Cufut Kala, Krım, Ukrayna
Ölü şəhərlər muzeyi
(“Yaddaş ləpirləri” silsiləsindən)
Vahid QAZİ
Azərbaycan və Ermənistan ziyalılarından ibarət bir qrup qarşılıqlı səfərlə hər iki ölkənin media həyatına canlanma gətirdi. Ardınca Azərbaycan prezidenti Rusiya telekanalına müsahibəsində Qarabağ problemiylə bağlı yeni və ciddi açıqlama verdi. Ermənistan prezidenti isə kiprli həmkarı ilə görüşdə yeni olmayan fikirlərini bir daha təkrarladı.
Mövzu qəzet və saytlarımızı zəbt edib, bolluğu ilə göz çıxarır. Əsas sual da budur: “Sən Qarabağa gedərdinmi?” Ən müxtəlif cavablar oldu. Mənim ürəyimi titrədən də bu sualın bir qarabağlı kimi mənə də ünvanlana biləcəyi “qorxusu” idi – bu suala nə cavab verərdim…
***
Dünya sivilizasiyasının beşiklərindən olan Krımda on altı ölü şəhər açıq muzey kimi durur, hamısının da öz tarixi, mədəni kimliyi var. Onlardan birinin – Puşkinin “Baxçasaray fontanı” şeirinin hesabına rus-kommunist fəlakətindən adını qoruya bilmiş əsrarəngiz Baxçasaray şəhərinin qədim hissəsindəki Xan Sarayının darvazası ağzından yuxarı qalxan yolun sonunda, sanki göy üzünə dikələn cığırın o biri ucunda, buludların əhatəsində mövqe tutan Cufut-Kala mağara-şəhəri 15 ildi qəlbimi və ruhumu fəth edib.
Cufut-Kala Krım xanlığının paytaxtı olub. Sonralar xanlıq böyüdükcə ərazi azlığı və su problemi səbəbindən xan aşağıda, daha böyük yerdə özünə paytaxt seçib Baxçasarayı. Cufut-Kalanı isə qəraim türklərinə verib. Krım-tatarca “cuhudların qalası”, qəraimcə isə “Cuft Kale”, yəni, “cift qala”, cüt qala anlamını verir.
1994-cü ilin yayında, türkçülüyün hələ qanımı qaynatdığı dönəmdə yüzillərin araba təkərlərinin bəzən barmaq uzunluğunda dərinə işləmiş izlərini səmt tutub dar küçələrlə getdiyim vaxt keçirdiyim hisslər hələ də dipdiridir.
Hündürlüyü 5 adam boyunda, duruşundan tarixin zəhmi tökülən cənub darvazasından girib bir vaxtlar tacirlərin mal satdığı bazarın sağ yanından keçirəm. Bir az da sağa burulub mağara-evlərin balaca oyuq-pəncərələrinin önündən ötürəm, burnuma xoş və tanış iy gəlir. Təzə gəlin piti asıb ərini gözləyir. Şuşada Sabir əminin – “turist Sabir”in pitisinin qoxusuydu eynən.
Yoluma davam edirəm. Kiçik meydançada ağsaqqal kişilər çöməlib oturublar, söhbət edirlər: “Deyəsən, bizim sözümüzü xana çatdırmırlar, axı. Bəlkə özümüz bir də onun hüzuruna gedək? Deyək ki, susuz yaşamaq olmur burda. Neçə ildir söz verilir, amma əlac edən yoxdur. Hamı çıxıb gedəcək, şəhər boş qalacaq axırda”. Bir başqası cavab verir: “Xanın bizi dinləməyə vaxtı nə gəzir… Yenə harasa üz tutur, deyirlər bu dəfə Moskvaya hücum edəcək. Getsin, alsın, bizim uşaqlar da pis vuruşmurlar, sözüm yox, amma bizim də işimizə əncam çəksin barı”.
Küçə sola burulur. Tində qəraim kenassasıdı. Qəraizm yəhudiliyin təriqətidi. Şəhərin əksər evlərindən fərqli olaraq bura daşdan tikilib, üstü kirəmitlidir. (Şəhərdə heç ev yoxdur ha, ev dediyimiz yonulub-yarılıb qayadan düzəldilmiş mağara-sığınacaqlara bənzəyir). İbadət vaxtıdı, deyəsən. Düz keçirəm.
Qəraimlərin tarixini hərə bir yerə yazır, mən onları xəzərlərin davamçıları hesab edənlərdənəm. Türk dilində danışırlar. Dini ayinləri də qəraim türkcəsindədi.
Qarşıdan gələn öküz arabasına yol verib yoluma davam edirəm. Təkərlər ağ sal daşların içində açılmış bir xətt boyunca diyirlənir. Eynən relsin üstüylə gedən tramvay kimi. Çıxardıqları səslər də bənzəyir bir-birinə. Sağ tərəf sıldırımdır, odur ki, yol sola burulur. Aşağıda dərin dərələr göz aparır, yavaş-yavaş öyrəşirsən. Xuraman özünü buradan atıb? Görəsən, niyə atıb? Əsl səbəbini bilən varmı?
Tini dönürəm. Böyük mənzərə qarşımdadı. Solda şəhərin ən hündür tikilisidi. Bura Toxtamış xanın qızı Canıke xanımın 1437-ci ildə tikilmiş məqbərəsidi. Ziyarət edirəm. Bu ucalıqdan baxanda babası Çingiz xanın yaratdığı tarixin ən əzəmətli imperiyasının sərhədlərinin səmada Tenqrinin qapısı ağzında üfüqə çevrildiyini asanca görə bilər hər türk oğlu türk. Özümü bu məkanın, bu üfüqün bir parçası hiss edirəm. Şahin kimi bu sonsuzluğa şığımaq istəyirəm, elə dəli şahinlərin özü kimi. Tarix yaddaşımdan retrovari görüntülərlə keçir, özüm tarix oluram…
Bir qədər sağda mağara-şəhərin ikinci darvazasıdı. Əsrləri addımlayırammış kimi nəhəng divar daşlarını sürətlə qalxıb şimal darvazasına dırmaşıram. İlahi, bu nədir belə? Mən tarixin fövqündəmi durmuşam? Doğrudanmı tarix məndən başlayır? Bəşəriyyət mənim atdığım addımın, getdiyim yolun düzlüyündən, səhvliyindənmi asılıdır?! İçimdə təlatüm yaranır, bədənim qızır, hər yerimi tük basır, bom-boz tük.
Nədir, yoxsa “Canavar” filmindəki Cek Nikolson kimi mən də qurda çevrilirəm? Doğrudur, çevrilirəm, qurdam artıq, qurd – Boz Qurd! Dizlərim darvazanın sağ tumbasına dirənib, üzüm göy üzündə Tenqrinin qapısına doğru, sağ əlimdə barmaqlarım Qurdun başı rəmzini qurub və bu qapını döyəcləməyə uzanıb. Qurd kimi ulayıb Tenqridən kömək diləyirəm. Mənə yol göstərsin, bəşəriyyəti xilas edim, Ergenekondan çıxarım.
– Auuuuuuuu!!!
– Auuuuuuuu!!!
…
Qarşıda üfüqün üstüylə Tenqriyə boylanan yol, arxada mağara-şəhərin xarabalıqları…
Ruhum bu arada var-gəl edirdi ki, aşağıdan, darvazanın dibindən gələn səs məni – Qurdu diksindirib ayıldır:
– Ey tı, çeqo aryoş? A nu ka bıstro spuskaysya!
– Ya ne aru, ya layu!
– Şto? Kto tebe razreşil?
– Ya prosto layu, razve dlya etoqo nujno razreşeniye?
– Tı kto?
– Seriy volk!
– Kakoy volk, spuskaysya!
Endim aşağı. Tanış olduq. Son yüz ildə burada yalnız bir ailə qalıb. O da Qalaya baxanın ailəsi. İndi o təkdir. Həm Qalaya baxır, həm də muzeyin rəhbəridi. Tarix elmləri doktorudu.
Məni, 1990-cı illərin mənim kimi bütün türkçülərini qınadı. “Hara qoyub qaçmısınız?” dedi. “Buranı kimin ümidinə buraxırsınız, axı bura sizin də vətəninizdir!”
Bizi çaya qonaq elədi. Sonra şimal darvazasından üzüaşağı düşüb qəraim qəbiristanlığına apardı. Qarabağın, bəlkə Azərbaycanın ən böyük Qarağacı qəbiristanlığına bənzəyən bir yer idi. Amma buranın qəbirləri də, ağacları da nəhəng idi. Uç adamın əl-ələ verib başına dolandığı nəhəng ağac qədim qəraim məzarının içində bitmişdi.
…Beynimin, ruhumun tarixi tərpənişindən keçən bu 15 ildə Çufut-Kalaya dəfələrlə getmişəm. Hər dəfə də özümlə bir türkçü aparmışam. Hamısı da havalanıblar mənim kimi. Həmişə bir səbəbə gəlmişəm bura – Krımın başqa şəhərində keçirilən konfransları yarımçıq qoyub, çaparaq dəyən vaxtlar da olub – Şuşanın qoxusunu, ruhunu almaq üçün. Bura mənim vətənimdir, elə Şuşa kimi…
Şuşa qalası
***
Ziyalıların son səfəri fonunda Qarabağ havasına köklənmiş mediada yer alan bir açıqlama məni əməlli-başlı üşütdü: “ …Ola bilər ki, Ermənistanda etirazlar daha nümayişkaranə, Azərbaycanda isə daha məhdud çərçivədə baş versin, amma sülh sazişinə qarşı çıxanların, güzəştlərə etiraz edənlərin olacağını da güman etmək olar”. Bunu ingilis jurnalist Tomas de Vaal “Azadlıq” radiosuna deyib. Belə dəqiq qiymət verən olmamışdı bizə. İngilis qədim türk ləhcəsində “deyir” ki, Şuşa qalası Çufut-Kalanın taleyini yaşayır və ola bilsin, buna görə Azərbaycanda “etirazlar məhdud çərçivədə baş versin”.
Cəmi 20 il əvvəl Topxanadakı cır armud ağacı milyonların namusu idi. Cəmi 20 il sonra bütöv Qarabağ “məhdud çərçivənin” namus yeri olur.
…“Sən Qarabağa gedərdinmi?” Mənim ürəyimi titrədən də bu sualın mənə ünvanlana biləcəyi “qorxusu” idi – mən bu suala nə cavab verərdim? Allah jurnalist dostların atalarına rəhmət eləsin! Bunu məndən soruşmadılar.
“Oskar” mükafatçısı, bosniyalı rejissor Danis Tonoviç “Heç kimin torpağı” (“No Man’s Land”) filmini 2001-ci ildə çəkib. 1994-cü ildə Bosniyada gedən müharibədə iki düşmən bir təpədə öz əsgər dostlarının mühasirəsində qalır. Onların sağ qalmaq üçün bir yolları var – uniformalarını çıxarmaq və tanınmaz olmaq. Ölümlə üz-üzə qalan iki düşmənin bu təpədəki yaşantıları filmin süjet xəttini təşkil edir. Bilmirəm niyə bu filmi xatırladım, amma hər halda yadıma səbəbsiz düşməzdi. “Heç kimin torpağı”. İndi Qarabağ heç kimindir. Heç ermənilər də əmin deyillər onların olmağına.
…Qarabağa gedərdimmi? Əlbəttə, kim istəməz gedib YURDunu görsün? Amma məsələ getməkdə deyil, görməkdədir. Özü də nə cür, nə kökdə görməkdə…
İndi Qarabağda da onlarla ölü şəhər və qəsəbə var. Amma onlar muzey deyil.
Çufut-Kala az qala məni Tanrının dərgahına qədər ucaltmışdı. Şuşada isə bunun əksi olacaqdı.
Mən başıaşağı olacağım yerə necə gedim axı???
7 iyul, 2009
Geri bildiriş: Tanrılarla baş-başa | Mismar.Az