18 sentyabr Tanrı ərmağanı
Üzeyir Hacıbəyovun doğum gününə bir yazı yazmaq istəyindəydim. Onun “Şuşa yolu” hekayətindən başlayacaqdım. Çoxdan oxumuşdum. Özünün Yevlaxda “kukuşka”dan düşüb faytonla Şuşaya getməyindən yazıb. Üzeyir bəyin faytonu Tərtər çayında ilişən kimi mənim də yazım elə ilk cümlədən tilsimə düşmüşdü, dalı gəlmirdi. “Azərbaycan tarixindən Üzeyir Hacıbəyov çıxılsa nə boyda boşluq yaranar?” kimi fikirlər xəyalımı gedər-gəlməzə elə aparmışdı ki, ta qayıdana oxşamırdı. Bu insanı anmayıb bloqumun “gündəlik”ində 18 sentyabr tarixini boş saxlamaq istəmirdim. Elə bu dəm böyük bəstəkarın həm bəstəkar, həm də publisist kimi istedadlı davamçısı dadıma çatdı.
Neçə gündü “Toplum” jurnalına hazırladığım yazı üçün bir neçə facebook dostuma sual ünvanlamışdım. Birini də Almaniyada yaşayan bəstəkar dostumuz Elmir Mirzəyevə göndərmişdim. “Musiqisiylə hər hansı xalqın xarakterini müəyyən eləmək mümkündürmü? Musiqimiz bizim haqqımızda nə deyir?” sualıma 3-5 cümləlik cavab xahiş eləmişdim. Elmir bəy 3-5 cümlə əvəzinə samballı bir yazı göndərdi. Özü də Üzeyir bəyin doğum günündə. Allah adama vermək istəyəndə, bax, belə verir. Ta 18 sentyabr tarixi bloqumda boş qalmayacaqdı, orda Tanrının Üzeyir bəyi xalqımıza sevgi payı kimi bu gündə göndərdiyi yazılacaqdı.
Elə Elmir bəyin bu yazısını ustadının 18 sentyabr doğum günü – milli musiqi bayramı – qutlaması kimi qəbul elədim. Sizi də qonaq edirəm, buyurun oxuyun!
Vahid Qazi
18 sentyabr 2012
Dünya musiqisində Azərbaycan havası
Elmir Mirzəyev, bəstəkar
Musiqi yəqin ki, mövcud olanlar içərisində ən abstrakt incəsənət növüdür. Doğrudan da gözə görünməyən dalğaların düzənlədiyi harmoniya, ahəng diapazonu və ritm nəinki insanda, bir çox canlılarda belə çox geniş, sərhədsiz hisslər, duyğular, düşüncələr, emosiya-rasio yaradır. Bu mənada musiqi ecazkar, maqik bir qüvvə kimi dəyərləndirməlidir. Maraqlıdır, hazırda demək olar ki, bütün dillərdə məhz bu söz (əlbəttə müxtəlif versiyalarda), yunan dilindən gəlmiş μουσική (musiki) kimi işlənir. Musiqiçi həyatımda rastıma çıxan yeganə istisna çex (slovak) dilində olmuşdu – orada musiqi əsasən hudba adlandırılır. (Bu termin qədim slavyan dilindəndir, hətta bir zamanlar qərbi Ukrayna ərazisində belə bir musiqi janrı da varmış. 1918-ci ildə Çexoslvakiya Avstriya-Macarıstandan müstəqilliyini alarkən çexlər alman dilinə bir növ etiraz kimi bütün kəlmələrə öz dillərindən adekvat terminlər axtarışına çıxır və beləcə arxaik hudba meydana gəlmişdir. Ümumiyyətlə o dövrlərdə bu bir tendensiya idi, məsələn, Türkiyədə 20-ci illər islahatları da buna misal ola bilər). Bizdə bir zamanlar mövcud olmuş və musiqi anlamı verən hava kəlməsi hazırda demək olar, işlədilmir.
Başqa bir məsələ də dövr və ictimai münasibətlər, ictimai formasiya məsələsidir. Musiqinin funksiyası müxtəlif dövrlərdə zaman-zaman dəyişilib: qədim dövrlərdə musiqi metafizik, meditativ ayinlə bağlı sənət növü kimi, bundan başqa müharibə zamanı orduya ruh vermək və ya kiminsə lazımi anda hücuma keçməsi üçün siqnal kimi tətbiqi funksiyaları vardı. Xalq şənliyində əyləncə zamanı istifadə olunan musiqi (folklor) və kahinlərin istifadə etdiyi ritual/dini musiqi tam fərqlənirdi. Orta çağlardan bunların sintezi tədricən gəlib Saray musiqisində öz təşəkkülünü tapır. Avropada baş verən reformasiya və fransız burjua inqilabından sonra isə cəmiyyətdə ictimai münasibətlər sistemi kökündən dəyişilməyə başlayır və bu incəsənət, o cümlədən musiqi sferasından da yan keçmir. Opera teatrları artıq yalnız sırf hakim təbəqə, əyanlar üçün deyil, şəhər zənginləri və başqa kəsimlər üçün də vacib ictimai əhəmiyyət kəsb edən maarif-əyləncə vasitəsinə çevrilir. XIX əsrdə Avropada kilsənin, dinin faktiki desakralizasiya edilməsi isə cəmiyyətin dünyəvi həyat tərzinə yol açır. Bu hal isə o zaman yazılan musiqiyə, istifadə edilən mövzulara təsir etməyə bilməzdi. Geniş kütləviləşmə, incəsənətin demokratizasiyasının ilk böyük dalğası da məhz o zaman baş verir.
Son yüzillikdə baş verən böyük elmi açılışlar (ilk səsyazma qurğuları, patefonun ixtirası, radio və TV) musiqinin sırf elitar sənət olmasının son həddini götürür – musiqi artıq geniş kütlələrə yol açır. Çağdaş zamanımızda isə artıq musiqi hər yerdədir – internet və müasir texnika musiqinin hər zaman və istənilən məkanda mümkünlüyünü təmin edib. Əgər cəmi 100 il əvvəl musiqi dinləmək üçün mütləq cəmiyyətdə zəngin təbəqəyə aid olmalı, böyük şəhərlərdə yaşamalı, orada Opera teatrına və yaxud Filarmoniyaya getməli idinizsə, hazırda bircə iPhone və ya Laptop daxilində istənilən formatda (ən yayğını Mp3) sərhədsiz müddətdə və istənilən janrda musiqi əldə edə bilərsiniz. Bütün bunlar bəlkə də musiqini tamamilə ucuzlaşdırıb və əlçatan edib. Lakin humanistik, insanmərkəzçi inkişaf konsepsiyası yalnız belə ola bilər – kütləvilik və şəffaflıq.
Azərbaycan musiqisində ilk akademik, yazılı musiqi əsəri Üzeyir bəyin “Leyli və Məcnun” operasıdır. Əslində akademik musiqinin ictimai əhəmiyyəti gözlə görünəcəkdən qat-qat artıqdır, bəlkə də Üzeyir bəy 1908-ci ilin 25 yanvarında ilk dəfə ifa edilmiş bu əsəri ilə dünyəvi həyat tərzimizin ən böyük əsaslarından birini qoymuşdu. Hazırda Üzeyir bəyin sayəsində akademik musiqimizin yaşı cəmi 100 ildən bir qədər çox olsa da, məhz bu hadisənin – opera ifasının – faktiki arxaik bir cəmiyyətdə nə kimi təsir buraxdığını indi də qiymətləndirmək asan deyil. Sonralar Qarayevin baletləri də eyni, hətta musiqidənkənar bir funksiyanı oynaya bildi – bu əsərlər Azərbaycanın sekulyar həyatının çox vacib, silinməz bir arxetipə çevrilərək, dünyəvi həyat tərzimizi legitimləşdirdi.
Hazırda musiqidə sırf millilik anlayışı nisbi olaraq, əslində çoxdan aşınıb keçmişdir. XXI əsrdə qlobalizasiya sadəcə termin deyil, artıq real həyat tərzimizdir. Bütün sferalarda baş verən qarşılıqlı təsir özünü, nəinki musiqidə, bütün başqa sahələrdə də büruzə verməkdədir. Nəticədə sərhədlər yenilir, qapalı sistemlər dağılır, təfəkkür və təxəyyül genişlənir, inteqrasiya və ünsiyyət üçün isə sərhədsiz imkanlar yaranır. Xatirimdə deyil, hansısa yazıçı demişdi ki, insan ünsiyyəti dünyada ən bahalı və əvəzedilməz bir nemətdir. Bu anlamda bəlkə də çağdaş zamanımızı qızıl dövr adlandırmaq olar.
Üzeyir bəy dahi sənətkardır.Onun bütün musuqi əsərləri insanın sanki iliyinə işləyir,ruhuna dinclik gətirir,ən əsası da odur ki,yadda qalır