Demokratiyaya doğru heç tısbağa sürəti də yoxdur

042600026268

İsveçdən baxış: Azərbaycana demokratiya neft bitdikdən sonra gələcək

Yazıçı Vahid Qazı Ağdamda anadan olub, doxsanıncı illərdə Müsavat Partiyasının mətbuat xidmətinin əməkdaşı olub, sonra İsveçə mühacirət edib. Helsinqborq şəhərində yaşayır, kitablar yazır. Onun son “Rusiya sindromu” essesi Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından bizə qalan mənəvi irs haqqındadır. 11-ci Qızıl ordunun Azərbaycanı işğal etməsinin (28 aprel 1920-ci il) 100 illiyi ərəfəsində yazılıb. Vahid Qazi Turan-ın suallarını cavablandırıb.

***

– Azərbaycanda rəsmi təbliğat xalqda belə təəssürat yaratmağa çalışır ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir, dünya Ermənistanı pisləyir, Azərbaycanda bir qrup yaramaz ölkə daxilində baş verən hadisələrlə bağlı beynəlxalq təşkilatları aldadır. Ancaq ölkə daxilində hər şey normaldır. Bəs, Azərbaycan Avropadan necə görünür?

-Yadınıza gəlirsə futbol üzrə Dünya Çempionatında dünya mediasında belə bir xəbər getdi ki, Şimali Koreya TV-də, bu ölkənin komandası Braziliyanı 10:0 hesabı ilə udub. Bütün Şimali Koreya inanıb bayram edirmiş. Çox yaxşı ki, Azərbaycan hələ ŞK olmayıb.Vətəndaşların az da olsa alternativ xəbər almaq imkanları var. Bizim rəsmilərin nə deməsindən asılı olmayaraq, Azərbaycanın adı günbəgün qara siyahılarda yuxarı yerlərə çəkilir. Korrupsiya, siyasi opponentlərə qarşı repressiya, avtoritarizm. Avropadan baxanda məmləkət beləcə neft rəngində – qara görünür”.

– Bizdə deyirlər ki, azərbaycanlıların müsəlman və Asiya mənşəyi bizim Avropa tərəfindən qəbul edilməmizə mənfi təsir göstərir. Ona görə də Avropa erməniləri dəstəkləyir. Ona görə də Azərbaycanın demokratik olmasının mənası yoxdur, çünki biz onsuz da geridə qalmış asiyalı olaraq qalırıq. İsveçdə (Avropada) Azərbaycan haqda belə təəssürat varmı?

– Bu, öz bacarıqsızlığına bəraət axtarışına bənzəyir. Adama deyərlər, sən nə vaxt avropalıya onun başa düşdüyü dildə tarixi sənədlər, sənədli filmlər, kitablar təqdim elədin? İnandırdın? Bizim ”həqiqətlər”imiz olduğu kimi ermənilərin də öz ”həqiqətlər”i var. Onlarlar təqdimat işində bacarıqlıdır, bunun obyektiv səbəbləri də var, diaspor kimi.

Atatürk dünyəvi, demokratik islahatlara başlayanda Avropa, ABŞ onu anladı, dəstəklədi. Onun müsəlmanlığına, şərqliliyinə baxmadı. Avropa dəyərlərinə qucaq açan Atatürkə onlar da qucaq açdılar. Məhz buna görə II Dünya Müharibəsindən sonra boğazları tutmaq sevdasına düşmüş Stalinin qabağına demokratik Qərb çıxdı. Yoxsa Tehrana qədər qoşun yeridən SSRİ İstanbulu da tutmuşdu.

Biz, müsəlman şərqinin ilk Cümhuriyyətini qurmuş xalq bütün müsəlman aləminin ən dünyəvi-modern ölkəsini də qura bilərdik. Son 27 ildə yürüdülən siyasət xalqı bəlkə də yarım əsr geri saldı. Səbəbi soruşsanız deyim: 1. Neft; 2. Sovetdən qalma çiy elita; 3. Sovet dövründə formalaşan klan; 4. Xalq hərəkatı liderlərinin o dövrdəki və sonrakı bilərəkdən, ya bilməyərəkdən dalbadal buraxdığı səhv; 5. Ən əsası ümumxalq biganəliyi.

Sualınızın son hissəsinə isə belə sualla cavab verərdim. Biz kiməsə xoş gəlsinmi deyə demokratikləşməliyik? Azad cəmiyyət cələcək üfüqlər deməkdir. Qapalı cəmiyyətsə, karantinə salınmış kütlə. Seçim öz əlimizdədir. Mənim salam kəsdiyim isveçlilərin təsəvvüründə Azərbaycan sirli, tanınmayan, səfər etməli yerdir. Səyahətsevər isveçlilərdən narahatlığım odur ki, gedələr, pəjmürdə qayıdalar.

– Məlumdur ki, Azərbaycanda azərbaycanlılar siyasi cəhətdən birləşə bilmirlər. Hətta siyasi demokratik müxalifətin daxilində onlarla fikir ayrılığı var ki,  REAL Partiyası ilə olduğu kimi. Bəs Avropa azərbaycanlılarının siyasi mənzərəsi necədir? Orada azərbaycanlılar daha ağıllı, siyasi cəhətdən daha savadlıdırmı?

– Orada necədirsə, burada da o cürdür. Belə bir fikir var, deyir üç polyak görüşür, sonunda bir təşkilat yaradır. Üç azərbaycanlı yığışır bir yerə, sonunda dörd  yerə parçalanır. Ümummilli ideya olmayınca bu, davam edəcək. REAL Partiyasını soruşursunuz. Ölkənin xeyli intellektualı bir yerə yığılanda sevinib ümidlənmişdik. Hələ 5 il qabaq yazdığım “Yolda qa(o)lan  yolçuluqlar”adlı yazıda onlardan da bəhs eləmişdim. Bu günün gələ biləcəyini yazmışdım. Onda xeyli dost məndən incimişdi. Məsələn, Altay Göyüşov Feysbuk dostluğumdan çıxmışdı.

Avropada Azərbaycana elə orada xeyir verə bilən adamlar var. Ürək ağdıran hal odur belələrinin sayı artır. Burada yazmaq, danışmaq rahatdır deyə çox adam yazır, Yutub kanalı açır. Mən buna pis baxmıram, əksinə, həqiqi informasiya qıtlığı yaşayan cəmiyyət üçün bu cür imkanlardan yararlanmaq lazımdır.Amma orada elə təsəvvür yaranmasın ki, buradakılar ağıllıdır, siyasi yetkindirlər. Ən yetkin də, ən mübariz də orada qalanlardır.

– Necə hesab edirsiniz, Azərbaycan hara gedir? Geriyə monarxiyaya? Bəlkə çox yavaş da olsa demokratiyaya dorğu? Yoxsa yerində sayır? Hakimiyyətdə seçkisiz islahatlar mümkündürmü? Dünyaya Azərbaycan indi olduğu kimi lazımdır?

– Azərbaycan sərt yoxuşa çıxan və hər an üzüaşağı qayıda biləcək nasaz maşın kimidir. Seçimi xalq etməlidir: “monarxiya” ilə razılaşırsa, uzaq demirəm, yaxın zamanların alt-üst olan, özü cəhənnəm, xalqlarını səfalətdə qoyub tarixin zibilliyinə atılmış “monarxiyalar”ı göz önünə gətirsin. Ya da hakimiyyəti həqiqi islahatlara başlamağa məcbur etməlidir. “Etiraz ləyaqətin bir başqa adıdır!”

Demokratiyaya doğru heç tısbağa sürəti də yoxdur. Bunu deyənlər ilk növbədə özlərini aldadırlar. Olan-qalan demokratik təsisatlar məhv edilib. Ən böyük faciə isə odur ki, ictimai əxlaq ciddi deformasiyaya uğrayıb.

Bütün siyasi uğurların ana təməli seçkidir. Müzakirələrdən keçən qərarlardır. Çingizxan belə qurultay qərarları olmadan addım atmazmış. Təkbaşına idarə sonunda fəlakətdir.

Dünyanın tərəqqipərvər qüvvələrinə azad, demokratik Azərbaycan lazımdır. Onlar Rusiya və İran kimi despot ölkələrin arasında demokratik ölkə görmək istərdilər. Təəssüf ki, hazırkı dünya düzənində hakim qüvvələr bəşəri dəyərlərə sadiq yox, merkantil maraqları olan odioz güc sahibi olanlardır. Dünyanın aparıcı ölkələrinin liderlərinə fikir verin. Onları uzaq demirəm, 30-40 ilin liderləriylə müqayisə edin.

Neft bitsin, ümidimiz də çiçəkləyəcək!  Bu da son suala cavab. Bir qədər tələsik oldu.

Kamal Əli

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma