“Ata, bu yazıya ad qoyarsan?”. Kiçik qızım Ayan e-mail ünvanıma bu sözləri yazıb, qoşmada mənə bir hekayə göndərib. Oxuyan kimi xatırladım. Onu bir il qabaq isveçcə oxumuşdum. O vaxt ona 27 yanvar Holokost – Yəhudi Soyqırımını Beynəlxalq Anım günü münasibətiylə məktəbdə hekayə yazmaq tapşırığı vermişdilər. Onun bu hekayəsi sinifdə ən yaxşı yazılardan sayılmış, yüksək qiymət almışdı. Onda demişdim ki, bunu öz dilimizdə də yazsın. Açığı, bir il sonra onun mənə belə sürpriz edəcəyini gözləmirdim, çünki o söhbəti unutmuşdum. O isə unutmayıbmış…
Oxudum, bəyəndim və bloqumda dərc etməyə onu razı saldım.
Auşvitsə çatmayan qatar
Yuxudan dik atılaraq durdu. Arvadı onu həyəcanla qəfil oyatdı. Təcili işə çağırırmışlar.
Tez əynini geyindi, yemək də yeməyə çatdırmadı, sağollaşıb çıxdı. Stansiyaya gedəndə yolboyu bu dəfə qatarı hara sürəcəyini düşünürdü. Volfqanq maşınisdir. Ona anasının laylasını xatırladan qatarların təkər səsini dinləmək işindən aldığı zövqlərdən biridi. Bu peşə onun uşaqlıq xəyalıydı.
O, Avropanın cürbəcür şəhərlərinə qatar sürüb, Berlinə, Parisə, Hamburqa, Vyanaya. Bu gün yol onu hara aparacaq, bilmirdi.
Depoda ona gedəcəyi yerin adı yazılan gediş kağızını verəndə bir anda dondu. Yazı makinası ilə ağ kağızda bu sözlər yazılmışdı: ”FK Auschwitz Birkenau”.
Onun sifətinə qorxu çökdü. Qorxu onun bütün bədənini bürüdü. Başı döndü, az qala bədəni müvazinətini itirəcəkdi. ”Mən ora sürə bilmərəm”. Amma o mütləq bu səfərə çıxmalı, qatarı sürməliydi. Volfqanq dərindən nəfəs aldı.
O, Auşvitsdə olmamışdı, amma xəbəri vardı, maşinist dostları danışmışdılar. Volfqanq orada insanların başına açılan müsibətdən xəbərdar idi.
O, sürmək istəmirdi, amma Hitlerin qurduğu faşist diktaturasında yaşadığını anlayırdı, müharibə dövründə işdən boyun qaçırmağın ağır cəzasından qorxurdu. Sürməsə, onu güllələyəcəkdilər. Müharibənin sərt qaydaları vardı. O, ölmək istəmirdi, iki uşağı və xanımı üçün yaşamalı idi.
Bələdçinin fit səsi stansiyanı başına götürdü. Volfqanq dərindən nəfəs alıb qatarı hərəkətə gətirir. ”Mən nə edəcəm?”, – Volfqanq dodaqaltı mırıldadı. Eşalonlar yəhudi əsirlərlə dolu idi. Yanında əli silahlı əsgər dayandığından başqa istiqamətə sürə bilməzdi, sürsə belə nə qədər gedə biləcəkdi ki… Başqa yerə sürmək onun ağlına gələn ilk ideya idi, amma bu mümkün deyildi.
İkinci dünya müharibəsi dövründə Almaniyada faşist rejimi hökm sürürdü. Orada tək yəhudilər yox, qaraçılar, cinsi azlıqlar, əlil insanlarla da pis davranırdılar. Xalq sanki zombiləşmişdi, Hitler nə deyirdisə, ona sözsüz əməl edirdi, onun kimi düşünürdü. Amma Volfqanq onlardan fərqli idi. O, heç kimə nifrət eləmirdi, əksinə yəhudilərə rəğbəti vardı, xəstələrə ürəyi yanırdı.
Onun bu fikirlərini heç kim bilmirdi, hətta xanımı da. Çünkü belə düşünənlər xain hesab edilir, öldürülür, yaxud həbsxanaya salınırdı.
Bir saat olardı qatar yolda idi. O, hələ də beynində eyni sualı təkrarlayırdı: ”Mən nə edəcəm?”
Qarışıq duyğular, şiddətli qorxu onu bürüdü. Ürəyi tez-tez döyündü. Su içdi, nəfəsi bir az genəldi. Onu dörd bir yandan sarmış düşüncələr burulğanında çarpışırkən içindən bir səs eşitdi. Heç nə düşünə bilmirdi, beyin qapıları bağlı idi. Bu səs beyninin bağlı qapısını açan onun ikinci məni idi.
-Salam Volfqanq!
– Salam! Nə? Kimsən sən?- ətrafına baxdı sadəcə əlində silah olan əsgər var idi.
-Sakit ol, Volfqanq, mən sənin dostunam, adım Oskardı. Sənin sualına cavab verəcəm.
– Hansı sual?
– Neynəyəcəksən?
– Aha
– Sən qatarda olan yəhudiləri doğrudan qurtarmaq istəyirsən?
– Əlbəttə, amma…
Oskar onun sözünü kəsdi.
– Amma? Volfqanq, mən o sözə nifrət eləyirəm. Öncədən deyilən hər şeyi silir, məsələn, səni sevirəm, “amma”lar kimi.
– Axı, mənim sevdiyim arvadım və usaqlarım var, onlar məni qəhraman sayır.
– İnsan öldürərəkmi onların qəhramanı olursan?
– Görmürsənmi, dünya necə yerə gəlib, sən ölməmək üçün öldürməlisən.
– Eləmi?!
Araya bir anlıq sükut çökdü.
– Mən onu demək istəmədim, – Volfqanq utancla dedi.
– Bilirəm.
– Mən nə edim, Oskar? Kömək elə. Mən onların ölümünü istəmirəm. Auşvitzdə onlar ya qazda boğulacaq, ya da ölənə kimi işləyəcəklər. Nə edim mən?
– Nə etməli olduğunu mən bilmirəm, əziz dostum. Ağlınla düşün, gör nə deyir o? Amma sevgili dostum, qəlbini dinləməyi, unutma! Bu günlərdə heç kim ürəyini eşitmir.
– Oldu!
– Mənim sevimli musiqimi dinlə, sənə kömək edər, bilirsən hansıdı?
– Hansıdı?
– John Williams-ın əsəridi. Adı “Schindler`s List”.
Oskar musiqini zümzümə elədi. Volfqanqın tükləri biz-biz oldu. Bədənindəki bütün damarları hiss elədi sanki.
İçindəki səs kəsildi. Yenə gözündə hər şey qaraldı. Bir müddət sonra düşüncələrin səsini eşitməyə başladı, amma bu səfər Ockar getmişdi. Volfqanq təlaş içindəydi. Sual yenə beynini gəmirirdi: “Nə edim?”
***
“Mənim başqa seçimim yoxdu!”, – Volfqanq düşündü. Onlar bütün hallarda öləcəklər. O, Oskarla olan dialoqu xatirlamağa çalışdı. Oskar ona “ağlını və qəlbini dinlə” demişdi.
Volfqanq ağlı ilə söhbətə başladı.
– Mən nə edim?
– Onları xilas etmək istəyirsən?
– Bəli, əlbəttə…
– Volfqanq, realist olmalısan, onları qurtara bilmərsən.
– Bilirəm, bəs nə edim?
– Sən onlara başqa şəkildə kömək edə bilərsən?
– Necə?
– Onlar onsuz da öləcək, amma Auşvitzde dəhşətli qorxu yasayacaqlar.
– Neyləyim?
Ağıl üz çevirib getmişdi, onu cavabsız qoymuşdu.
– Lənət olsun! – Volfqanq qışqırdı.
– Sənə nə oldu, yaxşısan? – əsgər soruşdu.
– Bəli, bağışla! – Volfqanq dedi.
Bir az sonra o qəlbindən səs gəldi.
– Aman Tanrim! Bu günlərdə kimsə ürəyinə qulaq asır! Sən mindən birisən, Volfqanq!
– Köməyə ehtiyacım var!
– Bilirəm nə sorusacaqsan!
– Ağıl dedi ki…
Qəlbi onun sözünü ağzında qoydu.
– Ağıl nə dedi mənə maraqlı deyil. Sən indi mənimlə danışırsan. Oldu?
– Oldu!
– Mən səni vicdanlı və böyuk qəlbli bir insan kimi görurəm. “Cinayət və cəza”nı oxumusan?
– Yox, nə haqdadı?
– Tələbə Raskolnikov haqqında. Raskolnikov hər şeyə haqqı olduğunu düşünürdü. Özündə bir insanı öldürmək hüququ belə görürdü.
– Eləmi?
– Yazıçı Dostoyevski əslində basqa şey demək istəyirdi.
– Nə demək istəyirdi ki?
– İnsana ən boyuk cəzanı insanın öz vicdanı kəsir.
Bunu deyib Qəlb də çevrilib getdi, gözdən itdi.
***
“Mən indi bir qərara gəlməliyəm. Ağıl dedi ki… Nə dedi ki o?”
Volfqanq dərin düşüncəyə daldı. Əvvəl Ağılla, sonra isə Qəlblə olan söhbətini xatırladı. Nəticə çıxarmaq istəyirdi. Qəlb ona vicdan haqda danışmışdı, ona vicdanı nişan vermişdi. “Onları Auşvitzə aparsam ömrüm boyu vicdan əzabı cəkəcəm. Öz əlimlə onları cəhənnəm düşərcəsində oda ata bilmərəm. Sonra vicdan cəzasına məhkum olaram. Raskolnikov olmaq ölümdən də betərdi”.
Qatardakıları xilas etmək də mümkün deyildi.
“Mənim sadəcə tək yolum var, onları bu yolda özumlə bir yerdə öldurmək”. Ağlına gələn qərardan vücudu titrədi. Uşaqları, xanımı gözümüm önünə gəldi. “Onlar mənsiz neyləyəcəklər?”
Qatar irəliyə şütüyürdü. O relslərin səsini dinləyirdi, vicdanı da onlarla eyni ritmlə ona nələrsə deyirdi. Eşitdiyi səsdən vücudu titrədi.
Sonra daha heç nə eşitmədi…
***
Oskar səhər qatarından enib vağzal kafesində bir fincan qəhvə sifariş verdi. Qulağı qapı ağzında skripka çalan balaca oğlanda idi. Qəhvəsini içə-içə qəzetə baxırdı. Gözü ilk səhifədəki baş xəbəri dərhal aldı. Diksindi. Xəbərdə Auşvetzə gedən qatarın qəzaya uğradığı, maşınıstin və bütün sərnişinlərin öldüyü yazılmışdı. Ölən masinist onun ən yaxsi alman dostu Volfqanq idi.
Oskar qəzeti kənara itələyib dərin fikrə getdi. Bir xeyli sonra soyumuş qəhvə dolu fincanı götürən ofisiant qız Oskarı görüb şaşırdı.
Sizə nəsə olub, Herr?
Oskarın üzündən göz yaşı axırdı. O, qızı eşitmirdi.
Tükləri biz-biz oldu, çöldə balaca skripkaçı “Schindler`s List” musiqisini çalırdı.
Ayan Qazi