz axı bilmirsiniz mən nə deyirəm.
– “Qarabağda ermənilər etnik təmizlənməyə məruz qalıb” sözünü siz dediniz indicə.
– Siz məni tanımırsınız…
– Ola bilər, çoxları sizi xanım Bonner kimi tanıyır, mənsə sizi Yelena Alixanyan bilirəm. İndi həm Ermənistanda, həm də Qarabağda bir nəfər azərbaycanlı qalmayıb. Etnik təmizlənməni biz yox, ermənilər aparıb. Siz axı bunları bilirsiniz, niyə faktları təhrif edirsiniz?”

Bu 1998-ci ildə Polşa Seymində keçirilən İnsan Hüquqları üzrə III Beynəlxalq Konfrans vaxtı akademik Saxarovun zövcəsi, məşhur hüquq müdafiəçisi Yelena Bonnerin sözünü kəsdiyim dialoqdu.

Bu səhər rus saytlarını dolaşanda gözüm sataşdı ki, 18 iyun Bonnerin ölüm günüdü. Həmin konfrans yadıma düşdü. Konfransda BMT-nin baş katibi Kofi Annana “sərhədlərin toxunulmazlığı” ilə “xalqların öz müqəddəratını təyinetmə hüququ” arasında ziddiyyət barədə müraciətə Dağlıq Qarabağın da adı salınmışdı. 3 gün gərgin işdən sonra buna necə mane olduğumuz haqda “Kerolayn Koks, Yelena Bonner və genosid debatları” yazısında ətraflı yazmışam. Şərhdə paylaşıram.

O vaxt bu cür tədbirlərdə əksəriyyət bizim haqlı olduğumuzu bilir, deyir, yanımızda yer alırdı. 20 il sonra da belədirmi? Azərbaycan TV-lərinin “Zaman xeyrimizə işləyir” təbliğatı bu konteksdə səhvdir, yalandır. Elə bütün mənalarda yalandır – zaman ermənilərə və Qarabağı bizə unutdurmaq istəyənlərə işləyir!

Tələsən yeri olmayan adamlar təki kimi, nəyi gözləyirik? 18.06.19

***

Bir dəfə İssık-Kul sahilində, vaxtilə Sovet İttifaqı Kommunist Partiyasının tabeliyində olmuş “Avrora” sanatoriyasında konfransdaydım. Bir vaxt Brejnevin istirahət elədiyi mehmanxanada qalırdıq. Konfransın sessiyalarından birində Qırğızıstan Elmlər Akademiyasından qoca bir alim mövzunu qoyub İssık-Kul gölündən danışmağa başladı. Konfransın mövzusuna dəxli olmasa da, maraqlı çıxış edirdi deyə sözünü kəsmirdilər. O deyirdi ki, 1950-ci illərdə Ermənistanın Sevan gölündən təcrübə üçün balıq gətirmişdilər. Hər iki göl dağda yerləşdiyindən onların bitki və heyvanat aləminin oxşar və fərqli cəhətlərini öyrənirmişlər. Təcrübə onunla nəticələnib ki, gəlmə balıqlar hansısa yerli balıq növünün nəslini kəsib. O, bunu çox ciddi fəlakət hesab edir və kənardan balıq gətirilməsini səhv qərar adlandırırdı. Gölün təbii faunası gəlmə balıqlar hesabına dəyişibmiş.

Bu çıxışı dinləyə-dinləyə mənimlə üzbəüz oturan Helsinki Vətəndaş Assambleyası Ermənistan Milli Komitəsinin rəhbəri Nataliya Martirosyana baxırdım. Gələni saxlamazlar, akademikin sözünü kəsib belə bir replika atdım: “Yaxşı ki, Ermənistandan balıq gətirmisiniz, erməni gətirsəydiniz, indi burda qırğız qalmazdı”. Akademikin başa düşüb-düşmədiyini bilmədim, amma xanım Martirosyan bərk incidi. Dilxor oldu, etiraz elədi, mənə də, təşkilatçılara da, sessiya vaxtı da, fasilədə də. Dostlar onu belə sakitləşdirdilər ki, Vahid zarafatcıl oğlandı, bunu pis niyyətlə deməz. Mən isə dediyim sözün gətirdiyi kefdən xoşhallanırdım.

Niyə bu əhvalat yadıma düşdü? Paşinyanın Xankəndində Ermənistan təhlükəsizlik şurasının iclasını keçirməsi mənim xanım Martirosyana söz atmağımdan da betərdi. Onunku söz atmaq deyil, meydan sulamaqdı. Yaxşı eləyir! Onun yerinə olsam mən lap betərini edərdim. Onları o torpaqlara biz buraxmışıq. Kişilər döyüşüb aldıqları torpaqları özlərinə vətən eləməklə məşğuldular. Biz neyləyirik?

Sevan canlılarının axırına çıxdığı İssık-Kul balıqlarını o gölə qaytarmaq bəlkə də mümkün deyil. Amma and olsun, türkün Tanrı dağlarından ucalan şaman duasına biz öz torpaqlarımıza qayıda bilərik. Bunun bir yolu var. Hamının bildiyi yol. Ləyaqət, şərəf, abır yolu. Bakıdan keçən Qarabağ yolu! 16.03.19

***

1981-ci il idi, institutu təzəcə bitirib məktəbimizdə rus dili və ədəbiyyatından dərs deməyə başlamışdı. Puşkinin, Lermantovun əsərlərindən, nə bilim, Turgenyevin “Mumu”sundan dərs danışanda, tez-tez təəccüblə üzümə baxar, “Вахид, разве?” deyib sözümü kəsərdi. Həmin vaxt ağlımın heç həndəvərindən belə keçməzdi ki, az qala 40 il ötəcək, Rusiyada kitabım çıxacaq və sevimli müəlliməm – Nərgiz Mahmudova o kitabı satışa çıxaran saytda mənim dərs danışmalarımdan gözəl xatirə kimi bəhs edəcək. “Ruhlar şəhəri”ndə “XIX əsr fransız romanlarının qadın qəhrəmanları”na bənzətdiyim əziz müəlliməmin o sayta yazdığını xeyli dəyərli dostun rəyləri arasında oxuyanda ətim ürpəşdi. Bir anda özümü ömrün ən doğma, məhrəm çağında hiss elədim – xoşbəxt oldum! Hər deyəndə ələ düşməyən bu xoşbəxt ovqatı sizinlə bölüşmək istəyirəm. Onun da, başqa dostların da ürək sözləri olan linkləri şərhdə verirəm. Burada isə onun yazdığını Azərbaycanca paylaşıram. Görün Nərgiz müəllimə nə yazıb:

“Mən onu Ağdam şəhərindəki 1 saylı məktəbin 6-cı sinfində oxuyandan tanıyıram. Dipdiri qara gözləri vardı, fəhmli, dərrakəli, yaradıcı təxəyyyülə malik, hər şeyi öyrənməyə can atan 13 yaşlı bir oğlan idi. Lövhə qarşısına çıxıb rus ədəbiyyatından ev tapşırığına cavab verəndə özünə elə qapılırdı ki, istənilən klassik yazıçının istənilən əsərinin süjetini, sonluğunu istədiyi kimi dəyişib danışa bilirdi. Həm də bunu içdən, şövqlə və çox maraqlı edirdi; özünü uydurduğu o süjetin bir parçası sanır, danışdığına elə aludə olurdu ki, onu həmin o dünyadan mənim atmacam ayırırdı: “Vahid, yaxşı görək!..”

Bu zaman məsum-məsum utanıb gülümsəyir, danışığına kitabda yazılan kimi davam edirdi…” 25.01.19

2018

Bu, məndə rəssamlıq haqda təsəvvür yaradan ilk portretdir. Anamdan belə bir at istədiyim günü dünənmiş kimi xatırlayıram. Rəhmətliyin zarafatı da yadımdadı: “atdan xoşun gəlir, ya qızdan?”

Əsərin müəllifi Tahir Salahovun dünən 90 yaşı tamam oldu. Onu da, “Aydan” portretindəki Aydanı da, elə buna baxan hər kəsi təbrik etmək istədim bu gecə vaxtı.

P.S. Portret London hərracında 269 min funt sterlinqə satılıb. 30.11.18

***

20-25 ilin söhbəti olar, Müsavat rəhbərliyinin Türkiyədən gəlmiş əski müsavatçılar üçün düzənlədiyi böyük bir yeyib-içmək məclisində bayrağımızdakı hansı rəngin daha mühüm olması barədə qızğın müzakirə gedirdi. Biri türkçülüyümüzün önəmindən, o biri islamın böyüklüyündən, digəri Avropa dəyərlərinin rolundan ciddi arqumentlər gətirirdi. Uzun müzakirələrə Hikmət Hacızadə son qoydu. Ayağa qalxıb yaxşı bir sağlıq dedi. Dedi ki, bayraqda ən əsas məsələ onun sapıdır! Gərək möhkəm sap ola ki, bayrağı saxlaya bilə.

Zarafata salmayın, müdrik sözdü. Bayrağımıza yaxşı sap, o sapı saxlaya bilən güc arzusuyla, bayrağımız mübarək olsun! 09.11.18

***

15 sentyabr günü Münəvvər nənəmin bir xatirəsini bölüşüm sizinlə:
“Türklər gələndə Həbif (babamın adını belə çəkirdi) Ağdamda dost-tanış, qohum-əqrəbadan dəstə düzəldib onların qabağına çıxıbmış. O vaxt bizimkilər vuruşmurlarmış. Yevlaxda türk əsgərinin bir kişiyə şallaq çəkib söyməsi xəbəri onu da pərt edibmiş: “Kişilər bizi qorumağa gəlir, biz də girmişik evə”. Beləcə qoşulubmuş Müsavat ordusuna. Əsgəran döyüşündə dizindən yaralanmışdı. Yarasının yeri sonralar da göynəyirdi”.

Bu xatirənin yer aldığı “Özünü axtaranlar ölkəsi” essesini şərhdə verirəm. Bu isə yaşlı qonşularının birinin “Tiflis gəlini”, birinin “Ordubad qızı” çağırdığı Münəvvər nənəmin məndə qalan yeganə şəklidi. 14.09.18

***

QUBADLI XATİRƏLƏRİNDƏN:

Bərgüşada sözüm qaldı sinəmdə

İldə bir dəfə Qubadlıya gedərdik. Atamın bir dostu vardı, Vəli əmi, Allah rəhmət eləsin. O qədər doğma adam idi ki, elə bilirdim, elə həqiqi əmimdi. 14 yaşım olardı, ya olmazdı. Bir səfər onların qonşuluğunda bir qıza elə aşiq olmuşdum ki, evə qayıtmaq istəmirdim. Atama nə qədər yalvarsam da, qoymadı. Qıza da kişiyana söz vermişdim ki, qalacam! İndiki ağlım olsaydı, qalmaq istəyimin əsl səbəbini atama açıq deyərdim, rəhmətlik hal əhliydi, məni başa düşər, bəlkə də, qoyardı qalım. O sevdadan “Bərgüşada sözüm qaldı sinəmdə” adlı seir də yazmışdım.

Bərgüşadın bığlı balığı

Ordakı dostum Umudu heç vaxt unutmaram. Atası kinoteatrın müdiriydi. Ömrümdə ilk və son balığı onunla tutmuşam. Bərgüşad çayında qarmağıma bığlı balıq keçmişdi, deyirdilər nadir hallarda belə balıq çıxır. Hə, bax o Umuda atası pul verməyəndə lüt soyunub çıxırdı küçəyə, başlayırdı qışqırmağa: “Ay camaat, Teyyub kinonu dağıdır”. Ərköyün idi yaman.

P.S. Bu fotoda Umud artıq böyükdü, daha elə şeylər eləmirdi. 31.08.2018

***

Qəribədi, adam “gəlmək”dən çox, “getmək” haqda düşünür. Hər dəfə bu gəmini görəndə Çingiz Aytmatovun “Ağ gəmi” əsərindəki uşaq yadıma düşür. Uşaq balıq olub gəmiyə üzməyi, gəmidə təzədən adama çevrilib itmiş atasını tapmağı, sonra atasıyla birlikdə uzaqlara getməyi xəyal edir.

Ağ gəmili Karlskrona şəhəri ömrün 5,5 ili, 155 esse, hekayə, məqalə, 3 dildə 4 kitabla yadımda qalacaq. Deyəsən, mən də o uşaq kimi “gələnlər”dən yox, “gedənlər”dənəm. Köç davam edir – buralardan da gedəcəm!🙋  09.06.18

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma