“Dirənib Rusiya qoşunlarını Qarabağdan çıxartmalıyıq”

“Dirənib Rusiya qoşunlarını Qarabağdan çıxartmalıyıq”

                   “Şərq” qəzetinə verdiyim müsahibənin tam variantı

Vahid bəy, 44 günlük müharibənin başa çatması xəbərinə reaksiyanız necə oldu? Hansı hissləri yaşadınız?

– Ordumuz Xankəndinin bir neçə kilometrliyinə çatanda bir dostum ağlıma ideya saldı, təzə bir yazı başladım. Açığını deyim, məni dostumun ideyasına ən çox ruhlandıran ordumuzun qələbələri ilə yanaşı həm də inamla deyilmiş “Sonacan gedəcəyik” nidası idi.

O yazıda yazacaqdım ki, Ağdamın bir-iki məhləsini açıq muzeyə, yerdə qalan hissəsini isə Azad İqtisadi Zonaya çevirək. Özünün beynəlxalq aeroportu, “İmarət” adlı azından 60 minlik stadionu, hotelləri, ticarət və biznes mərkəzləri olan yeni Ağdam salaq. Qafqazın Xirosimasını Qafqazın Dubayına çevirək sayaq fikirlər. Agdam sakinlərini də boşalmış Xankəndinə köçürək. Yəni başabaş dəyişim sona çatsın – Ermənistanda biz yoxuqsa, bizdə də erməni qalmır. Artıq hər səhər minlərlə Ağdamlının yerüstü metroyla yeni Ağdama işə gəlib, axşamlar Xankəndinə evinə qayıtmasını xəyalımda canlandırırdım. Başqa qəşəng fikirlərlə ideyanı ətə-qana gətirəcəkdim.

Əfsuslar ki, şər dövləti Rusiya qoymadı bitirəm yazını, həmin gecə qoşun salıb Xankəndini tutdu. Yazı yarıda qaldı, onu da atdım kompüterimdəki “Yarımçıq yazılar” qovluğuna.

Artıq müharibənin dayandırılmasından xeyli vaxt ötür. Amma Qarabağda vəziyyət aydınlaşmaqdansa, get-gedə tündləşir. Əvvəllər qələbə ovqatında idimsə, indi özümü pat vəziyyətinə düşmüş kimi hiss edirəm.

 – Niyə pessimistsiz? Qarabağdakı gedişatın sizi qane etməyən məqamları nələrdir? 

– Açıq qalan çoxlu suallara cavab axtarmalıyıq: Erməniylə məsələ aydındı, rusla neyləyəcəyik? Yarımçıq qalan Qarabağ davamızı Rusiya ilə necə aparmalıyıq?

Rusiyanın haradasa sülh yaratdığını tarix xatırlamır. Bütün dünyada onun sülhyaradan imici yoxdur, əksinə Rusiya işğaılçı, müharibəsevər ad çıxarıb.

Sovet dövründə məşhur mahnı vardı, “Xotyat li russkiye voynı”, yəni “Ruslar savaş istəyirmi”. Rusiyanın sülhsevər obrazını nə qədər belə propoqanda mahnılarla düzəltmək istəsələrdə, o mahnıdakı suala cavab elə Rusiyanın öz tarixindədir. Son 300 ilə baxsanız 3-5 il müharibəsiz ola, ya olmaya bu ölkə.

İndi bu ölkənin ordusu yenidən torpaqlarımızdadır və nə qədər o buradan çıxarılmayım, təhlükə “Domokl qılıncı” kimi başımızın üstündən əskik olmayacaq.

Bu günün sualı belədir: Qarabağdakı Rusiya qoşunları ilə neyləyək, pişim-pişim davranışla yola verək, ya işğalçı deyib üstlərinə gedək?

Kodlarla, işarələrlə danışmağı xoşlayan Putin məlum bəyənata əsgər sayını 2000 yox, məhz 1960 rəqəmiylə yazdı. O bəyanata Türkiyənin adını salmağa inad etdiyimizə görə 1960-cı ildə hakimiyyətdən salınıb edam edilən Adnan Menderesə işarət verməklə hakimiyyəti təhdidmi etdi? Bu, doğrudanmı belədir?

Başqa nələrlə təhdid etdi bizi?

İmzadan sonra o aktı ”işğal” adlandırmaq rəsmilərimizə çətindi, başa düşürük, amma əvvəl-axır etiraf edəcəklər!

Biz bilirdik, indi erməni görmüş 18 yaşlı gənc əsgərimiz də bilir ki, nəinki Xankəndi, tək Drmbon (Heyvalı –red) kəndində belə erməninin qalması, gələcəyimiz üçün təhdiddir, növbəti münaqişə ocağıdır!

Çiban deşilməyincə, sonacan gedib axırıncı ermənini sərhəddən yola salmayınca, ”başabaş dəyişim” işini bitirməyincə bizə Qarabağda gün yoxdur!

Hadrutda baş verən olay hələ başlanğıcdır. Bu cür provakasiyalar çox olacaq. Keşmiş təcrübələri yada salmalı, hazırlıqlı olmalıyıq. Bizi Rusiya ilə öz torpaqlarımızda uzun mübarizə gözləyir. Dirənib onların burada mövcudluğuna son qoymalıyıq, heç 5 ilə çatmasın.

 – Bəs indiki halda işğaldan azad etdiyimiz torpaqlard a hansı addımı atmalı, hansı işləri görməliyik?

– Bilirsiniz indi Azərbaycan dövlətindən, hakimiyyətindən hansı iradəni sərgiləməsini gözləyirik? Məsələn: Xankəndidə ASAN xidmətin ofisini açmağı, 31 martacan Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərə pasportumuzu verməyi və 1 maya qədər pasport almayanları qanundankənar elan edərək Qarabağdan kütləvi deportasiya etməsini!

Siyasətçi olsaydım Ermənistanda Qarabağı xilas yolunda buxov, Rusiyanı avrointeqrasiya yolunda tıxac hesab edən siyasi qüvvələri arayardım. Onlarla ilkin söhbətlərə başlayar, Qafqazı Rusiyadan azad etməyin, ondan birgə xilas olmanın gələcək konturlarından danışardım. Belə bir qüvvə aramaq qara otaqda qara pişik axtarmağa bənzəyə bilər. Amma yaşadıqları məğlubiyyətdən sonra onların bu cür düşünən siyasətçiləri olacaq. Artıq sosial şəbəkələrdə bu cür düşünən xeyli erməni fəalının çıxışları yayılır. Fikrimcə, Ermənistanda Rusiyanı Qafqazın baş bəlası sayanların başında elə Paşinyan gəlir. İndi “Nə oldu, Paşinyan?” ritorikasını kənara qoyub, “Qarabağın Ermənistan üçün buxov” olduğunu düşünənlərlə işləmək lazımdır. 

 – Qardaş Türkiyə bölgədə Rusiya təhlükəsini nə qədər neytrallaşdıra bilir?

– Birincisi – Türkiyə qoşunları! Ölkədə Putinin, Kremlin dilini ən yaxşı bilən qüvvə indi hakimiyyətdə olanlardır. 9 noyabrda nə baş verdiyini hamıdan dəqiq bilən ölkə başçısıdır. Bu gün pişim-pişim siyasətini münasib bilirlərsə, buyursunlar, hara qədər mümkündü çəkib aparsınlar. Alternativ variantı Rusiya Abxaziyada, Cənubi Osetiyada, Donbasda göstərib. Qarabağdakı planlarının da artıq konturları sezilməkdə, pişiyin quyruğu görünməkdədir.

Türkiyə ilə ən yüksək hərbi saziş imzalansın və türk qoşunları bizim ordumuzla bərabər Qarabağın rusda, ermənidə qalan hissəsini üzük qaşı kimi dövrələsin!

İkinci – Rusiya qoşunları! Hakimiyyətin siyasəti öz yerində, biz – bu ölkənin insanları vətəndaş mövqeyimizi sərgiləyək. ”Иван, уходи из Карабаха” (İvan, Qarabağdan get!) şüarı ilə Rusiya qoşunlarının Qarabağdan çıxmasını tələb edək.

“Şuşaya yol Bakıdan keçir” şüarımızı “Şuşaya yol Xankəndidən keçir”lə əvəzləməyin zamanı çatıb!

Sözümün canı odur ki, 1945-ci ildə almanların, 1956-ci ildə macarların, 1968-ci ildə çexlərin dediyini biz də təkrarlayaq – ”Иван, уходи из Карабаха!” deyək!

– Hər halda Qarabağda quruculuq işləri aparılmalı, bölgədə infrastruktur qurulmalıdır. Bəs bu işin həllini necə görürsüz? 

– Böyük Qayıdış necə təşkil etməli, Qarabağı necə dirçəltməli? Qarabağın dirçəlişindən danışırıq, bu adda fond da yaratmışıq. Amma unutmayaq ki, Qarabağın Dirçəlişi böyük Dirənişə bağlıdır! Dirəniş Rusiya “sülhməramlı”larının səlahiyyət aşmasına, erməni silahlılarının çıxarılmamasına, bölgədə Azərbaycan qanunlarının işləməsinə əngəllərə qarşı olmalıdır.

Bunlara nail olmadan Böyük Qayıdışa ümid etmək mənə sadəlövhlük kimi gəlir.

Baxın, 9 noyabrda imzalanan Birgə bəyanatın bir bəndində “regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası”ndan danışılır. Ağdam-Şuşa, Tərtər-Kəlbəcər, Ağdam-Füzuli yollarının açılması da aiddirmi bura? Hələ də bu suala rəsmi cavab verildiyini eşitməmişəm.

Xankəndi, Ağdərə, Xocavənd, Xocalı və s. yerlərin adını çəkən yoxdur. Bəlkə Putin Rusiyasında, yaxud bizim hakimiyyətdə bəziləri elə bilir ki, sovet illərində formalaşan Stepanakert, Martuni, Mardakert bizə Şuşa, Ağdam və s. kimi doğma deyil, xatirələrimizdə yerləri yoxdu, ona görə də oralar uğrunda dava açmayacağıq? Kökündən yanılırlar! Qarabağ yaddaşımızda da, xatirələrimizdə də və gələcək xəyallarımız da bütövdür, tamdır.

Sözümün canı odur ki, bizim qanunlar Qarabağın hər yanında işləməyincə Böyük Qayıdışdan, Dirçəlişdən danışmaq, yumşaq desəm, tələsikdir.

Dirçəlişə isə müasir dövrün urbanizasiya reallıqları nəzərə alınmaqla başlamalıyıq. Heç kimə sirr deyil ki, dünyada sürətlə urbanizasiya (şəhərləşmə) prosesi gedir. Kəndlər boşalır, insanlar şəhərə axışır. Bir-iki misal deyim. Rusiyada son 20 ildə 20 min kənd yox olub. Proses inkişaf etmiş ölkələrdə də belədir. İsveçdə cəmi 3 faiz əhali kənddə yaşayır, hətta bütöv kəndlər satışa çıxarılır.

İşğaldan azad olunmuş ərazilərdə 800-dək kəndimiz var. Bütün bu kəndlərdə yaşayış bərpa olunacaqmı? Yaxud bərpa olunmalıdırmı? Əlbəttə, hər kəs doğulduğu kəndin bərpasını arzulayır. Amma arzu başqa, reallıq başqa. Bizim o kəndlər tarixin fərqli dönəmlərində müxtəlif səbəblərdən yaranıblar. Müasir dövrün urbanizasiya şərtləri yeni reallıqlar diktə edir. Bəzən acı, sərt olsa da. Hər yaşayış məntəqəsi tək evlərin tikilməsi demək deyil, infrastrukturun qurulmasıdır həm də.

Demək istəyirəm ki, bu yerlərdə həyat sıfırdan başlayacaqsa, urbanizasiya reallıqları nəzərə alınmalıdır. 20-30 evlik kəndlərdənsə şəhər tipli iri qəsəbələr salmaq strateji baxımdan daha düz qərar olar.

Ali təhsil ocaqları, tarixi abidələr, muzeylər, turizm mərkəzləri, şərab, limonad, süd zavodları, ət kombinatları, yüngül sənaye fabrikləri, xalça-suvenir sexləri, sanatoriya-kurort müəssisələri, Avropa sayaq fermer təsərrüfatları: taxıl zəmiləri, üzüm plantasiyaları; at, qoyun, mal fermaları; nar, fındıq, qoz və s. meyvə bağları.

Amma Qarabağ tam azad edilmədən hər il milyardlarla manatı boğazımızdan kəsib onun ətrafının bərpasına ayırmağımız da bir başqa riskdir. Pul havaya sovrulmayacaq ki?! Bu gün tikdiklərimiz sabah döyüş poliqona çevrilməyəcək ki? Nə vaxtsa dördüncü Qarabağ müharibəsinin (Yazar Birinci Qarabağ müharibəsi deyəndə Cümhuriyyət illərində Qarabağda aparılan müharibəni nəzərdə tutur –red) başlamayacağına kimsə qarant durubmu?! Bir də… heç qaranta baxanmı var, ilməsi itmiş dünyada?!

Odur ki, Qarabağın yerdə qalanını da erməni və rusdan azad edək – başlayaq dirçəltməyə Qarabağı!

Böyük Qayıdışa və Dirçəlişə erməni-rus maneəsindən sonra ikinci böyük əngəl çapolçu, təpədən dırnağa korrupsiyaya bulaşmış, oğru, quldur məmur ordusudur. Bunlarlamı təşkil olunacaq Qayıdış, Dirçəliş?

 – Ağdamlı kimi doğma yurda, Qarabağa nə vaxt qayıtmağı düşünürsüz?

– Qarabağa qocalanda, “ölməyə vətən yaxşıdır” deyib qayıtmaq istəməzdim.

Sözün əsl mənasında Qayıdış və Dirçəliş dövlət siyasətinə çevrilsə, onun şəffaf mexanizmi işlənilsə, bərpa işlərinə əhali də cəlb edilsə, yuxarıda dediyim o soyğunçu məmurlar yurdsevər dövlət adamları ilə əvəzlənsə, Qarabağ tək mahnılarda qalmaz, real həyatda da cənnətə çevrilər.

Pandemiya dövrü başa çatsın, yollar açılsın, Ağdama, Şuşaya getmək imkanı yaransın mütləq gələcəm, 28 ildir xəyallarda yaşatdığım yerləri gəzəcəm. Çox istərdim bu səfərdə uşaqlar da mənimlə olsunlar, onlara Qarabağı özüm göstərim.

Şərait yaradılsa, Avropa, başqa yerlərdə yaşayan on minlərlə ailə geri dönər. Bu insanlar qürbətdə yiyələndikləri peşələrlə, az-çox qazandıqları ilə vətənə dönərlər. Xanımım deyir ki, yaşamağa imkan yaranarsa, Ağdamdakı məktəbimizi İsveç təhsil üslubunda yaradar, nümunə kimi göstərərdik. O, İsveç məktəbində ibtidai sinif müəlliməsidir. Özüm də bir işin qulpundan yapışa bilərəm.

Baxaq, görək…

İsmayıl Qocayev

”Şərq” qəzeti, 26 yanvar, 2021-ci il

“Dirənib Rusiya qoşunlarını Qarabağdan çıxartmalıyıq”” üçün bir cavab

  1. Geri bildiriş: “Danışım, gör məni” (müsahibələr) | Vahid Qazinin bloqu

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma