“Ədalət”in 30 yaşına
İnanmaq olmur “Ədalət” qəzetinin 30 yaşı olmasına!
Elə bil Aqil Abbasın “Jurnalistikanı universitetdə yox, redaksiyalarda öyrənirlər. Keçin qiyabiyə, təzə qəzet açıram” dediyi gün dünən idi.
Eşitdiyimizə inanmamışdıq, necə yəni ikimizə bir şöbə? Elə demişdi, qəzet açmaq ideyası yarananda. Yusif Rzayevlə məni nəzərdə tuturdu. “İlf və Petrov kimi qoşa imzayla yazaram yerinizə olsam”.
“Gülnarə” kafesindəki məclisdə tam ştatlı müxbir olduq.
Qəzet çıxhaçıxdadı və biz “Azneft” çayxanasında görüşürük. “Bir ştatı yarı böləçəm, iki qardaş işləyərsiniz. Hələ tələbəsiniz də”.
Doğrudan da tələbəydik, sovet vaxtı korrektor da böyük iş idi tələbəyə, o ki qala müxbir ola.
Və nəhayət əmrlər elan olundu: Yusif Rzayevlə Vahid Qazıyev ştatdankənar müxbir! Nə?
Aqilə ərk edəcək qədər sevgimiz, üsyan qaldıracaq qədər də ərkimiz vardı. “Biz işləmirik!”
Araya Rəşad Məcid girdi. Yarımştat işə başladıq. Az keçmədi, özü bizi tam ştata keçirdi. Aqildə adamın ürəyini qırmağa ürək nə gəzirdi!
“Ədalət” tək ilk iş yerim olmayım, həm də mənə hər jurnalistin yaşaya bilməyəcəyi duyğuların ilkini yaşadan yer olub. Ağdamdan Şuşaya helikopterlə sonuncu uçuş zamanı yaşadığım qorxu kimi, məsələn. Erməni gülləsindən salamat qurtulub ayağımı Cıdır düzünə basanda az qala dizim qatlanacaqdı – ömrün ən böyük qorxusuymuş yaşadığım. O səfərdən jurnalistlik bioqrafiyama yazılan “Zirzəmidə gecələyən şəhər”lə qayıtdım.
Yaxud Ala Yaqubun, OMON komandiri Rövşən Cavadovun döyüşlərindən hazırlayıb Ağdamdakı 5-54-50 nömrəli ev telefonumuzla redaksiyaya ötürdüyüm xəbəri, səhəri gün köşkdən aldığım qəzetdə “Müxbirimiz Vahid Qazıyev cəbhə bölgəsindən xəbər verir” şəklində oxumanın yerindən oynatdığı ruh kimi.
Müstqil mətbuatın qaranquşlarından olan “Ədalət”də yaşadığım başqa unudulmaz duyğular da var. Bir-bir yazsam qəzetdə yer qalmaz.
***
Yubiley yaşı qeyd olunan “Ədalət”in bütün əməkdaşlarını, köhnə, yeni redaktorlarını təbrik edirəm!
Şair “özünə qayıdır, hər şey özünə”deyir. Yubiley arzum isə odur ki, mən də qayıdım. Qayıdıb “Ədalət”in azad olunmuş Ağdam şəhərində bölgə müxbiri olum. Ürəkaçan reportajlar yazım. O vaxtlar “Gənc publisistin düşüncələri” rubrikasında yazdıqlarımı indi “Köhnə müxbirin xatirələri” silsiləsində davam edim.
Yurdun qapısı yurddaşa açıq olur. “Ədalət” də yurddu. Yüyürüb gələrəm, lap ştatdankənar olsa da.
Bir də axı, indi o tək Aqil “Ədalət” deyil, İradəli, Aqil “Ədalət”di.
Bax belə…
Vahid Qazi
Helsinqborq, İsveç
26 iyul, 2020