“Böyük neft kapitalının potensial təhlükələri”

III Sektor 12

Son bir ildə dünya bazarında neftin qiymətinin sürətlə enişi iqtisadiyyatı neftə bağlı olan ölkələrdə, o cümlədən, Azərbaycanda ciddi iqtisadi böhrana səbəb olub. Bu, gözlənilən idi. Hələ 10 il öncə “İnam” Plüralizm Mərkəzinin təşkil elədiyi “Neft və demokratiya” adlı radiodebatlarda, “Böyük neft kapitalının potensial təhlükələri – Azərbaycan 2025” mövzusunda keçirdiyi silsilə dəyirmi masa və konfranslarda mümkün təhlükələr barədə ekspertlərin məruzələri dinlənilir, mövzu ətrafında geniş ictimai müzakirələr açılır, proqnozlar verilirdi. Təəssüf ki, bütün bədbin proqnozlar doğrulmaqdadır. Yalnız bir fərq var – o vaxtkı debat və müzakirələrdə Azərbaycanın 2025-ci ildə mümkün mənzərəsi göstərilirdi. Zaman bizi 10 il qabaqladı.

2006-cı ilin 19 aprelində keçirdiyimiz konfransda neft sindromunun ölkənin iqtisasi-siyasi həyatına təsiriylə yanaşı mənəvi-psixoloji durumuna münasibəti də ətraflı müzakirə edilmişdi. Konfransın materialları III Sektor jurnalının 20-ci sayında dərc olunmuşdu. Həmin say üçün yazdığım redaktor yazısı “Neft iradəsi” adlanır. Bu günlə səsləşən yazının burada da dərcini münasib bildim.

Neft iradəsi

Azərbaycan və neft. İkinci yüzillikdir ki, bu adlar qoşa çəkilir. Dünyanın ən həssas nöqtələrindən birində – Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən qovşaqda yerləşən Azərbaycanın üstəlik də neftlə zəngin olması daim onu müxtəlif güclərin cazibə nöqtəsinə çevirib. Bu güclər sırasına bəşəriyyətə yön verən və ya bu iddiada bulunan dövlətlər də var, regiona nəzarət uğrunda çarpışan ölkələr də. Dünyanın iqtisadi simasını müəyyənləşdirən transmilli şirkətlər də var, nisbətən kiçik miqyaslı biznes qurumları da. Hamı birlikdə və hər kəs ayrılıqda Azərbaycana can atır, yəni həm də neftə.

Neft təkcə xarici gücləri deyil, yerli siyasi və iqtisadi qüvvə mərkəzlərini də hərəkətə gətirən faktordur. Son yüz ildə Azərbaycanda elə bir ciddi ictimai-siyasi hadisə olmayıb ki, bu və ya başqa şəkildə neft amilinə bağlanmasın. Azərbaycanın ötən əsrin əvvəllərində müstəqillik qazanmasından və onu itirməsindən tutmuş 1990-cı illərdə baş verən olaylara (dövlət çevrilişləri, daxili kataklizmlər və s.) qədər hər məsələdə neft izləri axtarmaq məntiqsiz görünməz. Qısası, Azərbaycanın iqtisadiyyatı da, siyasəti də, mədəni inkişafı da, sosial və hətta mənəvi-psixolji durumu da neft müstəvisindən kənarda təsəvvür oluna bilməz.

Bu il BTC neft kəməri istifadəyə verildi. 2024-cü ilədək Azərbaycana onun illik büdcəsindən on dəfələrlə artıq kapital daxil olacaq. Neftin siyasi, iqtisadi, sosial həyatımızda aparıcı rolu haqqında, neft kapitalının dividendləri barədə çox danışılıb. Bəs xoşbəxt gələcəyimizin təminatçısı kimi vəsf etdiyimiz neftin fəsadları yoxdurmu? Dövlətin «mədəsi» bu böyüklükdə vəsaiti həzm etməyə hazırdırmı?

«İnam» Plüralizm Mərkəzi «Böyük neft kapitalının potensial təhlükələri – Azərbaycan 2025» adlı dəyirmi masa keçirib. Burada neft kapitalının mümkün fəsadları müzakirə edilib. 2025-ci ildə ölkəmiz necə olacaq? Azərbaycan ya neftin hesabına qüdrətlənib çiçəklənəcək, ya da Allahın bəxş etdiyi təbii sərvətləri tükəndirib səfalətə düçar olacaq. Jurnalın əvvəlki saylarında neftin bir çox xalqların aclıq və səfalətdə qalmasının baiskarı olduğu barədə yazılar dərc etmişik. Bu sayda isə ölkəmizin yaxın illərdə mümkün inkişaf istiqamətləri barədə düşünməyə imkan verən xeyli yazı var.

Hələlik düşünək. 2025-ci ildə bir də qayıdarıq bu məsələyə. Təki salamatlıq olsun…

Vahid Qazi

Baş redaktor

III Sektor Jurnal, 2(20) / 2006

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma