“3-5 halal deputat yerinə yiyə durmayıb, prezident postunamı sahib çıxacaqsınız?”
Vahid Qazi
Əksəri post-kommunist ölkələrindən olan dostlar bu gün Gürcüstanda parlament seçkilərini müşahidə edirlər. Dəfələrlə Azərbaycan, Belarus, Gürcüstan, Ukrayna, Qırğızıstanda seçkiləri birgə izləmişik. Prinsipial və peşəkardılar – 2003-cü il prezident seçkimizi unutmayanlar onları xatırlamalıdılar.
Bizim bütöv gördüyümüz gürcü demokratiyasını yarımçıq sayan gürcülər də bu gün onların prinsipiallığına ümid edə bilər!
2000-ci ildə isə parlament seçkilərini müşahidə eləmək üçün Azərbaycana gəlmişdilər. Yadıma seçki gecəsi məntəqələrdə işini başa vurub qayıdan dostların pəjmürdə halı düşür. O vaxt Gənclik tərəfdə “Yüksəl” adlı bir kafe vardı. Müşahidəçilər seçkidən sonra burada şam edir, təəssüratlarını bölüşürdülər. Proses gecə yarıyadək – sonuncu müşahidəçi gələnədək davam eləmişdi. Hamı bir ağızdan müxalifətin qalıb gəldiyini deyirdi.
Həmin gecə gördüyü saxtakarlıqlardan dəhşətə gələn bir çex dostum müxalifət liderlərindən birinə belə bir sual vermişdi: “Bizim olduğumuz bütün məntəqələrdə sizin partiya qalib gəlib, amma görürük ki, sizi parlamentə buraxmaq istəmirlər. Niyə küçələrə çıxıb haqqınızı tələb etmirsiniz?”
“3-5 deputat yerindən ötrü risk etməyə dəyməz. Biz son döyüşə, 2003-cü il prezident seçkilərinə hazırlaşacayıq”. Əslində o öz cavabını yox, partiyanın qərarını deyirdi. Siyasətçi dostumuzun bu cavabı çexiyalı müşahidəçini çıldırıb özündən çıxarmışdı. Ağır yumruğu qeyri-ixtiyarı stola çırpılan çex az qala çığırı-çığıra deyirdi:“3-5 halal deputat yerinə yiyə durmayıb, prezident postunamı sahib çıxacaqsınız? Bu, absurddur!” Onun siyasətçi dostuyla belə danışmağa ərki çatırdı.
O bu sözləri uzaqgörən fantastik bir fəhmlə söyləmişdi – 3-5 deputat yerinə sahib durmayanlar 2003-də acı məğlubiyyətə uğradılar, 2009-da isə hətta 3-5 bələdiyyə yerinə həsrət qaldılar…
Bu gün həmin çexiyalı demokratiya fədaisi başqa dostlarla birgə Gürcüstanda parlament seçkilərini müşahidə edir.
…Mənsə Azərbaycanda demokratiyanın məğlubiyyət səbəbləri haqda düşünə-düşünə çox uzaqlara gedən fikrimin axrasınca düşmüşəm!
1 oktyabr 2012
vahidqazi.wordpress.com