Sevgilisinin məktubunu saxladığım şəhid

Sevgilisinin məktubunu saxladığım şəhid

Köhnə yazıların içindən 28 il əvvəl, 1991-ci ilin avqustunda yazdığım bir məqalə tapmışam. Zərdabın ilk Qarabağ şəhidi Samir Abdullayevin yas yerindən reportaj da demək olar bu yazıya.

Yadıma gəlir, yazı dərc olunanda xeyli oxucu məktubu almışdım. Onda adamlarn şəhidlərə həssas olan vaxtlarıydı. O məktubların içində birini xüsusi xatırlayıram, az qala hər sətri yadımdadır – oxuyanda ətim ürpəşmişdi, neçə gün havalı gəzmişdim.

Sən demə, Samirin hələ heç anasına belə söz açmadığı sevdiyi bir qız varmış. Bir-birlərini gizli sevirmişlər. Məktub o qızdan idi. Onun sözləri Samirin yas yerində eşitdiyim anasının naləsi qədər yanğılıydı.

Sonra taleyi necə oldu o qızın? Bilmədim!

Sevgilisi şəhid olan qızlar ilk sevdalarını qəlbin xəlvəti guşəsində hər kəsdən gizli saxlayır, qoruyurlar! Ərlərindən, uşaqlarından, nəvələrindən belə.

Üstündən az qala 30 il keçir. Adamı sıxan, əzən odur ki, lənətəgəlmiş müharibə hələ də bitməyib. Hələ də oğullar şəhid olur, sevdalı qızlar xəlvəti göz yaşı axıdırlar.

Yazını sevgiləri nakam qalan şəhid oğlanlar və onlar üçün göz yaşı axıdan qızlara ehtiramla dərc edib paylaşıram.

P.S. Samirin şəkillərini tapmaqda mənə kömək etdiyi üçün yazıçı Əzimə Ağalarovaya təşəkkür edirəm.

Vahid Qazi

20 yanvar, 2019

samir 1

Bu dünya dəyməz göz yaşlarına

Bir illik jurnalist həyatımda ilk ezamiyyət səfərim Zərdaba oldu. Bu səfərin qəribəliyi ondadır ki, ömrümdə ilk dəfə torpağımız uğrunda həlak olmuş bir gənc haqqında yazı hazırlamalıydım. Özü də mənimlə yaşıd barəsində. Oxucu bəlkə də bunun fərqinə varmaz, amma məndən ötrü yaşıdımın ölümü haqda yazmaq çox çətindi. Bu o deməkdir ki, “mənim də nəslimin yapraq tökümü başladı” – yəni biz, 60-cı illərdə doğulanlar da ölə bilərmişik (axı biz ölüm qorxusundan hələ çox uzaq olmalıydıq).

Hər şey iyulun 17-də Kəlbəcərin Sarıyer yaylağında erməni gülləsinə tuş gələn Samir Abdullayevin anası Şükufə ananın ürək parçalayan fəryadından başladı. Bu səsdə qəzəb kövrəkliyə, nifrət kədərə, boğazında düyünlənən “Oğul” sözü “Allah” kəlməsinə qarışıb bayaqdan birtəhər dözüb saxladığım soyuqqqanlığı parşa-parça əridirdi. Ilk anlar özümü itirdim, hardan gəldiyimi, niyə gəldiyimi də bilmədim.

samir-abdullayev6

Az qala saç ağardacaq bu ana naləsi yuxarıdakı otaqların birindən gəlirdi. Ona görə də mən Şükufə ananı görə bilmədim. Ancaq görmək istəyiridm. Beynimdən ixtiyarsız fikirlər keçirdi. Bir ara elə bildim ölən mənəm və bu səsə məni deyib belə sızlayır. Çəkilib bir küncdə öz ölümümə baxırdım. Yuxarıda da anam məni ağlayırdı. Bir də nədənsə şirin görünən ölümümə sevinirdim, ancaq bircə bu səsə yazığım gəlirdi.

Nəhayət, dərk etdim ki, ölən mən deyiləm və məni ağlamır bu səs. Səsdən qulaqlarıma qəribliyin, oğulsuzluğun ürək dağlayan göynərtisi süzülürdü. “Vay oğul… ay allah… ay oğul”. Yuxarı yüyürüb Şükufə anaya az qala demək istəyirdim: “Köynəyindən keçir məni, ana, oğlun olum”. Ancaq buna da gücüm çatmadı, heç nəyə gücüm çatmadı, ağlamağa da. Tənha və tənhalığıyla da ulu səslənən bu fəryad yeri-göyü lənətləyib nəfəsiylə dünyanı yandırmağa hazır idi. Amma dünyanı yandırmadı. Eləcə yavaş-yavaş dörd ildən bəri oğul deyib haray çəkən başqa ana səslərinə qarışırdı…

Samir 1969-cu ildə doğulub. Dərdi hələ dörd yaşındaykən yaşamışdı – atasını itirəndə. 1986-cı ildə orta məktəbi bitirib tələbəlik sevincini də dadmışdı. Iki il əvvəl əsgərlikdən qayıdanda şad-xürrəm qoyub getdiyi vətəni pərişan və qayğılı gördü. Vətənin başına göydən dərd ələnirdi. Və bu dərd onu Mərdəkan milis məktəbinə apardı. Apardı ki, milis olub vətəni qorusun… Milis oldu da…

Ağlamaqdan gözləri şişmiş əmisi Amin Abdullayev əlinin arxasıyla gözünü silə-silə deyirdi: “Milisə təzə keçmişdi. Kəlbəcərə gedəndə dedim, qoy rəisdən xahiş edim, hələ getmə. Bir də təzəydi, axı. Dedi ki, getməliyəm, Zərdabda gəzəndə utanıram”.

Getdi. Getməyi utanmaqdan üstün tutdu. Əvəzində bizi, elə məni utandırdı. Axı mənim ondan artıqlığım nədi ki, o vəzifəsini ölümlə tamamladı, mən də bu ölümü soyuq kağıza yazmaqla.

samir 2

Tərcümeyi-halında “1991-ci ilin iyul ayından post patrul xidməti bölmə komandiri təyin edilmişdi” sözlərindən sonra təkcə nöqtələr qalır. Bu nöqtələrin yerinə neçə-neçə acılı-şirinli ömür sətirləri yazıla bilərdi. Ancaq yaşanmamış ömür yerinə ölüm yazılmışdı. Ana ürəyini parçalayan, sevgili göz yaşını qurutmayan ömur.

Samirgilin həyətindən çıxanda Şükufə ananın naləsi hələ də Allahın ətəyinə uzanırdı. Mən gedirdim, ancaq bu ananın xəbəri yoxuydu. Hec gəldiyimi də bilmədi. Bəlkə də bu qadın hec vaxt bilməyəcək ki, o fəryad qoparan gün bir oğlan gəlmişdi və o oğlan həyatında ilk dəfə tanımadığı bir anaya oğul olmaq istədi…

Şəhər xəstəxanasında hadisə yerində yaralanmış Araz Məmmədovla Eldəniz Gülməmədov müalicə olunurlar. Onlarla görüşüb hadisəni danışmalarını xahiş etdim.

Araz Məmmədov:

Sarıyel yaylağında postda olan yoldaşları əvəz etməyə getmişdik. Elə təzəcə sürülərə nəzər yetirib çobanlarla söhbət edirdik. Yamacdakı qoyun-quzuya baş çəkmək üçün maşınla üzüyuxarı çıxırdıq. Üçümüzdən savayı yamacda heç kim yox idi. Düşüb xeyli aralanmışdıq… Birdən qarşıdakı təpədən 15-ə yaxın erməni çıxdı. Onlar hərbi geyimdəydilər, əllərində avtomat, qranatamyot, plemyot vardı. Məndə bir avtomat, Samirgildə isə ancaq tapançaydı. Xeyli aralıdan onlarla danışırdıq. Deyirdilər ki, sərhədimizi qoruyuruq. Elə maşına qayıdırdıq ki, atmağa başladılar. Üçümüz də yerə uzandıq. Samirgilə dedim atmasınlar. Çünki ermənilər tapança ilə silahlandığımızı bilib bizi mühasirəyə də ala bilərdilər. Avtomatdan atəş aça-aça geriyə çəkilmək istəyirdik. Onların silahlarından başımıza od yağırdı. Sağ ayağımdan yaralandım. Özümü birtəhər sürüyüb qamışlığa saldım. Ürəyim Samirin yanında qalmışdı. Axı, o, bizdən  cavan idi, özü də dəliqanlı olduğunu, həm də döyüşə ilk dəfə girdiyini bilirdim. Birazdan atışma dayandı. Sonra iki erməninin Samir tərəfə yaxınlaşdığını gördüm. Avtomat islanmışdı, fikirləşdim atəş açsam yerimizi yəqin edərlər. Dünya bir anda gözümdə heç nəyə döndü. Tətiyi çəkdim, atəş açıldı. Onların biri yerə sərildi. O birisinin isə ölüb-ölmədiyini bimədim. Amma yaralanmışdı… sonra bildim ki, onlar Samirin meyitini aparmaq istəyirmişlər.

Eldəniz Gülməmmədov:

İnad edirdim ki, Samir geri çəkilsin. Ancaq o, əlindəki tapançayla hücum da etmək istəyirdi. İnan, bəlkə avtomatı olsaydı… Neyləmək olardı axı? Tapança ilə yaxşı silahlanmış düşmənə batmaq mümkün deyil. Ancaq nə qədər çox olsalar da istədiklərini edə bilmədilər… Samir geri çəkilmirdi. Elə hey atırdı. Birdən tükürpədici səs eşitdim. Samirin başı qana boyanmışdı… Qolumdan yaralanmışdım bərk incidirdi. Öz vəziyyətim bir yana, Samirin yıxılmağı, qamışlıqdakı Azərin, arxadakı köməksiz çobanların halı az qalırdı ürəyimi çatlatsın. Təklənmək nə pis şeymiş… Samir ölməməliydi. Axı günah kimdədi? Ona güllə atan ermənidə, yoxsa onu bir tapançayla təpədən dırnağa qədər silahlanmış düşmən üstünə göndərənlərdə? Bəlkə də günah elə hamımızdaydı!

Eldəniz danışdıqca iri gözləri daha da böyüyürdü. Bu qəzəbli gözlərin dərinliyində məsumluq da vardı. Elə hey təkrarlayırdı: “Tapança ilə neyləmək olar, axı?!”

Elə xalqımızın böyüklüyü də ondadır, yeri gəlsə, tapança ilə də vuruşur zirehli düşmənlə, lap boş əllə də. Ancaq bir həqiqət də var: niyə qardaşlarımız düşmən silahı yanında quşatana oxşayan tapançayla dirigöz ölümə getsinlər?

samir 3

Xəstəxanadan çıxanda da, sonra Zərdabdan geriyə dönəndə də bir sual məni rahat burxmırdı. Görən oğulların dörd ildə axıdılan qanını almaq bizə qismət olacaqmı?

 

Şükufə ananın səsi hələ də qulaqlarımdan getmirdi. Bu səs Qarabağı, bütün sərhəd rayonlarımızı dolaşmaqdaydı sanki. Orada öz oğlunun ruhunu əzizləyirdi, beşik başında əzizlədiyi kimi. Axı, Samirin, eləcə də dörd ildə düşmən gülləsindən ölənlərin ruhu bu dağları gəzməkdədir. Bu yerlərin göyüzündə fəryad qoparan ruhlar ana haraylarına qovuşurlar.

… Artıq dördüncü ildir ki, Azərbaycanın Qarabağ ünvanlı torpağı ruhlar oylağına çevrilib. Oğulların narahat ruhlarını şad etmək bizim borcumuzdur, Samir və onun kimi yüzlərlə el oğullarının “ruhu qarşısında baş əyirik” demək məncə azdır… çox az!

Vahid Qazıyev 

“Ədalət” qəzeti 

8 avqust 1991

REDAKSIYADAN:  Vətən yolunda şəhid olmuş bu gəncdən heç bir yadigar qalmadı dünyada. Bir qeyrətli kişi adından başqa. Neçə-neçə qeyrətli oğullarımız, milis işçiləri doğma torpağımızı erməni işğalından xilas etmək yolunda həlak olublar. Böyük vətən müharibəsində canlarından keçən igidlərin qəbirləri önündə diz çökmüşük, adlarını əbədiləşdirmişik. Bugünkü şəhidlərimizin, daha dəqiq desək, qəhrəmanlarımızın da adlarını əbədiləşdirmək, gələcək nəsillərə tanıtmaq hamımızın müqəddəs borcudur. Həm yazıçı və jurnalistlərin, həm də əlaqədar təşkilatların.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma