Qanzasar xatirələri

Gandzasar-11

Qanzasar xatirələri

Vəngdən üzüaşağı Koladağadək (biz ona Koladayı deyirdik) uzanan yaşıl meşənin Damğanlı kəndilə Turş-su bulağı arasındakı yolun üstündə böyüklərimizin qurduğu çadır alaçıqların əl içi kimi göründüyü yerində “qala” quranda uzaq 1975-ci ilin qızmar Qarabağ iyulu idi. Biz – bir dəstə uşaq ulu babalarımızın da yaylamağa gəldiyi Koladayı meşələrində ən “strateji” yerin kol-kosunu təmizləyib, torpağından “qala” düzəldəndə, ağac budaqlarından cürbəcür silahlar qayıranda, çəpər çəkib “hərbi” düşərgə salanda, bir gün üzüyoxuşa – Qandzasar kilsəsinə, o biri gün üzüyenişə – nənəmizin çadırına ərzaq dalınca gizli “hərbi yürüşlər” edəndə hələ heç “Rembo” filmi çəkilməmişdi.

Qədim Alban kilsəsini bir həmləylə “alırdıq”, amma “saxlaya” bilmirdik. Çünki onun ən hündür yerinə, vaxtilə zəngi sallanan, bizi görüb perikən yüzlərlə göyərçinin yuva qurduğu hissəsinə çıxmaq mümkün olmurdu. Heç kilsənin yarıqaranlığında ziyarətçılərin ortası yonulmuş qalın daş sandıqçaya atdığı qəpikləri də götürmürdük. Olmazdı. “Qənimətsiz” kilsəyə maraq tez itirdi və biz zirvəni yenidən “fəth” etmək üçün oranı “döyüşsüz” tərk edirdik. Beləcə, ona yiyə durmurduq. Çox sonralar dərk edəcəkdik ki, tarixi abidələr gözəl qadın, qiymətli zinət kimidir, sən yiyə durmasan, başqası mütləq sahib çıxacaq.

Alaçığa girib torbaya ərzaq yığmaq asan idi, çətini “trofeyi” çadır şəhərciyindən (sonralar buradakılar başqa bir çadır şəhərciyinin də sakini oldular) “hərbi düşərgə”yə daşımaq idi. Bir qayda olaraq hücum nənənin çadırına edilərdi, çünki onun qapısı yiyəsinin qəlbi kimi açıq və geniş idi. Digər çadırlardan fərqli olaraq ora “qorunmurdu”. Amma çıxanda bir neçə çadırın qapısı ağzından və çoxsaylı güdükçü gəlinlərin yanından keçmək lazım gəlirdi. Təcrübəli kəşfiyyatçılar bu işi yaxşı bacarırlar.

Hərdən Damğanlıya “sülhməramlı” səfər edirdik. Kənd bizə döyüşsüz “təslim” olurdu. Tay-tuş erməni oğlanları bizə nifrət etsələr də, “qalib ordunun” əsgərlərinə yol verirmiş kimi geri çəkilirdilər. İçimizin ən böyüyü olan dayıoğlu Elşənsiz bu kəndə girməzdik. Onlar Elşən olanda bizdən, biz də Elşən olmayanda onlardan çəkinirdik.

Cibimizə bir-iki manat girən kimi ədəb-ərkanla dükana gedirdik, özü də hərbi yürüşlərimizdəki taxta atlarla yox, məftil maşınlarla. İndinin diliylə desək, ən “full” maşın pensilin şüşəsindən düzəldilən gecə faraları olan idi. Əynimiz-başımızı da qaydaya salırdıq, axı bulaq başında göz vurub qaş oynatdığımız erməni qızlarının kəndinə gəlirdik.

Bütün bu hərbi yürüş və sülhməramlı səfərlər bizim düşərgəmizdə böyük bir süfrəylə nəticələnirdi – kilsədən kəndəcən yerləri fəth edənlərin süfrəsi. Burada nə yox idi? Ləmbəran qarpızından Əsgəran limonadınacan, soyutma Xocalı kartofundan “Sport” peçenyesi, “Barbaris”əcən, hərdən lap toyuq qızartmasından Spanakert (Stepanakert) dondurmasınacan. Əsl fateh süfrəsiydi.

Şənbə-bazar günləri gur keçirdi. Şəhərdən xeyli qohum-əqrəba, dost-tanış gəlirdi. Hamısı da maşın dolu ərzaqla. Qarpız-yemiş üst-üstə taya qurardı. Ehtiras bolluqdan yaranır – az olmayıb üzüaşağı qarpız diyirlətməyimiz.

Samovar tüstülənir, ocaq qalanır, manqal közərirdi.

Kənar adam olmayanda bir böyük süfrə, meşəbəyi Şahin kirvə və bu sayaq yad adamlar gələndə isə üç süfrə açılırdı: kişi, qadın və uşaqlar üçün. Danışırdılar ki, Şahin kirvə bir dəfə meşədə ayı ilə qarşılaşıb və onu öldürüb. Bəlkə də beləydi, bəlkə də uzun illər boyu buraları yaylağa çevirən müsəlman türklərin hər gəlişindən pəjmürdə olan ermənilərin onu çox güclü igid kimi əfsanələşdirmək istəyindən irəli gəlirdi – “Bizim Şahin on kişiyə cavab verər, o, meşədə ayı boğub!”.

Sahin kirvə süfrəyə əliboş gəlməzdi. İxtiyarında olan ucsuz-bucaqsız meşədən cürbəcür heyvan, çaydan torba dolu forel gətirərdi. Əlbəttə, çuxasından tut arağı da çıxardı. Onun gətirdiyi çay balığını həvəslə yeyirdim. Çünki biz balıq tuta bilmirdik. Çarşabı düşəndə utandığından tumanını başına keçirən məşhur filmin qəhrəmanı Gülçatay kimiydi Xaçınçayın balıqları. Çayın suyu o qədər duruydu ki, balıqlar bu aydınlıqda eybi görünürmüş kimi dəli sıçrayışla ya lilə girib suyu bulandırır, ya da daşlar arasında gizlənirdilər.

Bir dəfə meşəbəyi Şahin əlik gətirmişdi. Ceyrandan balaca, quzudan bir azca böyük əlik. Özü soydu, özü bişirdi. O gündən ona da, onun kürən atına da, həmişə heyrətlə baxdığım beşatılanına da nifrət etdim. Neçə müddət idi uzaqdan, meşədəki “düşərgəmizdən” hər gün eyni vaxtda, çayın eyni yerində su içməyə gələn bir əliyi seyr edirdim. Ürkək baxışları, titrək ayaqları vardı. Onunla armada indiki internet çatlardakı virtual sevgiyə bənzəyən xüsusi münasibət yaranmışdı. İndi içi atam qarışıq bir dəstə kişi bəlkə də həmin balaca əliyi yeyirdilər. Bu, həyatımın ilk “qanlı” süfrəsi oldu. Həmin gecə nənəmin çadırındakı Nikolaydanqalma dəmir çarpayıda gözüyaşlı yuxuya getdim.

Səhər yerimdən duranda üz-gözüm nəm idi. Amma bu, göz yaşının nəmi deyildi. Gecə yağış yağmışdı. Mənim üçün alaçığın brezent tavanını döyəcləyən yağış damlalarının çıxardığı səsdən doğma təbiət səsi yoxdur. Bu bir damla yağış suyu çadırın sıx iplərindən keçərək min yerə parçalanıb üzümə nəmlik çiləmişdi. Mənim növbəti qarabağlı xöşbəxt səhərim beləcə açılırdı… Amma bu açılan sabahlarda o əliyi bir də görmədim.

Vahid Qazi

 

Qanzasar xatirələri” üçün 2 cavab

  1. Geri bildiriş: Xankəndi (Birinci yazı) | Vahid Qazinin bloqu

  2. Geri bildiriş: Xankəndi (Birinci yazı) – Azad Tv

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma