Gözləri buraxmırdı onu

Rafiq-17

Gözləri buraxmırdı onu

Vahid Qazi

Tanışlığımız cəmi-cümlətanı bir ildi. Şəxsi tanışlığı deyirəm, belədə eşitmişdim haqqında, böyük alim olduğunu bilirdim. Təxminən 10 il əvvəl ABŞ səfirliyinin ənənəvi 4 iyul qəbullarından birində kənardan baxmışdım da.

“Baxmaq hələ görmək deyil” – düz deyirmişlər.

İlk dəfə isə ötən il bir kitab təqdimatında gördüm, yaxınlaşıb “Siz “Ruhlar şəhəri” yazılarının müəllifi deyilsinizmi?” soruşmuşdu. Oxuyurmuş, özü də elə-belə yox, diqqətlə, hansı duyğularla oxuduğu söhbətindən bəlliydi. Həmin günün tanışlığı, sonrakı aylarda hər yazıdan sonra zəng edib dedikləri və nəhayət, o silsilə yazıların eyni adla nəşr olunduğu kitaba “Son söz” yazısı onu bütün varlığı ilə görməyə bəs elədi.

Görmək də hələ tanımaq deyil.

…Xəstə yatan aylarda xanımını yaşatmaq üçün çox çabaları oldu, burda da, xaricdə də. Xanımını itirən gün də gördüm onu, sonrakı 40 gündə də müşahidə elədim. Tünd eynəyi gözlərinin dərinliyini, baxışlarının duruluğunu əvvəllər də gizlədə bilmirdi. Bu 40 gündə isə gözlərindən qəlbinə bir yol çəkilmişdi, hamıya açıq olan yol. Amma bu yoldan hamı keçə bilirdimi?

Bu yolu gedib qəlbinin sərhədsiz ənginliklərinə baş vurmağın bir sirri varmış – sevgi. Onu sevgisiylə tanıdım – ölümünün 40-cı günündə xanımına yazdığı “Gözlərin buraxmır məni” yazısı ilə tanıdım, qəlbinin sonsuzluğu sevgisinin üfüqlərində itən adamı.

“Gözlərin buraxmır məni” sözləri uşaqlığımın zaman qaranlığında itib-batan elə bir xatirəsinə işıq tutdu ki, sanki onu körpəlikdən tanıyırmışam, uzaqlardaymış, qayıdıb gəlib. Gəlib və çox doğma bir adam olub…

***

“Lenin, Lenin yolunda,
Qızıl bayraq əlimdə.
Çalışırırıq, vuruşuruq
Lenin baba yolunda”.

Divarda – atamın çarpayısının başında babamın böyük portreti asılmışdı. Ötən əsrin 20-ci illərində Tiflisdə çəkdiribmiş. Bu, babamın bizdə olan yeganə şəkliydi. Pionerə keçən gün həyatımda nəsə yenə mərhələ başlayırmış kimi sevinmişdim. Evə gələndə babamın şəklinə pioner “salyut”u verib bu şeiri deməyim nənəmin xoşuna gəlməmişdi. Üz-gözünü turşudub mənə elə baxmışdı ki, elə bil şəkli salıb sındırmışam – o bu şəklin üstündə əsirdi. Sonra şəklə çevriləndə üzü tamam dönmüşdü – bu, sevgi etirafı gözləyən sevdalı bir qızın baxışlarıydı elə bil.

Sözləri hələ də qulağımdadı: “Bu sənin babandı, Lenin məktəbdə olur”. Sonra boynumu qucaqlayıb: “Ta bir də o şeiri demə” dedi.

Ta bir də o şeiri demədim…

Hər dəfə babamdan söz düşəndə üzünə qəribə bir hüzur çökürdü, səsi alınırdı. Bu onun uzun illərin o tayında qalan sevgisinə ehtiram nişanəsiydi. Nənəm babamın onu Tiflis teatrlarının birində görüb vurulmasından, əmisigilin Şeytanbazardakı evlərindən faytonla gəlin çökməsindən, yaşadıqları acılı-şirinli günlərdən danışanda uşaq idim, onun qəlb döyüntülərini, hələ də diri saxladığı sevgisini duymurdum. Onu indi, babamla bağlı xatirələrini danışanda sönük gözlərinə qonub can verən parıltını xatırladıqca duyuram.

Babam 1946-cı ildə, nənəmsə ondan düz 46 il sonra – 1992-ci ilin baharında rəhmətə gedib. Bu o vaxtlar idi ki, artıq müharibə ciddi mərhələyə keçmişdi, ilk erməni mərmiləri Ağdama düşmüşdü, Xocalı qırğını olmuşdu, hər axşam atışma səsi gəlirdi. Şuşa yolunun üstündəki Qarahacılı qəbiristanlığında basdırılmasını hələ çoxdan vəsiyyət eləmişdi. Amma indi oralar çox təhlükəliydi. Atamdan başqa bütün oğul-qızı Bakıda yaşadığından elə burada da dəfn edilməsi fikri yaranmışdı. Can üstəykən bu söhbəti qulağı alıbmış. Gözü atamda barmağıyla uzağı göstərib “ora, Həbibin yanına” pıçıldamışdı.

Atam vəsiyyətinə əməl elədi.

Cəbhənin Qarahacılı qəbiristanlığı istiqamətini Ala Yaqubun dəstəsi qoruyurdu. Güllə səsləri lap yaxından eşidilirdi. Uzun inaddan sonra Yaqub dəfnə kömək üçün 5 əsgər vermişdi, onlar qəbiristanlığı müdafiə edib ermənilərin yaxınlaşmasına mane olurdular. Mollanı dilə tutmaq isə daha müşkül imiş, atam onu necə razı saldığını demədi. Nənəm bax beləcə, 46 il sonra, güllələr altında, mollanın qısıla-qısıla, qorxaq səslə oxuduğu “Quran” sədasıyla sevgisinə qovuşdu.

***

O şeiri dediyim gün otaqdan çıxanda nənəm dayanıb bir də babamın şəklinə baxmışdı. Sanki çərçivədən baxan gözləri onu buraxmırdı.

Eynən başdaşı üstündəki şəklində Rafiq Əliyevi buraxmayan Aidə xanımın gözləri kimi…

26 iyun, 2011

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma