Vətənsevərin vətən işgəncəsi

15FFBBC6-4128-4478-B764-6B873D18E168_cx0_cy4_cw0_w1023_r1_s

Vətənsevərin vətən işgəncəsi

Şəkildə gördüyünüz bu adamı tanımayan dostlara tanıtmaq istəyirəm. Saleh Rüstəmov.

Onu ilk dəfə Gədəbəyin icra başçısı kimi dövlət müşaviri Arif Hacıyevin qəbuluna gələndə görmüşdüm. 1993-cü il martın sonlarıydı. Elə o görüşdən onun adı yaddaşıma “abırlı başçı” kimi həkk olub. İcra başçıları arasında ən cavanı o idi. Elə mənim də “sütül vaxtım” idi, 25 yaşım təzəcə olmuşdu. Prezident aparatında dövlət müşavirinin köməkçisi işinə yeni başlamışdım.

Qəbuldan çıxanda yanıma gəldi. Çox ədəb-ərkanla, sanki şəxsi xahişini edirmiş kimi, sakit səslə dedi: “Bəy, bizim rayonda avtobus çatışmazlığından kəndlərarası gediş-gəlişdə biyabırçı vəziyyət yaradıb. Ən dəhşətli hal Şınıxdadır. Ora müharibə bölgəsidir. İnsanların rayon mərkəziylə əlaqələri kəsilib. Rəsmi qaydada müraciət etmişik. Maraqlanmaq olarmı, məktub hara göndərilib, baxılırmı?” “Öyrənib xəbər edərəm”, dedim.

O vaxt Nəqliyyat naziri Həzi Aslanovun oğlu idi. Zənglərimlə dəng elədim onu. “Prezidentin dərkənarı olan məktuba 3 gün ərzində baxılmalıdır, 1 həftə keçib”, “Ora müharibə bölgəsidir, Bakı marşrutlarından bir avtobus çıxarıb yollamaq olmazmı?” sayaq sözlərlə nazirdən əl çəkmədim. Axırı düzəldi. Şınıxa “poqorod” avtobusu verildi. Səhəri gün zəng edib təşəkkür elədi. Təşəkkürə heç bir ehtiyac olmasa da. Təhlükəli bölgədə yaşayan əhalini avtobusla təmin etmək dövlətin borcu idi.

Növbəti zənglərimdə onu sərhəd bölgələrində, əsgərlərin yanında tapırdım. Kabinetində danışığımızı xatırlamıram.
Sonra bizi devirdilər. Daha vətənsevər, bacarıqlı məmurlar ordusuyla əvəzlədilər. Sonrasını bilirsiniz. Lap sonrası isə bu gündür.

Saleh bəyi o vaxtdan görmədim. Odur ki, elə indi də yaddaşımda 27 il əvvəlki halıyla qalıb – abırlı başçı kimi.

O, əlində silah ermənilərlə vuruşub, Gədəbəyi qoruyub. Qarabağ müharibəsi veteranıdır!

Saleh Rüstəmov bu gün həbsdədir. İndi həbs olunan icra başçılarından fərqli olaraq, o dövlət əmlakını talamayıb, haramzada cinayətlər törətməyib. Deyirlər, həbsdə ona olmazın işgəncəsini veriblər, mülkünü, əmlakını alıblar. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus sayır.

Qarşıdan Cümhuriyyətin ildönümü gəlir. Əfv fərmanı olacaqmı, bilmirəm. Olmayacaqsa belə onun azad olmasını istərəm. Haqsız həbs olunanların hamısının azad olunması tələblərinə mən də qoşulanlardanam! Saleh Rüstəmovun da, Tofiq Yaqublunun da, Qarabağda vuruşmuş hər bir siyasi məhbusun adından əfv ərizəsi də yazaram. Təki açın buraxın, ailələrinə qayıtsınlar. Müharibədə qan axıtmışların yeri məhbəs deyil! Günaha batmayın!

***
25 may günü Ağdamdakı buraxılış günümüzün 35 illiyi – “son zəng” haqda bir xatirə paylaşmaq istədim. İnternetdə gözüm aldı ki, Saleh Rüstəmovun doğum günüdür. Onunla bir xatirəmi paylaşım dedim.

Azadlıqda görmək ümidiylə səni təbrik edirəm, Saleh bəy! “Abırlı icra başçısı”! Vətəndə işgəncə yaşayan vətənsevər oğlan!

Vahid Qazi

25 may 2020

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma