Özünü axtaranlar ölkəsi
və ya maydan sonra gələn aprel
(“Yaddaş ləpirləri” silsiləsindən)
“Söz bütün hissləri dartıb uzada bilən yayma dəzgahıdır” yazarkən Qustav Floberin hansı ovqatda olduğu onun “Madam Bavari”sindən bilinir. Amma inana bilmərəm ki, bu dahi yazıçı da nə vaxtsa sözün əlində aciz qalmasın, ən dərin hissi ürəyində fır bağlayıb, dilinin ucunda düyünlənib sözə çevrilə bilməsin.
Hələ sözlə davadan qalib çıxan görmədim…
Neçə ildir Azərbaycan Cümhuriyyəti, onu “yoxdan” yaradanlar, sonra onun bir ideya kimi yaşaması üçün Sibirdə donanlar, Nargində güllələnənlər, türmədə çürüyənlər, küçədə alçaldılanlar, qürbətdə çərləyənlər haqda duyğularımı Allahın nə bir kəlmə sözü, nə də sayı artıq altıya çatdırılan insan hisslərinin biriylə ifadə edə bilmirəm. Bu, romantik duyğular deyil, o, çoxdan arxada qalıb. Həm də romantik duyğuları dilə gətirməkdən asan nə var ki, romantik yazar üçün..
***
…Şuşa yolunun ikiyə böldüyü Qarabağın bəlkə də özü ilə yaşıd Qarağacı qəbiristanlığının sağ tərəfində son əlli-yüz ilin, solunda isə gedib-gələni olmayan, cığırları çoxdan itmiş daha qədim qəbirlər var(dı). Babalarımın biri sol, o biri sağ tərəfdə uyuyur.
Babam Həbib Qazıyevin məzarı qəbiristanlığın sol tərəfindədir. Mən onu tapa bilməzdim deyə axtarmamışdım. Həm də ona görə ki, ağlı kəsən vaxtdan atam da çox axtarıb, ancaq tapmayıb. Uşaqlıq illərində onun qəbrinin itməsi mənə qəribə gəlirdi. Bu o vaxtlar idi ki, doğma bildiyim bütün adamları, cisimləri və hadisələri yaxından görürdüm. Çünki onların yanındaydım.
Doğmalardan aralandıqca onlara uzaqdan baxmağı öyrəndim. Daha sonra bildim ki, uzaqlaşdıqca onlar daha əziz olurmuşlar. Beləcə, ən əlçatmaz ən çox vurulduğun olur, lap Allah kimi…
Bu gün nə Qarabağa, nə də Qarağacı qəbiristanlığına əl çatır. İndi, bu yazını yazdığım anlar onun qəbrinə də beləcə kənardan baxıram – dipdiri Ruh kimi.
Buraya yazdığım hər kəlmə məni quş uçuşu boyu göyə qaldırır. Qalxdıqca uzaqlaşıram. Uzaqlaşdıqca bütöv qəbiristanlıq dönüb bir qəbir olur, elə onun məzarı boyda. Şuşanın dağlarından gələn duman qız örpəyi kimi ağappaq buluda çevrilir, çatıb çəkirəm bir kənara bu örpək-buludu. Uçuşa davam edirəm. Qəbiristanlıq Azərbaycana, o da nəhəng qitəyə çevrilir. Buludların cızdığı xətti çoxdan keçib Ayadək dikəlirəm, ilahi boşluğa çatıram. Burdan gördüklərim oğlumun gecələr qucaqlayıb yatdığı yupyumru topu xatırladır. Mən də onu beləcə qucaqlamaq istəyirəm. Üstünün tozu-ləkəsi, içinin dostu-düşməniylə… İlahi, buradan Yer necə tanış, necə doğmadır!
…Dünyanın ən gözəl səyahətindən üzü Yerə dönürəm. Nəhəng Yer atlas vərəqləri kimi çevrilir və hər çevrilişində adamı özünə bir nəfəs də çəkir. Burada yıxılmaq təhlükəsi yoxdur! Enirəm! Üzüm iki okean arasındakı böyük torpağa sarıdır. “Oğlumun topu” daha görsənmir.
Nədir bu yerin adı? Min illər saniyə kimi keçir. Kimlər yoxdur bu qırıq saniyələrin içində, kimlərin səsi yoxdur… onu qollarımın arasına alıb sarılmaq istəyirəm. Alınmır, ötüb keçirəm. Qafqaz da arxada qaldı. Azərbaycana enirəm. Budur, çatdım!
Amma düşdüyüm yer qalxdığım yer, bu qəbir də o qəbir deyil! Babamın itmiş məzarını Göyçaydan üzü Bakıya səpələnmiş adsız türk qəbirləri şəklində tapıram.
***
23 Cümhuriyyət ayı tariximizin “qara dəliyi”dir. Bu yurdun az qala Paleolit dövrünü öyrədiblər bizə, bir babalıq tariximizsə yasaq olub. Amma Beyinlərin Böyük Yuyulma illəri belə onu silib apara bilmədi. Onu yazanlar elə yazmamışdılar ki, hər gələn pozsun, heç indidən sonra da pozulası deyil. Azərbaycan Cümhuriyyəti minillərlə yaşı olan qoca bir xalqın təzələnən genetik yaddaşı idi…
***
…Eyvandakı uzun stolun o biri başında tüstülənən samovardan çay süzdü. Stəkəna qonşu Ağca arvadın göndərdiyi builki qarağat mürəbbəsindən salıb qarışdırdı. Hörümçək toru kimi dəqiq işlənmiş qırış sifətinə yaraşıq verən xüsusi ədayla “Zoğalı yığmasan, danışmayacam” dedi.
Yaydan-yaya Bakıdan Ağdama gələn, hər gəlişiylə evimizi qonum-qonşunun “ziyarətgahına” çevirən, yaşlılarlın gah “Ordubad qızı”, gah da “Tiflis gəlini” çağırdığı nənəmin dediyini eləməsən, sən deyəni etməyəcəyinə şübhə yox idi. Söhbətlərini dinləmək üçün ən zəhlətökən işi belə görməyə hazır idim. Belə işlərdən biri də yarpağı bədənimi dalayan zoğal ağacına çıxmaq idi.
Onun söhbətləri yalnız özü yorulanda bitirdi. Bəzən uşaqlıq xatirələrinə baş vurub bizi Ordubada “səyahətə” aparırdı. Xatirələri babasının ərik bağlarıyla başlayıb elə onunla da bitirdi: “Hamısı birdən çiçəkləyəndə deyirdin bəs dünyada çiçəkdən başqa heç nə yoxdur”. Bəzən də Tiflisdə, əmisinin Şeytanbazardakı evində yaşadığı yeniyetməlik illərindən danışar, getdiyi teatrlardan, gəzdiyi yerlərdən söz açardı. “Leyli və Məcnun” operasını əzbər oxuyurdu: “Ged, ey Leylü, sən o Leylü dögülsən!”. Ordubad, Tiflis və Qarabağ ləhcələrinin qarışığından qəribə bir danışığı vardı. Söhbətlərinin ən şirini babamla tanışlığı idi.
***
…Azərbaycan Cümhuriyyəti Azərbaycan türklərinin tarixdə özünüdərk, özünüifadə etdiyi tək və yeganə hadisədir. Doğum haqqında şəhadətnamə insanın varlığını təsdiqlədiyi kimi müstəqilliyin elanı da millətin özünütəsdiq möhürüdür. Yeni doğulan uşaq bir ailənin, yeni yaranan millət isə bəşəriyyətin nemətidir…
***
Münəvvər nənəmin xatirələrindən: “Tiflisə bir-iki il idi gəlmişdim. Bir gün əmim arvadı gəldi ki, bəs biri sənə elçi düşüb. Əmin razılıq vermək istəyir, sən nə deyirsən? Şuşalıdı, qazı nəslindəndi, özü də varlı-hallıdı… Gedib gördüm qara bir kişidi. İti, sərt baxışlarından xoşum gəldi. Məni teatrda görübmüş. Zəhmli olsa da, nəzakətli idi… Nəysə, razılıq verdim, sonra məni faytona qoyub gəlin apardılar”. Söhbətin bu yerində qız nəvələrin sualı bir-birinə calanırdı.
Oğlanlara isə davalı söhbətlər maraqlı idi: “Biz uşaq olanda ermənilər Naxçıvanda çox türk qırıb. O vaxt bizə türk deyirdilər. Onlar bizi hər yerdə öldürürdülər. Bizim arvadların döş gilələrini kəsib sapdan keçirir, təsbeh kimi bizimkilərin səngərinə atırmışlar. Buna dözməyib irəli çıxanları da gülləylə vururmuşlar. Adamların belinə qaynar samovar bağlayıb qaçırdırmışlar”.
Bu qorxunc söhbətdən sonra qan-tər içində külünglə evimizin alt otağına qapı açan erməni fəhləsi Cavanşirə çay süzüb, yemək çəkəndə nənəmi başa düşmürdüm. “Sənin kürəyinə qaynar samovar bağlayana necə çay-çörək vermək olar?” Acığımı zavallı Cavanşirin armud ağacının dibində cütlənmiş ayaqqabılarını islatmaqla çıxırdım…
***
Münəvvər nənəmin xatirələrindən: “Türklər gələndə Həbif (babamın adını belə çəkirdi) dost-tanış, qohum-əqrəbadan dəstə düzəldib onların qabağına çıxıbmış. O vaxt bizimkilər vuruşmurlarmış. Yevlaxda türk əsgərinin bir kişiyə şallaq çəkib söyməsi xəbəri onu da pərt edibmiş: “Kişilər bizi qorumağa gəlir, biz də girmişik evə”. Beləcə qoşulubmuş Müsavat ordusuna. Əsgəran tərəfdə dizindən yaralanıbmış. Yarasının yeri sonralar da göynəyirdi. Babanız belə kişi olub”. 35 il əvvəl ölən əri haqqında elə danışırdı ki, elə bil dünənin söhbətini edirdi.
***
Yazıçı Oleq Volkov 1928-ci ildə uzaq Solovki həbs düşərgəsindəki müsavatçıları belə xatırlayır: “Я решил умереть, – твердо сказал нам староста. – Мы и на Соловки-то привезены с тем, чтобы покончить с остатками нашей самостоятельности. В Баку мы для них реальные и опасные противники… Но не стоит об этом. Мы и наши цели слишком оболганы, чтобы я мог коротко объяснить трагедию своего народа… – Напоследок он пошутил: – Я потребовал перевода с острова… в солнечную Шемаху! Случится мимо ехать – поклонитесь милым моим садам, кипарисам, веселым виноградникам… Прощайте, друзья”.
***
Münəvvər nənəmin xatirələrindən: “Ruslar Müsavatı devirəndən sonra il ildən ağır gəldi. Babangilin Tiflisdə bir restoranı vardı – “Arşın mal alan”. Əllərindən aldılar. Sonra Şuşadakı mülklər də əldən çıxdı. Özünə yer tapmırdı. Ordubada – bizimkilərin yanına gəldik. Dükan açdı, İrandan mal gətirirdi. İşləri pis getmirdi. Atan da elə Ordubadda doğuldu. Amma çox çəkmədi, burada da babanı ilişdirdilər. Onun təzə hökumətdən zəhləsi gedirdi. Sərhədi adlayıb İrana, oradan da Türkiyəyə getmək istəyirdi, qərara gələ bilmirdi. Qayıdıb Ağdama gəldik. Köhnə dostlar sayəsində özünə iş qurdu, amma fikri köhnə hökumətdəydi. Deyirdi ki, onlar qalsaydı, indi bu murdarlıqlar da olmazdı. Nə orduya yazıldı, nə müharibəyə getdi. Ondan sonra mən də oğlanlarımı rus ordusuna göndərmədim. “Voyennilər” gələndə atanı taxtapüşda gizlədirdim. Babanız bu ölkədə özünə yer tapmadı. Axırda, məni körpə uşaqlarla tək qoyub öldü. Çərləyib öldü. Beləcə, qara günlərimiz başladı. Tək qaldım. Sonra qəbrini də tapa bilmədik”.
***
İki ilə yaxındır ayrı-ayrı nazirliklər, dövlət idarələri 90 yaşını bayram edir, müxtəlif tarixi günlər qeyd olunur. Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və ondan sonrakı çoxsaylı əlamətdar günlərlə bağlıdır. Növbə 11 yanvara çatıb.
11 yanvar 2010-cu il Parisdə Müttəfiq Dövlətlərin Ali Şurasının Azərbaycan Xalq Cümhuriyyətini tanımasının 90 illiyidir.
Bu yazını Cümhuriyyəti quranlara, onun yolunda ölənlərə və onu sevənlərə bayram hədiyyəsi kimi yazdım. 11 yanvar Azərbaycan dövlətçilik tarixinin Şərəf zirvəsidir. Sonra 28 aprel gəlir. Maydan sonra gələn aprel!? Bütün zirvələrin o biri üzü uçurumdu. Bizə zirvəylə yanaşı uçurum da qismət imiş. 90 illik yubiley silsiləsi 28 aprellə bitir. Süqutun yubileyi mənlik deyil deyə yazını bu günə həsr etdim.
Cümhuriyyətin süqutunun 90 illiyi. Amma o, süquta yox, günəş kimi “oğlumun topuna” dövrə vurub, yenidən doğmağa getmişdi. Bu barədə M.Ə. Rəsulzadə İ.V. Stalinə 88 il əvvəl yazmışdı: “За два года в Москве я понял: восточные народы все равно обретут свою независимость. Вы не добьетесь того, что хотите. Народы Востока будут жить так, как захотят сами, а не по коммунистическим нормам и принципам”.
11 yanvar 1920-ci ildə bizi gördülər, tanıdılar. 2 mart 1992-ci ildə bütün dünya bizi daha yaxından görüb bir daha tanıdı. “İmzalar içində imzamız” tapıldı.
Biz necə, özümüzü tapdıqmı?
Vahid QAZİ
6 Yanvar, 2010
Geri bildiriş: Azərbaycanlı olmaq asanmı? | Vahid Qazinin bloqu