Siyasi didişmələrə sözardı

319-patron

Təcrübəli təcrübəsizlər

Siyasi didişmələrə sözardı

1993-cü ilin iyun ayı idi. Surət Hüseynov qiyamını etmişdi.

Qiyamdan bəhrəsini götürən götürmüşdü.

Ölkə başçısı başını götürüb getdiyindən Prezident Aparatında hamı başını itirmişdi.

İşlədiyim ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə müşavirlikdə sovetdən qalma əməkdaşlarda arxayınçılıq, çevriliş (inqilab da deyirik) dalğasının bura atdığı biz gənclərdə isə ümidsiz hal vardı.

***

REAL-ın öncüllərindən Erkin Qədirlinin neçə gündür müzakirə olunan “Hakimiyyət bir müddət qalmalıdır ki, müxalifət təcrübə toplaya bilsin” fikri 25 il əvvəl olmuş bir söhbəti yadıma saldı.

O iyun günlərinin birində müşavirliyin eyniadlı şöbəsinin müdir köməkçisi Əfruz Niftiyev sifətimdə gözü nə almışdısa təsəlli verirmiş kimi təxminən belə bir söz işlətmişdi: “Etiraf edək ki, təcrübəsizik. Gedək, kitab oxuyaq, dil öyrənək, təcrübə toplayaq, sonra yenə gələrik”.

Getməyinə getdik, amma oxuyub, öyrənib, təcrübələnib qayıtmadıq! Qayıda bilmədik!

Qayıtmaq bir yana, hələ də bilmirik ki, sən demə, hakimiyyətə gəlmək, onu saxlamaq üçün gərəkli iki şey varsa, biri xaricilərin, o bir də öz xalqının dilində danışmağı öyrənməkdir.

25 ildə müxalifətimiz bu iki dili öyrənmədi. Nəinki xalqla, xarici güc mərkəzləriylə, heç bir-birləriylə dil tap bilmədilər. Odur ki, son 25 ildə ölkədə baş verənlərdə onların da günah payı az deyil. Elə öz gördüklərimdən bir dastan bağlayaram.

Baxıram, siyasət meydanına təzə gəlmiş REAL-çılar da eyni haldadı. Açığı intellektual adamların bir araya gəlib təşkilatlanmasına, vətəndaş mövqeyini siyasi partiya şəklində sərgiləməsinə çox sevinmişdim. Xeyli fikirləri ürəyimdən xəbər verirdi. Bir çox hallarda mövqe ortaqlığımız içimdə ümid yaradırdı.

Bir dəfə “Yolda qa(o)lan yolçuluqlar” yazısında onları “dekabristlərə” bənzətdim, “ənənəvi siyasi partiyaların fəaliyyət və mübarizə metodunu təkrarladıqlarını” dedim, “…yeni və fərqli qüvvə olmaq şanslarını qaçırdılar. Siyasi partiyaya çevrilsələr də intellektuallar klubu olaraq qaldılar” yazdım – xətirlərinə dəydi. Bir dəfə də Erkin bəyin Vaşinqton çıxışına qınaq ifadəsi kimi fikrimi bloqumda yüngülcə yazdım. Ta yazmıram, demirəm!

Mən siyasətə qarışmıram! Müxalifətdaxili siyasəti deyirəm. Niyəsini “Vətəndaş cəmiyyətini kim öldürdü?” məqaləsində yazmışam bir vaxt. Bir də ki, bugünkü müxalifətdaxili münasibətin adına siyasət deməyə dilim gəlmir. Adı nədir, bilmirəm, amma siyasət deyil.

Başqalarını bilmirəm, 25 ilin “təcrübəsi” mənə onu öyrətdi ki, ingilis dilində danışmaq hələ ingilisin, amerikalının dilində danışmaq deyil.

Heç Azərbaycan türkcəsində bülbül kimi ötmək də Azərbaycan xalqının dilini bilmək sayılmır.

25 ilin təcrübəsi onu da göstərdi ki, ABŞ-ın, Avropanın dilini ən yaxşı bilən ömründə ingiliscə bir kəlmə kəsməyən Heydər Əliyev imiş. Sən demə, Azərbaycan dilində rus aksentində danışsa da İlham Əliyev öz xalqının dilini bütün siyasətçilərdən gözəl bilirmiş. Yoxsa, 15 ildən sonra daha 7 il də “seçməzdi” onu bu xalq.

***

Son vaxtlar siyasi gündəmi tutan didişmələr, bir-birinin sözünü həzm etməyib düşməncə davranmalar, qarşılıqlı etimadsızlıq, yersiz mənəmlik iddiası adamı 25 il əvvəlin havasına kökləyir. Ruhdan salır, inamsızlıq aşılayır. Bunu bizə ancaq düşmən arzulayar!

Ürək ağrıdan odur ki, bu gün cəmiyyətdə “birləşdir, yönəlt” yox, “parçala, hökm et” əxlaqı hakimdi.

Azərbaycan cəmiyyəti heç vaxt bugünkü qədər param-parça olub hissəciklərə, qrupcuqlara, zərrəciklərə bölünməyib.

Özü də böyrümüzdə düşmənimizin birləşib yumruq halında meydanlara çıxdığı bir vaxtda. Təzə erməni lideri dünyanın 84 ölkəsindən liderləri Yerevana toplayıb rəqs elədiyi zamanda.

Nə deyirdim?

Topalaşa bilməyi öyrənək! Topalaşıb bir-birimizlə danışmaq təcrübəsi qazanaq!

Sonra dünyanın da, xalqın da dilini tapmaq asan olacaq.

…Tələsmək lazımdı, çox gecikmişik. Təndirə düşməmək şərtiylə…

Vahid Qazi

12 oktyabr 2018

Siyasi didişmələrə sözardı” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma