Vəfa Quluzadə ilə müsahibə

“Demokratiyanın yayılması sunami kimidir…”

 Vəfa Quluzadə: “Demokratiyanın qarşısında heç kim və heç nə dayana bilməz. Azərbaycan mütləq demokratik ölkə olacaq”. 

 “Əgər Bakı da işğal olunsaydı, köməyimizə gələn olmayacaqdı”.

– 1993-cü ildə BMT-nin Qarabağla bağlı qətnamələrini şərh etməyiniz yadıma düşür. Həvəslə elə inandırıcı danışırdınız ki, erməni qoşunlarının zəbt elədikləri torpaqlardan çıxması sanki yaxın günlərin məsələsidi. Niyə belə olmadı? Nə baş verdi ki, əminliklə söylədikləriniz realda əksini tapmadı?

– Burada nəsə səhv var. BMT-nin qətnamələrindən sonra torpaqlarımızın tezliklə azad olunacağını heç vaxt deməmişəm. BMT-nin qətnamələrinin nə qədər çətinliklə qəbul edilməsindən, qətnamələrin normal surətdə çıxarılmasına qarşı Rusiyanın müqavimətindən xəbərdar idim. Bu qətnamələrdə əslində nə təcavüzkarın adı çəkilib, nə də açıq şəkildə “erməni işğalçı qoşunları” ifadəsi işlədilib. Birinci qətnamədə, ümumiyyətlə, yazılıb ki, “yerli erməni qoşunları” işğal etdiyi ərazilərdən çıxmalıdır. Guya Dağlıq Qarabağı yerli ermənilər işğal ediblər. Amma digər qətnamələrdə yazılıb ki, erməni işğalçı qoşunları Dağlıq Qarabağ və başqa rayonlardan çıxmalıdır. Bunların hamısı siyasi normadır və həqiqətən təcavüzün olmasını təsdiqləyir. Amma heç vaxt deməmişəm ki, qoşunlar tezliklə çıxacaq.

Bir epizod ictimaiyyətin yadından çıxıb. Heydər Əliyev hakimiyyətə təzə gəlmişdi, hələ prezident seçilməmişdi. Ağdam da işğal olunmamışdı. Heydər Əliyev Levon Ter-Petrosyana zəng etdi. Ondan dəfələrlə xahiş etdi ki, siz Ağdamı işğal etməyin, mən təzə gəlmişəm, sizlə bu məsələni normal şəkildə, siyasi yolla həll edəcəyik. Levon Ter-Petrosyan da mənim yanımda Heydər Əliyevə söz verdi ki, Ağdama girməyəcəklər. Sonra Heydər Əliyev mənə televiziyaya müsahibə verməyi, erməni qoşunlarının Ağdamı almayacaqlarını deməyi tapşırdı. Düzdür, mən bunu etməməli idim, amma etdim. Düşünürdüm ki, Levon Ter-Petrosyan prezidentdir, söz verib. Lakin səhəri gün erməni qoşunları Ağdama daxil oldu, rayonu işğal etdi. Məndən çox narazılıqlar oldu. Kənd təsərrüfatı nazirinin müavini, hətta, mənə zəng etdi, sərt şəkildə narazılığını bildirdi. Sonralar məlum oldu ki, Levon Ter-Petrosyan və başqa erməni prezidentləri heç də Ermənistanın rəhbərləri olmayıblar, erməni qoşunları Rusiyaya tabedir. Levon Ter Petrosyan bəlkə səmimi surətdə söz vermişdi. Amma onun sözünə baxan kim idi. Rusiyanın o zamankı müdafiə naziri Pavel Qraçov əmrini verdi, Ağdam da tutuldu.

– İşğalı Rusiyanın həyata keçirdiyindən Azərbaycan rəhbərliyi məlumatlı idimi? Dövlətin buna reaksiya verməyə gücü çatırdımı? Biz Rusiyanın işğalda iştirak etməsini bilib susurduq, yoxsa heç nə bilmirdik?

– Biz bilirdik, amma eyni zamanda başa düşürdük ki, Rusiyaya təsir etmək iqtidarında deyilik. 1994-cü ilin aprelinə qədər neft müqavilələri də imzalanmamışdı. Mən sevinirəm ki, Rusiya ermənilərlə birlikdə Bakını işğal etməyib. Əgər Bakı da işğal olunsaydı, köməyimizə gələn olmayacaqdı. Ancaq 1994-cü ilin sentyabrında neft müqavilələri imzalandıqdan sonra Azərbaycan Amerika Birləşmiş Ştatlarının, Qərbin maraq dairəsinə çevrildi. Çeçenlərin Rusiya ilə qəhrəmancasına döyüşləri də bizə kömək oldu. Çeçen müharibəsi başlayanda Rusiya qərara gəldi ki, birinci çeçen məsələsini həll etsin, Azərbaycanı sonra əzər. Rusiyanın məqsədi Azərbaycanı əzmək, burada öz hakimiyyətini bərqərar etmək idi. Əbülfəz Elçibəyin vaxtında rus qoşunları Azərbaycanı tərk etdi. Bu, möcüzə idi. Onlar yəqin düşünüblər ki, rüşvətlərini alsınlar, Azərbaycanı tərk etsinlər, sonra qayıdarlar. Rus hərbçilərdə “hara gedirik ki, qoşunumuzu Gürcüstana, Ermənistana çəkirik, qayıdacağıq” fikri hakim olub.  Amma hadisələr elə gətirdi ki, neft müqavilələri imzalandı, Rusiya çeçen müharibəsində uduzdu. Mən tam səmimi və ürəkdən demək istəyirəm ki, “Yaşasın qəhrəman çeçen xalqı!” Atəşkəsin uzun çəkməsi, özümüzü toplayıb möhkəmləndirməyin əsas səbəbi çeçenlər idi.

İndi Rusiya daim atəşkəs xəttini qaynar saxlayır, istəmir ki, Ermənistanla Azərbaycan arasında sülh olsun. Ermənistan dəfələrlə sülh bağlamaq istəyib. Levon Ter-Petrosyan bəyanat vermişdi ki, Azərbaycanla sülh olmasa Ermənistanın gələcəyi yoxdur. Sensasiya oldu, o, bizə təklif etdi ki, 7 rayonu boşaldıram, Dağlıq Qarabağın statusunu qoyaq, əlaqələrimiz möhkəmlənsin, bir-birimizlə işləyək. Sonra dostcasına bunu müzakirə edərik. Biz də razılıq verdik. Yaxşı təklif idi. Levon Ter-Petrosyan patriot idi, vətənini sevən adam idi. O, “Ermənistanın Azərbaycanla, Türkiyə ilə əlaqələri olmasa gələcəyi yoxdur” deyəndə haqlıydı. Buna görə Rusiya Levon Ter-Petrosyanı vəzifəsindən atdı, yerinə separatçıların başçısı Pobert Koçaryanı gətirdi.

İkinci dəfə 1999-cu ildə Heydər Əliyev Robert Koçaryana məsləhət verdi ki, Ermənistanın ən məşhur və güclü, Rusiyanın yaxın adamı sayılan baş nazir Vazgen Sarkisyan və yenə Ermənistanın ən güclü siyasətçisi Karen Dəmirçiyanla danışığa girib onlardan dəstək alsın. Onda rusların gücü çatmaz, münaqişənin həlli mümkün olar. Heydər Əliyev Koçaryanla bunu İsveçrədə açıq şəkildə təkbətək danışmışdı. Rusiyanın danışıqları dinləməməsi üçün İsveçrə seçilmişdi. Bunu Qərb dinləyə bilərdi, amma rusların gücü yox idi. Ruslar o vaxt nə baş verdiyini bilmirdilər, möhkəm əsəbiləşirdilər. Heydər Əliyev böyük güzəştlərə getmək, regionda sülhə nail olmaq istəyirdi. Bilirdi ki, yeddi rayonun birdən-birə, sülhməramlılarsız qaytarılmasının qiyməti böyük olacaq. Qərb Heydər Əliyevə əl çalacaq, onu dəstəkləyəcək. Amma mən bu sülhün əleyhinə idim.

– Niyə razı deyildiniz?

– Güzəştlərə razı deyildim. Torpaqlar bizimdir. Heydər Əliyevə açıq dedim ki, cənab prezident, siz məğlubiyyətə uğrayacaqsınız. Çünki bizimlə Ermənistan arasında hər hansı sülhün baş tutmasına Rusiya heç vaxt yol verməyəcək. Bunu dedim, istefaya getdim. 20 gün sonra televiziyada gördüm ki, erməni parlamenti gülləboran edilib. Vazgen Sarkisyanı, Karen Dəmirçiyanı, bir neçə naziri – on nəfəri seçib parlamentə yığdılar, güllələdilər. Bunu kim edə bilərdi, aydın məsələdir ki, Rusiya.

Bununla Rusiya nəyə nail oldu? 1999-cu ilin noyabrında ATƏT-in İstanbul sammiti olacaqdı. İstanbul sammitində iki önəmli məsələ vardı. Birincisi rusların Gürcüstandan hərbi bazalarını çıxarması, ikincisi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması. Azərbaycanda iki yüksək vəzifəli rəsminin istefasından və Ermənistanda parlament gülləboran ediləndən sonra İstanbul sammiti Qarabağ məsələsini gündəlikdən çıxardı. Sammitin yekun sənədində isə yazdılar ki, Vəfa Qüluzadənin və iki böyük vəzifəli şəxsin – xarici işlər naziri Tofiq Zülfüqarovun, prezident katibliyinin rəhbəri Eldar Namazovun istefası və erməni parlamentinin gülləboranı Dağlıq Qarabağ məsələsini müzakirə etməyə imkan vermədiyinə görə gündəlikdən çıxır. Bu, tarixə belə düşdü, belə də qaldı.

“Azərbaycan-Ermənistan deməyin, həmişə Rusiyanı yada salın”.

– Tarixə nəzər salsaq görərik ki, ermənilərlə azərbaycanlılar arasında əvvəlki dövrlərdə də münaqişələr olub. 1905, 1918 və indiki dövr. Sonra bir yerdə yaşamışıq. İndiki dövrlə də müqayisə edəndə sizcə, bu münaqişənin kökündə milli ədavət dayanır, yoxsa, əsas amil Rusiyanın regiondakı roludur? Rusiya bir amil kimi regiondan çəkilsə konflikt həllini tapa bilərmi? Yoxsa, Rusiyasız da Qarabağ milli münaqişə olaraq qalacaq?

– Erməniləri regiona gətirən Rusiya olub. Ona qədər burada az sayda erməni vardı. Lakin rus çarı I Pyotrun dünyəvi rus imperiyası yaratmaq kimi böyük iddiası vardı. Qafqaz regionu da tamamilə müsəlman əhalisindən ibarət idi. Pyotrun əmrindən sonra rus imperiyası erməniləri Yaxın Şərqdən Azərbaycana, ən yaxşı torpaqlara köçürməyə başladı.

Tarixdə parlaq bir misal var: Məşhur rus yazıçısı və dramaturq Qriboyedov Rusiyanın İranda səfiri idi. Səfir kimi erməniləri gizlicə İrandan Rusiya imperiyasına köçürür. Bu qrupun arasına da iki qaçqın erməni qadını düşür. Onlar İran şahının hərəmxanasından qaçırlar. İran şahının iki arvadını Qriboyedov Rusiyaya, Azərbaycana yola salır. Bunu şaha deyəndə o, qəzəblənir, əmr verir ki, rus səfirliyini dağıdın, hamısını qırın. Farslar bunu edir, rus diplomatlarının hamısını qılıncdan keçirirlər, Qriboyedovu da öldürürlər. Bu tarixi hadisə sübut edir ki, Rusiya daim erməniləri Azərbaycana köçürməklə məşğul olub. Tək Qriboyedov deyildi. Qriboyedov məşhur dramaturq olduğuna görə bu, məlumdur. Rusiyanın bütün dünyadakı səfirləri bu işlə məşğul olub.

Sovet dövründə məşhur Stalin deportasiyası vardı. Ermənistandan yarım milyona qədər azərbaycanlı Azərbaycana sürgün edildi. Stalin bundan sonra repotriasiya, yəni xaricdən qaytarma siyasəti elan etdi. Rus səfirləri xarici ermənilər arasında propaqanda aparırdı ki, Sovet İttifaqı cənnətdir, gəlin. Bir qrup erməni Suriya, Livan, İran, Fransadan buraya gəlməyə başlayır. Ermənilər bura gəlib gördülər ki, Sovet İttifaqı cəhənnəmdir, burada nə pul qazanmaq, nə şəxsi mülkiyyət əldə etmək olar. Simsiz teleqrafla digərlərinə xəbər göndərdilər ki, gəlməyin. Ona görə də Stalinin repotriasiya siyasəti boğuldu, davam edə bilmədi. Azərbaycanlıların tamamilə Ermənistandan deportasiya etdirilməsi işi də dayandırıldı.  300 minə qədər azərbaycanlı öz torpaqlarında qaldı. Onları da Qorbaçovun dövründə döyüb-öldürüb sürgün etdilər. Qatarla dəstə-dəstə yaralı insanlar gətirilirdi. Vağzalı jurnalistlər xəbər tutmasın deyə mühasirəyə almışdılar. Əbdürrəhman Vəzirova əmr gəldi ki, onlar gizlədilsin, belə hadisələrin aşkar olunması partiyanın maraqlarına ziyandır. Həmin dövrdə 300 min adamın Azərbaycana gəlməsində Qorbaçovun şəxsən günahı var. Biz hələ özümüzə gəlməmiş millətik. Bizə qarşı belə cinayətlər işlədilib, amma heç yerdə, BMT-də, başqa forumlarda Azərbaycanlıların Rusiya tərəfindən deportasiya olunması haqda məsələ qaldırmamışıq. Rusiya bunun üçün təzminat ödəməlidir. Ermənilər 1915-ci il hadisələrinə görə Türkiyədən təzminat istəyir, biz isə Rusiyadan heç nə istəmirik. Üstəlik neft icad olunandan Sovet İttifaqı çökənə qədər Azərbaycandan milyard yarım ton neft ixrac edilib, yarısını da qaytarmayıblar, ölkəni dilənçi vəziyyətə qoyub gediblər. Odur ki, Azərbaycan-Ermənistan deməyin, həmişə Rusiyanı yada salın. Aparıcı rol Rusiyaya məxsusdur. Azərbaycanlı ilə ermənini Rusiya düşmən edib, onun marağındadır. İndi də atəşkəsin pozulması, cəbhə xətində baş verənlər Amerika-Rusiya qarşıdurmasının tərkib hissəsidir.

– Hesab edirsiniz ki, xalqlar arasında konflikt yoxdur?

– Xalqlar arasında nə etnik, nədə dini baxımından heç bir konflikt yoxdur. Rusiya Azərbaycanı 1920-ci ildə işğal etdi. Bundan sonra Azərbaycan Zəngəzunu Ermənistana verdi, Naxçıvan blokadada qaldı, Türkiyə ilə Azərbaycanın əsas quru  sərhəd əlaqəsi pozuldu. Deməli, Rusiya böyük geosiyasi problemlər haqqında düşünürdü, elə bilirdi ki, o, əbədi imperiyadır. Bilmirlər ki, onlar çökən imperiyadır və artıq bu günlərdə çökəcək.

“Ermənistan Rusiyanın əlinə geydirilmiş bir əlcəkdir”.

– Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk illərdə də Azərbaycanla Ermənistan arasında danışıqlar olub. Son on yeddi ildə isə atəşkəsdir və sülh danışıqları gedir. Amma nəticə yoxdur. Siz münaqişənin danışıqlarla, sülh yolu ilə həllinə inanırsınızmı?

– Rusiyada hakimiyyət dəyişməyənə, yaxud da rus imperiyası çökməyənədək münaqişə həll olunmayacaq. Çünki Ermənistan işğal altındadır, Rusiyanın yüz faizlik işğalına məruz qalıb, rus işğalçıları Ermənistandan çəkilməyənədək münaqişə həll olunmayacaq. Ermənistan burada alətdir. Ermənistan Rusiyanın əlinə geydirilmiş bir əlcəkdir. Ruslar bu əlcəyi göstərib deyirlər ki, qaradır ermənidir, əslində isə içində rus əli var.

Onu da deyim ki, Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi ifadəsi səhvdir, belə bir şey yoxdur. “Qarabağ problemi” deyirlər, bu da səhvdir. Qarabağ Azərbaycanın torpağıdır, niyə problem olsun. Rusiya imperiyası bunu belə adlandırır, əvvəl istəyirdilər ki, Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi adlandırsınlar. Gördülər ki, mümkün olmur, çünki BMT Ermənistanı münaqişə tərəfi kimi tanıdı. Bu bizim üçün böyük nailiyyət oldu. Baxmayaraq ki. biz BMT qətnamələrindən narazıyıq, amma onların qəbul olunması böyük uğur idi.

Danışıqlarda qəribə hallar olurdu. Həmin dövrdə Minsk qrupunda on bir ölkə vardı. Danışıqları on bir ölkə, Azərbaycan, Ermənistan və Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları aparırdı. Bu əslində lağ-lağı idi, on beş nümayəndə heyəti nə danışıqlar apara bilər ki? Amma onlar nəyə təəccüb edirdilər? Danışıqlar olurdu və sonra Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin üzvləri bir-birlərinin qoluna girib gəlib çay, kofe içirdilər, zarafatlaşırdılar, deyib-gülürdülər. Minsk qrupunda olan ölkələrin təmsilçiləri isə deyirdilər ki, biz belə şey görməmişik. Əlavə edirdilər ki, İraq-İran danışıqlarında iştirak etmişik, iraqlılarla iranlılar bir-birlərinə o qədər nifrət edirdilər ki, biz onları bir otağa yığa bilmirdik. Mən də onlara cavab verirdim ki, əzizlərim biz bir ölkənin vətəndaşlarıyıq. Əgər Rusiya olmasa bizim aramızda hər hansı münaqişə olmaz. Erməni nümayəndələri mənə həmişə böyük hörmətlə yanaşıblar, özlərini ədəbli aparıblar və onlardan çox razıyam. Deyirdilər ki, Vəfa Mirzoyeviç axı bizlik nə var, gedin Moskva ilə danışın, bizə desinlər ki, filan yerə gedin onu da edək. Adını söyləmək istəmirəm, bir erməni rəsmisi vardı, indi bilmirəm yenə işləyir, yoxsa müxalifətdədir. O, mənə açıq dedi ki, Kəlbəcəri işğal etmək bizim ağlımıza da gəlmirdi, biz Dağlıq Qarabağın ermənilərin olduğuna iddia edirdik, oranı istəyirdik, amma Azərbaycanın başqa torpaqlarını tutmaq ağlımızada gəlmirdi. Əlavə elədi ki, bunu Rusiya ortaya atdı və həyata keçirdi. Məhkəmə ola həmin şəxsin adını deyərəm.

Ona görə də Rusiya çəkilən kimi Azərbaycanla Ermənistan arasında sülh yaranacaq. Çünki Ermənistanda sağlam qüvvələr hakimiyyətə gələcək və “paranoyik”ləri yerinə oturdacaqlar ki, başqa ölkənin torpaqlarında bizim nə işimiz var, gəlin qonşu dövlətlərlə əməkdaşlıq edək, bəlkə öz ölkəmizi qura bildik. Çünki Ermənistan batır.

– Qarabağda yeni erməni nəsli böyüyür və gözlərini açıb oranı vətən kimi görürlər. Azərbaycanda gənc nəsil o torpaqların bizdə olmadığını görür, bunu yalnız kitabdan oxuyur, mətbuatdan eşidir. Zaman Qarabağ münaqişəsinin həllində necə rol oynaya bilər, Azərbaycanın, yoxsa Ermənistanın xeyrinə?

– Zaman hər iki dövlətin xeyrinə işləyəcək. Hələlik Azərbaycan da, Ermənistan da bir-biri ilə feodal səviyyəsində mübarizə aparır. Bir yorğanı iki tərəfə çəkirik. Almaniya ilə Fransa daim qanlı düşmən olub. Elzas və Lotaringiya üstündə güclü müharibələr aparıblar, qanlar töküblər. İndi soruşsan mən də xatırlamıram ki, Elzas hansı ölkənindir. Bu dəqiqə hər iki ölkənin vətəndaşları maneəsiz bir-birinə gedib gəlir. Sərhəd məsələsi Avropada həll olunub.

Bura, gələcəyin iqtisadi əməkdaşlıq regionudur. Və başlıca rol Azərbaycana məxsusdur. Milli sərvətlərə görə Azərbaycanın birinci olması sülh şəraitində mühüm rol oynayacaq. Sülh bərqərar olduqdan sonra xalqlar sərhəd haqqında düşünməyəcək. Amma o vaxta qədər Qarabağ məsələsi sözsüz ki, bizim xeyrimizə həll olunacaq. Bütün dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, bütün dünya ermənilərin burada özünü idarə etməyə haqqı olduğunu deyir. Biz də bu idarəetmə haqqını veririk, vermək istəmişik, ruslar qoymayıb. Burada normal əməkdaşlıq imkanı olacaq. Rusiya da xalqları toqquşdurmaq, imperiya üçün hücum dayaqları yaratmaqla deyil, başqa işlərlə məşğul olacaq.

– Vəfa müəllim, müharibə ritorikasına xeyli güc veririk son vaxtlar. Diplomatiyada hərbi güc qumarda xal kimidi. Qocaman diplomat kimi fikrimi bölüşürsünüzmü? Bölüşürsünüzsə, onda deyin, xalımız var, ya blef edirik?

– “Biz torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazırıq” bəyanatını ilk dəfə 1998-ci ildə prezident Heydər Əliyev verib. Bu bəyanatların əksəriyyəti daxili bazara hesablanıb. İctimaiyyət arasında səbir tükənəndə, bu sahədə iqtidarı tənqid əlamətləri əmələ gələndə belə bəyanatlar səslənir. Heydər Əliyev də bilirdi, indi İlham Əliyev də bilir ki, torpaqlarımızı Rusiya işğal edib. Üzdə açıq demir, çünki desə, o, daha da qəzəblənəcək. Müharibə edəcəyik deyəndə ordumuzu möhkəmləndiririk, inkişaf etdiririk və demirik ki, müharibə yolu ilə torpaqları azad edə bilərik. Başa düşürük ki, tərəf müqabilimiz Rusiyadır, müharibə aparmağa nə qədər zəif olsa da, bizdən qat-qat güclüdür. Kəmiyyət tərəfdən də güclüdür, keyfiyyət tərəfdən də. Amma diplomatik baxımdan biz də bundan istifadə edirik.

– Deməli bütün bəyanatlarımız yalnız daxilə hesablanıb?

– Amma ermənilər qorxuya düşüblər. Çünki görürlər millət kimi artırıq. Azərbaycan inkişaf edib. İnternetdən şahid olurlar ki, Bakını görənlərin ağzı açıq qalır, bayılır.

– Bəs hərb üçün gücümüz necə, varmı?

– Gücümüz Ermənistana başdan-ayağa qədər çatar. Rusiyanı Avstraliyanın o tərəfinə köçürə bilsək, Ermənistanı müharibəsiz məğlub edəcəyik, etiraf edəcəklər ki, Rusiya günahkardır.

– Ermənistan rəsmiləriylə dəfələrlə danışıqlarda iştirak eləmisiniz. Məğlub ölkənin dövlət adamı qalib düşmən rəsmisiylə bir masa arxasında özünü necə hiss edir? Bu hissi bizə təsvir edin, zəhmət olmasa.

– Çox qəribədir ki, mən və danışıqlarda iştirak edən nümayəndə heyətinin üzvləri heç vaxt özümüzü məğlub kimi aparmamışıq. Əksinə ermənilər özlərini məğlub kimi aparırdılar. Biz özümüzü həmişə inamla, haqlı və qalib kimi aparmışıq. Bu bir həqiqətdir. Çünki ermənilər qalib deyillər. Tarixdə həmişə belə olub ki, bir dövlət digərinin ərazisini işğal edəndə əhali işğalçı dövlətə tabe olurdu. Əhali həmin torpaqlarda işləyib barını işğalçı dövlətə verirdi. Amma Qarabağda qəribə hal baş verib. Ermənilər torpaqlarımızı işğal edib, viran qoyub. Ermənilər isə orada nə yaşayır, nə də bar götürürlər. Çünki Rusiyanın girovudurlar. Ermənilər bu müharibəni istəməyiblər və heç nə qazanmayıblar. Ona görə də özlərini qalib kimi aparmırlar.

 

“Amerika heç kəs üçün demokratiya quran deyil”.

– Bir qədər də ərəb ölkələri ilə bağlı. Siz orada işləmisiniz, real vəziyyəti gözəl bilirdiniz. Ərəb inqilabları dünya düzəninə hansı dəyişiklikləri gətirdi?

– Hər ölkədə inqilabın öz xüsusiyyətləri var. Misir inqilabı Liviyadan da, Suriyadan da fərqlidir. Misir xalqı böyük tarixə, mədəniyyətə, ruha malikdir. O inqilabı yalnız bu xalq edə bildi. Təsəvvür edin ki, Hüsnü Mübarəkin möhkəm, Amerikanın dəstəklədiyi ordusu, təhlükəsizlik xidməti, hər şeyi vardı. Amma Misir illərlə əsgəri diktaturaların, ondan əvvəl də monarxiyaların ayağı altında idi.

Misir xalqı, Misir gəncliyi inkişaf edib. İnternet vasitəsilə müsəlman Misir xalqı bütün dünyaya göz açıb və müstəqil yaşamaq, diktaturadan can qurtarmaq istəyir, təpik altında qalmaq istəmir. Misirin xüsusiyyəti nədən ibarətdir? Bu ölkə ərəb aləminin lideri hesab olunur. İntellekt, təhsil, ədəbiyyat, kino, televiziya – hər sahədə liderdir. Amma böyük bir xalq kimi zillət içində idi. Misir xalqı kasıb və ləyaqətli xalqdır. Misirdə işləyəndə o kasıbları hər gün görürdüm. Onların gündəlik həyatı balıq tutmaq, çay, qəhvə hazırlamaq, 10-15 kökə bişirib küçədə satmaq – xırda bizneslər hesabına 5 qəpik qazanıb gündəlik qarnını doydurmaqdan ibarət olurdu. Bu, bütün xalqa müstəqillik verdi. Yəni Hüsnü Mübarək çayçının qohumunu işdən çıxara bilməzdi. Çünki qohumu onsuz da işləmirdi. Misirdə olan işsizliklə hər kəs özünü dolandırır. Küçəyə çıxan milyonlar işsizlərdən ibarət idi.

Bir çox ölkələr gözləyir ki, Amerika onlara demokratiya bəxş etsin. Bu mümkün deyil. Amerika heç kəs üçün demokratiya quran deyil. Rusiya düşünür ki, bütün inqilabları Amerika edib. Milyonları küçəyə çıxarmağa Amerikanın pulu yetməz.  Misir xalqı qurbanlar verdi, amma istəyinə nail oldu. Misirin başında olduqca mükəmməl qüvvə dayanıb. Məhəmməd Mursi yüksək təhsilli adamdır. Amerikada həm oxuyub, həm işləyib. İngilis dilini gözəl bilir, dünyaya gözüaçıq adamdır. Onun nitqinə də, bəyanatlarına da ərəb dilində qulaq asdım, çox mükəmməl siyasətçidir. O, bütün xalqın prezidenti, ölkədə olan müsəlmanların, xristianların prezidenti olduğunu, respublika sistemini, cümhuriyyət sistemini saxlayacağını bəyan etdi. Bildirdi ki, İran kimi islam dövləti qurmayacaq.

Misir tarix boyu dünyəvi dövlət olub.  Misir islam dininin mərkəzidir, islam aləminin ən mükəmməl universiteti – “Əl əsər” universiteti Misirdə yerləşir. Bütün dünya üçün müsəlman kadrlarını Misir hazırlayır.

Məhəmməd Mursi xalqın qarşısına bronjiletsiz çıxdı, bildirdi ki, mən sizinləyəm, sizə işləyirəm, sizin rəyinizi ifadə edənəm. Xanımı xahiş etdi ki, ona birinci xanım deməsinlər, çünki o da Misir qadınlarından biridir.

– Hesab edirsiniz ki, ərəb inqilabları müsbət bir düzən gətirdi?

– Mən hər ərəb inqilabı haqqında bunu deyə bilmərəm. Çünki hər ölkədə Məhəmməd Mursi və onun “Müsəlman qardaşları” kimi təşkilat yoxdur. Amma bunların bütün dünyayla əlaqəsi, təsir imkanları var. Məhəmməd Mursi təzə seçilib. Hazırda Suriyanın müxalifəti ölkədəki vəziyyəti müzakirə etməyə Misirə gedir. Məhəmməd Mursi bildirdi ki, Misir xalqının bütün simpatiyaları Suriya xalqının tərəfindədir. Misirdə inqilabın qalib gəlməsi başqa ərəb xalqları üçün mütərəqqi hadisədir.

– Dalğa sanki bir qədər səngiyib. Demokratiya inqilabları dalğasının davam etməsi haqda proqnozunuz necədir?

– Bu, xalqlardan asılıdır. Misirə heç bir xarici müdaxilə olmayıb. Misir inqilabını Misir xalqı edib. Amma Liviya haqqında bunu deyə bilmərəm. Liviyada, Benqazidə ayağa qalxan liviyalıları qərb ölkələri dəstəkləyib. Amerika, NATO bütün əməliyyatlarda iştirak edib. Amma Məhəmməd Mursi bəyan etdi ki, heç kəsin işinə qarışan deyilik, heç kəsə də bizim işlərimizə qarışmağa icazə vermərik.

– “Məğlub sivilizasiyaların həyatı öz qaliblərini yamsılamaqla keçir”. XIV əsr ərəb mütəfəkkiri İbn Xəldunun fikirlərini bir ərəbşünas mütəxəssis kimi izah edərdiniz? İslam sivilizasiyası məğlubdurmu? Müasirləşməyə can atan toplum kimi biz qaliblərimizi yamsılayırıq, yoxsa öz yolumuzla gedirik?

– Tarix öz qanunları ilə yaşayır. Nə səbəbə müsəlman sivilizasiyasına məğlub deyirik? Bununla razılaşmıram. Müsəlman sivilizasiyası öz zamanında ən zəngin, ən yüksək, ən mütərəqqi sivilizasiya, ən mütərəqqi din olub. Avropalılar mağaralarda yaşayan zaman islam aləmi sivilizasiyanı yaradıb. Sonra Qərb estafeti onlardan alıb. Xristianlığın Qərbdə yayılması, qərblilərin inkişaf etməsi onları qalib edib. Müxtəlif ideologiyalar, dinlər gəlib. Dünya qaynayıb qarışıb. İslamın bəşəriyyət tarixində böyük rol oynamasına inanıram və buna əminəm. Niyə görə? İslamın xeyrinə olan ən böyük faktor internetdir. İnternet islam aləminin gənclərini bir-biri ilə əlaqə saxlamağa, biliklərə nail olmağa imkan verir, onları birləşdirir. İstədikləri biliyi alır, istənilən məsələlərlə maraqlana bilirlər. Üstəlik müsəlmanlar qocalan Qərbə miqrasiya edir, qərb aləminə təsir edir, onlarla qaynayıb qarışır. Gələcəyin siması bu qarışığın siması olacaq.

 “Demokratiyanı bağışlamırlar, alırlar”.

– Bir qədər də demokratiyadan danışaq. Azərbaycanı demokratik dövlət sayırsınızmı? Azərbaycanda bu gün həll olunmalı əsas məsələ nədir? Demokratikləşməyimiz üçün nə etməliyik?

– Demokratiya hakimiyyət uğrunda mübarizə nəticəsində ortaya gəlmir. Demokratik baxışlı Əbülfəz Elçibəy hakimiyyətə gəldi, qala bildimi? Yox. Xalqın demokratiyadan xəbəri yox idi. Demokratiyanın nə olduğunu bilmirdi, ona can da atmırdı. Əgər Azərbaycan cəmiyyətinin müəyyən qismi demokratiya arzusundadırsa, bütün xalqın da bu arzuda olmasına çalışmalıdır. Amerika bizə demokratiya verməyəcək, bunu bilək.

Bir-birimizə hörmət etməliyik, etmirik. Xalqda birlik olmalıdır, bu birlik yoxdur. Birinin burnu qanayanda, o biri onun gözünün yaşını silməlidir, amma bunu etmirik. Laqeydik. Mən Bakıda maşınımı özüm sürürəm. Görürəm ki, bütün sürücülərdə bir ruh var: bir-birinə hörmətsizlik, bir-birinin yolunu kəsmək, bir-birinə yol verməmək, bir-birini təhqir etmək. Bakı sürücüsünün psixologiyası bizim xalqın psixologiyasıdır. Amma geridə qalmış, kasıb Misir xalqı bir-birinə nəvazişlə münasibət bəsləyir, bir-birinə hörmət edirdi. Biz ruh psixologiyasını, sovet bolşeviklərinin vəhşi psixologiyasını qavramışıq. Bu, çox pis hadisədir. İnsan özünü görüb özünə qiymət verməlidir, bunu bacarmırıq. Biz hamıdan yaxşıyıq, hər şeyə layiqik? Axı layiq deyilik. Kim nəyə layiqdirsə, ona əli çatıb.

Bütün Avropa xalqları demokratiya uğrunda qurbanlar verib. Demokratiyanı Amerikaya kim gətirib? Vətəndaş müharibəsindən sonra Amerikada quldarlıq və başqa şeylər ləğv oldu. Bu, xalqdan qaynayır. Bizim gözümüz bayırdadır. Bilməliyik ki, bayırdakıların hamısının burada öz maraqları var.

Bizdə demokratiyanın bir çox xüsusiyyətləri artıq var. Azərbaycanda müxalif fikirlər səslənir. Qəzetlər təzyiqlərə məruz qalsalar da, maddi vəziyyətləri yaxşı olmasa da, müxalif fikirlər yazır. İnternet çıxandan sonra bu, daha da genişləndi. Müxtəlif fikrin ortaya gəlməsi demokratiyanın bir amilidir.

Şəxsi mülkiyyət isə bizdə hələ normal inkişaf etməyib. Şəxsi mülkiyyət qrupların əlindədir, onlar nəzarət edir. Vətəndaş cəmiyyəti hələ yaranmayıb. Vətəndaş cəmiyyəti xüsusi mülkiyyətçilərdən yaranmalıdır. Belə halda onlar müstəqil təbəqə olar, öz maraqlarını qorumaq üçün qanunun aliliyini bərqərar edər, korrupsiyanı minimuma çatdırar. Amma necə olacaq? Xalq korrupsiyaya öyrəşib! Korrupsiya ölkəni sarmaşıq kimi hər tərəfdən bürüyüb. O, qanla kəsilir. Hamı başqasını tənqid edir. Özünə qayıt, özünə bax. Rüşvət almasan da rüşvət verirsən.

Azərbaycan xalqı gözəl xalqdır. Azərbaycanın oxumuş, gözəl aydınları var, amma azdır. Gərək bütün xalq bu səviyyədə olsun. Bütün xalq demokratiya uğrunda mübarizə aparmağı bacara bilməlidir. Misirdə Məhəmməd Mursinin, İxvan Muslimin gəlməsi demokratiyanın bərqərar olmasıdır. Məhəmməd Mursi buna and içdi, demokratiya, sosial-ictimai ədalət haqqında danışdı. Bizim xalq nə vaxt buna nail olacaq? Bizim xalqın demokratik cəmiyyət quracaq qüvvəsi hanı?

– Sizcə niyə yoxdur, niyə olmur?

– Çünki biz ömrü boyu qul olmuşuq, quldarlıq cəmiyyətlərində yaşamışıq. 70 il sovet dövrü quldarlıq cəmiyyəti idi. O quldarlıq cəmiyyətində Kommunist Partiyasına əl çalmışıq. Almaniyada Hitlerdən sonra böyük xoşbəxtlik olub. Nüremberq prosesi keçirilib və orada faşizm ölkədə damğalanıb. Sonra ən cinayətkar faşistlər asılıb, güllələnib, ağır cinayətləri olmayanlar isə hökumətdən böyük penisiyalar alırlar, yaşayırlar. Keçmiş SS-çilərin, nasional-sosialist alman partiyasının üzvlərinin hakimiyyətdə iştirakı, Bundestaqa seçilməsi, siyasi fəaliyyətlə məşğul olması konstitusiya və qanunla qadağan edilib.

Sovet İttifaqı dağılandan sonra bütün keçmiş Sovet İttifaqı ərazisində hakimiyyətdə olanlar kimlərdir? Kommunistlər və çekistlər. O Moskva, Qazaxıstan, Özbəkistan, bu da biz. Bizdə yüksək vəzifə tutan adamların hamısı Mərkəzi Komitədə, komsomolda olub. Bütün dünyada sovet ideologiyası Hitler ideologiyasına bərabər tutulub. Amma bu ideologiya sahibləri bu gün bütün keçmiş Sovet İttifaqı ərazisində hakimiyyətdədirlər. Problemlərin kökündə bu dayanır. Gün gələcək, 250 milyonluq cəmiyyətdə simvolik olaraq Nüremberq prosesi yaradılacaq, kommunist ideologiyası, Lenin, Stalin rəhbərlik üsulları damğalanacaq.

Bütün adət-ənənələrimiz sovetdən qalıb. Mərkəzi Komitənin Bürosu indi Təhlükəsizlik Şurası, raykom, icra hakimliyi olub. Demokratiya olmasa belə də qalacaq. Bizdə demokratiya təcrübəsi yoxdur, belə halda qınamaq çətindir, nə cür hərəkət etsin, başqa hərəkət bilmir.

– Bəlkə biz də belələrinin hakimiyyətdə olmasını qadağan edək?

– Edin, edə bilərsinizmi? Hakimiyyətdə olanlar sizə icazə verəcəkmi? Bunu xalq etməlidir. Xalq o qədər güclü olmalıdır ki, hakimiyyət ona tabe olsun. Hələlik xalqın o gücünü görmürəm. Demokratiyanı bağışlamırlar, alırlar. Azərbaycanda kimsə demokratiyanın yoxluğundan şikayət edirsə, özündən küssün. Mən nə iqtidara, nə Ziyalılar Forumuna, nə İctimai Palataya qiymət vermək istəyirəm. Hesab edirəm ki, internet nəsli formalaşdıqdan, dünyanı gəzmiş, görmüş, xaricdə oxumuş təbəqə yarandıqdan sonra nə isə etmək olar. İnanmıram ki, kommunist tərbiyəsi almışlar bir şey edə bilələr.

– Vəfa müəllim, siz Qərbyönümlü siyasətçi kimi tanınırsınız. Amma bioqrafiyanız bunun əksi təsirini bağışlayır. Adətən rus-sovet məktəbində kommunist ruhlu təlim-tədris görmüş siyasət adamı məntiqlə Rusiya vektorundan qopa bilmir. Bu paradoksluğun izahı maraqlı olardı.

– Sovet dövründə mənim dünyagörüşüm necə olub? Mən bilirdim ki, Sovet İttifaqı, Rusiya işğalçı dövlətdir və Azərbaycanı istila edərək öz tərkibinə qatıb. Amma o zamanlar bütün sovet vətəndaşları kimi mən də Sovet İttifaqını əbədi bir qurum, dövlət kimi başa düşürdüm. Bu ölkədə yaşamaq üçün gərək işləyəydim. Mən nümunəvi sovet diplomatı olmuşam, Misirdə, Əlcəzairdə və başqa ölkələrdə Sovet İttifaqının maraqlarını böyük məharətlə qorumuşam. İndi gülümsəyərək amerikalılara deyirəm ki, 1973-cü ilin oktyabrında Misirdə baş verən müharibədə sizin əleyhinizə döyüşmüşəm, sizin texnikanın cəbhədən götürülərək Moskvaya aparılması, orada öyrənilməsinə kömək etmişəm, bu işlərlə məşğul olmuşam.

1980-ci illərdə Zori Balayan “Ocaq” əsərini yazandan, Aqanbekyan Azərbaycan əleyhinə bəyanat verəndən, Rusiya mətbuatında, xüsusən də televiziyada Azərbaycana qarşı kampaniya başlayandan və Qarabağ münaqişəsi alovlanandan sonra mənin Sovet İttifaqı ilə bağlı mövqeyim dəyişdi, əlaqəm kəsildi. Onda başa düşdüm ki, bu proses bizim ruslar üçün etdiyimiz böyük xidmətlərin qarşısında  aldığımız tüpürcək cavabdır. Belə olanda Sovet İttifaqına nifrət etdim.

Sumqayıt hadisələri baş verəndə xaricdə işləyirdim. Amma dəqiq bilirdim ki. bu “KQB”-nin əməliyyatıdır.  “KQB” hazırladığı video süjetlər bizə də göndərilmişdi. Yanvarın 20-də Bakıya qoşun yeridilib qətliam törədiləndən dərhal sonra Sovet İttifaqı ilə bütün haqq-hesabı kəsdim, tam üzülüşdüm.

Bir məsələni də deyim ki, mən böyük bir bəy nəslindənəm, Dilbozovlar, Miralayevlərin davamçısıyam. Sovet İttifaqı 37-ci ildə bizim nəslin yarısını məhv edib, Sibirə, Qazaxıstana sürgün edib. Nənəm, atam, anam mənə bir siyahı vermişdilər. Demişdilər ki, bu siyahını həmişə özündə gəzdir, birdən xaricdə çətinliyə düşərsən, onda qohumları axtar. Mən də siyahını həmişə özümdə gəzdirirdim. Orada sovetlərin represiyalarından qaçıb Türkiyəyə sığınanların da adı vardı. İlk dəfə prezident Əbülfəz Elçibəylə Türkiyəyə getmişdim. Orada qohumlarımdan bir nəfəri tapdım, o da hamını yığdı bir yerə. Qohumlarım dedi ki, 1990-cı ilin əvvəlində Türkiyənin kəşfiyyat qurumu olan MİT bizim hamımızı çağırıb dindirdi. Onlardan soruşmuşdular ki, sizin Vəfa Quluzadə adlı sovet diplomatınız varmı? Qohumlarım da buna təccüb etmişdilər.

Bütövlükdə götürəndə çoxdan bilirdim ki, sovet sistemi, kolxoz quruluşu zaydır. Əsl ziyalılar bunların hamısını bilirdilər. 60-cı illərdə Elçibəylə mən necə və nəyə görə dostlaşdıq? Elçibəy sovet Sovet İttifaqını sevmirdi. Bu bazisdə bir-birimizi başa düşdük, yaxınlaşdıq. O vaxt bir-birimizə inanırdıq və söhbətlər edirdik. Bizi Sabirabad rayonun Paxrovka kəndinə pambığa aparmışdılar. Orada Elçibəylə birlikdə döşəmənin üstündə yatırdıq. Gecələr isə ay işığında su arxının kənarında oturub səhərədək söhbət edirdik. Elçibəy sovet quruluşundan çox narazı idi və bunu açıq formada söyləyirdi. Deyirdi ki, mən rus dilini yaxşı bilmirəm. Nəyə görə bu, öz vətənimdə mənə mane olmalıdır?

– Nə qədər fikirləşsəm də Sizin qədər optimist dövlət məmurunu xatırlamıram. Ölkəmizin, qonşularımızın gələcəyi ilə bağlı bizlərə xoş gələn fikirləriniz haradan qaynaqlanır? Bu fikirlər Sizdə dialektik qanunauyğunluqlara əsaslanaraq formalaşır, ya daxili ovqatınız belədi, xaraktercə optimistsiniz?

– Siyasi təcrübəm onu deməyə imkan verir ki, Azərbaycanın və xalqımızın gələcəyi yaxşı olacaq. Mən bunu siyasi təcrübəm əsasında apardığım analizlərə əsasən söyləyirəm. Niyə? Çünki işimiz haqdır. Yaxşı müttəfiqimiz var. ABŞ bizim müttəfiqimiz kimi çıxış edir, düşmənimizi də öz düşməni sayır. Ruslar açıq formada deyirlər ki, ABŞ bizim düşmənimizdir. Prezidentliyə namizəd Mit Romni isə bildirib ki, Amerikanın bir nömrəli düşməni Rusiyadır. Bu həqiqətdir. Ona görə də Azərbaycan ABŞ, NATO blokundadır. Mən belə bir siyasətin formalaşdırılması, Qərbə inteqrasiya xətti tutulması üçün çalışmışam, buna çox xidmət etmişəm.  Çətinliklərimizin, daxili problemlərimizin və Qərblə ziddiyyətlərimizin olmasına baxmayaraq, Azərbaycanın strateji seçimi tamamilə doğrudur.

Digər tərəfdən isə hesab edirəm ki, demokratiyanın yayılması sunami kimidir və onun qarşısında heç kim və heç nə dayana bilməz. Ona görə də Azərbaycan mütləq demokratik ölkə və demokratik blokda olacaq.

Ona görə optimistəm ki, Qarabağ müharibəsi də, torpaqların işğalı da, rus imperiyası da müvəqqətidir.

Vahid Qazi, İmdad Əlizadə

“Toplum” jurnalı, 3(7) Yay 2012

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma