Şuşada aldığın güllə yarası sağaldımı, Mustafa?
Mustafa Hacıbəylini prokurorluqda beş gün sorğu-suala tutublar. Deyir, o gün lap 11 saat dindiriblər. Dünən də redaktoru olduğu Bastainfo.com saytının əməkdaşlarını çək-çevir ediblər.
Nə öyrənmək istəyiblər Mustafadan? Güman edə bilərəm! İnsan azadlıqlarından hürkən siyasi sistemlərdə müstəntiq jurnalistdən, siyasi, ictimai fəaldan nə soruşursa, elə onu soruşublar.
Amma nəyi xəbər almadıqlarını dəqiq bilirəm! Ondan soruşmayıblar: “Şuşada aldığın güllə yarası sağaldımı?”, “Qarabağ qazisi – üçüncü qrup əlil kimi aldığın 70 manat pensiya balalarının çörək pulu edirmi?”
***
Bastainfo.com saytına təzyiqləri qətiyyətlə pisləyirəm! Ona görə yox ki, mövzusundan asılı olmayaraq bütün yazılarımı cümləsinə, sözünə “qayçı” vurmadan dərc edən tək-tük saytlardandı (“Vəzirovun tamamlanmış yarımçıq portreti“ndən başqa. O, heç bir saytın dərc etmədiyi hələlik yeganə məqaləmdi. V.Q.).
Ona görə ki, azad mətbuata dəstək olmağı bir jurnalist, vətəndaş kimi boynumun borcu hesab edirəm. Mətbuatı azad olmayan ölkənin heç bir sahəsində azadlıq ola bilməz! Söz, ifadə azadlığı bütün insan azadlıqlarına açardı, girişdi.
Saytlarda oxudum ki, “Basta”ya, başqa dörd sayta giriş məhdudiyyəti qoyulub. Son Gəncə olaylarına görə barələrində cinayət işi açılıb.
Anlaşılan o ki, bu hadisələrdə güc yalnız mediaya çatıb, “günah keçisi” kimi mətbuatı seçiblər.
Bu haqda hüquqşünas dostumuz Ələsgər Məmmədlinin “Niyə hədəf mediadır?” yazısında ətraflı hüquqi izah var. Mən oxudum, altından öz imzamı ata bilərəm deyə burada əlavə nəsə yazmağa lüzum görmürəm.
Bircə onu yazıram ki, gördüyünü qorxmadan yazan ölkənin tək-tük saytları da bağlanarsa, ömrünü cəmiyyətdə ədalətin, demokratiyanın bərqərar olmasına fəda edən ictimai-siyasi fəallar, vətəndaş mövqeli şəxslər sıradan çıxarılarsa, əmin olun, onların yeri boş qalmayacaq!
Onların yerini tutacaq hər dürlü radikal-ekstremislərin təhdid qorxusu bir kabus kimi hamımızın üstünə çökəcək! Dövləti də, hakimiyyətli-müxalifətli bütün xalqı da dalana dirəyəcək!
Belə sonuclara N qədər dünya nümunəsi var. Bu, 2 x 2 = 4 qədər sadə məsələdi!
***
“Düşünürsən ki, Allah var? Əgər O varsa, demək ölüm hələ son deyil. Mən Onun mövcud olmasını istəmirəm”.
Bu sözlər Nobelli yazıçı Svetlana Aleksiyeviçin “Sekond hənd zamanı” kitabındandı. Ölkədə baş verən son olaylar nədənsə o kitabı yadıma salır neçə gündü. Kitab dünya tarixinin ən qəddar siyasi rejiminin insan taleləri üzərində apardığı eksperiment nümunələriylə doludu. Onun əsas leytmotivi də elə budu: Zülmün ərşə dirəndiyi yerdə ölümdən sonra da azad olacağına inana bilmir insan!
Mənsə zülmün yox, haqq-ədalətin ərşə qalxdığı, bütün aləmə yayıldığı vətən istəyirəm!
Vahid Qazi
FORUM – meydan geniş yerdir: 👩🎓👨🎓🤔🤔🤔
FƏLSƏFİ FİKİR
Kölə sahibləri çörək dərdi çəkmədikləri üçün filosofluq edirdilər, çünki çörəklərini kölələr verirdi onlara. Kölələr çörək dərdi çəkmədikləri üçün filosofluq etmirdilər, çünki çörəklərini kölə sahibləri verirdi onlara. Kölələr fəlsəfə dərdi çəkmədikləri üçün çörək bişirirdilər, çünki fəlsəfələrini kölə sahibləri verirdi onlara. Fəlsəfə sahibləri kölə dərdi çəkmədikləri üçün çörək bişirmirdilər, çünki kölələrini fəlsəfə verirdi onlara. Fəlsəfənin çörəyi yoxdu, çörəyin fəlsəfəsi var. Və sahibsiz fəlsəfənin çörəyini, sahibsiz çörəyin fəlsəfəsi yedi. Çünki, çörəyin sahibsiz fəlsəfəsi, fəlsəfənin sahibsiz çörəyini yedi.
* Fəlsəfi olaraq bir şey özünün dəlili ola bilməz. (Taryel. A.)
* İnanmaq və bilmək arasında böyük fərq var. Əziz Sancar təkamülü bilir, Allaha isə sadəcə inanır. Elmlə din arasındakı fərq budur. Biri inanmaq digəri isə bilməkdir.
Nəyə gərəkdir o qəhrəmanlıq ki,zəifləri müdafiə etmir.
Nəyə gərəkdir o dövlət ki,kasıbların ehtiyacına sərf olunmur.
Nəyə gərəkdir o fəaliyyət ki,xeyir işlər üçün görülmür.
Nəyə lazımdır o həyat ki,insanın başını ucaltmır?!