Qarabağ iməciliyi

imecilik

Qarabağ iməciliyi

Avqustun 20-də Ermənistan və Rusiya müdafiə nazirləri “Rusiya hərbi bazası Ermənistan Respublikasının ərazisində olduğu müddətdə Rusiya Federasiyasının maraqlarının müdafiəsindən başqa Ermənistan silahlı qüvvələri ilə birgə Ermənistan Respublikasının təhlükəsizliyini təmin edir” sözləri yazılan və 2044-cü ilədək qüvvədə qalacaq protokolu imzalayanda təəccüblənmədim, sadəcə, hələ 10 il əvvəl Tiflisdə keçirilən, ermənilərin də iştirak elədiyi konfransların birində ciddi mübahisəyə səbəb olan sözlərim yadıma düşdü:

“Ermənilər tarixdə xalq kimi sağ qalmalarına görə türklərə, millət kimi dövlət qurmaları üçün isə ruslara minnətdar olmalıdır”.

Fasilələrdə də davam edən mübahisələrdə fikrimi belə izah eləməyə çalışırdım ki, ana balasını necə qorumağa borcludursa, Rusiya da Ermənistanı elə hifz etməyə məhkumdur. Çünki Ermənistanı Rusiya “doğub-yaradıb”  – erməniləri bura köçürməklə, onlara dövlət qurmaqla. Onun yaşaması və ayaqda qalmasına yardım Rusiyanın boyun borcudur, tarixi missiyasıdır. O, Ermənistana görə hamı ilə, o cümlədən Azərbaycanla da davaya gedər, necə ki əvvəl dolayısı ilə gedib, indi lap birbaşa gedər. Təzə protokoldan belə çıxır.

Müqavilə öz yerində, məni başqa şey maraqlandırır.

***

Ağdamın işğal günü – iyulun 23-də “Ağdam – Qafqaz Xirosiması və ruhlar şəhəri” adlı sərginin açılışı və eyni adlı filmin təqdimatını keçirdik. Sərgi iyulun 30-dək davam etdi. Yüzlərlə sadə insan yayın qızmar günlərində tamaşaya durdu. Neçə-neçə tanınmış ziyalı, elm, mədəniyyət xadimi, Milli Məclis üzvü açılışa qoşuldu. Gələ bilməyən telefon açdı.

Amma belə bir Qarabağ sərgisinə iqtidarlı-müxalifətli partiya rəhbərləri gəlmədi, indi seçkilərə (elə hər yerə) Qarabağ adı ilə gedirlər. Dəvətimizə “Komitə sədri məzuniyyətdədir”, “Nazir xaricdə səfərdədir” kimi cavab verən təmsilçilərinə ta sonradan zəng vurub demədik ki, açılış günü, iyulun 23-də “məzuniyyətdə”, “xaricdə” olan həmin komitə sədrlərini, nazirləri axşamın televiziya xəbərlərində Bakıda səfərdə olan Gürcüstanın baş naziri ilə görüşdə göstərdilər.

Şəxsən dəvət edilmələrinə rəğmən Qarabağ əsilli bir deputat, Ağdamdan seçilmiş bir millət vəkili də sərgiyə gəlmədi, Ağdam Rayon İcra Hakimiyyətinin düzənlədiyi ənənəvi yadetmə mərasimində kədərli boy sırasına düzülmüşdülər. İcra başçısı da gəlmədi, heç adam da göndərmədi.

Həftə boyu bir saat vaxt tapmadılar? Artıq neçə ildir işğal günlərimiz rayon səviyyəli iməcliyə bənzəyir. Arvadlı-kişili, böyüklü-balacalı hamı yığışır, sonu alovlu notlarla bitən elə çıxışlar edir ki, Hikmət Sabiroğlunun sözü olmasın, eşitsə, Bako Saakyan Stepanakerti qoyub qaçar.

Mənimsə iməcilikdən həmişə zəhləm gedib (iməclikdə əkilən bir ağacı da bar verən görmədim). İməcilik kampaniyaçılıqdır. Kampaniyaçılıq pafosdur. Pafos saxtalıqdır. Saxtalıqda sevgi olmaz. Sevgisiz Qarabağ alınmaz!

Qarabağın işğaldan qurtulması üçün hərbçilərin, siyasətçilərin, iqtisadçıların, hər kəsin öz düsturu ola bilər. Mənimsə əminliyin ondadır ki, Qarabağa yol onu dəli bir eşqlə sevməkdən keçir. Qarabağı sevməyi heç kimə qadağan edə bilməzsən, erməniyə də. Bu gün o, iki aşiqi olan gözəl kimidir. Bu “aşiq-məşuq” davasında sevgisi daha çox olan udacaq, Qarabağ onu daha çox sevənin olacaq.

Qarabağı təkcə daş kimi, dağ kimi, meşə kimi, bulaq kimi yox, anan kimi, balan kimi, səni havalandıran yar kimi, Allahın kimi – Vətən bunların hamısının məcmusudur – sevməklə alacaqsan! Sevənlər üçün “sevmək”lə “ölmək” iç-içə sözlərdir, sinonim kimi. Onların qarışığından ilahi Eşq yaranır. Vətən sevgisi həmin o ilahi Eşqdir. Yerdə qalanların pafos qarışığı var.

Vətəni sevmək (ölmək) Allaha səhər obaşdan edilən duaya, şirin yuxu görən körpə balanın təbəssüm qoxuyan üzündən öpməyə, başını dizinə qoyduğun ananın qırış, titrək barmaqları ilə saçını qarışdırmasına, məsum bir qızın qəfil baxışından içində başlayan təlatümə bənzəyir.

Bütün sevgilərin bir səsi var – pıçıltı. Ana balasına laylanı, bəndə Allahına duanı, aşiq məşuquna sevgisini pıçıltı ilə deyir. Bütün sevgilərin bir dili var – sükut. Sevgi dilə gətiriləndə bitir, dəyişib başqa şey olur. Gün işığı görən “proyavka” olmamış foto lenti kimi…

Mübariz İbrahimov vətəni sevməyə nümunə göstərdi. Heç kimə heç nə demədi. Sevgisini dilinə gətirmədi, eləcə “…artıq ürəyim dözmür” yazdı. Sonra sakitcə durub vətəni sevməyə getdi. Vətəni sevməyə gedənlər qayıtmır, o da qayıtmadı. Beləcə, ilahi Eşqə qovuşdu!

…Bu gün, avqustun 31-i Qubadlının işğal günüdür.

…İməciliyə çıxmayacağam!

Vahid Qazi

“Mediaforum”, 31.08.2010

P.S. Növbəti il Ağdamın İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovun təşəbbüsü ilə Quzanlı qəsəbəsində “Ağdam – Qafqaz Xirosiması və Ruhlar Şəhəri” adlı sərgi keçirildi. Minlərlə tamaşaçı şəhərin işğaldan əvvəl və sonrakı durumunu əks etdirən fotolara baxdı, filmi seyr etdi. Uşaqların baxışlarını isə heç vaxt unutmayacam. Onlara siz də baxa bilərsiniz: Ağdamı görməyən ağdamlı uşaqlar “Qafqaz Xirosiması” filminə baxarkən.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma