“Eyforiya ilə depressiya bir dağın iki üzü kimidi…”
“İrəvana qədər getməyin eyforiyasını yaşamadığım kimi, torpaqları azad etmək şansının buraxılması depressiyasını da keçirmədim”
Vahid bəy, qürbətdə mühacir statusu ilə yaşayırsınız, yoxsa, sadəcə ölkədən köçüb getmisiniz?
Heç biri. “Köçüb getmək” yerli-dibli getmək anlamı verir, sadəcə getmişəm, desəm düz olar, yəni qayıdacam. Getməyə yer çox idi. Avropanın böyük şəhərlərində də kömək edə bilən dost-tanış vardı. Bu şəhəri seçməyimə burada çoxdan yaşayan, iş quran dostlar, yerlilər səbəb oldular.
Azərbaycanda ictimai sektorun ünlü şəxslərindən biri sayılırdınız. Ona görə keçmiş zamanda deyirəm ki, hazırda ölkənin ictimai-siyasi həyatı ilə bağlı aktiv reaksiyalarınız hiss olunmur. Bu nədən irəli gəlir?
Əlbəttə, kənarda olanda hadisələrə anında reaksiya verə bilmirsən, bəzən gec xəbər tutursan. Bizim televiziyalara baxa bilmirəm burda, olur ki, sosial şəbəkələrdə söhbətin nədən getdiyini tuta bilmirəm bəzən. Münasibət bildirəndə də gec olur. Gündəmlə yaşamaq olmur. Odur ki, açıqlamalara yox, yazılara üstünlük verirəm. Amma başqa cür düşünənlər də var. Dostlar hesab edir ki, əksinə, fəalam və bəzən bu fəallıq zərərimə işləyir. Yazılarımdan inciyənlər çox olur. Amma istəməzdim incisinlər.
Hesab etmirsiniz ki, sizin kimi ictimai xadimlərin sözünə, fəaliyyətinə indi daha çox ehtiyac var?
Hesab etmirəm. Ciddi mənəvi aşınma yaşayan cəmiyyətdə söz təsir etmir, əməl gərəkdi. Yalnız işlək qanunlar hesabına, bütün sahələrdə ədalətin bərpasına nail olandan sonra söz dəyərə minər.
Sözə ehtiyac duyulan cəmiyyətdə kitablar 300-500 nüsxəylə çıxmır, 2 milyonluq şəhərdə 5-10 kitab mağazası olmur. Televiziyalar şou adamlarını yox (bizdə heç normal şou da yoxdu), söz əhlinin meydanına çevrilir. İsveçin aparıcı kanallarının əsas qonaqları yazıçılar, alimlər, peşəkar adamlardı. Burda hər şey üzrə ekspert, politoloq yoxdu. Təyyarə terrorunu şərh eləməyə təyyarə terroru üzrə ekspert çağırırlar, terror metroda olanda metro terroru üzrə.
İctimai kanal ölkənin müxtəlif şəhərlərində təşkil olunan forumları, debatları canlı yayımlayır. Müxalif partiyanın təşkil etdiyi konfransı canlı verir. Niyə? Həm bunu etmək borcudu, həm də sözə tələbat var.
Bizdə elə seçim mexanizmi yaradılıb ki, peşəkarlar çıxdaş olur, üzdə işbazlar qalır. “Zerkalo” kimi qəzetin bağlanmasına imkan verilməməli idi. Anar Məmmədxanlının “Day.az”ı bütün Qafqazın ən çox oxunan rusdilli saytı idi. O gün informasiya müharibəsindən bir yazı yazdım. İndiki şəraitdə belə KİV-lərin sıradan çıxmasına imkan verərlərmi heç? Dövlət olaraq, dişimizlə, dırnağımızla gərək onları qoruyardıq.
Azad mühit olsa yenə belə KİV-lər yaranar. Ümumiyyətlə, azadlıq olan yerdə uğur olur. Azadlıq hərəkətdi, o axar çay kimidi, təmiz, şirin sulu çay. Azadlığın olmadığı yer isə o çayın kənarında suyu axmayan gölməçə kimi kif qoxuyur.
Siz hər zaman yaz-pozuyla məşğul olmusunuz. Son zamanlar isə publilistik yazılarınız daha da artıb. Bunu ictimai fəaliyətinizdəki passivliyin yaratdığı boşluğu doldurmaq üçün bir ehtiyac saymaq olarmı?
Dediyinizdə həqiqət payı çoxdu. Boş qalmağa, vaxt öldürməyə adət etməmişəm. Vaxtilə çox vaxtlar öldürdük. Cavanlıqda vaxtla oyun oynayırsan.Adam yaşa dolduqca nələrsə eləməyə tələsir, vaxtın daraldığını duyur.
İctimai passivliyim ölkədə olmamağımla bağlıdı, yəni tədbirlərdə iştirak edə bilmirəm, tədbirlər keçirmirəm, hadisələrə anında münasibət bildirmirəm. Amma onu deyim ki, günümün böyük hissəsində fikrən Azərbaycandayam. Bu, indi yaşadığım cəmiyyətə inteqrasiya olunmağıma çox mane olur. Amma başqa cür alınmır, bu yaşdan sonra görünür dəyişmək çətindi. Virtual olsa da vətəndəyəm. Hətta vətəndə və başqa ölkələrdə yaşayan dostlarımla tez-tez virtual qonaqlıqlar da təşkil edirik. Təsəvvür edirsiniz, hərə öz yeyib-içməyiylə gəlir internet qonaqlığına.
Yazılara gəldik də isə, düz deyirsiniz burda daha çox yazıram. Bunun bir səbəbi vaxt və şəraitin münasibliyidirsə, başqa səbəbi qəribçiliyin yazı ovqatına köklənməsinə yardım etməsidi.
Səhv etmirəmsə, kitab nəşr etdirəcəkdiniz. Uzandı nəsə…
“Çöl Qala” artıq nəşr olundu. Düzdü, uzandı xeyli. Beş il yazılmağına sərf olundu, iki il də öz jarqonumuzla desəm, “dəmdə” qaldı. Nəhayət, çıxdı. Kitab mağazalarında var. Rusca “Озоновые люди” kitabı da nəşrə hazırdı. Sağlıq olsun.
Azərbaycanda hazırda insan hüquqları müdafiəçilərinin işini necə qiymətləndirirsiniz?
Ədalətin olmadığı, hüququn işləmədiyi yerdə hüquq müdafiəçisi olmaq əsl qəhrəmanlıqdı. İnsan hüquq müdafiəçiləri yaşadıqları cəmiyyətin vicdan ünvanıdılar. Azadlığın olmadığı ölkələrdə bu işlə məşğul olmaq təhlükəlidir. Onlar haqsızlıqla mübarizədə ön sıradadılar. Ona görə daim hədəfdədilər.
Şəxsən tanıdığın, tədbirlərdə, səfərlərdə bir olduğun, dostluq etdiyin, eyni fikir və məfkurəni bölüşdüyün adamların həbsini ağır yaşayırsan. Elə bilirsən ki, onların tutulmasında sən də günahkarsan. Bu hiss sən xaricdə olanda daha ağrılı yaşanır. Özünü günahkar sanırsan. Leyla Yunusu əli çəlikli, Rauf Mirqədirovu əli qandallı görəndə, İntiqam Əliyevin qızının müsahibəsinə baxanda yaşadıqlarımı uşaqlar görməsinlər deyə evdən çıxmışam. Onların bir xeylisi azadlığa çıxanda elə bil sənin də çiynindəki yük azalır.
Son illər vətəndaş cəmiyyəti sarsıdıcı zərbə alıb. “Vətəndaş cəmiyyətini kim öldürdü?” adlı məqaləmdə bunun səbəbləri və nəticələri haqda geniş yazmışam. Demokratiya davasında son döyüşləri vətəndaş cəmiyyətinin fəalları apardılar. Düşünmürəm ki, uduzdular. Gənclər var. Gənclik dəyişiklik istəyir. Corc Oruellin sözü olmasın: “Azadlıq iki üstəgəl ikinin dördə bərabər olduğunu demək haqqıdır. Əgər buna imkan yaradılırsa, qalan hər şey öz yerini tapacaq”.
Siz də Qarabağ dərdini yaşayanlardan, Ağdam həsrəti çəkənlərdənsiniz. Aprel ayının əvvəllərində ön cəbhədə baş vermiş hadisələr zamanı hansı hissləri keçirdiniz? Ümumiyyətlə, son hadisələri necə qiymətləndirirsiniz?
Əvvəl anlamadım. Problemin çözümü üçün heç bir real şəraitin olmadığı vaxtda xalq nəyə əsasən belə ruhlanıb deyə düşündüm. Ukrayna, Suriya macərasından sonra Rusiyanın yeni oyunu kimi qəbul elədim. Elə indi də bu cür fikirləşirəm. Amma sonra başqa bir nüans ortaya çıxdı – xalqın ruhu. Başına bu qədər müsibətlər gələn – müsibət deyəndə ədalətsizliyi, hüquqsuzluğu deyirəm – xalq bu mübarizə ruhunu necə saxlaya bilib deyə heyrət etdim.
Ekzaltasiya halında adam arzularını da qabaqlayır. İstəyi reallıq kimi qəbul edir. Uzun illər idi cəmiyyətdə bir enerji toplanırdı. Problemlərin girdabında çabalayan adamlar baiskar axtarırdı. Kənardan duyduğum odu ki, enerjinin boşalması baş verdi.
Səfərbərlik elan olunsaydı, vətənə qayıdıb döyüşlərdə iştirak edərdinizmi? Ümumiyyətlə, səfərbərlik olacağı təqdirdə, edə biləcəyiniz bir iş varmı?
Ciddi deyirəm, həqiqi səfərbərlik olarsa, yəni əsl vətən müharibəsinin başladığını görsəm, yaşıma və çəkimə baxmayaraq öndə gedərəm. İlk sevgi görüşünə gedən cavan oğlan kimi gedərəm. Həyatımda gördüyüm ən lazımlı və dəyərli bir iş dalınca gedirmiş kimi gedərəm. Dediklərimdə bir damla belə pafos yoxdu. Sakitcə durub gedərəm. Və xeyli adamı inandıra bilərəm mənimlə getməyə. Getdiyim yer görmək istədiyim yerdi, xəyallarımın yurdudu deyə, gedərəm.
“Çöl Qala” povestinin qəhrəmanı sevgilisinə belə deyir: “…biz səninlə Eliziuma gedəcəyik. Bizim dildə Yeliseydi, deyəsən. Özü də antik yunan mifoloqlar yaradan seçilmiş ruhların mükafatlandırıldığı, kədərdən və qayğıdan uzaq, həmişəbahar bir dünyaya yox, öz Yeliseyimizə”. Onların getmək istədikləri dünyanın adı Çöl Qaladı. Özlərinin yaratdığı dünya. Allahın da, bəndənin özləri olduğu dünya. Çöl Qala Şuşanın məhlələrindən birinin adıdı, ulu balalarımın yaşadığı məhlənin.
İndi özünüz deyin, səfərbərlik olacağı təqdirdə sizcə neyləyərəm?
Yenidən atəşkəs elan olunması cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Çoxları hesab etdi ki, bu dəfə atəşkəsə yox, İrəvana qədər getməliydik. Siz nə düşünürsünüz bu barədə? Sizcə itirilmiş torpaqlarımızı sülh yolu ilə geri qaytara biləcəyikmi?
Eyforiya ilə depressiya bir dağın iki üzü kimidi, bu tərəfdən dırmanıb çıxırsan yuxarı, o biri tərəfdən düşürsən aşağı. İrəvana qədər getməyin eyforiyasını yaşamadığım kimi, torpaqları azad etmək şansının buraxılması depressiyasını da keçirmədim. Nə qədər Rusiya Qafqazda güc sahibidir və nə qədər ki, orada Putin kimi militarist diktator hakimiyyətdədi münaqişənin çözümünü görmürəm. Torpaqları qaytaracağımıza bir gün də olsun inamı itirməmişəm. Nə qədər ki, torraqların itirməməsi ilə razılaşmamışıq, demək ümidimiz var, şansımız da olacaq.
Son döyüşlərdə üzə çıxan keyfiyyətlərimiz ümidi daha da artırır. Məni zabitlərimiz heyran elədi. Əsgərinə kontur yüklədən zabit obrazı dağıldı. Bir döyüşdə bu qədər zabit itirməmişdik. Onlar əsgəri qabağa vermədilər, irəliyə özləri çıxdılar. Xalq son 20 ildə bu qədər coşqu ilə döyüşə hazır olmamışdı. Belə xalqla dağı dağ üstə qoyar qabiliyyətli hakimiyyət. Təəssüf uzun illər hesabına yığılan enerji beləcə boşaldıldı.
Mümkünsə, bir qədər də ailəniz, övladlarınız barədə danışardıq. Bildiyim qədər övladlarınızın hər ikisi musiqi sahəsini seçib və bu sahədə artıq uğurlara imza atmağa başlayıblar. Musiqi öz seçimləri olub, yoxsa siz məsləhət görmüsünüz?
Çox istərdim musiqiyə peşəkar yanaşsınlar. Onlarda bu yaxşı alınır. Amma başqa peşə seçmək istəyirlər, mən də inad etmirəm. İki uşaq gimnaziyada oxuyur, sonbeşik orta məktəbdə. Onlar yerli cəmiyyətə daha uğurla inteqrasiya olublar.
Nə zamansa birdəfəlik köçüb vətənə qayıtmağı düşünürsünüzmü? Əgər belə istəyiniz varsa gerçəkləşəcəyi gün çoxmu uzaqdadır hələ?
Neçə ildi hər gün vətənə qayıdıram… Onsuz da əvvəl-axır qayıdacam. Amma istərdim bu qocalıb əldən düşənə qalmasın. Həyatın mənası kiməsə, nəyəsə lazım olmağındadı. Vətəndə kimisə, nəyəsə daha lazım olmadığımı gördüm. Elə yerdə yaşamaq çətin idi. Lazım olduğumu bilən gün vətənə dönəcəm!
Rumiyyə MİRASLAN
Geri bildiriş: “Danışım, gör məni” (müsahibələr) | Vahid Qazinin bloqu