Şərq hüzuru

Şərq hüzuru

“Yaddaş ləpirləri” silsiləsindən

Bir yağışlıq canı olan əhəngi yol kənarı boyu düzülmüş daşlara sürtən fəhləyə göstərişlərini verib parkın ortasında yenicə tikilmiş fontana döğru getdi. Əvvəlki adı və görünüşü dəyişdirilən parkın 40 yaşı vardı. Təzəcə əkilmiş, yerli təbiətə yad ağaclar “Sevil” tamaşasında möhtərəm qonaqlara təqdim etmək üçün Balaşın qiyafəsini dəyişdirdiyi atasını xatırladırdı.

Parkın ən hündür yerində daşın üstünə çıxdı. Burdan ətraf daha aydın görünürdü. Yerini rahatlayıb qarnını azca qabağa verdi. Sağ əlini irəli – süpürgəçilərə göstəriş verən park müdirinə uzatdı: “O uşaqları qov! Baş-beynim getdi”. Bir dəstə yeniyetmə parkın küncündə yeni qurulmuş idman qurğularında güc sınayırdı.

Bu mənzərəni rayon mərkəzlərinin birində, yenilənmiş parka bitişik çayxanada dünənki qəzetlərə ötəri baxa-baxa izləyirdim. Bugünkü qəzetlər günortadan sonra gələcəkdi. Parkdakı olaylar qəzetdə yazılanlardan maraqlı idi. Odur ki, bayaqdan bəri işçilərə göz verib, işıq verməyən, park müdirinin gücü çatmayan uşaqları yağlı söyüşlərə qonaq edib, polislə qorxuzub parkdan qovan bu əlahəzrətin kim olduğunu qonşu masada çay içənlərdən soruşdum. “Başçıdır!” Marağım daha da artdı.

“Stadiondan da qovurlar. Bəs harada məşğul olaq? Vitrin üçündür bunlar?” – deyə uşaqların ən qıvrağı etiraz edirdi. Parkdakı məmurların bağırtısı onun etiraz səsini elə göydəcə tutub fəvvarənin suyunda boğdu. Uşaqlar bir dəstə ov itinə tuş gəlmiş dovşan kimi qaçıb aradan çıxdılar. “Təmizləmə” işini uğurla başa çatdıranlar Başçının hüzuruna qayıtdılar, cərimə zərbəsini qəbul edəcək futbolçular sayaq sıraya düzüldülər. Zavallı uşaqların üstünə pələng olub şığıyanlar indi əlahəzrət “hökmdarın” hüzurunda mum kimi əriyirdilər. Yəqin bu proses bir qədər də uzansaydı, əriyib qurtaracaqdılar…

***

2002-ci ilin yayında Özbəkistanın bir neçə şəhərində seminar keçirib Daşkəndə dönmüşdük. Bu o vaxt idi ki, hələ QHT-lərin fatihəsini verən qanun qəbul edilməmişdi, Əndicanda qırğın törədilməmişdi. Lakin buna baxmayaraq bizim demokratiya, vətəndaş cəmiyyəti problemləri mövzusundakı tədbirlərimiz yerli həmkarlarımız üçün müəyyən qədər riskli idi. Odur ki, Daşkəndin sayılıb-seçilən restoranlarından birində şam etmək üçün masa seçərkən özbək dostlarımızın cidd-cəhdlə qapalı yer istəmələrinin əsl səbəbini vaxtında duymamışdıq. Onlar dünyanın müxtəlif ölkələrindən gəlmiş demokratiya aşiqlərinin sərbəst söhbətlərinin kənardan eşidilməsini istəmirmişlər.

Amma azad dünyanın azad sakinləri təmiz havada, qocaman çinar altında qoyulmuş iki uzun masadan birini seçdilər. Dostlarımız dəmirdən keçən arqumentlərini dilə gətirmədilər, eləcə razılaşdılar. Bir qədər sonra rəngarəng söhbətlərdən bağlanmış söhbət çələngi çeşidli özbək yeməkləri və içkilərilə birlikdə nə vaxtsa mövcud olmuş Bakının tramvay relsləri kimi yan-yana gedirdi. Ev sahibinin sifətindəki narahatçılıq da elə bu relslər kimi yoxa çıxmışdı.

Amma bu, uzun çəkmədi. Tezliklə yanımızdakı ikinci masaya bazburutlu, qalstuklu adamlar gəldi. Restoran heyətinin tam səfərbər edilməsi gələnlərin ali qonaq olmasına dəlalət edirdi. Bizim masadakı cürbəcür dillərdə danışan xaricilər, hətta sarışın polyak gözəli də öz dəyərini itirmişdi. Bütün diqqət yeni qonaqlarda idi. Süfrə sahibimizin həyəcan və narahatlığı artıq hamımıza sirayət etmişdi.

Gələnlərin çox yüksək rütbəli məmurlar – aralarında nazir, deputat da vardı – olduğunu öyrənməyimiz çox çəkmədi. Onlar gəlişlərilə ilk anda başa düşmədiyimiz bir qaramat da gətirmişdilər. İndi bizim yox, onların səs-küyü ətrafı başına götürmüşdü. Aralarında birinin onsuz da qıyıq olan gözünü bir az da qıyıb hərdən bizim özbək dostumuza oğrun-oğrun baxması diqqətimdən yayınmadı. Dostumuz həmin qıyıq gözün yiyəsini tanımışdı və bu gözlərdə yazılanları oxuduqca onun ürək döyüntülərinin necə artdığını masanın o biri başında “eşidirdim”, düz sözümdü. Onu belə zavallı görmək ağır idi.

Dostumuzun məclisi qapalı otaqda açmaq istəməsinin məqsədini indi anlamışdıq. Bəzən azadlıq açıq havada yox, dörd divar arasında, hətta zirzəmidə olur. Avtoritar rejimlərdə belə olub, elə indi də belədi. Məclisin boğanaq havasını dəyişmək lazım idi. Ayağa qalxıb çöl havasının “qapı-pəncərələri”ni açmaq üçün söz aldım. “Bir sağlıq deyəcəm və əminəm ki, məni eşidənlərin hamısı bu sağlığa ayaq üstə içəcəklər” – deyə üzümü həm də yan masaya tutdum.

Onlar məni görüb-eşitməsələr də, sözlərim bizim məclisdəkilərdə canlanma yaratdı. Amma Andrey Platonovun “Can”ındakı Çaqatayevin əzabı bizim özbək dostumuzun üzünə qonmuşdu, ürək paralayan bu sifətə baxmaq olmurdu. “Məzlum ən böyük qəddardır – kababın göz yaşları atəşi daha da alovlandırır”. Farsların təxminən belə bir atalar sözü olmalıdır. Dostumuzun bu iztirablı halı məni də beləcə “qəddarlaşdırmışdı”.

Səsimin tonunu bir oktava da qaldırıb Özbəkistan və onun xalqının şəninə köhnə val kimi təkrar-təkrar təriflər yağdırırdım. Dediklərimin qonşu masada oturanlara aid olduğunu artıq hamı başa düşmüşdü. “Vıpyem za velikovo uzbekskovo naroda”. Qonşularımız artıq məni eşidirdilər. Söhbətə ara verib bir-bir masamıza çevrilirdilər, sanki bizi indi görürdülər. Amma ayağa durmurdular.

Sağlığa başlamazdan əvvəl yanımdakı amerikalı dostumla bu yekəxana qonşuları ayağa qaldıracağımdan mərcləşmişdim. Bu xəbər pıçhapıçla bizim masadakılara yayılmışdı. Odur ki, sözlərimə elə qulaq asırdılar, sanki Roma Papası II Pavel Varşavadakı məşhur mərasim nitqini söyləyir. Hamı diqqətlə bayaqdan məclisimizin azad həyatını pozanların reaksiyasını gözləyirdi.

“Özbək xalqı” kömək etmədi, yardıma Əmir Teymuru çağırdım. Bayaqkı nitqimi təkrarlayıb sonunda bu dəfə “Vıpyem za velikovo Tamerlana” dedim. Dünyanın yarısını hüzuruna gətirən Əmir Teymur 5-10 partnomenklaturu ayağa qaldıra bilmirdi. Özümü işə salmışdım, mənim bu dilxoşluğum yaxşı heç nə vəd eləmirdi. Amerikalı dostum isə mərci udubmuş kimi qımışırdı.

Səsimi bir qədər də qaldırdım. İndi məni hamı eşidirdi. Nəvaidən tutmuş Əmir Teymiracan (hələ qazax və türkmənlərin də nəhənglərini özbəklərin ayağına yazdım) yada saldım. Qalstukların sıxıb şişirtdiyi qıp-qırmızı sifətlərdən dombalan gözlərin birində laqeydlik, digərində ikrah vardı. Axı mən onları necə insafa gətirim, bunlar heç dədələrinin də sağlığına ayağa durana oxşamırlar. Məclisimizin sahibi, yazıq dostumuzsa dirigözlü ölmüşdü.

“Vıpyem za velikovo sına uzbekskovo naroda, za İslama Karimova!” Nidam özümü də diksindirdi. Bir məclis “tuluq” ləngərləyib dik ayağa durdu. Bizim masadakılar da qalxdı. Amma orada əsl Daşkənd zəlzələsi baş verdi; boşqablar şaqqıldadı, bakallar cingildədi, yaşıl çay dolu piyalə yerə düşüb qırıldı. Sonra bayaqkı donuq gözlərə işıq gəldi, alışıb yanırdılar. Razılıq əlaməti olaraq üzümə gülür, başlarını yelləyirdilər. Onların məclisimizə, xüsusilə də mənə münasibəti tamam dəyişdi. O yandakı qıyıq göz böyümüşdü, daha özbək dostumuza açıq gözlə baxırdı. Dostumuz isə Sizifdən fərqli olaraq daşı dağın başına “qaldırmışdı”, indi rahat-rahat gülürdü.

Mən sanki İslam Kərimovun məclisdəki xüsusi nümayəndəsi, masa ətrafındakılar isə onun xarici dostları idi. Onlardan biri baş aşbazı çağırtdırıb bizim nasaya nəsə sifariş edir, digəri boşqabları dəyişdirmək göstərişi verirdi. Masaları birləşdirməkdən tutmuş hesabımızı ödəməyədək heç bir təkliflərilə razılaşmadıq. Sonda sağollaşıb ayrılanda onlar ayağa qalxıb bizi qapıyadək gülə-gülə yola saldılar.

Əlahəzrətin qonaqlarının hüzuru elə Əlahəzrətin öz hüzuru idi.

***

Soyumuş çaydan bir qurtum içmişdim ki, parkın qapısı ağzında qara rəngli, “AA” seriyalı maşın dayandı. Qabaqda oturan cantaraq oğlan cəld düşüb arxa qapını açdı. Qonaq maşından çıxıb ətrafa göz gəzdirdi. Parkın o biri başında sıraya düzülmüş “futbolçuları” danlayan Başçı sözünü yarımçıq qoyub qəfil gəlmiş Qonağın hüzuruna qaçdı, “dinləyicilər” də onun arxasınca…

İndi o özü alı Qonağın zərbələri qarşısında mum olub əriməyə hazır idi. Qonaq parkı gəzib razılıq əlaməti olaraq başını tərpətdikcə Başçının da başı təvazökar təbəssümlə gah sağ, gah da sol çiyninə düşürdü. Park bəyənilmişdi. Sabah o da gördüklərini eyni səmimi və təvazökar təbəssümlə daha yüksək hüzura çatdıracaqdı…

Təxminən bir saatdan sonra Qonağı yola salan Başçı əyanlarını süzüb, razılıq və rahatlıq hissiylə başını silkələdi. Sonra əllərini belinə qoydu, qamətini dikəldib bir daha parka göz gəzdirdi. Sanki Cahan şah taleyinin ən dəyərli bəxşişi üçün tikdirdiyi Tac Mahalı seyr edərək memarlara minnətdarlıq təbəssümü bəxş edirdi.

Vahid Qazi

17 Noyabr, 2009

Mediaforum.az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma