Facebook ölkəsi

Facebook ölkəsi

Vahid Qazi

İkili həyat yaşayırıq: biri real, o biri virtual dünyamızdı. Virtual dünya xəyalların gerçəkləşdiyi sehrli aləm kimidi. Realda sərhədlər sənsiz çəkilir deyə dəyişmək çətindi, o birində isə məkanın xəyalların boydadı, böyüdə bildikcə böyüdəcəksən. Realda “olduğundan artıq görünə” bilmirsən, amma virtualda “göründüyündən çox olmaq” özünə bağlıdı.

Virtual aləmdə cavan oğlan rahatca Çe Gevara sayaq qəhrəman, təzə kəkil çıxarmış qız “noxud üstə yatan şahzadə”, siyasət həvəskarı siyasi xadim, status yazan yazıçı, siyasi coğrafiyanı bilən geopolitik – bir sözlə, xəyalındakı adam ola bilər.

Şair oxucularını poeziya gecələrindən, müəllim tələbələrini auditoriyalardan, siyasi lider tərəfdarlarını meydanlardan başına yığar.

Sosial şəbəkələr həm də hər cür tədqiqat üçün bol material yeridi. Araşdırmağa nə qədər desən mövzu var. Həvəsim model qız duruşlu fotolarını paylaşan, yaşı yaş qalağı olmuş qadınların psixoloji durumundan bir yazı yazmağadı, psixologiyadan başım çıxmır, başım çıxsaydı, yaxşı bir yazı yazardım.

Qısası, burda hər peşə adamı özünə lazım olana rahatca çatır, məsələn, mən bu yazını, burdakı dostların hesabına yazıram – bu gecə könlümdən keçdi ki, hərəyə bir sual yollayım.

İnternet virtual kosmosdu. Onun başqa şəbəkə-planetlərinə elə də bələdçiliyim yoxdu, tanıdığım bircə “Facebook”du. Əvvəlki səhifəmdə dostlarımın sayı 5 mini adlayanda “kosmik xaos”un nə olduğunu anladım.

Saysız otaqlarında qapıları hər zaman və hər kəsin üzünə taybatay açıq olan bu böyük “malikanə”min adı mənim olsa da, özü muzey kimi ictimai xarakterliydi. Özü də burda idarəetmə “laissez-faire”, yəni hər işə rüsxətin verildiyi, “qoyun eləsin” prinsipiylə həyata keçirdi. Belə sərbəstliyə vərdişim olmadığından “muzey”imi bağlayıb yerində 300 nəfərlik balaca bir “otaq” tikdim. İndi burda rahatam, özüm öz evimin sahibiyəm. O qədər rahatam ki, oturub yazı yazır, yazı üçün “Facebook” dostlarıma sual da göndərirəm.

Onu deyim ki, bütün sual yolladıqlarım bu gecə təsadüfən şəbəkədə rastladığım “Facebook” dostları oldu, xüsusi seçim eləmədim. Cavablarsa müxtəlif vaxtlara gəldi. Cavabsız qalan bir-iki sual da oldu. Məsələn, İsa Qəmbərdən “Siyasətlə məşğul olduğunuz dövrdə hansı hərəkətinizi indi başqa cür edərdiniz – dəyişmək mümkün olsaydı, vaxtilə elədiyiniz nəyi dəyişərdiniz və necə edərdiniz” sualıma cavab gəlmədi. Yəqin Mark Suxerberqin poçt karvanına Axundovun “Xırs quldurbasanı” hücum çəkibmiş – sual gedib çatmayıb. Yoxsa rəhmətlik Aydın Məmmədovdan sonra ən hazırcavab siyasətçi kimi tanıdığım İsa bəy heç bir sualı cavabsız qoymur, özü demiş, “cavab verə bilməyəcəyi sual yoxdu”. Yəqin “Facebook”da cavab yazar, oxuyarıq.

Başqa ünvanlara isə məktub yetişmişdi. Jurnalist, bəstəkar, şair, cazmen, QHT lideri, fotoqraf, siyasi fəal, din xadimi, Allah adamı, rejissor – dostların hərəsindən bir suala üç-beş kəlmə cavab xahiş elədim. Göndərdilər! Cavabları toplayıb “Puzzle” oyunu kimi yığdım. Yığdım və gördüm ki, xəyalımdakı ölkənin şəklidi!

…Cəmiyyətə bütöv tablo kimi baxan – içinə yalnız bir duyğunun hakim kəsildiyi insandı. Onun üçün tablodakı rənglər əhəmiyyətli deyil, o, çalarların qovuşan yerində tünd (qoca) rənglərin keçmiş-gələcək söhbətini, açıq (cavan) boyaların sevgililər tək sevişməsini duymur. Beləsi tablonu rəng yığını gördüyü kimi cəmiyyəti də insan sürüsü, kütlə sayır.

Əksinə, içini bütün duyğuların harmoniyada yaşadığı məkana çevirməyi bacaranlar cəmiyyətə çoxsaylı hissəciklərdən ibarət mozaika kimi baxırlar. Onlar baxdıqlarını duyğuların palitrası kimi görürlər. Tablonu cürbəcür rəngin, min-min çaların sehrli təması kimi duyduqları tək cəmiyyəti də öz ahəng qanunu ilə yaşayan müxtəlif insanların birliyi kimi qəbul edirlər…

Maraqlı cavablar idi! Çünki dostların özləri də maraqlı adamlardı. Belə adamlarla ürəyin istəyən cəmiyyət qurmaq olar, elə bir cəmiyyət ki, insanları bir-birinə mane olmadan hərəkət edirlər – bir-birinə dəyməyən atomların “spin fırlanması” kimi.

Belə bir ölkə istəyirəm! Virtual olsa belə…

“Facebook”dakı dostlarıma bir sual və bir cavab

Elmir Mirzəyev, bəstəkar

Sual: “Musiqisi ilə hər hansı xalqın xarakterini müəyyən eləmək mümkündürmü? Musiqimiz bizim haqqımızda nə deyir?”

Cavab: “Musiqi yəqin ki, mövcud olanlar içərisində ən abstrakt incəsənət növüdür. Doğrudan da – gözə görünməyən dalğaların düzənlədiyi harmoniya, ahəng diapazonu və ritm nəinki insanda, bir çox canlılarda belə çox geniş, sərhədsiz hisslər, duyğular, düşüncələr, emosiya-rasio yaradır. Bu mənada musiqi ecazkar, maqik bir qüvvə kimi dəyərləndirməlidir. Maraqlıdır, hazırda demək olar ki, bütün dillərdə məhz bu söz (əlbəttə müxtəlif versiyalarda), yunan dilindən gəlmiş μουσική (musiki) kimi işlənir. Musiqiçi həyatımda rastıma çıxan yeganə istisna çex (slovak) dilində olmuşdu – orada musiqi əsasən hudba adlandırılır. (Bu termin qədim slavyan dilindəndir, hətta bir zamanlar qərbi Ukrayna ərazisində belə bir musiqi janrı da varmış. 1918-ci ildə Çexoslvakiya Avstriya-Macarıstandan müstəqilliyini alarkən çexlər alman dilinə bir növ etiraz kimi bütün kəlmələrə öz dillərindən adekvat terminlər axtarışına çıxır və beləcə arxaik hudba meydana gəlmişdir. Ümumiyyətlə o dövrlərdə bu bir tendensiya idi, məsələn, Türkiyədə 20-ci illər islahatları da buna misal ola bilər). Bizdə bir zamanlar mövcud olmuş və musiqi anlamı verən hava kəlməsi hazırda demək olar, işlədilmir.

Başqa bir məsələ də dövr və ictimai münasibətlər, ictimai formasiya məsələsidir. Musiqinin funksiyası müxtəlif dövrlərdə zaman-zaman dəyişilib: qədim dövrlərdə musiqi metafizik, meditativ ayinlə bağlı sənət növü kimi, bundan başqa müharibə zamanı orduya ruh vermək, və ya kiminsə lazımi anda hücuma keçməsi üçün siqnal kimi tətbiqi funksiyaları vardı. Xalq şənliyində əyləncə zamanı istifadə olunan musiqi (folklor) və kahinlərin istifadə etdiyi ritual/dini musiqi tam fərqlənirdi. Orta çağlardan bunların sintezi tədricən gəlib Saray musiqisində öz təşəkkülünü tapır. Avropada baş verən reformasiya və fransız burjua inqilabından sonra isə cəmiyyətdə ictimai münasibətlər sistemi kökündən dəyişilməyə başlayır və bu incəsənət, o cümlədən musiqi sferasından da yan keçmir. Opera teatrları artıq yalnız sırf hakim təbəqə, əyanlar üçün deyil, şəhər zənginləri və başqa kəsimlər üçün də vacib ictimai əhəmiyyət kəsb edən maarif-əyləncə vasitəsinə çevrilir. XIX əsrdə Avropada kilsənin, dinin faktiki desakralizasiya edilməsi isə cəmiyyətin dünyəvi həyat tərzinə yol açır. Bu hal isə o zaman yazılan musiqiyə, istifadə edilən mövzulara təsir etməyə bilməzdi. Geniş kütləviləşmə, incəsənətin demokratizasiyasının ilk böyük dalğası da məhz o zaman baş verir.

Son yüzillikdə baş verən böyük elmi açılışlar (ilk səsyazma qurğuları, patefonun ixtirası, radio və TV) musiqinin sırf elitar sənət olmasının son həddini götürür – musiqi artıq geniş kütlələrə yol açır. Çağdaş zamanımızda isə artıq musiqi hər yerdədir – internet və müasir texnika musiqinin hər zaman və istənilən məkanda mümkünlüyünü təmin edib. Əgər cəmi 100 il əvvəl musiqi dinləmək üçün mütləq cəmiyyətdə zəngin təbəqəyə aid olmalı, böyük şəhərlərdə yaşamalı, orada Opera teatrına və yaxud Filarmoniyaya getməli idinizsə, hazırda bircə iPhone və ya Laptop daxilində istənilən formatda (ən yayğını Mp3) sərhədsiz müddətdə və istənilən janrda musiqi əldə edə bilərsiniz. Bütün bunlar bəlkə də musiqini tamamilə ucuzlaşdırıb və əlçatan edib. Lakin humanistik, insanmərkəzçi inkişaf konsepsiyası yalnız belə ola bilər – kütləvilik və şəffaflıq.

Azərbaycan musiqisində  ilk akademik, yazılı musiqi əsəri Üzeyir bəyin “Leyli və Məcnun” operasıdır. Əslində akademik musiqinin ictimai əhəmiyyəti gözlə görünəcəkdən qat-qat artıqdır, bəlkə də Üzeyir bəy 1908-ci ilin 25 yanvarında ilk dəfə ifa edilmiş bu əsəri ilə dünyəvi həyat tərzimizin ən böyük əsaslarından birini qoymuşdu. Hazırda Üzeyir bəyin sayəsində akademik musiqimizin yaşı cəmi 100 ildən bir qədər çox olsa da, məhz bu hadisənin – opera ifasının – faktiki arxaik bir cəmiyyətdə nə kimi təsir buraxdığını indi də qiymətləndirmək asan deyil. Sonralar Qarayevin baletləri də eyni, hətta musiqidənkənar bir funksiyanı oynaya bildi – bu əsərlər Azərbaycanın sekulyar həyatının çox vacib, silinməz bir arxetipə çevrilərək, dünyəvi həyat tərzimizi legitimləşdirdi.

Hazırda musiqidə sırf millilik anlayışı nisbi olaraq, əslində çoxdan aşınıb keçmişdir. XXI əsrdə qlobalizasiya sadəcə termin deyil, artıq real həyat tərzimizdir. Bütün sferalarda baş verən qarşılıqlı təsir özünü, nəinki musiqidə, bütün başqa sahələrdə də büruzə verməkdədir. Nəticədə sərhədlər yenilir, qapalı sistemlər dağılır, təfəkkür və təxəyyül genişlənir, inteqrasiya və ünsiyyət üçün isə sərhədsiz imkanlar yaranır. Xatirimdə deyil, hansısa yazıçı demişdi ki, insan ünsiyyəti dünyada ən bahalı və əvəzedilməz bir nemətdir. Bu anlamda bəlkə də çağdaş zamanımızı qızıl dövr adlandırmaq olar”.

Şahin Sinaria, rejissor

Sual: “Doğulduğunuz Laçın və yaşadığınız Paris – Sizə doğma olan iki şəhər. Onların yerinə analoji olaraq sevdiyiniz hansı iki filmi qoyardınız?”

Cavab: “Laçın üçün Sergio Leone-nin “Bir dəfə Amerikada”, Paris üçün Luis Bunuelin “Burjiaziyanın sadə cazibəsi” filmlərini”.

Altay Göyüşov, tarixçi

Sual:“Səfəvilər şiəliyi dövlət ideologiyası səviyyəsinə qaldırmaqla Azərbaycan türklərinin farslaşmasına rəvac veribmi?”

Cavab: “Şiəlik öz özlüyündə yox, amma Şah Abbas paytaxtın yerini dəyişməklə, dövlət qulluğunda, orduda islahatlar aparmaqla idarəçilikdə fars elementinin ağırlığının artmasına yol açıb”.

Aynur Talıbova, jurnalist

Sual: “Kişi qəlbini fəth eləmək qadının hobbisi, ya missiyasıdı? Bu fəthetmədə əsas silah xarici gözəllikdi, ya “gizli” intellekt?”

Cavab: “Kişi qəlbini fəth etməyi özünə hobbi olaraq seçən qadın ya xəstə ruhludur, ya da uşaqlıq travmaları, yaxud vaxtilə kişilərlə problemləri olmuş biridir. Missiya da deməzdim. Qadın seçəndir… seçdiyi kişini əlində tutmaq üçün o bir çox metodlara baş vura bilər, məsələn, dişiliyini işə salar… Sadəcə xarici görünüşünə güvənənlər yenə dərin intellektdən xəbərsiz cinsdən olanlardır… Gizli intellekt isə şərtlərə görə dəyişir”.

Azər Həsrət, Yedi Devlet – Bir Millet Konseyinin başkanı

Sual: “Bir Turan yolçusu kimi Sizcə türk xalqları 100 il öncə yaxın idilər, ya indi?”

Cavab: “Mənə elə gəlir ki, bir sıra məsələlərdə yüz il öncə daha yaxın idik. Məsələn, ortaq dil, ortaq əlifba məsələləri yüz il öncə daha rahat həll edilə bilərdi. Lakin özəlliklə də Sovetlərin işğalı və rus əritmə siyasəti bu imkanımızı xeyli azaldıb. Bununla belə, hazırda bizim daha yaxın olma imkanlarımızla bağlı da bədbin deyiləm. Çünki o dönəmdən fərqli olaraq indi ən azı yeddi bağımsız Türk dövləti var. Belə olan halda yaxınlaşma, birləşmə istəklərimiz daha rahat gerçəkləşə bilər”.

Mehriban Zeynalova, QHT lideri

Sual: “Deyirlər Dubay və başqa yerlərdə minlərlər qadınımız məlum səbəbdən həbsdədi. Bu sahədə ciddi dövlət, yaxud ictimai araşdırmaya rast gəlinmir. Qadın problemləri ilə məşğul olan komitəmiz, əli hər yana çatan qadın deputatlarmız da hərdən bir-iki ağız mövsümi çıxış edərlər, bitər. Mövzuya qadağa qoyulub, ya hökumətimiz qadınlarımızı qərib ölkələrin həbsxanasına aparan səbəblərdən xəcalət çəkir deyə susur? ”

Cavab: “Bu məsələyə tam aydınlıq gətirmək istəyirəm. Dubayda 400 və ya 800 qadınımızın həbsxanada olması 1999-cu ilin fevral ayının 22-də keçirilmiş bir Dəyirmi masada səslənmiş fikirdir. Bu Dəyirmi masa ölkədə ilk dəfə insan alverinə həsr edilmiş bir Dəyirmi masa idi. Həmin tədbirdə iştirakcıların biri bu fikri səsləndirmişdi. O dövrlərdə bir çox ölkələr, o cümlədən MDB dövlətləri, hətta BƏƏ də insan alveri ilə mübarizəyə dair qanun qəbul etməmişdi. Lakin indi insan alveri ilə mübarizədə əksər ölkələr bu mübarizəyə qoşulub. BƏƏ-in (Dubay) də beynəlxalq ictimaiyyət qarşısında öhdəlikləri var. Bir çox dövlətlərlə Azərbaycanın ikitərəfli əməkdaşlığı var və belə hallar barədə məlumatlar dövlətin səlahiyyətli orqanlarına ötürülür. Ötən il insan alveri qurbanlarını müəyyən etməkdən ötrü Dubay həbsxanası ilə sıx əməkdaşlıq edən xristian kilsəsinin nümayəndələri orada cəmi 4 nəfərin (2 nəfər ailədaxili zorakılıq qurbanı, 2 nəfər isə insan alveri qurbanı) olması ilə bağlı məlumat yaymışdı. İnsan alveri qurbanları özləri barədə dəqiq məlumat verərlərsə o halda onlar dərhal təhlükəsiz qayıdış təmin edilməklə ölkəsinə qaytarıla bilir. Bu bir beynəlxalq öhdəlikdir. Hazırda həmin həbsxanada Azərbaycan vətəndaşı olan qadınlarla bağlı məlumat mövcud deyil”.

Nəriman Qasımoğlu, ilahiyyatçı

Sual: “Ağılla dərk olunmayanı qəlblə duymaq mümkündürmü? Bu, nə qədər realdı?”

Cavab: “Bəzən mümkündür, əlbəttə. Buna deyirlər intuitiv olaraq, yəni fəhmlə duymaq. Olur ki, insan ağlına güc verib nəyinsə dərkinə çalışmadan intuisiyasına bel bağlayır, müəyyən qənaətə gəlir və bəzi hallarda qənaəti doğru çıxır. Bu, məncə, elə qəlblə duymaq anlamındadır. Başqa bir misal. Insanların əksəriyyəti Tanrı varlığını agılla dərk etmir, qəlblə duyur. Kitab-i Dədə Qorqud qəhrəmanının dilindən çıxan bu ifadəni qəlblə duymağa verilən üstünlüyə işarə kimi də başa düşmək olar: “Çox cahillər Səni göydə arar, yerdə istər. Sən xud möminlər könlündəsən”. Müqəddəs Kitabımız isə iman məsələsində ağılla qəlb duyğusallığının tarazlığının vacibliyini önə çəkir. Belə bir tarazlıq bəsirətliliyi təmin edir. İnsan məhz ağıl-duyğu tarazlığında yanlışlıqlardan sığortalana bilir. Yalnızca qəlbə, yaxud yalnızca ağıla verilən ağırlıq çox zaman yanlışlıqlara da yol açır…”

Sahib Məmmədov, QHT lideri

Sual: “Biri ölkədə “əmək”in, o biri “hüquq”un, bir başqası da “əmək hüququ”nun  olmamasını bəyan edir. Əmək Hüquqları Liqasının rəhbəri kimi Siz də həmişə qrant çatışmazlığından gileylənirsiniz. “Olmayan bir şeyə” qrant ayırmırlar, ya bunun başqa izahı var?”

Cavab: “Ölkədə əmək də var, əməkçi də, hüquq da var, sadəcə onun tətbiqində problemlər mövcuddur. Əmək hüququnun olmaması ilə də razı deyiləm. Əmək Hüququ da var. Sadəcə bu hüquqların təmin olunmasında problemlər çoxdu. Qrant almaq həmişə çətin olub. Amma arada ala bilirik. Hazırda Avrasiya Əməkdaşlıq Fondu bizə əmək hüququ ilə bağlı bir qrant verib”.

Günel Rəhimli, müsavatçı:

Sual: “Siyasi çevrələrdəki Azərbaycan kişisinin xanımı “dekabrist arvadı” ola bilirmi?”

Cavab: “Azərbaycan siyasətçisi dekabristlər kimi mətin, əqidəsinə sadiq olarsa, inanıram ki, həmən siyasətçinin xanımı dekabristlərin xanımından da sadiq və mübariz olar”.

Vaqif Səmədoğlu, şair, caznem

Sual: “Təbii ki, Səməd Vurğunun oğlu olmağın üstünlüklərini çox görmüsünüz, bəs heç olmasa bir dəfə bunun əksini yaşamısızmı və o hiss hansı situasiyada baş verib?”

Cavab: “Vahid, əzizim, başqa sual ver. Buna min dəfə cavab vrmişəm. İncimə…” 

Rey Kərimoğlu, müharibə veteranı

Sual: “Ömrün minaya düşənədək və sonrakı dövrü “bir tamaşanın iki hissəsidi”, yaxud “iki fərqli tamaşa?”

Cavab: “Demək olar ki, bir tamaşanın iki hissəsi! Minaya düşən də, ondan sonrakı həyatı yaşayan da eyni adamdır axı. Biri şirin və xoşbəxt günlər, digəri isə acı və ağır günlər…Minaya düşməzdən əvvəl daha hörmətli idim, məncə. Çünki nə qədər sağ-salamat idim əllərini kürəyimə vurub mənə “sağ ol”, “qəhrəmansan” deyirdilər,  tərfiləyirdilər, yuxarı başda oturdurdular, amma minaya düşəndən sonrakı həyatımda isə bunun tam əksini gördüm. Hiss elədim ki, ta orduya, vətənə lazım deyiləm. Bu çox dəhşətli hisdir! Ələxsus da mənim kimi, belə məqamlara həssas olan adam üçün daha ağırdır. Kaş elə bütün bunlar doğrudan bir tamaşa olaydı.  Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının səhnəsində bir tamaşaya baxarammış təsiri yaradaydı məndə”.

Günay Ümid, şairə

Sual: “Qadın yaradan varlıqdı, şair də beləcə… hər ikisində doğuş var. Şair-qadın isə ikiqat yaradıcıdı. Yaratdıqlarınız arasın seçim edə bilirsiniz?”

Cavab: “Mən ümumiyyətlə şeirlərimi uşaqlarımla müqayisə etmirəm, edə bilmirəm. “Şeirlərim mənim övladlarımdır” deyən sairlərlə də razılasmıram. Sevgilər müxtəlif olduğu kimi yanasmalar da müxtəlifdir. Mən şeirlerimdə daha sərtəm, amma uşaqlarımla elə ola bilmirəm. Şeirlərimdə üsyan var, kədər var, ağrı var, amma uşaqlarım mənim sevincimin ən birinci səbəbidir. Ümumi yanaşsaq sadəcə onları yaradan eynidir, amma bu da nisbidir…”

Abbas Atilay, fotoqraf

Sual: “Foto nədi? İnsanın zamanı saxlama imitasiyasımı? Belədirsə, fotoqraf kimdi?”

Cavab: “Foto sənətdir, əllə tutulan, düsturlara uymayan bir şey olduğu üçün fotonun nə olduğu insan üçün  onun özünün nə olmasından asılıdır. Yüngül insan üçün, foto mırtdır, ağır insan üçün başqa şey, kədərli insan üçün foto qəmdir, sevincli insan üçün tam başqa şey. Foto insanın özünü ifadədir, fotoqrafiya isə ifadə forması. Yüngül həyat yaşayan bir fotoqraf heç vaxt Əfqanıstanda güllə altında yaşayan insanların acısını təsvir edə bilməz, o, elə orda da özünü ifadənin bir yolunu tapacaq. Və yaxud uşaqlığı ağır travmalarla keçən bir fotoqrafı toy şənliklərində işləməyə məcbur etsəniz sadəcə qəmli insan portretlərini tapacaq. Buna görə fotoqrafiya insanın özünü ifadə formasıdır, sənətin bütün növləri kimi. Fotoqraf da özünüifadəni fotolar vasitəsi ilə reallaşdıran insandır. Yazıçı romanları, rəssam tabloları, bəstəkar əsərləri ilə özünü ifadə edirsə, fotoqraf da çəkdiyi fotolarla həmin işi görür”.

Vüsalə Məmmədova, jurnalist

Sual: “İntellektli qadınla tanışlıq kişilərdə ikili duyğu yaradır: dəlicəsinə sevgi və gizli qorxu. Bu iki əks duyğunun vəhdəti mümkünmü?”

Cavab: “Məncə intellekti yüksək olan xanımla tanışlıq bəzi kişilərdə həm də natamamlıq kompleksini qabardır. Duyğuların vəhdətinə gəlincə isə, məncə dəlicəsinə sevginin altında həmişə bir gizli qorxu olur. Sadəcə insan bunun fərqinə varmağa qorxur. Qadın da, kişi də…”

İlqar İbrahimoğlu, ilahiyyatçı

Sual: “Heç bir dində, İslamın başqa təriqətlərində belə bizdəki kimi bahalı ehsan verilmir. “Toy süfrəli” ehsan dini buyruq da deyil. Bunu yığışdırmağı təbliğ eləmək əvəzinə möhtərəm Şeyximizin qərargahında ehsan zalları açılıb. Bunun dini izahı varmı?”

Cavab: “Mübarək dinimizdə israfçılıq bəyənilmir, günah hesab edilir. İstər ehsan verəndə, istərsə də gündəlik həyatda mübarək dinimiz mötədilliyə riayət etməyi tövsiyə edir. Müqəddəs Kitabımızda buyurulur: “Qohum-əqrəba, yoxsul və müsafirlərin haqqını ver və heç cür israf etmə! Həqiqətən israfçılar şeytanlarla qardaşdırlar və şeytan Rəbbinə qarşı nankor idi”. (“İsra”, ayə 26, 27). Allah bizləri israfçılıqdan uzaq qərar versin!”

Anar Məmmədli, seçki mütəxəssisi

Sual: “Seçki mütəxəssisi kimi Sizcə, seçki kampaniyası çətin prosesdi, ya boykotun təşkili?” Cavab: “Əvvəla nəzərə almalıyıq ki, sualın bu cür qoyuluşu  demokratiyaya keçid dövrünü yaşayan və ya demokratik institutların tamamilə formalaşmadığı ölkələr üçün xarakterikdir. Çünki, demokratik ölkələrdə seçki prosesi, o cümlədən seçki kampaniyası demokratik cəmiyyətin ayrılmaz tərkib hissədir və bu cür ölkələrdə seçki prosesinin alternativi qismində boykot çıxış edə bilmir. Ancaq demokratiyaya keçid dövrünü yaşayan Azərbaycan kimi ölkələrdə seçki kampaniyası bir qayda olaraq hakimiyyətdə olan siyasi qüvvənin yaratdığı hüquqi-siyasi və inzibati məhdudiyyətlərlə müşayiət olunur və bununla da seçkilərdə bərabərlik prinsipi pozulur. Bu səbəbdən də bərabər və ədalətli seçki yarışına ümid etməyən siyasi qüvvələr bəzən alternativ kimi boykotu seçib siyasi iradə nümayiş etdirməyə, ölkədə qərar qəbulu prosesinə təsir etməyə çalışırlar. Belə olduğu təqdirdə nəzərə alınmalıdır ki, boykot daha çox siyasi cəhətdən aktiv və dinamik cəmiyyətlərdə səmərə verir. Əksinə, siyasi durğunluq, qapalı siyasi sistem və qeyri-demokratik mühitin mövcud olduğu cəmiyyətlərdə boykot hədəfindən asılı olmayaraq, siyasi dəyişikliklər vəd etmir. Çünki, bu cür cəmiyyətlərdə siyasi qüvvələrin cəmiyyətlə ən ibtidai dialoq forması – ünsiyyəti məhdudlaşdırlmış olur. Boykotun arxasında duran məqsədlərin cəmiyyətə çatdırılması və seçicilərin seçkidən aktiv qaydada imtinaya cəlb olunması ümummili prosesə çevrilə bilmir. Bu baxımdan qapalı siyasi cəmiyyətlərdə məhdud hüquqi-siyasi şərtlərə baxmayaraq, seçkilərdə iştirak etmək və cəmiyyətlə ünsiyyət yaratmaq daha vacibdir. Bununla da boykotla müqayisədə seçki qanunun verdiyi üstünlüklərlə daha az resursların səfərbər olunması, nəticədə siyasi dialoq və siyasi mədəniyyətin təbliği, cəmiyyətdə siyasi ünsiyyət imkanlarının artırılması və siyasi təmərküzləşmənin legitimləşməsi ciddi çətinliklər yaratmır”.

Firudin Allahverdi, bəstəkar

Sual: “Musiqisi ilə hər hansı xalqın xarakterini müəyyən eləmək mümkündürmü? Musiqimiz bizim haqqımızda nə deyir?”

Cavab: “Musiqi ilə xalqın xarakterindən daha çox cəmiyyətin durumunu müəyyən etmək mümkündür. Bizim musiqimiz onu göstərir ki, cəmiyyətdə institutlar formalaşmayıb, musiqi təhsili zəifdir. Məsələn, mahnılarda sintetik səslərdən istifadənin çoxluğu canlı musiqi mədəniyyətinin çox aşağı olduğunu göstərir. Mövzu qıtlığı cəmiyyətdə yaradıcılığın, kreativliyin səviyyə göstəricisidir”.

TOPLUM jurnalı. 8-ci say. Payız 2012

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma