“Azneft” çayxanasının sakinləri

“Azneft” çayxanasının sakinləri

 “Yanan şamı şamdanın altına qoymazlar, üstünə qoyarlar ki, bütün ev işıqlansın”. (İncil)                 

  • Ramiz Rövşən: “Həmin dostları uzun illər görməsəm də inanıram ki, etalon saatı kimi harda olmalarından asılı olmayaraq düz işləyirlər”.
  • Natiq Səfərov: “Amma onu dəqiq bilirəm ki, (bu mənim  gəldiyim həqiqətdir) bizim dağılan çayxananın üzərində müstəqil Azərbaycan dövləti quruldu”.
  • Vaqif Cəbrayılzadə: “Üzünə rəsmi qapı bağlananlara çayxana qapısı açıq olurdu. Amma çox adam bu açıq qapıdan keçə bilmirdi”.

XIV əsrin axırlarında İtaliyada Dirçəliş dövrü başlayır. Bu, kilsənin Avropada hakimlik etdiyi  dövr idi. Məhz Dantedən Albertiyə qədərki dirçəliş illəri bəşər tarixində görünməmiş sıçrayışlardan olan İntibah dövrünə zəmin yaratdı. Şübhəsiz, insan psixologiyasında və dünya dərkində yeniliklər yaradan o dövrün dahi sənətkarlarının təfəkküründəki inqilabın səbəbləri vardı. Şübhəsiz ətrafı bürüyən qatı kilsə qaranlığı və onun fonunda azad düşünmək yanğısı bu səbəblər sırasındadı.

Əlbəttə Azərbaycanın ədəbi-siyasi tarixində əvəzsiz rol oynayan iyirminci əsrin 60-70-ci illərinin Avropa İntibahına bənzətmək yersiz görünər, heçəslində bunlar arasında oxşarlıqdan söhbət getmir. Amma o da  məlumdur ki, əsrlərlə xristian zülmətində qalanlarla onilliklər  boyu kommunist rejiminin yaratdığı çərçivədə yaşayanlar arasında tale oxşarlığı var. Bax ona görə də altmış-yetmişinci illəri heç olmasa dar qavrayışda Dirçəliş adlandırmaq olar. Bir həqiqət də var ki, hər hansı intibah hər hansı dirçəlişdən doğur.

Siyasi rejimin qəbul etmədiyi və eyni zamanda həmin rejimi qəbul eləməyən beyin sahblərinin zəmanəyə yad  düşünmək tərzi o vaxt yeni ab-havalı “cəmiyyət” yaratmışdı. İdeyaca sərhədsiz olan bu “cəmiyyət” məkan etibarı ilə kiçik bir çayxanaya yerləşmişdi. Siyasi rejimə yad fikirlərin yiyələri isə həmin çayxana-cəmiyyətin üzvləri idilər. Dövrün ictimai-ədəbi potensialı həmin çayxanaya cəm olmuşdu. Yazdıqları çap olunmasa da, əsərləri cild-cild dərc olunan yazıçıları tar-mar etmək gücünə malik idi bu çayxana-cəmiyyətin ədəbi gücü. Elə bu gücü ilə də o vaxtın elmi, ədəbi, siyasi mühitinə “hakim” kəsilmişdi. Bətnində bir dünyalıq enerji gəzdirən  çayxana özü də hiss etmədən ictimai rəyi milli özünüdərk məcrasına yönəldir və  əslində gələcək partlayışa zəmin yaradırdı. Əlbəttə, söhbət ondan getmir ki, həmin çayxanada hansısa inqilabi fəaliyyət aparılırdı. Söhbət ondan gedir ki, zaman Azərbaycanın potensial qüvvəsini kiçik bir çayxanada yerləşməyə məcbur etmişdi. Və şübhəsiz, bu enerji  yalnız çayxana daxilində qala bilməzdi…

Həmin çayxananın üzvləri özlərini elə bu çayxananın yetişdirməsi hesab edirlər. Ali məktəblərdən fərqli olaraq burada həm də həyat və insanlıq dərsi keçirdilər. Elə ona görədir ki, çayxana yolunu keçməyi özlərinə sığışdırmayanların sonrakı yaradıcılıq taleyi ağır oldu.

Oqtay MƏMMƏDOV, prezidentin mühafizə dəstəsinin rəis müavini, polkovnik: “Çayxana həqiqətən məktəb olub. Altmışıncı illərin axırlarında, universitet  illərində çayxanaya bağlanmışdıq. Universitetdən çox çayxana bizə dərs verirdi. Mənim üçün o, universitetdən böyük məktəb idi. Düzdür, universitet olmasaydı, heç çayxanaya yığışa da bilməzdik. İnsan kimi formalaşmaqda, millətin kökünü, tarixini dərs kitablarında olmayan tarixi hadisələri bilməkdə çayxana misilsiz rol oynayıb. Oraya eyni ruhlu müxtəlif peşə sahibləri yığılırdı. Heç kim bizim ora getməyimizə razı deyildi. Işdə işdəkilər, evdə evdəkilər çayxanaya getməyimizi istəmirdilər. Onlarla döyüşə-döyüşə gedirdik. Bəzi yaxın adamlar ürəkləri yandığından deyirdilər ki, ora nəzarətdədir, sizi güdürlər, işdən qovarlar, getməyin. Peşəmlə bağlı olduğu üçün bu məqsədlə çayxanaya gələnləri tanıyırdım. Satqınçılıq edənlər də olurdu, xəbər aparanlar da.

Hər şeydən söhbət edərdik: musiqidən, incəsənətin ayrı-ayrı sahələrindən, ən çox da beynəlxalq həyatdan danışırdıq. Böyük imkanları olan millətin geri qalma səbəbləri araşdırılırdı. Həmin günlər ömrümün ən doğma günləridir. Çətin, ürəkağrıdıcı olsa da, ən yaxşı illər idi. Həmin anlar bu gün daha əziz görünür. Məlum oldu ki, o vaxt boş-boşuna danışmamışıq. Hərdən gedirəm o yerlərə. İndiki çayxanalar çox kasıbdır. Bu gün o cür çayxana əvvəlkindən daha çox lazımdır. Məsələ burasındadır ki, bir belə problemlərimiz var, amma onlar əvvəlki kimi səviyyəli çayxana söhbətlərinə çevrilmir. On-on beş il əvvəl indiki illərin hadisələri haqqında fəhmlə danışılırdı. Maraqlı odur ki, o çayxananın daimi üzvləri sonralar yaranan partiyaların, hətta Xalq Cəbhəsinin üzvü olmadılar. Onların çoxu  heç kimə qoşulmadı”.

Ramiz RÖVŞƏN, şair, Tərcümə Mərkəzinin baş redaktoru: “Çayxanaya çay içmək üçün getmirdik. O şərti məna daşıyırdı. Bizdə belə bir söz var:”Yarı görmək üçün bəhanə”. Çayxana da aramızda ünsiyyət yaratmaq üçün bir yer idi. Nədən söhbət getməzdi orda. Onu da deyim ki, həmin çayxananın intellektual səviyyəsi çox yüksək idi. Hətta rəsmi ədəbi, elmi məclislərin səviyyəsindən qat-qat artıq idi. Dövlət orqanlarında işləyən ziyalılar üzdə bu çayxana adamlarına ağız büzsələr də, dalda çəkinirdilər.

Orada bölünmə gedirdi. Yəni stoldan-stola, dəstədən-dəstəyə fərq vardı. Söhbət intellekt səviyyəsindəki fərqdən gedir. Bir stol ətrafındakıların səviyyəsinə uyğun gəlməyənlər heç vaxt həmin stola yaxın düşə bilmirdilər. Istəsələr də alınmırdı. Təsadüfi düşənlər də tez zamanda kənarlaşırdı. Və sabah görürdün ki, başqa dəstə ilə başqa stolda əyləşib. Bir növ ierarxiya sistemi vardı.

Çayxana çoxlarının həyatında mühüm rol oynadı. O, həm milli, həm də intellektual oyanışa səbəb olmuşdu. Çünki söhbətlər birtərəfli getmirdi. Mən deyərdim ki, o çayxana məğzi etibarı ilə bütün rəsmi dairələrə, Yazıçılar İttifaqına, Mərkəzi Komitəyə müxalif idi. Son bir neçə illərin hadisələri o vaxt orda təxmin olunurdu. Bəlkə də o vaxt müzakirə olunan məsələlər hələ on il bundan sonra bəhrə verəcək.

Həmişə darıxanda, qəribsəyəndə, mütləq çayxanaya gedərdik. Bilərdik ki, orda doğma üzlərlə qarşılaşacağıq. Çayxana elə bil  ki, vətən içində vətən idi. Bizlərdə belə bir söz deyirlər: “Hərənin öz içində kiçik bir vətəni var”. Bax, çayxana da bizim üçün  kiçik vətən idi. Ayrı-ayrı adamların maddi imkanı olmurdu. Amma bir yerə yığılanda hətta böyük qonaqlıq da eləmək olurdu. Oranın çox qəribə özünəməxsus xüsusiyyətləri vardı. Çayxanadan “qovulanlar” bir daha görünməzdilər. Soljenitsın SSRİ-dən qovulan kimi gedərdilər. Hardasa kiminsə ciddi nöqsanı olardı, çayxanada deyilərdi. Və nöqsanı deyilən adamlar çayxana adamlarından qorxurdular. Çünki bilirdilər ki, dövlət orqanlarında işləmələrinə baxmayaraq, əsərləri dövlət tərəfindən yüksək qiymətləndirilib, amma çayxanada pislənibsə, demək gözükölgəlidirlər. Rəhmətlik Vidadi Məmmədovu yazıçı kimi heç kim tanımırdı. Amma ən məşhur yazıçılar ondan çəkinirdilər. Çünki o, ədəbiyyatın, sözün qiymətini bilirdi. Həmişə deyərdi: “Folknerndən sonra əsər yazmaq olar?”.

Söhbətlər monoloqvari keçirdi. İlk əvvəllər dinləməkdən çox hamı danışırdı. Sonra dinləməyi öyrəndik. AMMA İNDİ DİNLƏYƏN YOXDUR, HAMI DANIŞIR. O VAXT SÖZÜN MƏSULİYYƏTİNİ HƏR KƏS BAŞA DÜŞÜRDÜ. O ÇAYXANA İNDİKİ QƏZETLƏRDƏN, PARTİYALARDAN BÖYÜK İŞLƏR GÖRÜB. İndi hər şey danışmaq olar. Amma o vaxt çayxanada əsl azadlıq vardı. Oraya gedəndə özünü azad hiss edərdin. Hətta kənardan hansısa məqsədə görə qulaq asana da fikir vermirdik. Çayxanadakı bu azadlıq, sözün həqiqi mənasında demokratiya çoxlarını çaş-baş salırdı. Dövlət rəhbərləri də bilirdilər ki, orada “nəsə” var.

İndi o günləri, o dostları xatırlamaq çox xoşdur. Həmin dostları uzun illər görməsəm də inanıram ki, etalon saatı kimi harda olmalarından asılı olmayaraq düz işləyirlər.

İsfəndiyar İSGƏNDƏROV, Respublika Ləl-cəvahirat fondunun direktoru: “İnqilab çayxanadan başlayıb. Hamı Oktayın başına yığılırdı. Başqa şəhərlərdən dostlar gələndə çayxanaya aparardıq. Restorana da aparmağa gücümüz çatardı. Amma nədənsə ora gedirdik. Bizim söhbətləri eşitdikcə onlar elə təəccüblənirdilər, elə bağlanırdılar ki… bizim bu qəribə çayxanaya. Söhbətlər birdən 10-12 saat çəkərdi. Heç özümüz də vaxtın necə keçdiyini bilmirdik. Söhbətin nədən getməsindən asılı olmayaraq şirinliyi ilə adamları cəlb eləyirdi. Ora gələnlərə çoxaları barmaqarası baxırdı. Ramiz Rövşən kimi şairi heç kim tanımırdı. Onun kiçik bir kitabçası çıxmışdı. Hər yerdə tənqid edirdilər. Amma biz sevinir və fəxr edirdik. Hətta çay qonaqlığı da keçirmişdik. Çoxlu rəssamlar, aktyorlar, bir sözlə müxtəlif sənət adamları vardı. Hər sənət adamı öz sənəti üzrə çayxanada püxtələşirdi. Onlar öz sənətlərinin kamil biliciləri olsalar da, üzə çıxmırdılar. Çünki dövran kamil adamlar üçün  deyildi. Onlar buna heç can atmırdılar da.

Əbülfəz bəy tutulanda onun həbsxanadan azad edilməsi yollarını müzakirə edirdik. Əlimizdən heç nə gəlməsə də, Saxarova müraciət etmək, xarici səfirliklərə daxil olmaq haqqında plan cızırdıq. Əlbəttə, bunların heç bir xeyri ola bilməzdi.

Oktaydan başqa Vidadi Məmmədov da çayxananın “sahib”lərindən idi. Vidadi ilə hər adam söhbət edə bilmirdi. Rəhmətlik çox ağıllı adam idi. Elə Aydın Məmmədov da. Allah onlara rəhmət eləsin!

Natiq SƏFƏROV, tərcüməçi, “Qanun” jurnalının baş redaktoru: “Azneft” çayxanasından da qədim çayxana tanıyıram. “Qubernat” bağı deyilən yerdə bir çayxana vardı. Özümü dərk eləyəndən sonra bütün cavanlığım orda keçib. Biz hamımız Bakıya insan olmağa gəlmişdik. Bizdə belə bir əqidə vardı ki, biz Bakıya gələndən sonra insan olacağıq. Amma biz insan kimi gəlmişdik. Bəzən çayxanaya məzhəkə yeri kimi baxır, adamlara çayxana inventarları deyirlər. Biz çox kasıb uşaqlar idik. Qanımızı çayla qızışdırırdıq, ürəyimizi sözlə. O vaxt Vidadi Paşayev gəlirdi, Vidadi Məmmədov gəlirdi.

Biz hamımız çayxanadan çıxmışıq. Biz çayxana uşaqlarıyıq. Bizim getməyə yerimiz yox idi. Bəzən mənə elə gəlirdi ki, bizim hər birimiz əvvəlki cümləni yazmışıq  və axırıncı cümləni bilmirik. Bizim əvvəlimizi Allah yazıb, atamız, anamız yazıb. Sonrakı cümlələri biz öz cümlələrimizlə yazmalıyıq. Bundan sonra qazandıqlarımızın hesabına yazmalıyıq. Bəlkə bunun çayxanaya dəxli yoxdur. Amma mən bunu “Azneft” çayxanasında öyrənmişəm. “Azneft” çayxanasında keçən günlərim ömrümün son vaxtlarına oxşayır. Çünki bura gələndə artıq mən çayxanalardan iyrənməyə başlamışdım. Çayxana belə bir şey idi ki, gedirsən, səni çəkir. Üç gün getsən çayxanasız qala bilməyəcəksən. Hər gün durub əl-üzünü yuyacaqsan, arvadın nə desə, ailəndə nə olsa, sənə dəxli yoxdur. Sən çayxanaya can atacaqsan. Çayxana ona görə maraqlı deyil ki, orada çay var, meyxana var. Ona görə ki, orada sənin sevdiyin adamlar, özünü tanıdığın, əks-sədanı gördüyün adamlar var. Bax, çayxana buna görə maraqlıdır. Bizim o vaxtlarımız idi ki, biz hamımız bir-birimizi həddindən artıq sevirdik, istəyirdik. Mənim Vidadi Məmmədova ehtiyacım vardı. Vidadi Paşayevə, Aydın Məmmədova ehtiyacım vardı. Mənim Əbülfəz… indi Əbülfəz Elçibəydir, ona ehtiyacım vardı. Oktaya ehtiyacım vardı. Oranın öz ciddi adamları vardı, öz təlxəkləri vardı. Mən inanmıram ki, o vaxt çayxanada kimsə ciddi ola bilərdi. Ən ciddi adam da orda məzhəkəyə çevrilə bilərdi. O, vəziyyətdən asılı idi. Orada hamı bərabər idi.

İndi biz hamımız ürəklə çayxanaya gedə bilmirik. Çünki içimizdən satılmışıq. Mən dəllal alqı-satqısı demirəm. Gəlib oturardıq və hər bir adam durub getməyə qorxardı. Çünki kim durardısa, o saat onun haqqında danışardılar. Ona görə də heç kəs getmirdi. Gecə düşürdü, hamı ac olurdu. Axı biz ancaq çay içirdik. Biz yeməyi bəlkə saat birdə yemişdik, kimsə bəlkə ümumiyyətlə yeməmişdi. Bəlkə səhər yemişdi, bəlkə heç səhər də yeməmişdi.

Mənim “Azneft” çayxanasında olmağım elə bil  üst-üstə bir gündür… Əbülfəz bəy böyük adamdır, şübhəsiz, amma qəribə şeydir ki, Əbülfəz bəy çayxanada yadımda qalmayıb, evlərində yadımda qalmayıb. Görünür, o mənim üçün çayxanada yox, təklikdə  maraqlı olub. Amma onu dəqiq bilirəm ki, (bu mənim  gəldiyim həqiqətdir) bizim dağılan çayxananın üzərində Müstəqil Azərbaycan dövləti quruldu.

Vaqif CƏBRAYILZADƏ, şair, “Xəzər” dərgisinin baş redaktoru: “Hansı şəhərdə olurdunsa Bakı yada düşürdü. Ilk növbədə  həmin çayxana. Adamı maqnit kimi özünə çəkirdi. Rəhmətlik Aydın Məmmədov da elə idi. Bir də görürdük ki, təyyarədən düşüb birbaşa çayxanaya gəlirdi.

Çayxananın belə doğma olmasının səbəbləri vardı. Çoxları rayondan gələnlər idi. Ona görə də buranı evləri bilirdilər. Elə zənn edirdilər ki, bura sənin öz evindir. Anan, atan, qardaşın qədər əziz adamlar burda idi. Üzünə rəsmi qapı bağlananlara çayxana qapısı açıq olurdu. Amma çox adam bu açıq qapıdan keçə bilmirdi. Çünki bu qapıdan içəridəki aləmin hərtərəfli səviyyəsi rəsmi səviyyələrdəkilərdən böyük idi. O vaxt əsl istedad sahiblərinə, ürəyi sözlə dolu olanlara heç harda yer olmurdu. Ona görə də çayxanaya gəlirdilər”.

Yaxşı ki, indi çoxları Azərbaycanın müstəqilliyi üçün həmin çayxananın hansı rol oynadığını etiraf etməyi bacarırlar.

Vahid QAZIYEV

“525-ci qəzet”, 17 noyabr 1992

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma