Acılara məlhəm zaman
Sıra təpələrin hərəsi bir rəngə çalırdı. İşıq ustasının neçə-neçə səhnə işığından düzəldə biləcəyi mənzərəni günəş hər səhər bir baxışıyla çəkirdi.
Gün çıxmayanda, buludlu havada da təpələrin hərəsi bir rəng verirdi.
Qar yağmışdı. Amma yenə təpələr eyni boyada deyildi, hərəsi bəyazın bir çalarındaydı.
Dərələr təpələrin əks üzüdü. Biri qorxunc gecə, o biri işıqlı sabah kimidi.
…Neçə gündü pəncərədən eyni mənzərəni günün fərqli saatlarında müxtəlif boyalarda görürdüm.
Gündüz baxanda buranın yazını, yayını təsəvvür eləmək adama çətin gəlmir. Təpələr öz bahar rəngini dərələrin bətnində gizlətsə də, o boyaları görürdüm. Görə bilirdim! Obaşdanın hələ ağarmayan danı, şərqarışanın ala-toranı, dərələrə gömülən qaranlıq belə təpələrdə gizlənən bahar rənglərini itirə bilmirdi.
Bir dağdan törəyən təpələr bir ananın doğduğu balalar kimidi – bir-birinə bənzəməzlər.
***
Masa ətrafındakı adamlar da bir ananın balaları deyildilər. Amma bir Allahın bəndələriydilər.
Moskvalı Andrey İvanoviçin yaşı yetmişi çoxdan ötərdi. Yeriyəndə boy-buxunu, danışanda səsinin yoğunluğu əsgərlikdə gördüyüm rus generallarını xatırladırdı. Polkovnik rütbəli keçmiş hərbçi olduğunu sonra biləcəkdim. Söhbəti də əsasən getdiyi sanatoriyalardan olurdu. Ötən payızı burdan 19 kilometr aralıdakı Karlovı Varıda keçirib. Deyirdi ki, içdiyi suların xeyri olub, mədə ağrıları azalıb.
Praqalı Karelin uzaqbaşı əlli beş yaşı olardı. Ruscası yaxşıydı, kommunist dövründə məktəbdə öyrənibmiş. Maşınqayırma sahəsində işləyir, texniki jurnallar üçün məqalələr də yazır. Çexiya sanatoriyalarından fəxrlə danışırdı. Buradakı radon vannalarının Avropada, mədən sularının dünyada tayı olmadığını deyirdi. Onun söhbətləri mənim də vətənpərvər duyğularıma təsirsiz ötüşmürdü – Naftalan vannalarından söz salıb, Azərbaycana getməyi məsləhət görürdüm.
Drezden ətrafında yaşayan Hannaya səksən beş yaş vermək olmazdı, canısuluydu. Hər dəfə çəliyini stulun arxasına söykəyib oturur, hamıyla ayrıca salamlaşırdı. Yeməkdən tez çəkilsə də, söhbətdən doymurdu. Andreylə onunku tuturdu, şirin söhbətlərini çox vaxt foyedə, barda da davam etdirirdilər. Rusca yaxşı danışmasa da, dediyi başa düşülürdü. Bəzən işlətdiyi almanca sözlər uşaq vaxtı sovet müharibə filmlərində eşitdiyim “qorxunc” dilə bənzəmirdi. Onun tələffüzündə sərt alman dili axıcı, qulağa yatımlı səslənirdi.
Gündə üç dəfə yemək vaxtı görüşürdük. Hiss edirdim ki, Karel də onları xüsusi maraqla dinləyir. Pəncərənin o üzündəki yarpağı tökülmüş meşəli təpələrlə yanaşı ömrünün xəzan çağlarını yaşayan bu iki qocaya baxmaqdan zövq alırdım. Nədən danışsalar da, sonda sözləri qocalığın fəsadlarına gəlirdi. Bir-birlərinə məsləhət verirdilər. Elə mehriban, canıyanan davranırdılar ki, elə bil yüz ilin tanışıydılar.
Qocaların, özü də xəstə qocaların bölüşməyə çox şeyləri olur. Onlar da uşaqlarından, nəvə-nəticələrindən, ağrı-xəstəliklərindən, növbəti dəfə hansı sanatoriyaya getmək istədiklərindən, bir sözlə, bu günlərindən və sabahlarından danışırdılar. Ömürlərinin çoxunu kommunist illərində, uşaqlıqlarını tarixin ən qəddar siyasi rejimlərində keçirən, bir-biriylə amansız müharibə aparmış xalqların üzü üzlər görmüş bu iki qoca nümayəndəsi keçmişdən bir kəlmə də danışmırdılar.
Bir gün axşam yeməyi vaxtı elə coşğuyla söhbətləri qızışdı ki, ikimiz də maraqla tamaşalarına durduq. Əməlli-başlı mehribanlaşmışdılar. Onlara baxa-baxa çex həmsöhbətimlə əbədi düşmənçiliyin olmadığından, əfi düşmənlərin əvvəl-axır dost masasında oturmasından, tarixin belə nümunələrlə zənginliyindən danışırdıq.
Söhbət əsnasında ondan sovet əsgərlərinin alman qadınlarını kütləvi zorlanmasından bəhs edən filmə baxıb-baxmadığını soruşdum. Görməyibmiş. Elə həmin axşam baxmağa dəvət elədim.
Saat 8-də Karel dörd dənə çex pivəsiylə qapımı döydü. Rejissor Maks Ferberböykün çəkdiyi “Anonim – Berlində qadın” filmini internetdə bayaqdan tapmışdım. Oturub baxdıq.
Film sovet əsgərlərinin vəhşiliklərindən, alman qadınlarını kütləvi zorlamasından bəhs edir. Tarix məğlub etdiyi xalqın qadınlarını bunca kütləvi zorlamaya məruz qoyan ikinci ordu görməyib. İki milyon alman qadını bu kütləvi zorlanmanın qurbanı olub. Özü də bir yox, on dəfələrlə. Allahsız kommunist ordusu monastırlardakı rahibələrə belə aman verməyib. Minlərlə qadın abort vaxtı ölüb. İntihar eləyənlərin sayı da minlərlədi. Ümumilikdə zorlamalar nəticəsində 240 min alman qadını ölüb.
O gecə Karellə rus əsgərlərinin başqa cinayətlərindən də danışdıq. O, kommunist illərinin zülmündən, sovet işğalından sonrakı repressiyalardan, uran mədənlərində işlədilən siyasi məhbuslar üçün elə bu şəhərin yaxınlığında salınan həbs düşərgələrindən, 1968-ci ilin qanlı Praqa yazından söz açdı.
Mənim də bu mövzuda xeyli deyəcəyim vardı. Maraqla dinlədi. 20 yanvar qırğını haqda eşitmədiyinə təəccüblənmədim. Hansı faciəmizi kimisə çatdıra bilmişik ki…
Səhəri gün qoca cütlüyü daha maraqla müşahidə eləməyə başladım. Hannanın ürkək üzü filmdə hər gün zorlanan qadının məsum sifətini xatırladırdı. Andreyisə qadınlara vəhşi bir ehtirasla hücum çəkən qızmış rus əsgəri gözündə görürdüm. Hanna anasını, qadın qohumlarını, bütün xalqını, bəlkə də özünü zorlamış bir ordunun zabitiylə məhrəm söhbət edirdi. Heç nə olmayıbmış kimi. Unutmuşdumu? Bəs deyirlər qadın zorlanma stressini ömrünün sonunacan unutmur!
Görünür, düz deyirmişlər: “Zaman hər yaraya məlhəmdi”.
Nə qədər sarkastik səslənsə də, elə bil Avropada sərhədlər uğrunda axıdılan bunca qan sonunda sərhədsiz dövlətlər qurmaq üçünmüş.
Ermənilərlə aramızdakı müharibə də tarixin min müharibəsindən biridi. Mənim heç bir şübhəm yoxdu ki, nə vaxtsa, uzun illər sonra bir azərbaycanlıyla bir erməni Qarabağda – Çexiyanın bu balaca şəhərciyi kimi gözəl yerlərindən birində – beləcə söhbət edəcək. Yəqin Xocalı qırğını, boynumuza qoyulan Sumqayıt qətllərini yaşamış o məchul adamlar da o vaxt keçmişə baxmayacaqlar. Onların da söhbəti bu gündən və sabahdan olacaq.
İsa peyğəmbərin sözüdü: “Dara düşmüsən, yanıma gəl, əlindən tutum, keçirim bu ağrıdan, kömək edim, amma bir şərtlə – arxaya baxma”.
İndi bu yazdıqlarım qəribə görünür. Sülhün uzaq üfüqlərdə belə görünmədiyi, barışığa ümidin quyu dibinə düşdüyü bir zamanda yazdıqlarım nağıla bənzəyir, bilirəm. Bunun nə vaxtsa – lap əlli il sonra – baş verəcəyini də bilirəm!
…Həm də əmin olmaq istəyirəm ki, ermənilərlə Qarabağdakı o görüşlərdə qonaq gələn yox, qonaq qarşılayan olacağıq!
Dekabr, 2013
Yaximov, Çexiya
“Bir dağdan törəyən təpələr bir ananın doğduğu balalar kimidi – bir-birinə bənzəməzlər…
Masa ətrafındakı adamlar da bir ananın balaları deyildilər. Amma bir Allahın bəndələriydilər….” VAHID QAZI
Vahid müellim, bir balaca reyime sizin öz fikrinizle bawlamagim ona göredir ki, burada cox derin metlebler vardir. Yani, bir varliqdan törese de , bütun övladlar eyni olmur…eyni xaraktere , xislete, meneviyyata, cekiye , nüfuza , deyere malik olmurlar…Pisi de ola bilir, yaxwisi da…lap qatili de…Ve bu o demek deyil ki, suclu onu dünyaya bexw eden varliqdir…Bu hem dar menada , hem de geniw anlamda mehz beledir…Yaxwisini pise qurban vermek edaletsizlikdir…Xalqimizin müdrik kelami da var : “Agi qaraya tutmazlar! ”
Men Vedidenem —Ermenistandan…Ele yaxwi , insanperver ermeniler vardi orda! Ne qeder acilar olsa da o insanlarin gözel emelleri , xatireleri yaddawimin iwiqli guwesinden ölenecen silinmeyecek. Hemin o adamlara Moskvada rast gelenlerimiz olur…Heminki kimi yaxwiliqlarina davam etmekdediler…Pis ermenilerin ekseriyyeti murdar , iyrenc siyasetin qurbanidirlar! Qeti eminlikle deyirem.Faktlarim var cunki…Birini deyim: biz evimizi obmen yolu ile deyiwdik. Evimizde bundan belesine Razinli ermeni Zaven qalacaqdi…Eger gözunun ag – qarasi musiqici balasi Ediki gözunun qarwisinda
heyetimizde güllelemeseydiler… Qarabag müharibesinde vuruwmaga evinden zorla aparmaga gelenlerin teklifini redd etdiyine göre…
Men Sülh terefdariyam — bariw terefdari. O günüsebirsizliklgözleyenlerdenem. Bilirem ki, hemyerlilerimizin ekseriyyeti bu cur düwunur…Cunki hamimizin heyatinda nece -nece unudulmaz ermeni var.
Vahid müellim , bu derin mentiqli, qlobal mezmunlu yaziniza göre minnetdaram size . Eminlikle hemyerlilerim adindan da….dawiyicisi oldugum eziz Ruhlarin da xeyir -duasi ile…
Çox sağ olun, Mehriban xanım. Təşəkkür edirəm!