“Aydan baxsan Yer də vətəndi”

imaret fan klubunda

“Aydan baxsan Yer də vətəndi”

 Vahid Qazi:İki cür darıxmaq var: biri zamanı saatla,  günlə ölçənlərin darıxmağıdı, o biri də illə, əsrlə ölçənlərin”.

Vahid müəllim, yazdığınız kitablar hər kəsin marağına səbəb olub. Bu kitabların davamı olacaqmı?

Heç vaxt qarşıma kitab yazmaq məqsədi qoymamışam. Yazdıqlarımın sonradan kitaba çevrilməsi isə başqa söhbətdi. Bu baxımdan indi yazdıqlarım da nə vaxtsa kitab ola bilər, sağlıq olsun…

Hazırda üzərində işlədiyiniz kitab varmı? Varsa mövzusu nə ilə bağlıdır?

Kitab yox, üzərində işlədiyim yazılar var. Çoxu yarımçıq qalan yazılardı. Həcmcə ən böyüyünü 2008-ci ildən yazıram. Nə vaxt bitəcəyini bilmirəm, belə getsə, bəlkə elə yarımçıq qaldı. Romandı, povestdi, nədi bilmirəm, onu bitirməyi çox istəyirəm, amma yaxın durmağa da hər saat ürək eləmirəm,  “Rekviyem”ini bitirməyə qorxan Mosart kimi. Mövzusu “o dünya” ilə “bu dünya” arasında üçüncü dünyanı – öz dünyalarını quran kişiylə qadının hekayətidi.

Azərbaycanın ictimai-siyasi həyatında son onilliklərdə baş verənlər barədə silsilə yazılar yazmaq istərdim. 1988-ci ildə tələbəykən iştirakçısı olduğumuz mitinqlərdən indiyə qədər, Qarabağ davasından tutmuş siyasi olaylaradək, cəmiyyətin 25 ildə mənəvi yüksəlişindən çöküşünədək baş verənlər barədə, ünsiyyətdə olduğum ədəbiyyat, siyasət adamlarıyla söhbətləri yazmaq istərdim. Yazsam, tamamən subyektiv yanaşmam alınacaq, bilmirəm başqaları üçün nə qədər maraqlı olacaqdı. Amma bunun gercəkləşəcəyi zaman yəqin ki, həm də xeyli düşmən qazanacam…  Görək, hələ ideyadır, sağlıq olsun.

Yazmaq baxımdan ləngəm. Sürətli yaza bilmirəm. Bir yazıya dəfələrlə qayıdıram, əgər əvvəlki kimi məni tutub saxlayırsa, demək davam edib onu bitirmək ehtimalı var. Eləsi də var ki, bir günlük sevgi kimidi, bir dəfə tutub, dərhal da buraxıb, ta yaxına gəlmir. Amma heç birini atmıram, hamısı durur.

Azərbaycandakı dostlarınız sizin üçün darıxır. Siz necə? Azərbaycan üçün darıxırsınız?

İki cür darıxmaq var: biri zamanı saatla, günlə ölçənlərin darıxmağıdı, o biri də illə, əsrlə ölçənlərin. Məndə klassik anlamda darıxmaq hissi yoxdu. Bütün mənalarda darıxmanın ünvanı insanın özüdü. İnsan nə üçün darıxa bilər? Gördüyü yer, yaşadığı an, sevdiyi adam üçün, siyahını uzatmaq da olar, yəni, özünün iştirakçısı olduğun zaman və məkan üçün. Sən başqasının yaşadığı həyat, sevdiyi insan üçün darıxa bilməzsən ki! Biz kim üçünsə darıxırıq deyəndə əslində özümüz üçün darıxırıq, sadəcə özümüzün konkret bir həyat kəsimində olduğumuz zaman üçün. Bu, “özü üçün darıxmaq” kimi səslənir, elə belədir də. Yəni darıxacağın obyekt elə özünsən, yaxud “darıxdıqların səndədi”.

Darıxmanın səbəbi ayrılıq olanda ağrılar başlayır. Ayrılıq fizioloji duyğu olduğundan çətin yaşanır. Yaxınlarda dərc edəcəyim “Oginskinin vida nəğməsi” adlı hekayəm də elə bu barədədir. Orda fikirlərim daha aydın ifadə olunub. Sualınıza isə yarızarafat belə cavab verim: Şuşayla Hikmət Sabiroğlunu versinlər mənə, bəsimdi, darıxmaram!

Azərbaycandan niyə getmisiniz? Xahiş edirəm bu haqda danışın.

“Ölkədən getmək” böyük səslənir. Mən ölkədən getməmişəm, indi orda olmamağım hələ getmək deyil. Bunu məhz belə qələmə verənlər oldu, xüsusən, sosial şəbəkələrdə. Mənim üçün bəlli ünvandan gəldi bu dedi-qodular. O ünvan sahibiylə 20 ildi bir-birimizdən qarşılıqlı zəhləmiz gedir. Onun mənə də, dostlarıma da, 17 ildi rəhbərlik elədiyim “İnam” Plüralizm Mərkəzinə də dərin nifrəti olub, indi də var. Ölkədə və xaricdə daim arxadan zərbələrini hiss eləmişəm. Bu yaxınlarda Əli Novruzov adlı bir gənc də onlara qoşulub (bəlkə də o da onlardandı, tanımıram onu) sosial şəbəkələrdə yazıb, özü demiş məni “ifşa elədi”. Yazdıqlarını oxuyanda bəlli olur ki, böyük ideyalardan danışan bu insanların problemi maddiyyata bağlıdı, mənim “Nissan”ımdan xoşu gəlibmiş. Rəhmətliyin oğlu, sənin təyyarə sürən vaxtındı, beş-on minlik maşını böyük görürsən! Bu cür düşünənlərin komasına “Söz oyuncağı” adlı bir yazıyla cavab verdim. Bəsləridi!

Sualınıza gəldikdə isə onu deyim ki, xaricdə yaşayan dostların təkliflərini dəyərləndirdim. Bir müddət Polşada bir layihədə çalışdım. Ukrayna, ABŞ-dakı dostların da yeni təklifləri, layihələri var, bir sözlə hələ ki, “gəl-gəl” deyən çoxdu. İndi İsveçdəyəm, yeni ildən dostlarla birlikdə işləyəcəyik. Yazı-pozuya gəldikdə isə davam edəcəm. İndi bəzi yazılar tərcümə olunur, Ukraynada, Rusiyada dərc olunacaq. “Kuba dəftəri” kitabının ABŞ-da tərcümə və çapını düşünürük. İş çoxdu, görək də.

Azərbaycanı sevən şəxslərdənsiniz. Qürbətdə isə vətən daha çox sevilir. Bu, doğrudan belədir? Bu haqda nə deyə bilərsiniz?

Vətən anlayışı konkret olduğu qədər də nisbidi. Bir yazımda qeyd etmişdim: “Aydan baxsan Yer də vətəndi”. Bir vaxtlar SSRİ də vətənimiz idi. İndi o ərazini vətən kimi təsəvvür eləmək belə olmur. Amma Yurd konkretdi – bəlli zaman və məkanı var, ona görə də “yurd” sözünü daha çox xoşlayıram. Mənim üçün Azərbaycanda Qarabağ, Qarabağda Ağdam, Ağdamda nənəmin kənddəki evi yurddu. Uzaqdan Azərbaycan bax həmin yurd yeri kimi görünür.

Texnoqloballaşma dövründə zaman da, məkan da sanki əvvəlki anlamını itirib. Sərhədlər açıqdı, insanlar əlçatardı. O baxımdan indinin qəribçiliyini Məmməd Əmin Rəsulzadə və onun kimilərin iztirablı mühacirətiylə müqayisə mümkün deyil.

Sovet dövrünün çox sevdiyim rejissorları var – Alov, Naumov. Onlar Bulqakovun “Qaçış” pyesi əsasında eyni adlı film çəkiblər. İnqilab vaxtı Rusiyanı tərk edən insanların yaşantılarından bəhs edir. Vətən nostaljisi haqda ən dəyərli sənət nümunələrindəndi. Filmdə müflisləşmiş mühacir rus generalı Çarnotanın Paris küçələrində səfillərə ürək açdığı bir səhnə var. Qumarda udub körpünün altında yaşayan “dostları”nın yanına dönən general deyir: “Baxın cənab dilənçilər, mən yenə zəngin oldum, amma… bəs axı niyə yenə kədərliyəm?” Vətəndən kənarda yaşayıb vətəndən qırıla bilməyənlərin dilindən deyilmiş bir sorudu bu.

Nə vaxtsa Azərbaycana qayıtmağı düşünürsünüzmü? Yoxsa birdəfəlik tərk etmisiniz?

Yox, birdəfəlik getməyim mümkün deyil, bunu heç düşünməmişəm. Novruzda, macal olmasa yayda gələcəm. Ürəyimcə iş olsa indi də qayıdaram.

Qürbətdən Qarabağ necə görsənir? Azərbaycanda olanda daha ağırdı bu dərd, ya sərhəddən kənarda?

Qarabağ kənardan daha aydın görünür. Bakıdan baxanda elə bil Qarabağ toz altındadı, görünmür. Burda onu daha yaxından duyursan. Dediklərim adi söz yığını deyil, yaşadığım hislərdi.

İndi Qarabağ mövzu olaraq, gündəmdə deyil, dəbi keçmiş libas kimi qarderobun küncündədi. Bunun belə olmasını arzulayanlar istəklərinə çatıb, onlar bunu bacardılar. İndi Kristian Dior kimi köhnə stildən avanqard dizayn yaradan inqilabçı modelyerlər lazımdı – Qarabağı yenidən milli hədəfə çevirən siyasətçi lazımdı, bu da bizim bədbəxtçiliyimizdi, bizdə beləsi yoxdu. Ona görə ki, Azərbaycanda siyasət yoxdu. Nə hökumətin istər daxilə, istərsə də xaricə yönəlik siyasətinə siyasət demək olur, nə də müxalifətin fəaliyyətinə. Hamısının bir adı var – oyun. Ayının min oyunu kimi… armud üstündə siçan-pişik oyunu.

İndiki halıyla Qarabağ divardan asılan ata portretinə oxşayır, biz də atasını öldürüb şəklini baş üstünə vuran oğula.

Sevinc İltifatqızı

Modern.az, 28 dekabr 2012

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma