Vahid Qazinin ruhunun şəhəri

Vahid Qazinin ruhunun şəhəri

Məlahət İbrahimqızı, millət vəkili        

 “Sülh vaxtı adam öldürmək cinayət, müharibə vaxtı qəhrəmanlıq sayılır!” Amma sülh vaxtı da, müharibə vaxtı da gözəllikləri məhv etmək, abadlığı viranəliyə çevirmək vəhşilikdən başqa bir şey deyil.

Bəşəriyyət tarixində səbəbindən asılı olmayaraq baş verən bütün müharibələr insanlığa, mədəniyyətə, böyük əziyyətlər bahasına yaradılmış maddi və mənəvi sərvətlərə qarşı yönəlmiş bir cinayətdir.

Troya, Kardoba, Moskva, Praqa, Xirosima, Naqasaki, Çernobıl, Kabil, Bağdad, Şuşa, Xocalı, Ağdam… Viran qalmış bu şəhərlər sırasını nə qədər istəsən uzatmaq olar. Bunlar bəşərin öz əliylə tikib, öz əliylə xarabalığa çevirdiyi gözəl məkanlardır. “Gözəllik dünyanı xilas edəcək!”. Etdi də. Böyük Hun imperatoru Atilla Romanı gözəlliyinə bağışladı. Amma bunu yalnız türk edə bilərdi. Vandalların qalıqları olan ermənilər yox. Onlar insanlara, maddi mədəniyyət abidələrinə qarşı acımasız bir mövqe tutmuşdular. Vahid Qazinin, onun timsalında hər bir azərbaycanlının bir gün cisminin, indisə ruhunun şəhəri olan Ağdam erməni vəhşiliyinin nəticəsində öz ilkinliyindən məhrum oldu.

Əziz dostum və qardaşım Vahid Qazinin “Ruhlar şəhəri” kitabını oxuduqca hər ifadədə, hər cümlədə, hər səhifədə bir qəlbin çırpıntısını duydum. Vətənində, elində, qohum-qardaşın içində qərib olan bir insanın şirin xatirələri, uşaq səmimiyyəti oxucunu öz dalısınca Ağdama aparır. Əslində Vahid Qazi bununla  hər birimizin qəlbimizin çırpıntısını ifadə etdirmişdi.

Qarabağ atlarının cövlan etdiyi Cıdır meydanı, Qarabağ bülbüllərinin şaqraq zəngulələri, uca minarələrdən bütün şəhərə yayılaraq ruhumuzu saflaşdıran azan səsi bizləri ayaq saxlamağa və bu gözəlliyə ruhumuzun gözüylə baxmağa sövq edir. Bu ecazkar səslər bizə “Dayanın!” deməklə yenidən düşünməyə məhkum edən səslərdir. Ağdamın məhəllələri, evləri, top-top oynayan uşaqları, hərəsi bir dünya olan sakinləri, dağ çayı tək coşqun səsli xanəndələri, kinogöstərənləri, tumsatanları və daha kimləri bu kitabın səhifələrində öz ömürlərini yaşayırlar. Şirinli-acılı, ağrılı-əzablı xatirələr bir-birinə sarmaşaraq, qol-boyun olaraq bu kitabın səhifələrinə hopublar.

Təkcə Ağdamlıları deyil, bütün Azərbaycan xalqını öz torpaqlarımızın azadlığı uğrunda döyüşə səsləyən bu xatirələr öz səmimiliyi ilə yanaşı, öz üsyankarlığı ilə də seçilir. Oxucunun qəlbində Ağdama və Ağdamın simasında Qarabağımıza, bütövlükdə itirilən torpaqlarımıza  tezliklə qovuşacağımıza böyük inam yaradır. “Torpaqdan pay olmaz” deyib babalarımız. Necə ki, yaddaşımızı, xatirələrimizi pay verməmişik, eləcə də torpaqlarımızın bir qarışını da olsun düşmən tapdağı altında qoymayacağıq. Çünki haqqı olan və qüdrəti çatan dövlətimiz, xalqımız və qəhrəman oğul-qızlarımız var.

“Müharibələr zorla başlayır ağılla qutarır”. Xalqımızın taleyinə yazılan bu elan olunmamış, ədalətsiz və işğalçı Qarabağ müharibəsinin də ağılın qüdrəti ilə bitəcəyinə biz ürəkdən inanırıq. Aparılan dövlət siyasəti, genişlənən müxtəlif sahəli xarici əlaqələr, günü-gündən güclənən iqtisadiyyat, təkmilləşən və hər gün ruh yüksəkliyi daha da artan müasir ordu bunu deməyə əsas verir.

Gənclərimiz, yeniyetmələrimiz arasında aparılan vətənpərvərlik tərbiyəsinin daha da dərinləşdirilməsində, xalqımıza bu gün çox vacib olan mərd oğul və qızlarımızın yetişməsində “Ruhlar şəhəri” kimi kitabların əvəzsiz  rolu var. Bu kitab Ağdamı və bizim əbədi-əzəli torpağımız olan Qarabağı təkcə bizə yox, həm də bütün dünyaya tanıtmaqda  önəmli bir vasitələrdəndir. Vahid Qazinin xatirələrə köklənən və ani hislərin ifadəsindən ibarət olan bu 15 qardaş esseləri sonuncu qardaşın nikbin aurasında bizi qalibiyyət zirvəsinə yüksəldir. Yenidən tikilən Ağdam, ev-ev, küçə-küçə bərpa olunan şəhər bizi o gözəl diyara yetişməyə tələsdirir. O gün üçün təkcə Ağdamlılar, dünya Azərbaycanlıları deyil,  bütövlükdə Türk dünyası   tələsir.

Mənə verdiyiniz “Ruhlar şəhəri” kitabını əmanət saxlayıram. Ağdama gələndə qaytaracam özünüzə, “o ikicə kəlmə”ni yazıb sonra kitabı yenidən mənə verərsiz!

“Lent.az”, 5 fevral 2011

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma