“Taundan qaçan kimi qaçırlar məndən”

Sara xanim ve Nazim Haciyev

“Taundan qaçan kimi qaçırlar məndən”

Və yaxud milyonçu qızıyla partiya katibinin görüşü

1961-ci ilin oktyabr günlərindən birində Mərkəzi Komitənin ideologiya üzrə katibi Nazim Hacıyevə qəbula bir qadının gəldiyini deyirlər.  Gələnin Bakı milyonçusu Zeynalabdin Tağıyevin qızı olduğunu bilən katib dərhal, növbəsiz onu qəbul edir.

Leninqraddan qayıtdıqdan sonra bir müddət işləsə də, Saranın “burjuy qızı” olduğunu bilən kimi işdən çıxarıbmışlar. Məşəqqətli günləri daha da ağırlaşıbmış.

Heç kim onu yaxına buraxmırdı. Nəinki kömək etmək, onunla ünsiyyət belə təhlükəliydi. Sara xanımı qəbul etməklə Nazim Hacıyev özünü riskə atırdı. Bu görüş karyerasına son qoya bilərdi. Amma proletariat partiyasının katibi milyonçu qızını gülər üzlə qarşılayır, qucaqlayır, hal-əhval tutur, dinləyir.

Nazim Hacıyevin anası Sara xanımla Tağıyevin açdığı qızlar məktəbində bir oxuyub, rəfiqəlik edibmişlər. Babası Kərib bəyi Tağıyev məktəbin yaradılması işinə cəlb edibmiş.

“Xruşşov dövrünün Qarabağ şəhidi” adlı məqalədə Nazim Hacıyev haqda ətraflı yazmışam deyə burada geniş tanıtmağa lüzum görmürəm. Bircə onu deyim ki, 60-cı illərdə şübhəli şəkildə ölən vətənpərvər gənc rəhbər işçilərdən biri də o idi. Maraqlansanız dediyim məqaləni bloqumda oxuya bilərsiniz.

Aydın Hacıyev atasına həsr etdiyi “Hər şeyi anlamaq, amma bağışlamamaq” (“Все понять, но не все простить”) kitabında Sara xanımın Nazim Hacıyevlə görüş xatirəsinə də yer ayırıb. Dünən sosial şəbəkələrdə ömrünün son 6 ilində ona dayaq olmuş Şəmsəddin Əliyevin müsahibəsini oxuyanda həmin kitab yadıma düşdü. O xatirəni oxucu dostlarımla bölüşmək istədim.

Sara xanım Nazim Hacıyevin onu doğma adamı kimi qarşılamasından çox təsirlənibmiş.

Kitabdan onların söhbətinin bir hissəsini belə tərcümə elədim:

-Sara xanım, nə kömək edə bilərəm? Deyin, utanmayın, mən də sizin oğlunuz.

-Sağ olun, Nazim Mamedoviç, – adət etmədiyi isti münasibətdən çaşqın halda dedi, – Siz ki, mənimlə görüşdünüz, bu məndə bir ümid yaratdı. Mənim ali təhsilim var, fəlsəfə oxumuşam. Amma Leninqraddan qayıdandan bəri məni heç yanda işə götürmürlər. Fəlsəfəyə dair elmi işimi özümlə gətirmişəm. “İstismarçı” qızı olduğumu bilən kimi hamı məndən qaçır. Heç kim atamın elədiyi yaxşılıqları xatırlamaq istəmir… Taundan qaçan kimi qaçırlar məndən”.

Nazim Hacıyev elə onun yanındaca universitetin rektoru Şəfayət Mehdiyevə zəng vurur. Rektor kitabxanada vakansiya yeri olduğunu, onu işə götürəcəyinə söz verir.

Xeyli söhbət edirlər, ideologiya katibi onun yaşayışı, dolanışığı ilə maraqlanır. Ayrılanda yenə qucaqlaşırlar. “Sara xanım, siz mənə sutkanın 24 saatı zəng vura bilərsiniz. Nə işiniz olsa, birbaşa mənə müraciət edin. Daha heç kim sizi incitməyəcək… İndi gedin, rektor sizi gözləyir”.

Sara xanım rektorun yanına dərhal getmir. Bulvara gəlir, üzü Xəzərə oturub gözünü uzaqlara dikir. Son 40 ildə ilk dəfəydi ki, kimsə onunla insan kimi davranırdı. Zarafat deyil, bu qədər alçaltmalardan, məşəqqətli illərdən sonra onun problemlərini həll edəcək adam tapılmışdı.

Gözünün yaşını silmək üçün plaşın cibindən dəsmalını çıxarır. Yaxınlıqda “klas-klas” oynayan bir qız uşağı qaça-qaça ona sarı gəlir: “Nənə, cibinizdən pulunuz düşdü”. “Nə pul? Mənim cibimdə pulum yoxdur ki”. Əyilib yerdən pulu götürən uşaq: “Cibinizdən dəsmal çıxaranda gördüm düşdüyünü”.

O vaxtın ən iri əsginazıymış. Ayrılarkən onu qucaqlayanda ehmalca cibinə qoyubmuş. Bu pula nə qədər ehtiyacı olduğunu bilsə də milyonçu qızının qüruruna toxunacağından ehtiyat edib, açıqda verməyib.

Elm, mədəniyyət adamlarının hamisi kimi ad çıxaran Nazim Hacıyev bir neçə aydan sonra şübhəli tibbi əməliyyatdan sonra ölməsəydi, bəlkə Sara xanım ömrünün sonunacan zillət içində yaşamayacaqdı.

Mən hələ də bilmirəm, alın yazısı varmı, ya həyat təsadüflərdən ibarətdir!

Nazim Hacıyevlə birlikdə Sara xanımın ümidləri də gömülür.

Vahid Qazi

1 fevral 2019

Dərc olundu: Qaynarinfo.az, Axar.az, Altun.az, Azpress.az, Qadınkimi.az, Moderator.az, Teref.az,

“Taundan qaçan kimi qaçırlar məndən”” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma