Bir hakimiyyətdən artıq

Без названия (1)

Bir hakimiyyətdən artıq

1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov vəzifəsindən istefa verəndə qərarını MK üzvlərinə belə izah eləmişdi: “Birinci katibin öz xahişi ilə vəzifədən getməsi Azərbaycan partiya tarixində ilk hadisədir. Öz gedişimlə həm də yeni ənənənin başlanğıcını qoyduğumu zənn edirəm. Buna çox inanmaq istəyirəm… Öz missiyamı insanlardan qorxu hissini çıxarmaqda görürdüm. Düşünürəm, bu planda nələrəsə nail olmuşam. Bu, elə mənim ən böyük uğurumdur”.

Həmin ilin 14 iyulunda respublika “KQB”sinin başçısı onun yerinə təyin olundu. Tarixə “qırmızı terror”u, “repressiya illəri”ni yazmış bir təşkilatın mahiyyətini daha aydın açır deyə Dövlət Təhlükəsizlik Komitəsinin adını orijinalda olduğu kimi verdim. Vəli Axundovun insanların qəlbindən çıxarmağa çalışdığı qorxu hissini elə məhz həmin təşkilat adamların iliyinə yeritmişdi.

Yeni təyinat tək köhnə qorxunu qaytarmadı, yenilik də gətirdi. Axundovun dediyi ənənəyə yox, başqa bir başlanğıca yol açdı.

Bu, əvvəlki və sonrakılardan köklü surətdə fərqlənən bir seçim-təyinat oldu. Bu, sıradan hakimiyyətə gəliş deyildi, ölkədə o vaxtacan bənzəri olmayan klan quruculuğunun başlanğıcı idi.

Azərbaycanın da, azərbaycanlıların da simasını dəyişəcək başlanğıc!

Bu gün o başlanğıcın 50 illiyidi!

Klançılığın xalqın, dövlətin həyatındakı rolunu yəqin gələcəkdə detallı təhlil edilənlər çox olacaq. Qısa yazıda qəsdim bu deyil, onun yubiley günündə düşündüklərimi bölüşməkdi.

“Traybalizm dinc vətəndaş müharibəsidir” deyirlər. Milləti parçalamaq istəyirsənsə, yerliçiliyi dövlət siyasətinə gətir! Hədəfin dövləti çökdürməkdirsə, “Birləşdir, yönəlt” yox, “Parçala, hökm et” prinsipiylə işləyən birini ona rəhbər qoy!

Yeni rəhbər işinə siyasi elitanı dəyişməklə başladı. Hakimiyyətin ilk beş ilində nazirlərin üçdə ikisini, MK büro üzvlərinin 10-dan 8-ni, MK şöbə müdirlərinin 14-dən 13-nü, rayon birinci katiblərinin 45-dən 37-ni dəyişdi. Sonrakı illərdə proses daha böyük şövqlə davam etdirildi. Dövlət strukturlarında aşağı səviyyələrəcən klanın şəbəkəsi quruldu, toru ilmə-ilmə hörüldü.

Opponentlər sonralar yazacaqdılar ki, bu əvəzlənmələrə “əsasən provokasiya, kompramat, təqib yolu ilə nail olunurdu”. Yeni kadrların isə Mark Tven demiş, “yarısı heç nəyə yaramırdı, o biri yarısı isə hər işə yarayırdı”.

Ermənistan-Naxçıvan regionlarını əhatə edən klan şirəyə yığırmış kimi bu bölgələrin insanlarını Bakıya çəkdi. Ermənistandan iki əsrlik deportasiya siyasətinə əlavə çalar qatıldı – klan üçün beyin axını təşkil olundu. Ermənistan azərbaycanlıları oxumaq, karyera qurmaq üçün Yerevana yox, Bakıya üz tutdu. Nəticə o oldu ki, 1988-ci ildə sonuncu etnik təmizləmə başlayanda sadə əhali “başsız” qaldı.

…Türkiyədə az qala qul ömrü yaşayan sadə naxçıvanlıların ürək paralayan videosuna o gün mən də baxdım…

Detallara varıb uzaqlara getməyim, sadəcə yaddaşı təzələyim.

Ötən əsrin 70-80-ci illərində insanların qüruru zəhərli pambıq tarlalarında, üzüm bağlarında, tütün plantasiyalarında sındırıldı. Milyonlarla azərbaycanlının alın tərini Moskvanın “keçici qırmızı bayraqları” belə silmədi. Bütöv xalqın mənliyi bir nəfərin karyera nərdivanında ayaqlanan pillələrə sərildi.

Yeri gəldi, yüzlərlə bənzər misalın birini yazım. Deyir, Qafan erməniləri özlərində tapmadıqları ərzaq mallarını, məişət əşyalarını almağa gələn soydaşlarımıza lağ edərmişlər, “Axşam çapan, səhər Qapan” deyərmişlər. “Çapan” deyərkən Azərbaycanın aldığı o mənasız bayraqların şərəfinə düzənlənən şoulara “acların” əl çalmalarını nəzərdə tutarmışlar.

Musa peyğəmbər xalqını qul təfəkküründən xilas etmək üçün 40 il səhrəda dolandırıb. Bizdə əksinə oldu. Azadlığı təzəcə dadmaqda olan xalq müti varlığa çevrildi. Sanki xalq “sökülüb”, rəhbərin zövqünə uyğun yenidən “yığıldı”. Qısayaddaş, uzaqgörməz, gözüqıpıq insan toplusuna çevrildi.

Həticə isə ağır oldu!

Məlum oldu ki, elitası vətənpərvər ziyalılardan yox, region-tayfa təfəkkürlü merkantil adamlardan formalaşan xalq taleyüklü iki hadisəyə hazır deyilmiş: SSRİ-nin dağılmasına, bir də Qarabağ müharibəsinə.

SSRİ dağılanda, Qarabağda münaqişə alovlananda ermənilərin xalqı ayaqda tutan kilsəsi, Rusiya qarışıq ən güclü dövlətlərdə sözükeçər diaspor təşkilatları, siyasi partiyaları, mədəniyyət mərkəzləri vardı. Azərbaycan xalqının isə onu səfərbər edəsi heç bir rəsmi, ya qeyri-rəsmi təşkilatı, qurumu yox idi.

Həmin dövrdə Azərbaycanda yeganə çevik güc mövcud klan idi. Bu güc isə xalqın deyildi, çünki klan vətənə yox, bir şəxsə sədaqət prisipiylə formalaşmışdı. Və ən təlatümlü dövrlərdə – 1988-1993-cü illərdə o, bütün gücünü xalqın müdafiəsinə yox, hakimiyyətə qayıtmağa səfərbər etdi.

Bu yolda heç nədən çəkinmədi: Mövcud hakimiyyətlərin fəaliyyətini iflic edən sabotajların təşkilindən tutmuş, düşmənlə separat atəşkəs razılığınadək (müharibənin ən qızğın çağında Naxçıvanda ermənilərlə belə bir razılığa gedildiyi iddia olunur), 20 yanvar qırğınına səbəb olan provakasiyalardan, qiyama dəstək verib hakimiyyəti ələ keçirməyəcən. Bunlar opponentlərin zaman-zaman təkrarladığı ittihamlardı.

Hələ Milli Azadlıq Hərəkatının neçə öndəgedər liderinin klan torbasından çıxmasını demirəm!

Usta barmaqlarla hörülmüş klan hakimiyyəti daha sonralar xalqın 150 milyardlıq neft pulunu yağmalayıb, özünü isə səfalətə salacaq, ölkədən dərbədər edəcək, mənən çökdürəcəkdi.

Bu sadalananlar oxuyub eşitdiklərimdi.

Bir də gördüklərim var!

Prezident aparatında sonuncu iş günüm 23 iyul 1993-cü il – Ağdamın işğal günü oldu. Sözümü tükütərpənməz təzə dövlət müşavirinin gözünə baxaraq dediyim, qapını üzünə çırparaq getdiyim gün. Onun simasında klanın qorxunc üzünü gördüyüm, onun mahiyyətini, məramını anladığım gün. Doğulub böyüdüyüm şəhərin işğalına biganə o soyuqqanlı vücuda heyrətləndiyim, havalandığım gün.

İndi daha heç nəyə heyrətlənmirəm!

İndi xanədanın 50 yaşını bayram edən zavallı xalqı düşünürəm.

Bir də yazını bitirdiyim bu sabah pəncərədə doğan günəşi seyr edirəm. Bütün ümidlərin anası günəşi…

Vahid Qazi

14 iyul 2019

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma