Bir neçə ay əvvəl evə məktub gəlmişdi. Məktubda elektrik böhranı da daxil İsveçdə fövqəladə hallar olacağı təqdirdə adamların nə etməli olduqları izah edilirdi. Azərbaycanda yaşanan elektrik böhranı o məktubu yadıma saldı. Axşam Uğura dedim ki, bu haqda bir balaca yazı yazsın. Səhər gördüm e-poçtuma bunu göndərib. Onun yazdığına yüngül əl gəzdirib, bloqumda dərc etdim.
Vahid Qazi
Ölkənin işığı sönərsə
İsveç nümunəsi
Gündəlik həyatımızda çox şey elektrik enerjisinə bağlıdır. Onsuz insanların həyatı iflic olur, ölkədə həyat donur. İki gündür vətənim Azərbaycanda yaşananlar kimi.
Yaşadığım İsveçdə əhalini fövqalədə hallara hazırlamaq məqsədilə vaxtaşırı bilgiləndirmə kampaniyaları keçirilir. İnsanlara təbii fəlakət, ölkə miqyaslı qəza, terror halında nə etməli olduqları öyrədilir. 200 ildi müharibə görməyən ölkənin vətəndaşları müharibə başlayacağı andan hərbi təcavüzü dəf etməyə hazırlanır.
İsveçin Mülki Müdafiə və Fövqəladə Hallar Agentliyinin nəşr etdiyi 20 səhifəlik “Böhran və ya müharibə olarsa” broşuru ölkədə hər evə, məktəb və idarələrə göndərilib.
Belə bir ümummilli kampaniya Rusiyanın qonşularla aqressiv davranış hallarının artdığı, Krımın, Şərqi Ukraynanın zəbti, Baltik ölkələrinin təhlükəsizliyinə təhdidlərin yarandığı vaxta təsadüf etdi.
Agentliyin broşurunda əhaliyə hər cür fövqəladə hal – informasiya hücumundan tutmuş, hərbi müdaxilə, təbii fəlakət, elektik böhranına qədər – məlumat verilib. Eyni zamanda bu bilgilər Agentliyin internet səhifəsində yerləşdirilib.
İsveç istifadə etdiyi elektrikin 80 faizini su və atom enerjisindən, qalan 20 faizisə külək və günəşdən alır.
İnsanlar istər lokal, istərsə də ölkə miqyaslı mümkün elektrik böhranı barədə öncədən xəbərdar edilir. Elektriksiz həyata hazır olmaq üçün gərəkli olanların siyahısı evlərə göndərilən məktublarda var. Evdə daim ehtiyyatda bunlar olmalıdır: butulkalara doldurulmuş su, əl fənəri, batareya ilə işləyən radio, konservləşdirilmiş ərzaq, nəğd pul.
İşıq olmasa bankomatlar, kassa aparatları da işləməz, ona görə də az miqdarda olsa da evdə nəğd pul saxlamaq lazımdı.
Azərbaycandan gələn xəbərlər ürəkağrıdıcıdı. İnanmaq istərdim ki, bu, son böhran olacaq. Baş verən bu qəza tək insanlara məişət problemləri yaşatmır, həm də ölkənin təhlükəsizliyinə ciddi kölgə salır.
200 il müharibə görməyən İsveçin vətəndaşları hər cür fövqəladə hala hazırlandığı halda 30 ildi müharibə şəraitində yaşayan ölkəmizin dövlət idarələri və əhaləsi nədən böhran vəziyyətinə hazır olmasın!?
Uğur Qazi