Gültəkin Hacıbəyliylə müsahibə

 3-cu yaziya gultegin hacibeyli

 “Bizim problemimiz sistemlədir…”

Gültəkin Hacıbəyli: “Elə bir sistem qurmalıyıq ki, şəxsiyyəti sındırmasın, ləyaqəti alçaltmasın, insanı iradəsinə zidd olaraq cinayətkara çevirməsin”.  

Gültəkin Hacibəyli 1973-cü il oktyabrın 13-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin şərqşünaslıq və hüquq fakültələrini bitirib. İngilis, fransız, rus, ərəb və fars dillərini bilir. 2002-2004-cü illərdə BDU-nun hüquq fakültəsinin müəllimi olub. 1996-2002-ci illərdə Qərb Universitetində ingilis dili və hüquq kafedralarının müəllimi işləyib. 2002-ci ildən BDU-nun beynəlxalq hüquq kafedrasının müəllimidir. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikası Milli Məclisinin (2-ci və 3-cü çağırış) deputatı seçilib. Deputatlıq dövründə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü olub. Ailəlidir, bir övladı var.

– Xoş gördük, Gültəkin xanım! Elmi yaradıcılığınız nə yerdədi?  Elmi işinizin mövzusu nədi?

– Elmi yaradıcılıq deyəndə, bir az gurultulu çıxır. Mən hələlik elmə iddialı biriyəm. İki baza təhsilim var. Birinci ixtisasıma görə dil nəzəriyyəçisiyəm. Namizədlik işim də tipoloji araşdırma idi. Müxtəlif sistemli dillərdə diatez və növ kateqoriyalarını araşdırmışam. Bu tədqiqat məni verbosentrizmə yaxınlaşdırdı. İndi fel, diatez, cümlə modellərini araşdırıram. Eyni zamanda, dissertasiyamın mövzusu olmayan sahələrə də müraciət etdiyim olur. Hazırda maraqlı bir araşdırma üzərində işləyirəm: sosioetnolinqvistikada nəzakət kateqoriyası. Maraqlı fenomendir, özü də təkcə linqvistik hadisə deyil. Xalqın ruhu, yaşam fəlsəfəsi, etnopsixologiyası ilə bağlı hadisədir.

– Yeri gəlmişkən, Azərbaycanda ana dilinin vəziyyətini necə qiymətləndirirsiniz? 70 illik imperiya dövründə ana dili arxa plana keçmişdi, bütün vəzifəlilər övladlarını rusdilli məktəblərə qoyurdular. Amma indi də eyni vəziyyətdir. Dövlət orqanlarında, hətta  küçədə də rus dilində danışırlar. Sizcə, bu niyə belədir və bunu dövlət maraqları, milli təfəkkürün formalaşması baxımdan təhlükəli sayırsınızmı?

– Sovet dövründə milli dillər sıxışdırılırdı. İşlənmə sferası, yayılma arealı məqsədli şəkildə məhdudlaşdırılırdı. Xüsusilə, elmi, rəsmi və kargüzarlıq sahələrinin, ictimai-siyasi sektorun ümumişlək dili rus dili idi. Türk dillərinə qarşı isə xüsusi bir qısqanclıq vardı. Övladının yaxşı karyera imkanları qazanmasını arzulayan valideynlər onları rus məktəblərinə göndərmək məcburiyyətində idilər. Çünki, rus dilini mükəmməl bilməyən insanın karyera yüksəlişi imkanları yox dərəcəsində idi. Ancaq sovet dövrünün özündə də Azərbaycanda milli dilin tətbiqi vəziyyəti məsələn, Orta Asiya respublikaları ilə müqayisədə çox yaxşı idi. Bakı şəhərindən fərqli olaraq, kənd rayonlarımızdakı məktəblərin əksəriyyəti milli məktəblər idi. Gürcüstanda, Ermənistanda durum bizdən daha yaxşı idi, Baltik respublikalarda isə lap yaxşı. Görürsünüzmü, hətta sovet dövründə belə, milli şüurun inkişaf səviyyəsi bir çox məsələləri şərtləndirirdi. Bu sahədə biz Orta Asiyadakı qardaşlarımızdan xeyli irəlidəyik. Çünki onlardan fərqli olaraq bizim yaxın tarixdə kiçik də olsa müstəqil dövlətçilik təcrübəmiz var idi, sanballı bir ziyalı nəsli yetişmişdi. Gürcülər və ermənilər bu sahədə bizdən daha irəlidə idilər. Baltik respublikaları isə daha qısa müddətli sovet işğalı dönəmində heç zaman, sözün tam anlamında, sovetləşmədilər. Milli özgürlük düşüncəsini yaşatdılar, əyilmədilər, sınmadılar və təbii ki, digər müttəfiq respublikalardan daha tez gerçək müstəqilliyə qovuşdular. Çünki, bir millət olaraq bu onların haqqı idi.

Dil qədər xalqın ruhunu yaşadan, ona doğma olan ikinci bir vasitə yoxdur. “Xalqın dili onun ruhudur, xalqın ruhu onun dilidir və bundan daha güclü eyniyyət təsəvvür etmək çətindir”. Çox sevdiyim bu fikrin müəllifi dahi alman mütəfəkkiri, filosofu və dilçisi Vilhelm fon Humboltdur.  Baxın, milli dilin vəziyyəti milli şüurun vəziyyəti ilə düz mütənasibdir. Başqa bir misal. Orta asiyalıların, gürcülərin, ermənilərin, baltiklərin və bizim rusca nitqimizi müqayisə edək. Təbii ki, söhbət savadlı insanların nitqindən gedir. Savadlı qazağın və ya qırğızın üzünü görməsən onun rus olmadığına inana bilməzsən. Rusca təmiz rus ləhcəsi ilə danışır. Azərbaycanlı da təmiz danışır, ancaq onun nitqində mütəxəssis dərhal milli dil fraqmentlərini tutur. Qonşularımız və deyək ki, eston ağzını açan kimi, hər kəs, hətta savadsız biri də ləhcəsindən danışanın gürcü, erməni və baltikalı olduğunu müəyyənləşdirir. Çünki, rus təhsilli qazağın ana dili rus dilidir. O, bu dildə düşünür və dünyanı bu dildə dərk edir. O, bu dilin aurasında yaşayır. Ancaq hətta rus təhsilli gürcünün belə ana dili rus dili deyil, gürcü dilidir. Ailəsində rus dilində danışan gürcülər çox azdır. Ailəsində rusca danışan estonu isə təsəvvür etmək belə çətindir. Azərbaycanlılar burada orta mövqedədirlər. Necə deyərlər, nə yardan doyuruq, nə əldən qoyuruq. Əslində, mən rus dilini itirməyin əleyhinəyəm. Bundan tələbələrimiz çox əziyyət çəkir. Rus dilini bilmirlər, ingiliscələri elmi ədəbiyyatı mənimsəyəcək səviyyədə deyil, Azərbaycan türkcəsində isə elmi ədəbiyyat, hətta dərsliklər belə demək olar ki, yoxdur və ya çox azdır. Mən də oxuduğum ədəbiyyatın 90 faizini rusca oxumuşam, rus dilini bilməyin tərəfdarıyam. Ancaq mən rus dilinin azərbaycanlının ana dili olmasını heç vaxt qəbul etməmişəm. Mən azərbaycanlının rus dili mühitində yaşamasına, bu dildə düşünməsinə və dünyanı bu dil vasitəsilə qavramasına qarşıyam. Çünki, bu zaman həmin insan tam azərbaycanlı ola bilmir, ən yaxşı halda, yarım azərbaycanlı olur. Çünki, dil bu dilin daşıyıcısı olan xalqın ruhudur, mənəviyyatıdır, varlığıdır. Milli təfəkkürün, milli düşüncənin formalaşmasında milli dilin xidmətləri əvəzsizdir. Dilini, ədəbiyyatını, folklorunu, mədəniyyət tarixini, milli musiqisini bilməyən və qəlbinin dərinlikləri ilə duymayan, yaşamayan insan Azərbaycanı ürəkdən sevə bilməz. Bu gün gürcülərin və ermənilərin milli şüurunun, milli təəssübkeşliyinin bizdən üstün olmasının başlıca səbəblərindən biri də onların doğma dillərinə bizdən çox sahib çıxmasıdır! Ancaq təəssüf ki, bu gün Azərbaycan siyasi elitasının dili Azərbaycan dili deyil. Buna şübhəsi olanlar rəsmi dövlət tədbirlərində qeyri-rəsmi ünsiyyətə diqqət yetirsinlər. Azərbaycanda bütün rəsmi dövlət tədbirlərinin qeyri-rəsmi ünsiyyət dili rus dilidir. Müstəqilliklə öyünəsən, onun bəhrələrini dadasan, bu torpağın çörəyini yeyəsən, ancaq müstəqilliyə qovuşduğun 20 il ərzində doğma dilində yox, yenə də işğalçının dilində danışasan, yenə də övladını rus məktəbinə göndərəsən! Ölkəmizin rus işğalı 20 il öncə bitib, ancaq soyadlarımızın rus istilası hələ də davam edir. Təbii ki, öz etinasızlığımızın nəticəsi olaraq. Bax bu məntiqi mən anlaya bilmirəm. Yenə də həmin analogiyaya qayıdıram. Gürcülərin, ermənilərin, baltiklərin, asiyalıların və bizim soyad sonluğu məsələsinə münasibətimizi müqayisə edib müvafiq nəticə çıxarmağı öhdənizə buraxıram. Baltiklər hətta bu ölkələrdə yaşayan rusların soyadlarını da özününküləşdirərək –s sonluğu artırıblar. Məsələn, Latviya vətəndaşı olan İvanov İvanovs olub.

– Son dövrlər elmi adlar almaq sanki dəbə minib. Xüsusilə dövlət orqanlarında işləyənlər, ələxsus da millət vəkilləri elmi ad alırlar. Bəzən bu adı alanın şəxsiyyəti, bəzən də müdafiə olunan işin adı, mövzusu gülüş doğurur. Bu yaxınlarda humanitar elmlər üzrə müdafiə olunmuş elmi işlərin siyahısı dərc edilmişdi. Orta məktəb inşa mövzusuna belə yaramayan sicilləmələrə necə elmi iş demək olar, axı? Elmimizdə nə baş verir?

– Məni ən yaralı yerimdən vurdunuz (gülür). Səhrada hər yer qumluq olur. Yaşıllıq, su olmur. Ancaq hər bir səhrada yolçunun dar macalda dincələ, yorğunluğunu çıxara biləcəyi oazislər də var. Bunsuz səhra yolçuluğunun məşəqqətlərinə dözmək olmaz. Mən həmişə arzulamışam ki, bu mənəvi ekologiyası çirklənmiş cəmiyyətimizdə heç olmasa elm təmiz qalaydı. İnsanın səbri tükənəndə, yorulanda, usananda özünü elmin kölgəsinə verib ruhunu rahatlaya biləydi. Ancaq görünür, cəmiyyətimizin mübtəla olduğu xəstəlik sistem xəstəliyidir. Odur ki, həyatın heç bir sahəsi bu amansız xəstəliyin fəsadlarından sığortalana bilməyib. Elmdə pul yox, maddi təminat yox, əsl elm indi yalnız bu sahədə çalışan insanların fədakarlığı, təmənnasız sevgisi üzərində qurulub. Elm çirkab götürmədiyi üçün, burada eybəcərliklər dərhal gözə girir. Elmi adlar zinət əşyalarına dönüb, alırlar, bağışlayırlar, satırlar. Azərbaycan kiçik ölkədir. Bu ölkədə hamı hər şeyi bilir. Kim dissertasiyasını kimə yazdırıb, neçəyə yazdırıb. Kim nəyin müqabilində kafedra müdiri, akademik seçilib. Məmura elmlə məşğul olmağı qadağan etmək olmaz. Məmurun da digər vətəndaşlar kimi konstitusion hüquqları var. Məmurlarımız arasında az da olsa, gerçək alimlər var. Onlar dövlət idarəetməsinə elm və təhsildən gəliblər və onların hətta məmur ola-ola doktorluq müdafiə etmələrinə pis baxmıram. Əgər elmi səviyyələri buna imkan verirsə, öz ixtisaslarını yaxşı bilirlərsə, buyursunlar. Əslində, elmi ictimaiyyət, cəmiyyət də bu insanların elmi nailiyyətlərini heç vaxt şübhə altına almayıb. Kim Əli Abbasova, Qərib Məmmədova və ya Səlim Müslümova deyə bilər ki, sən elmlə məşğul olma? Ancaq təəssüf ki, məmur-deputat-alimlər arasında belələri çox azdır. Əksəriyyət, müdafiə etdiyi “elmi işini”, “yazdığı” kitabı bircə dəfə üzündən oxumağa hövsələsi olmayanlardır. İndi hamı siyasətşünasdır. Mühəndis də siyasətdən müdafiə edir, pediatr da. Bu, öz ixtisasını bilməyən insanların ümumu şakəridir: öz sahəsindən qaçmaq. Həm də bu sahədə “elmi iş” yazmaq daha asandır. Çünki, siyasət, siyasətşünaslıq sözün klassik anlamında, elm deyil, dünyagörüşüdür, düşüncə tərzidir, həyata baxışdır, incəsənətdir. Bunu vaxtilə, hələ Otto fon Bismark qeyd edirdi: “Siyasət elm deyil, siyasət incəsənətdir!”.  Mövzular da göz oxşayır: məsələn, “Azərbaycanın uğurlu Qarabağ siyasəti”(?!)  və ya “Koroğlu dastanında zoonimlər” və bunabənzər “aktual” mövzular.  Koroğlu dastaninda iki zoonim var: Qırat və Dürat. Məncə, mahiyyətinə varmadan da hər şey aydındır. Mərhum akademik Ziya Bünyadov bu dissertasiyalara kobud da olsa, dəqiq ad qoymuşdu: “Hırla zırın fərqi haqqında dissertasiya”. “Elmi işi”ni oradan-buradan köçürürsən, ya da heç əziyyət çəkmirsən, sənin əvəzinə köçürürlər. Elmi şüra abır-həya edib müdafiəyə buraxmaq istəməyəndə “yuxarıdan” israrlı zənglər gəlir…və beləcə, olursan alim. (Mən istəyirəm ki, dəyərli oxucular bir analogiya da aparsınlar və məhkəmələrimizi nüfuzdan salan, ədalət mühakiməsinə olan inamı kökündən baltalayan zənglərlə elmimizin evini yıxan bu zəngləri müqayisə etsinlər). Sonra da millət vəkilləri, Təhsil Nazirliyi, rektorlar, dağdan ağır alimlər bu “alimin” “elmi əsərinin” möhtəşəm təqdimatında onu Dövlət Mükafatına layiq bilirlər. Haqqında rəsmi dövlət qəzetlərində təriflər yazılır. Hamı da bu tərcümeyi-halını yaza bilməyən “alimin” elmdə olmasa da, hansı sahədə yüksək fərasət sahibi olduğunu gözəl bilir. Akademik Ağamusa Axundov kimi ləyaqətli bir alimin, kristal təmiz bir elm yönəticisinin tələbəsi olaraq bunları görmək, mənim üçün ikiqat ağırdır. Təəssüf ki, elmimizdə Ağamusa müəllim kimi insanlar artıq çoxdan qırmızı kitaba düşüblər və nəsilləri kəsilmək üzrədir.

Bu yaxınlarda mətbuatda elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatına nominantların siyahısı dərc edildi. Sözsüz, aralarında layiq olanlar  var.  Ancaq elə adlara da rast gəldim ki!.. Məsələn, iddiaçılardan birinin “doktorluq işi” AMEA müvafiq institutundan altı (!) dəfə geri qaytarılmışdır. Azərbaycan elmi ictimaiyyətinin büllur saflığına, təmənnasızlığına və  obyektivliyinə  zərrə qədər şübhə etmədiyi qocaman bir alim həmin iş barədə rəsmi rəyində yazmışdı: “Bu dissertasiya işinin müzakirəyə təqdim edilməsi Azərbaycan elminə və AMEA-na təhqirdir!”. Məncə, bu,  artıq sözün bitdiyi yerdir…

Əslində, elmimiz niyə bu vəziyyətdədir sualına belə geniş cavab verməyə də ehtiyac yoxdur. Bir cümlə ilə də demək olar: saxta akademiklər “seçilən” yerdə elmin, Ramiz Rövşən demiş, “Yasinini oxutdurub, duasını qılmaq” lazımdır. Vəssalam.

– Sizcə, Azərbaycan cəmiyyətində mövcud olan problemlərin kökündə nə durur? 

– Ədalətin olmaması. İbn Sina deyirdi ki, sarımsaq min dərdin, bal yüz dərdin, nar on dərdin dərmanıdır. Mən həmişə zarafatla deyirəm ki, demokratiya sarımsaqdır. Ədalət olan yerdə halallıq da olur, rifah da, təhlükəsizlik də təmin olunur, inkişaf da. Yüz problemin yüz bir həlli yolundan danışa bilərik, ancaq bütün sular dənizə axdığı kimi, bütün problemlərin həlli də sonunda gəlib bu ədalət meyarına söykənəcək. Mən fikrimi bir az da konkretləşdirəcəyəm: Azərbaycanda bütün dərdlərimizə məlhəm, bütün problemlərimizə, hətta Qarabağ probleminə açar ola biləcək iki şərt var: ədalətli seçki və ədalətli məhkəmə. Bu mənim düsturum deyil, bu qabaqçıl, mütərəqqi dünyanın son bir neçə yüzilin sınağından çıxmış hazır reseptidir. Qərb bu resepti qanlı inqilablar, məşəqqətli mübarizələr, ağır sınaqlar burulğanından çıxaraq kəşf edib. Bizə isə onu sadəcə, tətbiq etmək qalır. Bu dünyanın yeganə optimal inkişaf modelidir. Və suveren demokratiyadan fərqli olaraq, funksional, işlək modeldir.

– Ölkədə ideoloji baxımdan boşluq varmı? Əgər varsa bunu necə aradan qaldırmaq olar? Ümumiyyətlə, problemlərin həllində ideologiyalar rol oynayırmı?

– Çox ciddi boşluq var. Dövlət ideologiyası ilə bağlı məsələlər açıqdır. Milli strateji hədəflər, ən azı, mənim üçün bəlli deyil. Biz hələ hara getdiyimizi, kiminlə birlikdə olduğumuzu, yaxın və uzaq hədəflərimizi müəyyənləşdirə bilməmişik. ABŞ-a da strateji tərəfdaş deyirik, Rusiyaya da. Qarabağ probleminin həllinə dair vahid strateji konsepsiya yoxdur. Biz hələ necə Qarabağ arzuladığımızı müəyyənləşdirə bilməmişik. Ölkənin titul xalqı öz etnik kimliyini qəbul etdirə bilmir. Bizim, ümumiyyətlə, etnik kimliyiniz yoxdur!  Rəsmi statistikaya görə Azərbaycan əhalisinin yalnız 0,4 faizi türkdür(!!!). Digər azsaylı xalqlardan fərqli olaraq biz yalnız azərbaycanlıyıq! Bu isə dövlət mənsubiyyəti anlamına gəlir və hər bir Azərbaycan vətəndaşının Azərbaycan dövlətinə aid olduğunun göstəricisidir. Gürcüstanlı, rusiyalı, fransalı anlayışları milli kimlik ifadə etmədiyi kimi. Biz Gürcüstan azərbaycanlıları kimi bir absurd ifadə işlədirik. Ancaq nədən Azərbaycan gürcüstanlıları yox, Azərbaycan gürcüləri deyirik?  Heç kim dana bilməz ki, dövlət mənsubiyyəti bildirən azərbaycanlı sözü yalnız Stalinin xeyir-duası ilə, 1937-ci ildən etibarən etnonim, yəni, millət adı statusu qazandı. Məqsəd gün kimi aydın idi: bizi türk kimliyimizdən və bununla da böyük keçmişimizdən, Türkiyəmizdən, cənubdakı bacı-qardaşlarımızdan və potensial gələcəyimizdən ayırmaq! Sovetlər təkcə adımızı dəyişdirməklə kifayətlənmədilər. Bizə, sistemli şəkildə, türklərə və Türkiyəyə nifrət hissi aşılayırdılar! Bunu da unutmuşuq? Bəlkə Stalinin bu addımına da bəraət qazandıraq, onu da yaşadaq? Lakin sovet dövrünün özündə belə, heç vaxt Azərbaycan milləti ifadəsinə rast gəlməzdiniz. Erməni milləti, gürcü milləti və Azərbaycan xalqı deyilirdi. Çünki, hətta bu adı bizə qoyanlar da Azərbaycanın millət adı kimi qondarmalığının fərqində idilər. Burada maraqlı paradokslar meydana çıxır. Hər il dekabr ayının 31-ini dünya azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd edirik. Bu gözəl təşəbbüsün müəllifi mərhum prezident Heydər Əliyevdir. Ancaq maraqlıdır ki, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən imzaladığı 16 dekabr 1991-ci il tarixli ilkin qərarda söhbət dünya Azərbaycan türklərinin həmrəyliyi günündən gedirdi. Burada daha önəmli bir məqam ortaya çıxır. Azərbaycan dövləti dünyaya səpələnmiş 50 milyonluq bir xalqın vətənidir. Bu xalqın yalnız 8-9 milyonu müstəqil Azərbaycanda yaşayır və ya bura kökənlidir. 40 milyonumuz isə Güney Azərbaycanda, İranda yaşayır və ya oradan dünyaya səpələnib. Bir xalqın 40 milyonu, yəni ən azı, 80 faizi millətini türk, dilini türk dili adlandırırsa, “Haray-haray mən türkəm!”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” deyib dünyaya hayqırırsa, yerdə qalan 20 faizin yaratdığı dövlətin bunu görməzdən və eşitməzdən gəlməsi nə demək? Belə isə, bu dövlətin 50 milyonluq xalqın liderliyinə iddiası nə demək? Belə çıxır ki, bir millətin iki adı və iki dili var?  Arazın bu tayındakılar azərbaycanlılardır və Azərbaycan dilində daışırlar, Arazın o tayındakılar isə türklərdir və dilləri türk dilidir. Biz ya bu millətin adını və dilini etiraf etməliyik, ya da dünya azərbaycanlıları sevdamızdan əl çəkməliyik. Çünki, 200 il fars zülmü altında inildəyən bacı və qardaşlarımız, bizdən fərqli olaraq, nə etnik kimliklərindən, nə də dillərindən imtina etməyiblər və etmək fikirləri də yoxdur! Əslində, hər şey elə milli kimlik və milli dil məsələsindən başlayır. Biz istənilən ünsiyyəti özümüzü təqdim etməkdən başlayırıq. Öncə, adımızı deyirik. Adımız və dilimiz yoxdursa, özümüzü necə təqdim edə bilərik? Ad ləyaqət, mənlik deməkdir. Adına sahib çıxmayan, hətta adında belə hələ də stalinizm ideyalarını yaşadan bir millətin torpaqlarına sahib çıxa bilməməsi də təbiidir!

– Yetmiş illik kommunizm ideologiyasının yerini indi nə tutub?

– Kütləvi manqurtlaşma və ya səviyyəsiz şou-biznes ideologiyası. Başqa heç nə görmürəm. Çünki, gerçək bir ideologiyanın yerini heç vaxt saxta ideologiya ilə doldura bilməzsən! Hətta torpaqlarımızın iyirmi faizi işğal altında ola-ola biz Qarabağı milli idealogiyaya çevirə bilmədik. Bu faciədir.

– Niyə Qarabağı niyə milli ideologiyaya çevirə bilmədik? Qarabağın hakimiyyəti saxlamaq və hakimiyyətə gəlmək üçün kart olması burada rol oynayıbmı?

–  Bu o qədər ağır bir ittihamdır ki! Son vaxtlar mətbuatda tez-tez belə ittihamlara rast gəlirik. İnsanı haqsız yerə ən ağır cinayətlərdə belə ittiham etmək olar. Burada qərəz faktoru da rol oynaya bilər, məlumatsızlıq da, hətta vicdanlı yanılma da ola bilər. Ancaq məni başqa sual düşündürür: niyə bu qədər ağır ittihamlara reaksiya yoxdur? Axı söhbət puldan, on milyonların, heç yüz milyonların taleyindən yox, Qarabağın taleyindən gedir. O tale ki, hər birimizin vicdanında keçilməz qırmızı xətdir!

Qarabağ niyə milli ideologiyaya çevrilmədi? Çünki, təyinatını dəyişdi. Məqsəd olmaqdan çıxıb, vasitəyə çevrildi. Büdcədə ən böyük ayırmalar “Qarabağ təyinatlı”dır. Ordu, müdafiə sənayesi, qaçqınlar. Orduda vəziyyət necədir? Qaçqınlarımız güzaranından razıdırmı?  Hansı silahımızı sata bilmişik? Bu sualların cavabını Gədəbəyin ucqar Ağamalı kəndində 9-cu sinif şagirdləri də bilir. Mən 2009-cu ildə bir fikir səsləndirmişdim. İndi də o fikirdəyəm: Qarabağı almaq istəyən toplum bu qədər şadlıq evi, villa tikməz! Bu qədər şouya meyillənməz! Qarabağ hər birimizin həyat amalına çevriləndə bizim olacaq!

– Azərbaycanda real hakimiyyət bölgüsünə, azad seçkilərə, yəni demokratik idarəçiliyə ağrısız keçidin baş verəcəyinə inanırsınızmı? Sizcə, ağrısız, sarsıntılarsız keçid üçün hakimiyyət ilk növbədə hansı addımları atmalıdır?

– İnanmaq istəyirəm. Mən hətta bunu ən yaxın zamanda görürəm. Təsəvvür edin ki, dünya bir qatardır. Bu qatar bir istiqamətdə hərəkət edir. Bu qatarın yüzüncü vaqonu isə onu əks istiqamətə yönləndirmək istəyir. Bunu heç təsəvvür etmək də mümkün deyil. Bu bir qlobal prosesdir. Bu prosesi hətta ABŞ da qurdura bilməz. Çünki, insan yaradılışdan kamilliyə, daha yaxşı rifaha, daha ədalətli cəmiyyətə can atır. Bu insanın təbii fizioloji inkişafı kimi bir prosesdir. Yubana bilər, ancaq qarşısıalınmazdır. Və Azərbaycanın bu prosesi ağrısız yaşaması üçün istər tarixi təcrübə, istər humanitar və maddi resurslar, istərsə də Türkiyənin simasında ciddi, təmənnasız dəstək baxımından hər cür imkanları var. Addımlara gəlincə, islahatlar qaçılmazdır. Ruzveltin sözüdür: “Siyasətçi vəziyyəti xilas etmək istəyirsə, islahatlara getməlidir”. Ancaq söhbət Əlinin papağını Vəlinin başına və əksinə tipli kadr islahatlarından yox, dövlət idarəetməsinin mahiyyətini dəyişdirəcək, onu məmursevərlikdən və ya pulsevərlikdən insansevərlik məzmununa qovuşduracaq köklü, dərin, əhatəli sistem islahatlarından gedir.

– İndiki mərhələdə xalqın yerinə yetirə biləcəyi əsas missiyanı nədə görürsünüz?

– Xalq özündə güc, iradə, qətiyyət tapıb öz dövlətinə, öz torpağına və öz problemlərinə sahib çıxmalıdır.

– AŞPA-da ölkəmizi təmsil eləmisiniz. Avropaya bələd adam kimi siz daha yaxşı bilərsiniz, bizim “avropalılığımız” imitasiya deyil ki? Məsələn, Avroviziya müsabiqəsini keçirmək bizim “avropalı” olmağımıza nə dərəcədə dəlalət edir?

– Avroviziya uğurumuza hamımız sevindik. Mədəniyyətimizin, müsiqimizin təbliği üçün gözəl fürsətdir. Bu uğurda payı olanları, ilk öncə, Nigarı və Eldarı, Mədəniyyət və Turizm,  Gənclər və İdman nazirliklərimizi ürəkdən təbrik edirəm. Ancaq Avroviziya və bu qəbildən olan tədbirlər, forma planına aiddir, məzmun planına yox. Gözəl forma gözəl məzmunla doldurulanda funksional və səmərəli olur, əks halda dekorasiya olmaqdan uzağa gedə bilmir. Avropalı olmaq üçün Avropa mahnıları oxumaq azdır. Avropalı kimi düşünmək və Avropalı kimi yaşamaq lazımdır.

– Azərbaycanda uzun illər tənqid olunan təbəqələrdən biri də ziyalılardır. İki il əvvəl Ziyalılar Forumu təsis olundu, orada çox məhşur ziyalılar iştirak edir. Amma ölkədəki vəziyyətdə dəyişiklik yoxdur. Bu ziyalıların indiki vəziyyətə təsir etmək imkanının olmaması, yəni ziyalını heç kimin eşitmədiyi kimi qiymətləndirilə bilərmi? 

– Xalqin gözü tərəzidir. O, ziyalıda səmimiyyət, fədakarlıq və təmənnasızlıq görəcəksə, onun ardınca gedəcək. Bunları görməyəcəksə, bu xalqın günahı deyil. Bəli, ziyalılar uzun zaman susublar. Kimi inanıb, ümid edib susub, kimi abrına qısılıb susub, kimi nələrisə gözü önünə gətirib, nələrdənsə keçə bilməyib susub. Kimi layiq olmadığı mərtəbədə əyləşdiyi üçün, kimi övladının karyerası naminə susub. İndi bütün bunlardan sonra xalqı ziyalıya inamsızlıqda suçlamaq vicdansızlıqdır. Ziyalıları ittiham etmək üçün isə mənəvi haqqın olmalıdır. Mən o haqqı nə yaş, nə də təcrübə baxımından özümdə görmürəm. Həm də ən azı ona görə ki, mən də həmişə cəsarətli olmamışam. Biz buyuq, nöqsanlarımızla, doğrularımızla, yanlışlarımızla. Günahlarımız varsa, günahlarımızla. Gerçək qiyməti isə xalq özü verəcək.

Sizcə, cəsarətli olmağın vaxtı çatıbmı? İnsanlar niyə haqsızlığa etiraz etmirlər?

– Kimyada məhlulun doyma həddi deyilən bir anlayış var. Müəyyən səviyyəyə qədər məhlulun keyfiyyətində dəyişiklik baş versə də, mahiyyəti, xassəsi dəyişmir. Doyma həddinə çatdıqda isə, bir damla, bəlkə damlanın yüzdə biri onun mahiyyətini tamamilə dəyişməyə kifayət edir. Bu son damlayadək zahirən məhlulun doyma həddinə yaxınlaşdığını müşahidə etmək mümkün deyil. Cəmiyyət və təbiətin inkişaf qanunauyğunluqları eyni olmasa da, onlar arasında ciddi oxşarlıqlar da var. Cəmiyyətdə də belədir. İnsanların narazılığını görmək, duymaq mümkündür, ancaq doyma həddini dəqiq hesablamaq çətindir. Düzdür, müasir kibernetika, ehtimal nəzəriyyəçiləri buna cəhd edirlər. Ancaq o sahənin adamı olmadığım üçün nəticələr haqqında konkret bir söz deyə bilməyəcəyəm. Misirdə, Tunisdə, Suriyada insanlar doyma həddinə çatmışdılar. Ona görə də proses domino effekti ilə bölgəyə yayıldı və Müəmmar Qəddafi, Bəşər Əsəd kimi vampir xislətli diktatorlar da onun qarşısını ala bilmədilər. Cəmiyyət də canlı orqanizmdir. Bu orqanizmdə əgər hamı eyni cür düşünürsə, eyni hərəkət edirsə, o artıq canlı yox, ölü orqanizmdir. Çünki inkişaf rəqabət üzərində qurulub. Dialektikanın əsrlərin sınağından çıxmış əksliklərin vəhdəti və mübarizəsi, inkarı inkar kimi qızıl qanunları cəmiyyət həyatının bütün sahələri üçün keçərlidir. Siyasi rəqabət, fikir plüralizmi olmayan yerdə, cəmiyyət inkişaf edə bilməz.

Cəmiyyətdə həmişə razı və narazı kəsim və bu kəsimlərin iradəsi əsasında formalaşan iqtidar və müxalifət olur. Bu siyasi qüvvələr bir növ, cəmiyyətin amartizatoru rolunu oynayır. Vaxtaşırı biri qalxır, biri düşür və dəngə, harmoniya yaranır. Normal, inkişaf edən cəmiyyətlər, bu iki qütb arasında sivil yolla, yəni seçkilər yolu ilə balans yaradan cəmiyyətlərdir. Narazı kəsimin səsini bir müddət boğmaq olar, ancaq bu halda da protest enerjisi itmir, formasını dəyişir, siyasi enerjidən daha təhlükəli və daha dağıdıcı kütlə enerjisinə transformasiya olunur. Eynilə, təbiətdə enerjinin itməməsi haqqında qanunda olduğu kimi. Bu enerji vaxtı gələndə siyasi qüvvələri deyil, artıq narazı kütlələri hərəkətə gətirir. Bu istənilən inqilabın bəsit mexanizmidir. İnsanları bu həddə çatdırmaq olmaz! İnsanın evini başına uçurtmaq olmaz! Qulun haqqını yemək olmaz ! Kimsə vətəndaşın son tikəsini məmura xoşluqla verdiyini düşünürsə, səhv edir! Kimsə evi, əmlakı zorla əlindən alınan vətəndaşın bununla barışacağını düşünürsə, yenə də səhv edir. Axı məmurlar vəzifələrə insanlara zülm etmək üçün deyil, xidmət etmək üçün təyin edilirlər! Axı məmurlar kimi, sadə insanlar da həyata bir dəfə gəlirlər! Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə əmlak toxunulmazdır! Dinimizə görə isə əmlak müqəddəsdir!  Demək, əmlakı qəsb etmək günahdır, haramdır. Haramdan isə hələ heç kim xeyir tapmayıb! Bu sadə həqiqəti dərk etmək bu qədərmi çətindir? Bütün bunlar insanları doyma həddinə yaxınlaşdıran faktorlardır.

2006-cı ilin yanvar ayında qəzetlərin birinə verdiyim müsahibəmdə xalqın ciddi islahatlar gözlədiyini bildirmişdim. Qeyd etmişdim ki, bizim məmurlarımız dünyada gedən prosesləri anlamır, dünyanın hansı istiqamətdə inkişaf etdiyini dərk edə və düzgün nəticə çıxara bilmirlər. Dünya işığa, demokratiyaya doğru gedir və hansısa bir, hətta yüksək çinli məmur istəsə belə, bu prosesin qarşısını ala bilməz. 2006-cı ildə mənim də cəmiyyətlə birlikdə gözləntilərim vardı. İndi isə 2012-ci ilin may ayıdır! O vaxtdan altı ildən çox bir vaxt keçsə də, dünya siyasəti, dünyanın siyasi düzəni kardinal şəkildə dəyişsə də, Azərbaycanda heç nə dəyişməyib. İnsanların gözləntiləri, ümidləri ola bilər, ancaq bu o demək deyil ki, insanlar sonsuzadək bu yavan ümidlərlə yaşayacaqlar. Əgər 2006-cı ildə dünyada baş verən prosesləri təhlil etmək Azərbaycan məmurundan, hakimiyyətindən analitik şüur, siyasi düşüncə tələb edirdisə, bu gün artıq bunlara ehtiyac yoxdur, sadəcə, göz lazımdır. Gözünü açıb ətrafında baş verənlərə baxmalısan və nəticə çıxarmalısan. Ancaq hələ ki, məmurlarımızdan bir hərəkət görmürəm. Hərdən özüm-özümdən soruşuram ki, bəlkə bizim hər şeyə qadir olan məmurlarımız Allahla 3-4 min il yaşayacaqları haqqında müqavilə bağlayıblar? Əks halda, Mövlanə demişkən, onsuz da onların olmayan sərvətlərə bu qədər aludəlik, hərislik haradandır? Cəsarət məsələsinə gəlincə… bu gün dünya elə sürətlə və elə istiqamətdə dəyişir ki, qəhrəmanlıq və cəsarət meydanı da daralmaqdadır. Mənim 2006-cı ildə söylədiklərim o vaxt üçün cəsarət sayıla bilərdi. İndi dediklərim isə artıq cəsarət deyil, zamanın, siyasi situasiyanın diktə etdiyi siyasi praqmatizmdir. Bugünün ziyalısından artıq cəsarət yox, sadəcə, sağlam düşüncə, məntiq tələb edilir.

– Yeni qüvvələr niyə meydana çıxmır? Yaxın vaxtlarda bunun baş verməsi mümkündürmü?

– Ən sevmədiyim suallardan biridir. Yeni qüvvə haradan gəlməlidir? Marsdan? Biz nə zaman mövcud qüvvələrdən səmərəli istifadə etdik ki, yeni qüvvəyə də ehtiyac olsun? Mən çalışıram ki, düşüncələrimi heç vaxt şəxsiyyətlər üzərində qurmayım. Bizim problemimiz sistemlədir, şəxsiyyətlərlə deyil! Eyni bir insan iki fərqli sistemdə çalışa bilər. Bir sistem onu cinayətkara, digər bir sistem isə qəhrəmana çevirə bilər. Biz hamımız sistemin qurbanlarıyıq. Hakimiyyətdə olanların da böyük əksəriyyəti, təbii ki, hamısı yox, sistemin qurbanlarıdır. Hətta biz bir qat əzab çəkiriksə, onlar ikiqat əzab çəkirlər. Vicdan əzabı da. Sadəcə, sistem elə qurulub ki, hamı gözükölgəli olsun. Bu, sovet mirasıdır. Deyirlər, həkimlər rüşvət alır. Hər gün stress yaşayan,  insan həyatı ilə risq edən, gündə yüz dəfə xəstələri ilə birlikdə ölüb-dirilən və bunun müqabilində 150 manat maaş alan həkimə necə rüşvətxor demək olar? Avropada həkimlər ayda 10-20 min Avro qazanırlar. Əgər həkim rüşvət alırsa, bu, ilk öncə,  onun yox, sistemin günahıdır. Təbii ki, bu sözlər pulsuz xəstəyə yaxın durmayan cəlladlara aid deyil. Ancaq böyük əksəriyyət belə deyil axı. Rüşvətlə, korrupsiya ilə mübarizə adı ilə milyonları mənimsəyənləri yox, iki-üç manat alıb gips qoyan tibb bacılarını tuturlar. Bilmirsən güləsən, ya ağlayasan.

İlk öncə, qüvvələr yox, oyunun şərtləri, yəni sistem dəyişməlidir. Elə bir sistem qurmalıyıq ki, şəxsiyyəti sındırmasın, ləyaqəti alçaltmasın, insanı iradəsinə zidd olaraq cinayətkara çevirməsin, əksinə, daxili filtrasiya mexanizmləri ilə cinayətləri islah etsin.  Qüvvələri isə xalq özü müəyyən edəcək. Azad, ədalətli, şəffaf seçkilərdə! Məni bu qüvvələrin kimliyi yox, prosesin şəffaflığı maraqlandırır. Yetər ki, xalq iradəsini ortaya qoysun. Xalq özü bilər, indiki iqtidarı seçəcək, ya indiki müxalifəti, bəlkə tamam başqa bir qüvvəyə inanacaq. Bu önəmli deyil. Bir keçmiş həmkarım var. İndi də rəhbər vəzifədə çalışır. Populyardır, ancaq cəmiyyətdə imici bir az fərqlidir. Mən həmişə zarafatla deyirəm ki, demokratik seçkilərdə o da qalib gəlsə, sevinəcəyəm.

Son bir ildə baş verən proseslərə nəzər salsaq, hər yerdə hansısa bir qüvvənin yox, prosesin dəstəkləndiyinin şahidi olacağıq. Tunisdə də belə oldu, Misirdə də, Liviyada da. Dahi, əvəzolunmaz liderlər mərhələsi artıq keçmişdə qalıb. Məşhurlardan birinin sözüdür, təəssüf ki, müəllifini xatırlamıram: “Yalnız məzlum və zəif xalqların dahi liderləri olur”.  Dizraelinin də bunabənzər fikri var: “İndi  liderlər xalqları deyil, xalqlar liderləri öz arxasınca aparırlar”. Doğrudan da, indi proseslərin avanqardı da, lideri də xalqlardır. Ali iradə xalqın iradəsidir. Xalqın iradəsini isə saat mexanizmi kimi işləyən sistem həyata keçirir. Sistemin hər hansı bir mexanizmi köhnələrsə və ya yaxşı çalışmazsa, sistem özü onu əvəzləyəcək. Ancaq heç bir element, hətta ən ali element belə, sistemə öz iradəsini diqtə edə bilməz. Sistem dərhal onu sıradışı edər.

Yeni qüvvələrdən danışırıqsa, bu ilk növbədə gənclikdir. Rüşvət xəstəliyinə yoluxmamış, yaltaqlığın və yalanın nə olduğunu bilməyən gənclik. Mixail Saakaşvili gəncliyə geniş meydan verdi və nəticəsi də göz önündədir. Övladlarımızın bizdən daha güclü və daha başarılı olacağına əminəm.

– Azərbaycanda “köhnələrlə” “yenilərin” mübarizəsi var? Əgər varsa, bu daha çox hansı sahələrdədir? Hakimiyyətdə, ədəbiyyatda yoxsa, başqa sahələrdə? 

– Bu, klassik anlamda ataların və öğulların mübarizəsi deyil. Bu, xeyirlə şərin, işıqla qaranlığın mübarizəsidir. Bu totalitar, anti-milli, anti-türk, anti-islam sovet keçmişi ilə demokratik, çağdaş, özgür gələcəyin, gəncliyin mübarizəsidir. Gəncliklə mübarizə isə, fırtına ilə, sellə mübarizə qədər gülünc və perspektivsizdir. Ədəbiyyat bu mübarizənin yalnız bir fraqmentidir. Savaş xətti daha genişdir. Ancaq istənilən halda, gəncliklə mübarizə aparanlar öncədən məğlubiyyətə məhkumdurlar. Bu yüzillərin sınağından keçmiş həyat gerçəyidir. Dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq!

Vahid Qazi

İmdad Əlizadə

“TOPLUM” jurnalı, Yaz. 2012

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma