Jurnalist Sevinc Fədainin sualına cavab
Adətən, rəhmətə gedən söz-sənət adamlarıyla vida mərasimi Akademik Milli Dram Teatrında və ya digər sənət ocaqlarında keçirilir, mərhumun cənazəsi burdan son mənzilə yola salınırdı. Şair Söhrab Tahirin cənazəsinin məsciddən götürülməsindən sonra filosof-tənqidçi Əsəd Cahangirin fikri birmənalı qarşılanmadı. O yazmışdı: “Axır ki, sovet dövründən fərqli olaraq mərhumlarımızı şeytanın evindən yox, Allahın evindən yola salırıq”.
Tənqidçi bunu fəlsəfi mənada söylədiyini, sənətin əslində şeytani mahiyyət kəsb etdiyini deyir. Biz isə bu fikri söz, fikir, sənət adamlarının müzakirəsinə çıxardıq: teatr sözün hansısa mənasında şeytanın evi ola bilərmi? Mərhumun cənazəsinin teatrdan götürülməsi nə dərəcədə yanlış və ya doğrudur?
“Dini xurafat bu gün son yüz ildə olmadığı qədər güclüdür”
Publisist Vahid Qazi:
İnanmıram ki, Azərbaycanın mədəniyyət, ədəbiyyat, teatr tarixinə bələd bir adam olan Əsəd bəy bunu sözün birbaşa anlamında deyə. Kim bilməsə də, Azərbaycan teatrının hansı mühitdə yarandığını, hansı əzablardan keçdiyini o, yaxşı bilir. Yəqin ki, elə fəlsəfi mənada deyib.
Ancaq düşünürəm ki, onun bu sözündən tutub ictimai müzakirə açmaq yaxşıdır. Bu gün cəmiyyətdə ”Din və sekulyarlıq”, lap elə ”Məscid və teatr” mövzusunda açıq debatlara, ictimai dinləmələrə ehtiyac var. Bu yaxınlarda “Əmmaməli gələcək” adlı bir yazı yazdım. Ölkəni başına götürən xurafatın gələcək fəsadlarına mən də bir SOS siqnalı çalmaq istədim. Elə adamlardan qınaq gəldi ki, çaşıb qaldım. Özüm-özümə dedim: ”Biz hara gəlib çıxmışıq?”
Bu gün elə adamları dinə sığınan görürsən ki, əlin üzündə qalır. Siyasi islamın dörd bir yanımızı sardığı bir zamanda siyasilərimizdən tutmuş hökumət adamlarına, ziyalılarımızacan hər kəs onunla ehtiyatlı davranır, bir növ qorxur. Biri elektorat itirər deyə çəkinir, o biri dini kəsimin təşkilatlanmış ictimai qınaq-hücumundan ehtiyat edir. Niyə? Çünki dini xurafat bu gün son yüz ildə olmadığı qədər güclüdür. Mən bu adamların heç birinin dinə münasibətdə səmimiyyətinə inanmıram.
Son onilliklərdə ölkədə ən çox inkişaf edən dini təmayüldür. O aksiomadır ki, din səfalətin baş aldığı ölkələrdə populyar olur. Bizdə maddi və mənəvi səfalət vüsət aldıqca adamların dinə üz tutması davam edəcək. Dinin total basqısına susmaq, imkan düşəndə hələ bir xoş söz demək bu gün ölkəni başına götürən siyasi yaltaqlıqla eyni statusdadır, belə düşünürəm.
Avropada teatr kilsə məngənəsində boğula-boğula inkişaf edib. Bir növ onun o biri üzü, alternativi kimi. Teatr həyat həqiqətlərinin söyləndiyi, göstərildiyi yerdir. Nağıllar, rəvayətlər, moizələr kilsədə deyilirdi. Kilsə də, məscid də modern inkişafla səsləşmir, əksinə mühafizəkar, tutucu, saxlayıcı institutdur. Həmişə belə olub. Teatr isə müasirliyə can atanların yuvası olub, sekulyar düşüncəyə meydan verib. İndi də belədir.
Hələ bilmək olmaz, şeytan yuvası haradır. Avropada kilsəyə “şeytan yuvası” deyənlər o qədər olub ki. Orta əsr kilsə inkvizisiyasından bu günün pedofil skandallarınacan şeytani əməllər deyilmi? Ötən il real faktlar əsasında Tom Makkartinin çəkdiyi “Spotlight” (“Diqqət mərkəzində”) filminə baxın.
Bu gün Avropa teartları kilsə olaylarını tamaşaya qoyur, onunla tarixi davanı sözlə, müsiqiylə səhnədə udur. “Notre Dame de Paris” müziklinə mən həm də o konteksdən baxıram. Haradı şeytan yuvası – Esmeraldanın rəqs etdiyi səhnə, yoxsa keşiş Klod Frollonun Kvazimodaya işgəncə verdiyi kilsə?
Biz isə teatr yönəticilərimizdən soruşmuruq ki, niyə teatrlarımız neçə ildir ”Ölü”lər tamaşasını səhnələşdirmir? Kimdir buna mane olan? Hökumət təmsilçiləri o mane olanlardan qorxur, ya onlarla həmrəydir? Jurnalist olsaydım, onlara bu sualı verərdim!
Sonda onu demək istəyirəm ki, yüz il öncəki maarifçi klassiklərimizin həyatları bahasına qurduğu sekulyar ortamı dini xurafatın öhdəsinə buraxmayaq. Bu gün o kövrək sekulyarlığa sevinclər, əsədlər, vahidlər çiyin verməsə, çox yaxın vaxtda Azərbaycan dini xurafatın at oynatdığı məkana çevriləcək.
Sevinc Fədai
Geri bildiriş: “Danışım, gör məni” (müsahibələr) | Vahid Qazinin bloqu