Yaddaşımdakı “Ruhlar şəhəri”

Yaddaşımdakı “Ruhlar şəhəri”

Aliyə Fəxrəddin

Bakı Slavyan Universitetinin 4-cü kurs tələbəsi

Gözüm görəni dərk edəndən evimizin divarında çoxlu güllə yerləri, divarların dibində isə torpağa batmış gilizlər görmüşəm. Yollarda gündəlik həyatlarını yaşayası insanlar əvəzinə, əlisilahlı əsgərlər görmüşəm.

Yaddaşım bu cür xatirələrlə doludur. Sadəcə onlardan ən dirisi Ağdamı son dəfə tərk etməyimizdi…

O zaman orda olanlar Allahın möcüzəsi nəticəsində sağ qaldılar, bunun başqa adı yoxdur, adamlar sanki “Sağqalma” dərsindən imtahan verirdi! Hər kəs canını qurtarmağa çalışırdı – özü də salamat…

Görünən yol ondan keçmək istəyənlər üçün çox dar idi, basırıq vardı. Hər kəs yalnız götürə biləcəyi qədər yük götürmüşdü. O zaman maşın indiki kimi çox deyildi, adamların yarısı piyadaydı.

Bizi qoruyası əsgərlər bizlərdən dəfələrlə az idi. Gecə olsa da, əsgərlər maşınların işıqlarını yandırmağa qoymurdu. O gecə yaddaşıma insan əzabının gecə iniltisi kimi yazılıb, yaddan çıxmayacaq bir gecə…

Bu, Ağdamın yaddaşımda ilk və son xatirəsi oldu. Silah səsləri, düşmən əlinə keçməsin deyə qaçan köməksizlər, yanan evlərinə uzaqdan baxan məzlum adamlar. Ümidləri göz önündə sönən ağdamlılar.

Doğulduğum yer haqqında yaddaşımda nə qalıbsa, hamısı müharibə ilə bağlıdır!… 

***

“Hər bir insan öz yaddaşının məhsuludur” (Folkner). Mənim də Ağdamlı yaddaşım bunlardan ibarətdi. Qarabağ deyəndə, ancaq yaddaşıma yazılanlar canlanır. İnsan gördüyünə inanar. Elə bilirdim Ağdam yalnız “gördüklərimdən” ibarətdi. Əvvəli də, axırı da belə olub…

Sən demə bu şəhərdə nə vaxtsa bir uşaq da yaşayıb, yaddaşına Ağdamı məndən fərqli köçürüb. Mənim qarışıq, qorxulu yuxuya bənzəyən xatirələrimin əksinə olaraq, onun xatirələri daha saf, daha təmizmiş, cənnət yuxusuna bənzəyir. O, məni özü ilə müxtəlif xatirələrimiz olan eyni şəhərə – bizim şəhərimizə apardı. Onunla yurdumuzu gəzdik. Görmədiyim yerləri mənə tanıtdı. Buranın xəyal şəhərindən gözəl olacağını mənə sübut etməyə söz verdi…

Birinci nənəsinin kənddəki evinə baş çəkdik. Səhər tezdən nənənin “çaparaq” gətirdiyi bulaq suyundan qoyulmuş çay içdik. Kəndi gəzdik. “Heyva qoxulu” zirzəmilərinə apardı. Xatirələrini danışdı. O qoxunu mən də duydum. Çox qalmadıq, gəzəcək çox yerimiz vardı…

Ordan çıxıb şəhərdəki evinə gəldik. Yol boyu şəhəri mənə qarış-qarış tanıtdı. İlk öncə “Çəpər” qonşuları, “milis rəisinin və hakimin uşaqlarını”, “çəpər dalından baxan qızı”  göstərdi. Sonra milis şöbəsini. Zaman dayanmışdı… Rəislə hakimin uşaqları yenə oynayırdı. Mən onlara qoşulmaq istədim, qoymadı (özü də oynamadı). Yəqin “atasının qorxusundan”, axı “qonşunun həyətinə baxmazlar”.

…Həyətə girdik. Mənə musiqiyə ilk vurğunluğundan danışdı. Evlərində kirayə qalan musiqiçi tələbə qızlardan söz açdı. Bethovenin “Aylı ”sonatasını dinlətdi. Bu, qəlbləri saflaşdırıb, duruldan musiqi körpə qəlbimizdə bir az da saflaşdı, duruldu. Sonra həyətlərindən axan Qaraqaya kəhrizinin yanında mənə “Ağ gecənin yuxusu”nu danışdı. Nəfəs almadan onu dinlədim.

O qədər gəzdik ki, gecənin olmasından xəbərimiz olmadı. Günəş yerini Aya vermişdi. Ay da elə işıq saçırdı ki, sanki günəş onu əvəz eləməyi xahiş eləmişdi. Buz kimi kəhriz suyu sinəmdən buz yolu açmışdı.

“Vaxt olmayan yer”ə gəldik. Futbola olan marağından həvəslə danışırdı. Öz anasının hədiyyəsi “stolüstü stadionundan” söhbət edə-edə məni “İmarət”ə gətirdi. Yol boyu hər küçə, hər tinlə tanış elədi. “İmarət”in də yolunu tanıdım, özünü gördüm. Geriyə – şəhərə qayıdanda mənə yolüstü ad günündən danışdı – “Novruz səhərinin pəncərəsi”ndən. Burda zaman bizə tabe idi…

Gəldik oxuduğu məktəbə. Direktorundan tutmuş müəllimlərinə qədər hamısı ilə məni tanış elədi. Sinif yoldaşları, dostlarını da tanıdım. Məktəb sərgüzəştlərinə xeyli güldüm. Mənə öz xoşbəxt anlarını yaşatdı.

Birlikdə kinoya getdik. “Kino Fazilin” “Bakıdan yenicə gətirdiyi”, özü “perevod”, özü də dublyaj elədiyi, bəzən də teatr aktyorlarının yerli ləhcədə səsləndirdiyi hind filminə baxdıq. Tumsatan Bəndidən tum da aldıq, film boyu çırtlatdıq. Filmdən sonra bulvarı gəzdik ağac-ağac.

Sonra ağdamlı xanəndələrdən söhbət açdı. Birdən “Azan oxuyan göyərçin” – Hafiz Sədrzadənin minarədən azan səsi gəldi, Həbəş Bilalın səsi kimi. Namaz qılmaq istədim…

Hara getsək də sonunda onun evinə dönürdük.

Gəzə-gəzə mənə “Hökumətə məhkum”lardan, qaçaqlardan danışdı. Atasının Bolqarıstana baş tutmayan səfərindən təbəssümlə söz açdı. Sonra yarımçıq qalmış bir xatirəsini tamamlamaq üçün yenidən məktəb həyətinə apardı. Bu dəfə məni bir tikili – “Sümük abidə” ilə tanış etdi. Üstəlik “Çay evi”ni də gördüm. Hər mərtəbəsini ayrıca…

Yavaş-yavaş bu gəzintimiz başa çatırdı… bunu hiss edirdim. Son kəs sinif, məktəb xatirələrini dinlədim. Burdan – bu dünyadan qəribə bir sürətlə ayrılırdıq. Birdən ayaq saxladı… ”Toz adamlar” kimi izləri pozmadan “Sağ qalmış ləpirlərlə” məni geri qaytardı. Yaxşı yadımda qalsın deyə hər tini adbaad xatırlatdı…

Bu gün o məni nə az, nə çox – gecə 03:34-dən səhər 6:08-ə qədər “ruhumun şəhərində” gəzdirdi.

Sonunda qayıtmalı idik. Gözlərimi açmağa qorxurdum…

Qayıtdıq… İndi biz dostumla şəhərimizi yenidən tikirik. Möhtəşəm layihəsi var. Onun planında Ağdam yamyaşıl, güllər içində bir şəhər olacaq. Hələ belə şəhər yer üzündə salınmayıb.

Bu, Vahid Qazinin – “Xəyal memarı”nın şah əsəri olacaq.

O, buna söz verib…

“525-ci qəzet”

8 oktyabr 2011

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma