Aşkın ötəsində
Vahid Qazinin “Çöl Qala” əsəri haqqında düşüncələrim
Onu düz bir il bundan qabaq tanıdım, feysbukdan. Onda mənim Stokholmda “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” əsərimin təqdimatı keçirilirdi. Stokholmdan çox uzaqda yaşamasına baxmayaraq, gələcəyini söylədi. Aciğı inanmadım, çünkü Avropada min kilometrdən artıq yol qət etməyin nə demək olduğunu, elə Avropada yaşayanlar bilər, amma gəldi.
Çox narahat idim, sanki üstümdə ağır bir yük vardı, çox utanırdım, ona əziyyət verdiyimi düşünürdüm. Zaman keçdi, bu insanı tanıdıqca, ona bələd olduqca, keçirdiyim hisslər məni tərk etdi…
Bakıda “Çöl Qala” kitabının çıxdığını biləndə həmən dostlara zəng vurub aldırdım, amma kitabın gəlib çıxmasına səbrim çatmadı. Yazıb özündən əsərin elektron variantını istədim.
Axşam oxumağa başladım, ilk səhifələrindən əsər məni özünə kilitlədi – yazarın dediyi kimi bir nəfəsə oxudum.
Dan yeri söküləndə, gecə yerini gündüzə verəndə mən də əsəri bitirdim, əsirliyindən qurtuldum. Neynəyim ki, rəssamın və rejissor xanımın taleyinə biganə qala bilmədim. ”Çöl Qala”nı təhlil etməyi qətiyyən düşünmürəm, onsuz da oxuyan bilir. Axı, məni özünə əsir edən bir əsəri neçə təhlil edim? Bildiyimiz aşk bumu?
Mən bunu aşkın ötəsində bir şey adlandırardım. Elə bir şey ki, insanın içini incidir, qəlbini viran qoyur…, amma bu açılardan zövq alırsan. Bəli, həyatda ən şirin zövq, izahagəlməz ülvi hissdən aldığın əzabdır! Eynilə Rəssamla Qadının çəkdiyi əzablar kimi.
Ülvi sevgidə intim münasibət olmur. Onlar özlərini virtual aləmdə çox rahat hiss edirlər. Əsasən də gecələrdə. Gecə onların xəyalən görüş yeri olur, gecənin füsünkar gözəlliyinə özlərini təslim edirlər. Orada xəyalən sevişirlər.
Başqa bir həyat arzulamırlar. Onların öz dünyaları var, başqası gərək deyil.
Və insanı göz yaşına qərq edən bir sonluq.
Dəyərli dostum, nədənsə sənin povestinlə mənim “Gecələrdə gizli qaldim” əsərimdə bir oxşarlıq gördüm. Düzdür, sən məndən öncə qələmə almısan bu əsəri. Amma əsas nə vaxt yazmaqdırmı? Bəs onu yaşamaq?
Bəlkə bizim ruh yaxınlığımızdan irəli gəlir bu? Kim bilir!
Əzimə Ağalarova
Hamburq, Almaniya
9 may 2016