Donuq duyğuların canlı xəyalı: Ağdam

Donuq duyğuların canlı xəyalı: Ağdam

Əsgərlikdə evə dönüşü min cür xəyal edərdik. Hərə ağlına gələn atkeçməz yol fikirləşər, evdəkilərə sürpriz hazırlayardı. Ən qəribəsini şamaxılı Əlirza fikirləşmişdi, deyirdi dırmaşacaq ağaca, çağıracaq çıxın burda görüşək.

Mən xəlvətcə nənəmdənqalma qədim şifonerimizə girib yad səslə anamı səsləməyi xəyal eləmişdim. Anam bu qorxunc səsdən ürkəcək, atamı çağıracaq, haya bacım da gələcək. Şifonerin qapısını açacaqlar və… mən uzaq Totsk səhrasında əsgəri xidmətimi bitirib qayıtmışam. Beləcə hamımız xoşbəxt olacaqdıq!

İşğalda keçən 28 ildə evimizi bəlkə milyon kərə xəyal etmişəm. Amma o milyon kərənin heç birində söz açdığım xəyali qayıdış kimisi olmayıb.

Səbəbini Ağdam xarabalıqlarını dolaşan gün bildim.

***

İstər maşınımız Dördyoldan o üzə, dağıdılmış kəndlərdən keçəndə, istər Ağdama girəndə duyğularımı donmuş gördüm: keyimişdim, sakit idim. Nə baxdığımı görə, nə eşitdiyimi dinləyə bilirdim. Şüşə dalından muzey eksponatına baxırmış kimiydim.

Oxuduğum 1 nömrəli məktəbin uçuq divarları qarşısında da, məscidin minarəsinə çıxıb dörd bir yana tamaşa edəndə də canımdakı duyğu hüceyrələrinin donu açılmadı.

Hətta, orda – xoşum gələn qızla “görüş” yerində də titrəmədim. Bir vaxt Lenin bağı olmuş yerdə ayaq saxladım. Dərsdən çıxanda bağın bu tinində qız gözdən itənədək dayanıb baxırdım. O da hərdən çevrilir, qəribə lal oğlanın arxasınca gəlmədiyini, eləcə baxdığını görüb yoluna davam edirdi.

Şəhərin ən məhrəm bu yerində belə halım dəyişmədi.

Dedim evimizi istəyirəm! Lap uşaq kimi. Dedim yəqin evimizdə dirilər bu ölü duyğular.

Sağ olsun ANAMA-nın əməkdaşı, küçəmizi tapdı. Şuşa yolundan ayrılan küçəmizlə yeridim. “Köhnə hamam”ın divarları da mənim duyğularım kimi buz bağlamışdı sanki. Elə qocalmışdı bu divarlar, elə bilərdin min yaşı var. Şəhərdə gözümə ən qoca dəyən bu divarlar oldu.

…Axır ki, həyətimizdəyəm. Evimizin uçuq divarları arasında. Əlimi sürtürəm, bəlkə oyanar duyğularım – daşlar məni tanımır. Nə onikivərəq dəftərə yazdığım ilk hekayə-qaralamaların əlyazmalarını gizlətdiyim zirzəminin divarları, nə hər səhər Şopenin polonezləri sayaq musiqilərlə məni oyadan qara “Rostov Don” pianomuzun durduğu otağın boş pəncərə yeri. ANAMA əməkdaşının “İnanma nəsə qala burda, bu ev yandırılıb” sözləri də tərpətmir məni. Özüm daşam, daş! Uçuq evin daşı. Daşın canımı var tərpənə…

Pilləkənimiz yarıyacan durur. Çıxıb ətrafa baxıram. Qonşuların evi bu qədər yaxın deyildi axı bizə! Dar gündə hayan olmaq üçünmü belə yaxınlaşıblar, qısınıblar bir-birlərinə?

Ağdamda dağmı görərdin, haradan çıxdı bu dağlar? Əlimi uzatsam çatar Xıdırlı, Xramord dağlarına. Onlardamı şəhərin harayınamı yüyürüb gəlibmiş?

…Buralar mənə yaddır sanki: nə bu pilləkənlə çıxmışam, nə bu evdə yaşamışam. İsti dəmirinə uzanıb göyün ənginliyində gözlə tutası bulud gəzdiyim taxtapuş da yox idi, yıxılmışdı.

İllər uzunu gecələr sübhəcən xəyalı yatmağa qoymayan bu şəhər indi niyə dondursun ki, məni? Bəlkə zamanın da donduğu yerdə insan duyğusunun buza dönməsi təbii haldır?

Çox ölkədə ölü şəhərlər görmüşəm. Yunanıstanda Mikena xarabalıqlarını, Zevsin məbədini, Misirdə Amon-Ranın Nil qırağındakı Karnak Məbəd Kompleksini, Giza piramidalarını, Türkiyədə antik Pergenin küçələrini, Krımın Cuhut-Qala mağara şəhərini, Pantikapeyi turist kimi gəzmişəm.

İndi Ağdamı da turist kimi dolanıram?

Xüsusi nümayəndəliyin əməkdaşı Ağdamın keçmişindən, görüləcək işlərdən, planlardan danışır. Çox mədəni oğlandır, ehmal-ehmal danışır. Dinləyirəm. Sonra özüm danışmağa başlayıram – “turist”dən çevrilib “bələdçi” oluram.

Sonra da… susuram. Dilim ağırlıq edir, can çəkirəm danışmağa. Qayıtmaq, getmək istəyirəm burdan. İllər uzunu can atdığım, Tanrı dərgahı bildiyim yerdən bu nə qaçmaq istəyidir belə? Özündən qaça bilirmi adam? Bütün gücümlə gizlədirəm getmək istəyimi. Nə deyər, necə izah edə bilərəm bunu? Şahbulaq deyirlər, İmarət deyirlər, ayrı yerlərin də adını çəkirlər. Təşəkkür edirəm. Getmirəm!

Ayrılırıq! Qayıdırıq!

Bir ildir azad olunmuş şəhərə gəlməyə qorxurdum. Qorxurdum ki, onu bu halda görsəm, yaddaşıma həkk etdiyim, xəyalımda qoruyub saxladığım, mənim üçün hələ də adamları, küçələri, parkları ilə diri qalan, yaşayan uşaqlıq, gənclik şəhərim bu səfərdən sonra yox olar, hafizəmdən silinər.

Geri döndüyüm günün gecəsi anladım ki, soyuq ürəklə, donmuş duyğularla gəzməyimin səbəbi mənim xəyal şəhərimi qorumaq, gözümdə diri saxlamaq üçünmüş. Tanrı işi idimi? Bəlkə də!

Elə də oldu, gördüyüm o dəhşətli mənzərə mənim nağıl şəhərimi xəyalımdan silə bilmədi.

***

Hər şey uşaqlıq simsarım Yusifin yolladığı mesajla başladı. “Getdin Ağdama?” soruşurdu. Yusifin mesajı bir himə bəndmiş kimi duyğuların buzunu əritdi. Donu açılan duyğular canıma, ruhuma hücum çəkdi. Yalnız ona deyə bilərdim ürəyimdən keçənləri. Elə istədim ki, elə indicə yanımda ola. Zəng vurmaq istədim, eləyə bilmədim, səsli mesaj göndərmək də alınmadı – qəhər xirtdəyimdə düyün düşdü.

Sonra nə oldu? Oldu nələrsə…

Sonrası qoy özümdə qalsın, dostum oxucu. Yadına gələr bəlkə də o şəhərə həsr etdiyim kitabda yazdığım: “Kişi iki şey haqda danışmaz – bir sevgilərindən, bir də ağrılarından”. Bu dəfə də danışmayım. Qoy baş-başa qalaq: Sevgim, Ağrım, bir də mən.

Amma yox, birini deyim. İndi deyə bilərəm. O vaxtlar sevgilərimlə yalnız ürəyimdə danışardım. Dostlar mənə gülürdülər, səninki sevmək deyil deyirdilər. İldə birini sevirsən, deyirdilər. Əsl sevgi onların imiş guya. Sirdaşıma belə o biri sevgilərimdən danışmazdım. Nə Kramskoyun otağımın divarına vurduğum “Naməlum qadın”ından, nə ABBA-nın sarışın gözəlindən xəbərləri vardı. Bütün sevgilərimlə pıçıltıyla söhbət edərdim, bir kimsənin eşidə bilməyəcəyi bir səslə.

Ağrımsa mənimlə qalsın, danışmayım!

“Evimizi tapdım!” Yusifə bircə bunu yaza bildim.

***

Niyə Ağdam xarabalıqlarını dolaşanda məhz əsgərlikdən qayıdış xəyalının yadıma düşməsini sonra anladım. Elə o donuq duyğuların sirrini də onda bildim.

Bildim ki, adamı yaşadan “Səni gözləyən var!” nidasıdır. Ömrün bir çağında anlayırsan ki, sənin xoşbəxtliyin bu nidaya bağlıdır. Lap dünyanın o başında gözləyənin, səndən ötrü darıxanın varsa, demək dirisən və …yaşamaq gözəldir.

O gün getdiyim yerdə məni gözləyən yox idi. Daşlar belə unutmuşdu məni.

O yerdə qalsaydım bu illər uzunu, özüm də unudardım özümü!

…Amma nağıl şəhərimdə məni gözləyənlər var, bilirəm. Gedəcəm ora. Xəlvətcə nənəmdənqalma qədim şifonerimizə girib yad səslə anamı səsləyəcəm. Anam bu qorxunc səsdən ürkəcək, atamı çağıracaq, haya bacım da gələcək. Elə evimizin pianoçu kirayənişin qızları da. Şifonerin qapısını açacaqlar və… mən 28 ilin ayrılığından dönmüşəm. Beləcə hamımız xoşbəxt olacağıq!

Bilirəm, burada əvvəlkindən də gözəl şəhər salınacaq. “Xəyal memarı” adlı essemdə təsvir elədiyimdən də gözəl Ağdam tikiləcək. Amma o, məndən çox balaların, nəvələrin şəhəri olacaq.

Mənim olansa yaddaşımda, ruhumda qalandır. Donuq duyğularda belə canlı xəyal kimi yaşayan şəhər!

…Bilmirəm deyə bildimmi demək istədiyimi…

Vahid Qazi

P.S. Ağdama səfərin baş tutmasına görə tələbəlik dostum, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızına, komitənin rəhbərliyinə, evimizi və mənim üçün doğma olan başqa yerləri görməyimə yardım etdiyi üçün Qarabağ üzrə nümayəndəliyin, ANAMA-nın əməkdaşlarına təşəkkür edirəm.

Dərc olundu: novator.az, qaynarinfo.az, reytinq.az, teleqraf.com, musavat.com, azerforum.com, bizimyol.info, moderator.az, gununsesi.info, aznews.az, fedai.az, polemika.az, medianews.az, yenisabah.az, yeniyaz.az, qaziler.az, modern.az, rupor.az, 525.az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma