Facebookda qalan yaddaş ləpirlərim. I hissə

Facebook səhifəmdə başqa heç yanda dərc olunmayan xeyli uşaqlıq, gənclik xatirələrim var. Bu xatirələri neçə ildir yazdığım statuslarla, fotolarla bölüşmüşəm. Xatirə yazıları sosial şəbəkədə ən çox diqqət çəkən paylaşımlarındandır. İtib batmasın deyə onları bir yerə yığdım, yüngül əl gəzdirdim, ayrıca fayllarda saxladım. Bu gün bir hissəsini bloqumda dərc etməyə qərar verdim. “Facebookda qalan yaddaş ləpirlərim” adlı xatirələr toplusunun I hissəsinə 2013-2017-ci illərdə yazdıqlarım daxildir.

Facebookda qalan yaddaş ləpirlərim. I hissə

2017

“…Diyircəkli qırmızı telefonumuzu o qədər yığmışam, cavab verməyib. İşğal olunmuş evindəki telefon nömrəsini yığasan, cavab verməyə, heç bilirsən bu nəyə bənzəyir? Sidq ürəkdən Tanrıya yalvarasan, səsin çatmaya, duan yetməyə, bax ona”. (“Publika.az saytına müsahibədən”). 1991-ci ildə Ağdam telefon qovşağının kitabçasında belə yazılıb: “Qazıyev Pərviz H., Ə. İbrahimov 8., 5-54-50” Kitabçanı qoruyub saxlayan şəxsə ehtiram hissiylə bölüşürəm! 26.12.2017

***

Nəriman Qasımoğlu ilə Qırğızıstanda, Issık-Kul sahilində at çapmağımız da olub. Nəriman bəyin doğum günüdü bu gün, təbrik edirəm! 26.12.2017

***

12 dekabr – 21 Azər Azərbaycan tarixinin 28 maydan sonra ən əlamətdar günüdü. Güney Azərbaycanda Milli Hökumət qurulub. Bu günün tarixi əhəmiyyəti haqda ən dolğun sözü Rəsulzadə deyib. “Trumen Stalinin burnun əzdi. Azərbaycandan rədd olmasına əmr verdi, Moskvaya atom bombası atmaqla hədələdi” – Əli Turanın sevinə-sevinə dediyi bu sözə Rəsulzadə belə cavab verib: “Sevinmək yox, ağlamaq lazımdı. İş şahla çarın parçaladığı Azərbaycanın birləşməsinə doğru gedirdi. Bizdə 3, güneydə 5 milyon (indi 10 və 25 milyon) adam var, bu ultimatum olmasaydı, böyük Azərbaycan yaranacaqdı – sovet imperiyası əbədi deyil”.

Bir də belə bir tarixi şansın yaranması arzusuyla! 12.12.2017

***

“Uşaqlıqda qəşəng aktrisalara vurulan vaxtlarım az olmayıb. İrina Alfyorovaya, elə bizim Həmidə Ömərovaya aşiq olduğum kimi. Şəkillərini jurnallardan kəsib otağımın divarlarına vururdum. Bir dəfə atam içəri girib onlara baxanda utanmışdım da. Amma o, etiraz eləməmişdi, eləcə bir xeyli baxıb, “Qəşəng qızlardı, zövqün pis deyil” demişdi. Birinin utancaq təbəssümü, o birinin iri gözləri məni sehrləmişdi.

Onlardan əvvəl isə birinci belə “sevgilim” İvan Kramskoyun məşhur portretindəki “naməlum qadın” idi. Növbəti ilin divar təqvimini o rəsmlə çap eləmişdilər. Anam kitab mağazasından alıb mətbəxin divarına vurmuşdu. Mən də çıxarıb öz otağıma aparmışdım. Çarpayımla üzbəüz divara yapışdırmışdım. Gecələri onun xəyalıyla yatır, sabahları mənə sirli bir maraqla baxan gözləriylə açırdım. Sonralar bildim ki, sevginin bu növünə platonik sevgi deyirmişlər”.

Kramskoyun bu portreti mənə görə “Mona Liza”dan da ürəyəyatımdı. Anamı xatırladır mənə, bəlkə də ona görə. Hələ mənim uşaq, onun cavan vaxtlarından üzü bəridi bu hiss. 21 dekabr onun anım günüdü. Bütün analara sayqı-sevgilərlə paylaşıram bunu. 21.12.17

***

15 avqust günü bu kişinin bir söhbətin eləyim sizə. Özü lap şirin belə danışırdı:
“1960 ya 61-ci il idi. Subay-soluq vaxtlarımızdı. Vəliylə (Vəli əmiylə uşaqlıq dostuydular, Ağdamda qonşumuz idi – V.Q.) getmişdik Bakıya gəzməyə. Babat yeyib-içib bulvarda gəzirdik. Vəli dedi, gəl paraxoda minək. Dedim, minək. Elə gəmi təzəcə aralanmışdı ki, Vəlinin tutması tutdu. “Kapitanı çağırın bura!” Deyirəm, ay Vəli, neynirsən kapitanı, camaat bizə baxır, bir az yavaş ol. “Yox! Kapitan gəlsin!” Bizim dildə güclə danışan bir kapitan gəldi, camaat da dənizi buraxıb bizə baxır. Rus qızları filan. Vəli əlini cibinə saldı, bir qom palazqulaq sovet pulu çıxarıb kapitana sarı: “Neçə verim bu paraxoda?” İndi dirənib ki, alıram bunu sən qiymət de. Kapitan da bir şey anlamır, key kimi baxır. Nə illah elədim, dediyindən dönmədi. Axır qayıtdım, bax tutaq ki, o satdı, sən aldın. Neyləyəcəksən bunu? “Aparajam Ağdama”. “A kişi nətəhər aparassan? Ağdamda dəniz var?” “Belə Xəzərnən üzəjəm Kürə, ordan da çerez Qar-Qar gedif, Qobuyla sürəjəm düz Şuşa astanovkasına”.

İndi London, Paris, Praqa su yolu olub. O vaxtlar Bakı bulvarı hər istəyəndə əlçatan deyildi rayon əhlinə. Sonralar həyətimizdəki hovuzun qırağında, armudun altında açdıqları məclisdə bunu danışıb gülürdülər. Bu gün 85 yaşı olur atamın. Bütün atalara ehtiram hissiylə bölüşürəm bunu. 15.08.17

***

Samtrediya – Qarabağ 0:6.

1981-ci ildə “Dinamo” Avropa liqasının (adı ayrı cür idi) çempionu olanda Tiflisin bu stadionunda keçirilən oyunlara fanatikcəsinə baxırdım, Çipiani, Çivadze, Şenqeliya deyə qışqırardım – Ağdamda… indi Ağdamsız komanda Avropa liqasında gürcüləri udur. Qlobal istiıləşmədəndi – belə deyim.

Stadionda gürcü bicliyinə baxın. Bom-boşdu, amma oturacaqları elə rəngləyiblər, elə bil, Dinamo – Feyenord oyunudu, ağzınacan dolu. Siz xatırlamazsız o oyunu. 18.07.17

***

Sizə bu şəklin tarixçəsin danışım, kefiniz açılsın. 22 iyundu, yerinə düşür. Deməli, 1985-ci ildə qələbənin 40 illiyi ilə bağlı respublika məktəbləri arasında teatr müsabiqəsi keçirilirdi. Bizim məktəbin teatr çıxaranları olan bu şəkildəkilər rayon məktəbləri arasında birinci oldu, sonra region üzrə də qalıb çıxdıq. Oynadığımız tamaşa bir partizan dəstəsinin həyatından bəhs edirdi. Dəstənin başçısı mən idim. Yusif, Müşfiq, İlqar, Rövşən üzü şəkildə olub özü feysbukda olmayan başqa uşaqlar da dəstəmizin üzvləri, Reyhan partizan qız idi. Rejissorumuz Atamoğlan müəllimiydi. Rəhmətlik tamaşaya yaxşı musiqi seçmişdi, geyimlərimizi şəhər teatrından götürmüşdü. Ən balaca ölçülüsü belə mənə yekəydi.

Məşqləri şəhər kitabxanasının akt zalında edirdik. Mənim uçbatımdan tamaşanın bir yerini təkrar-təkrar məşq edəsi olurduq – hər dəfə çaşırdım. “Bu, bizim üçün oturmağa bir bəhanə olmamalıdır!” deyib oturmaq olmazdı. Mənsə hər dəfə bunu deyəndən sonra otururdum. Axırda, sən demə, Müşfiq məndən xəbərsiz stula balaca bir sancaq keçirər. Elə sözümü deyib oturmuşdum ki, sancaq ətimə batdı. Səsim ərşə çıxdı, amma ta bir də oturmadım. Beləcə, rayonlararası yarışmanı qazandıq. Sancaq olmasaydı uda bilməzdik. Dediyim odu ki, yanınızda sancaq gəzdirin, bəzən o uğura açar olur. 22.06.17

***

Ağdamda qonşumuz vardı, Ağca xala, qocaydı, beli bükülmüşdü. Uşaq vaxtı hər küçədə görəndə qara zənbilini alıb düz evlərinə qədər aparırdım. Zənbili çox ağır olurdu, zülümlə aparırdım. Onun gülüşü, alqışı elə xoşuma gəlirdi ki, elə bilirdim o saat dediyi olacaq – “Allah məni yekə kişi edəcək”. 23.01.17

2016

Axsaq xoruzun hekayəti

Ağdamda milis şöbəsiylə çəpər qonşusuyduq. Şəhərə ilk atılan mərmilərin biri həyətimizə düşmüşdü. Deyirdilər ki, ermənilər milis idarəsini nişan alıblarmış. Onda hamımız Bakıda toydaydıq. 1992-ci ilin fevral ayı idi. Qayıdanda gördük ki, qonşu Səkinə xalagillə aramızdakı şifer barı dağılıb, şüşəbəndimizin şüşələri çiliklənib tökülüb. Alazan mərmisi toyuq hinimizin yanında çala yaratmışdı. Qapısı açıldığından toyuq-cücə həyət-bacaya dağılmışdı. Ölüb eləyəni yox idi, təkcə xoruzumuz yaralanmışdı, axsayırdı. Kəsəsi olduq. Tükünü təmizləyəndə gördük ki, buduna şifer qırığı batıb. Yazığın budu qap-qaraydı. O qədər qəlpənin bir elə toyuq içində tək xoruza dəyməsində bir hikmət vardı: elə bil xoruz sevdiyi toyuğu qorumaq üçün özünü qəlpə qabağına atmışdı.

2017 – Xoruz ili astanasında sizə bu hadisəni danışmaqda məqsədim həm də arzumu bölüşməkdi. Çox ağır il gəlir qarşıdan. Ağır illərmi görmədik?! Bunu da aşıracayıq. Onun ağrı-acısını, maddi-mənəvi sıxıntısını, qorxu-xofunu yalnız birlikdə dəf edə bilərik. Həmrəylik elə problemlərin həllinə birlikdə can qoymaqdı. Həyətimizdəki o yaralı xoruz misalı – xalqımız fədakardı, özünü fəda verməyə hazır hökumətimiz olsa, dünyanın ən gözəl, yaşamalı ölkəsini, rifah cəmiyyətini də qurarıq. Qarabağı da sevə-sevə qaytararıq. Elə budu arzum!

Yeni iliniz mübarək olsun! 31.12.16

***

Bilirsiz dəli Könül nə istər? Xəzər, Kayseri qurbanları bağışlasın!
Qar basmış meşənin hündür talasında pəncərəsi üfüq sonsuzluğuna baxan bir daxma.
Odun peçi, yanında bir yığın odun, bir torba şabalıd, bir meşok kartof. Peçin üstünə şabalıd, içinə kartof düzəsən.

Kamotun üstündə bir qalaq yuxa, taxtın böyründə bir kanistr qırmızı çaxır, arxa otaqda Tiflis bazarından ”Çapayev noskisi” bir bala motal pendiri (bizim ”Laçın motalı” hanı).

Şənbə-bazar dostlar gələ. Amma bazar ertəsi tezdən çıxıb gedələr, bir də gəlmək üçün.

Masada durna çırağı, yanında üst-üstə yazı dilini tez-tez itiləməyə, İsmayıl Şıxlının ”Dəli Kür”, İlyas Əfəndiyevin ”Geriyə baxma, qoca”, Bayram Bayramovun ”Karvan yolu”, Mövlud Süleymanlının ”Köç”, Əkrəm Əylislinin ”Kür qırağının meşələri”, Fəxri Uğurlunun “Tanrı dağları” kitabları ola. Bir də batareyası ölməyən noutbuk.

Görəsən hara haradı… 17.12.16

***

“Azad olmayan adamlar azad cəmiyyət qura bilməz!”, deyir. Bu şəkil 13 il əvvəl bizim o vaxtkı ofisdə çəkilib. Ramiz Rövşən ”III Sektor” demokratiya jurnalına elə demokratiya problemləri mövzusunda müsahibə verirdi. Dedikləri bu gün də aktualdı. Müsahibəylə yanaşı jurnalımıza ”Azərbaycansayağı hannibalizm və ya hakimiyyət süfrəsi” adlı yazı da verdi. Hər ikisi şərhdə verdiyim linkdədi. 15.12.16

***

Bir dəfə iki xarici xanım qonağımla Azərbaycanın neçə rayonun dolaşıb axşamı Bakıda Flora Kərimovanın qonağı olduq. Elə təzəcə çatmışdıq ki, Flora xanım ömründə ilk dəfə gördüyü adamları bir-bir hamama saldı. Qəribəmə gəldi, ta “arvad söhbətinə” qarışmadım. Amma zəhmət verdiyimdən özümü rahatsız hiss etdim. Dedim, ay Flora xanım bunları niyə çimizdirirsiniz?

Uzun, ətraflı cavab verdi…

Keçək İsveçə.

İsveçlilərlə fərqimiz elə Hatəmxan ağanın “Firəngistan söhbəti” qədərdir. Məsələn, bizdə ”qonaq otağı” var, onlarda yoxdur, ”vardagsrum” deyirlər, yəni ”gündəlik otaq”. Qonaq üçün ayrıca otaq, yataq, servis dəsti-filan yoxdur isveçlilərdə. Onlarda qonağa bağlı tək məişət sözü var – ”gästtoalett”, yəni qonaq üçün toalet və hamam. O da bizdə yoxdur.

Flora xanım izah elədi ki, qonaqlar tualetsizlikdən əziyyət çəkdiklərini elə çatan kimi ona deyibmişlər.

Tualetdən başlamaq lazım idi, neft bumunda, parklardan-filan yox! 24.12.2016

***

Sabah Ramiz Rövşənin 70 yaşı tamam olur. O, Azərbaycan poeziyasında yeni zirvə yaratmış bir şairdi. Mənim üçün onun ”Nəfəs”i Sabirin ”Hophopmanə”si, Füzulinin türkcə ”Divan”ı kimidi. O, həm də sözə dəyər verilən, sözü dinlənilən yerdə sözünü deməyi bacaran vətəndaşdı. Bir dəfə söhbətlərin birində Ramiz bəy dedi ki, Azərbaycanın azad, varlı, qüdrətli dövlət olmasını hamıdan çox onun yaradıcı adamları istəməlidi, biz istəyirik. Çünki bizim yaratdıqlarımızın yalnız o halda yaşamaq ehtimalı var ki, Azərbaycan dövləti, xalqı və dili yaşasın.

Bu şəklin 20 yaşı var. Bir gün bir məclisdən çıxanda Cavanşir Quliyev dedi ki, Musavatın himni hazırdı, gəlin gedək dinləyin, görün necə alınıb. Gec olmasına baxmayaraq, onun evindəki studiyaya getdik. Cavanşir bəy himni Ramiz Rövşənin sözlərinə yazmışdı. Dinlədik. Əzəmətli himn alınmışdı. Bəyəndiyimizi dedik, təşəkkür etdik. ”Kimdi oxuyanlar?” soruşduq. ”Aygün Kazımova razı oldu, o biri də özüməm” dedi. ”Müxalifət partiyasının himnini oxumaq hər müğəninin hünəri deyil, sağ olsun”, bunu da Nəsir Əhmədli müəllim dedi. O vaxt (elə indi də) müxalif partiyaya himn yazmaq da hər şairin, bəstəkarın işi deyildi.

Bütün çətinliklərə rəğmən Azərbaycan dövləti, xalqı, dili yaşayacaq və böyük şairini də yüzillər boyu yaşadacaq, buna inanıram.

70 yaşın mübarək, Ramiz bəy! 14.12.16

***

Bu gün Xudu Məmmədovun doğum günüdü. Ola bilsin çoxları tanımır onu, xüsusən də gənclər. Amma tanımamız lazımdı. İşin içində olanlar daha dəqiqini bilər – eşitmişəm ki, 80-ci illərin sonunda xalq hərəkatı oyanaoyanda Xudu müəllim söz sahiblərindən, ürək tutmasından ölməsəydi hərəkata lider olası ciddi namizədlərdən biriydi. Onun çox aforizmləri qalıb. Ən çox ürəyimə yatanlardan biri budur: “İstərdim, məni kommunist kimi dar ağacından assınlar, bir şərtlə ki, sinəmdəki yazıda “kommunist” sözünün əvvəlinə “sonuncu” kəlməsi də əlavə olunsun!”

Şərhdə haqqında Vikipediyadan link verirəm, tanımayanlar oxuyub tanısın.
Ruhun şad olsun, Xudu müəllim! 14.12.16

***

İndi oxudum ki, Nizami Süleymanov rəhmətə gedib. Onunla bağlı bir xatirəmi bölüşmək istədim. Demək, 1992-ci ilin prezident seçkisində AzTV-də canlı teledebat gedirdi. Bütün namizədlər vardı, Elçibəydən başqa, xarici jurnalistlərlə görüşdə olduğundan onu Sabit Bağırov əvəz edirdi. Nizami müəllim seçkinin favoriti, debatda əsas namizəd kimi özünü az qala qalib hiss edirdi. Ağızsulandıran vədlər və s. Biz jurnalistlər də sıraya durub namizədlərə sual vermək növbəmizi gözləyirdik. “Ədalət” qəzetində işləyirdim. Sıra mənə çatanda, tam yadımda deyil, ona təxminən belə sual verdim: “Nizami müəllim, sizi populizmdə Jirinovskiyə bənzədirlər. Hansısa bağlılığınız yoxdu ki?”

Sözüm ağzımda qaldı. Elə birinci cümlə onu hövsələdən çıxardı. Amma o yox, indi deputat olan Elmira Axundova az qala gözümü çıxaracaqdı. Rusdilli xanım jurnalist Rusiyanın təəssübkeşi kimi danışırdı. Cavan idim, enerjili və ümidliydim, nə Rusiyadan, nə də onu sevənlərdən ehtiyyat edirdim.

Elə hökumətimiz də ehtiyatı əldən verdi. Ehtiyyat etmək lazımmış! Sonralar biləcəkdik ki, urusun adamı bu zavallı namizəd yox, guya onu əzizləyən belə təəssübkeşləriymiş. Allah rəhmət eləsin ona. 02.12.16

2015

18 oktyabr dövlət müstəqilliyi gününü Aydın Məmmədovla yad etdim, o, bu günü görməsə də. Bayramımız mübarək, müstəqilliyimiz möhkəm olsun!

Yarımçıq qalan yazılardan birinə bu sözləri əlavə elədim bu sabah.

“Aydın Məmmədovu bu günkü gənclik tanımaz yəqin. Haqqında danışan yox, yazan yox, hardan tanısın?! Azadlıq mücadiləsi aparılan təlatümlü illərdə “orta müxalifət” ideyası irəli sürən bu şəxsi o dövrdə nə müxalifət liderləri sevirdi, nə də hökumət nümayəndələri. Eyni zamanda demək olar ki, həm müxalifət sevirdi, həm də hakimiyyət. Çünki “mövqesiz” idi, yəni iki seçimdən birini seçmirdi, öz seçimi, öz mövqeyi vardı – barışdırıcı mövqe!

Azərbaycanın düşmənləri üçün o vaxt ən təhlükəli adam nə müxalifət liderləri idi, nə hökumət rəhbərləri. Ən təhlükə adam iki fərqli düşünəni, az qala düşmən olanları ortaq fikrə gətirib barışdırmağa intellekti, məntiqi, dili və dilçəyi olan Aydın Məmmədov kimi zəka sahibləri idi.

Bakıya təzə gəldiyim illərdə “Azneft çayxanası”nda söhbətlərini dinləyib onun vətəni necə sevdiyinə şahid olmuşdum. Millət vəkili kimi vətənin müstəqillik aktına imza ata bilmədi, 18 oktyabr Dövlət Müstəqilliyi gününə 6 ay qalmış müammalı qəzada öldü, ya da öldürüldü”. 18.10.15

2014

Bu axşam mən də bir toya getdim. 50 il öncə bu gecə Ağdamda çalınan bir toya… Atamla anamın toyuna… 24.10.14

2013

“Hörmətli Vahid! Sizi “23 fevral” günü münasibəti ilə ürəkdən təbrik edirik. Hörmətlə, 10b sinif qızları. 23.02.1985″ 23.02.13:

***

Bura Lixtenşteyn Knyazlığıdır. Yüksəklikdəki knyazın qəsridir. Bu hasar knyazı xalqdan qorumaq üçün deyil. Sadəcə, çəkiblər ki, birdən mənim kimi turistlərin burnuna uşaqlıq qoxuları gələr, bağa üzüm oğurluğuna girərlər…

Havası, təbiəti, dağı-dərəsi, bağı-baxçasıyla Qarabağdı elə bil. Elə qala-qəsrləriylə də doğma gəldi mənə… 13.09.2013

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma