Talan olmuş əsir şəhər – xatirələrdə…

AqdamNew2

Talan olmuş əsir şəhər – xatirələrdə…

 Bu gün İrəvan, Zəngəzur, Göyçə, Qarabağ və neçə-neçə başqa yurd yerlərimiz erməni vəhşilərinin tapdağı altında inləyir. Şəhər və kəndlərimiz yerlə-yeksan edilib, xarabalığa çevrilib, yer üzündən silinib. Belə şəhərlərdən  biri də möhtəşəm Ağdamdır.

Publisist Vahid Qazinin “Ruhlar şəhəri” kitabı erməni cəlladlarının işğal etdikləri Ağdam şəhərindən bəhs edir. “Ön söz”, “Son söz” və on beş essedən ibarət kitabın müxtəlif başlıqlı hər bir bölümündə Ağdam şəhərinin keçmiş qaynar həyatının müəyyən bir anı yad edilir, real həyat faktları, insanları, evləri, küçələri anılar, bədii sözlə tablosu çəkilir. Ağdam şəhərinin daxili quruluşu, küçələri, mədəniyyət ocaqları, məktəbləri, çayxanaları, kinoteatrı, müxtəlif təbəqədən olan ayrı-ayrı insanları xatırlanır, onlarla bağlı maraqlı hadisələr göz önündə canlandırılır. Hər bir ana həssaslıqla yanaşan Vahid Qazi insanı heyrətləndirəcək dərəcədə sanki keçmişə real səyahətə aparır.

Kitab sevimli şairimiz Ramiz Rövşənin “Mümkünsüz qayıdış”ın əzabı” başlıqlı ön sözlə açılır.

Vahid Qazi ilk sözünü oxuculara müraciətlə belə deyir: “Dostum oxucu! Bu kitabı sənə əmanət verirəm. Ağdama yolun düşəndə gətirərsən. Bu sətirlərə iki kəlmə əlavə edib qaytaracam özünə. O ikicə kəlmə azad Qarabağda yazılacaq” (səh. 8).

Müəllifin müraciəti oxucularda kitaba maraq yaradır. Bu fikrin ardınca o, “ruhlar şəhəri” siyahısına salınan Ağdam haqqında xarici nəşrdən sitat gətirir: “www.WebUrbanist.com internet nəşri Ağdamı turistlər arasında maraq doğuran 24 ruhlar şəhəri siyahısına salıb. Sayt Ağdamı oxucularına belə təqdim edir: “Ağdam – Ruhlar şəhəri. Müharibədə darmadağın olmuş, tərk edilmiş Azərbaycan şəhəri. Ermənilər bir zamanlar 150 mindən çox (rayon nəzərdə tutulub – S.R) məğrur insanın yaşadığı bu qələbəlik şəhəri zəbt edərək vandalizmə məruz qoyublar, xarabazarlığa çeviriblər…” (səh. 9)

Vahid Qazi bu sözlərlə danışacağı sonrakı hadisələr arasında sanki körpü yaratmışdır.

Kitabda birinci esse “On yeddi” adlanır. Müəllif “sakini sərgardan ruhlar olan” şəhərə oxucunu səyahətə çağırır. İlk sözə ingilis jurnalisti Tomas de Vaalın “Qara Bağ” kitabından gətirdiyi : “…1993-cü ildə ermənilər Ağdamı ələ keçirdikdən sonra küçələri, evləri bir-bir talayıb daşıdılar…”(səh. 12) sözləriylə başlayır.

Vahid Qazi 17 rəqəmini xüsusi vurğulayır: “…Bu yay Ağdamsızlığın 17 yaşı olacaq. “17” tanıdığım ilk rəqəmdi. 1, 2, 3-dən də, elə 7-dən də əvvəl. “Baharın 17 anı” filmindən tanıyıram onu, ilk sevimli filmim olub. 17 nömrəli sovet xokkeyçisi Xarlamov uşaqlığımın kumiriydi. 17 yaşımda ağdamlı uşaqlığımla sağollaşdım. 17 yaşımda xəyallarımın şəhəri Bakıda gəncliyimlə salamlaşdım. Sonra dava başladı. Qohum-əqrəbanın sevimlisi, əzizim Anarı Xramord ətəyində erməni gülləsi 17 yaşında haqladı…”

Müəllif “Vətən” və “Yurd” sözlərinin mənasını özünəməxsus tərzdə açmağa çalışır: “Vətən böyükdü, hamınındı, ümumidi. Bakı, Şəki, Ordubad da vətəndi… Aydan baxsan, Yer də vətəndi. Amma hər kəsin içində balaca, yalnız özünə məxsus bir küncü var, bax, ora Yurd deyirlər. O, diridi, tərpənir. Yaxınlaşıb baxırsan, qoxulayırsan, toxunursan, o üzünə, bu üzünə çevirirsən, qapısını açıb içinə girirsən. Girirsən və görürsən ki, o, elə özünsən…”

Müqəddəs sandığı Yurdun dağılmasını təsəvvüründə belə canlandırır: “düşmənlər səni bir vaxtlar kölgəsində kitab oxuduğun armud ağacına sarıyıblar. Ağzını yummayıblar, ürəyin sıçrayıb dişlərinin arasından düşənədək bağırasan deyə. Gözlərin də açıqdı, görəsən – çıxıb uzaq dağlara, yaxın həyətlərə baxdığın damı dəmir-dəmir necə sökürlər, gizlənqaç oynayanda arxasında gizləndiyin divarı daş-daş necə qoparırlar, üstündə min oyundan çıxdığın ananın cehizlik xalısı döşənmiş döşəməni taxta-taxta necə yarırlar, yağışlı günlərdə tərli şüşəsinə barmağınla şəkil cızdığın pəncərələri lay-lay necə çıxarırlar, hərəsindən bir xatirən sallanan ağacları budaq-budaq necə kəsirlər…”

Hər gecə bu mənzərənin beləcə təkrarlandığını, yuxunu ərşə çəkdiyini yazır. Sonunda üzünü dost dediyi oxucuya tutur: “Heç bilirsənmi xatirələrin külü nə qoxuyur? Heç yanan ruh gördünmü? Heç qoxuladınmı yanmış ruhun külünü? Amma mən bilirəm! 17 ildi qoxulayıram bunu” (səh. 14) Vahid Qazinin bu sözləri oxucunu daxilən sarsıdır, titrədir, ona mübarizə üçün ruh, enerji verir.

Birinci esse Ağdamı son görənlərdən biri, çex jurnalisti Petruşka Şustrovanın məqaləsindən sitatla bitir:  “Nə vaxtsa gözəl şəhər olmuş Ağdamın indi olduqca qorxunc mənzərəsi var… ona baxmaq olduqca dəhşətlidi… Ağdam xarabalıqlarını gəzəndə birdən cib telefonuma mesaj gəldi. Qısa mesaj sanki gördüyümüz bu mənzərənin dəhşətini bir ironiya – sarkazmla vurğulamağa çalışırdı: “Azərbaycana xoş gəlmişsiniz. Çexiyaya zəng vurmaq üçün ilk öncə + 420 yığın” ( səh. 15). Bu sitatdan sonra müəllif sanki bütün dünyaya müraciətlə soruşur: “Bəs mənim ruhlar şəhərimin kodunu bilən varmı?”

***

“Heyva qoxulu zirzəmi” adlı ikinci essedə müəllif uşaqlığının ilk illərinə qayıdır. Hər səhər Seyidli kəndinin Mollalar məhləsindəki nənəsinin evində radio “Danışır Bakı. Bakı vaxtıyla saat 6-dır” (səh. 16) deyərək səhərin sükutunu pozurmuş. Radioda əvvəl sovet Azərbaycanının himni, daha sonra isə səhər gimnastikası verilirmiş. “Ayaqlarınızı aralı saxlayın, əllərinizi yuxarı qaldırın!” Yaxşı ki, bütün cümlələri əmrdən ibarət olan idman proqramı elə “Azad!” əmriylə də bitirdi. Yoxsa hələ də əllərimiz yuxarı, ayaqlarımız aralı qalmışdıq.”

V.Qazi kəndə nənəsigildə yaşadığı günləri əziz xatirə kimi oxucularına danışır. “…Yazda daşıb çay, yayda quruyub arx olan Qaraçava”, “Molla Qurbanlılar, Qazılılar, Təpəməhlə, Ayağıyalınlar məhlələri”, “…Nikolayın babasından qalma baba evi”, “divardan asılan tablo”, “pəncərədəki radionun yanında sallanan lobya, noxud, kəklikotu, … qovurğalıq buğda torbaları”, “evin heyva qoxulu zirzəmisi”, “zirzəminin qorxunc qaranlığı” axıcı təhkiyyəylə təsvir olunur (səh. 20).

Müəllif kitaba daxil etdiyi “Çəpər” essesində çəpər qonşularından şirin röya kimi danışır. Milis rəisinin, baş hakimin evi, rayon milis şöbəsi onların çəpər qonşuları imiş. Burada çəpər sanki başqa bir dünyayla sərhəd idi, elə bir sərhəd ki, balaca uşaq buradan həm keçmişə, həm də gələcəyə boylana bilirdi.

“Xilaskar ölüm marşı” essesi Ağdam Musiqi Texnikumunun şəhərin həyatında oynadığı rola bədii işıq tutur. Müəllif evlərinin birinci mərtəbəsində yaşamış musiqiçi tələbə qızların onun musiqi dünyasının formalaşmasından həvəslə söz açır və musiqiyə münasibətini belə bildirir: “Musiqini səhər çalarlar! Hava hələ çirklənməmiş, sular dupduruykən, hələ adamlar ayılıb bir-birinə yalan söyləməmiş, …ər sevdiyi arvadıyla, körpə anasıyla, bəndə Allahıyla olanda çalarlar.”

***

“Ağ gecənin yuxusu” və “Vaxt olmayan yer” esseləri oxucunu o dövr oğlan uşaqlarının futbol dünyasına aparır.

Burada müəllif “Köhnə hamamın Lenin küçəsinə burulan tinindən milis idarəsinə qədər olan hissəni” (səh. 33) futbol meydançasına çevirmələrini sanki böyük bir tarixi hadisə kimi danışır. Küçə “stadion”unu belə təsvir edir: “Hamam istixanasının borusundan çıxan qara-qura his küçənin havasına qəti təsir eləmirdi, olsa-olsa anaların təzəcə yuyub asdığı ağ köynəklərə qonar, ya da uşaqların alnından axan tərə yapışardı. Sağ olsun küçə uzunu sıralanan, boyu hamam borusundan da uca yamyaşıl çinar ağacları; yad qoxuları udar, havanın keşiyini çəkərdi. Yad qoxular dedim, gedəndə sol, gələndə sağ səkiylə nazlanan “uçilişa” qızlarının ətri, mülki geyimli “OBXSS” milislərin bahalı odekolon qoxusu yad olmadığından çinar yarpaqları onu udmurdu, saxlayırdı bizə…”

Müəllif evlərindən şəhər stadionuna gedən yolu zərgər dəqiqliyiylə çəkib: “Stadiona məhləmizdən getmək üçün Bakı-Qazax magistralının Yevlax şəhərinin içindən keçən hissəsindəki dairədən başlayan, Bərdənin baş prospektini kəsib Stepanakertdə dirənən yolun Ağdamı ikiyə bölən 28 aprel küçəsi adlanan hissəsiylə yol alıb, “çörəksatan” Kamilin (hələ dava başlamayıb, hələ oğlu Şamil şəhid olmayıb) dükanından keçib, Ağdam Dram Teatrının qabağındakı meydanı arxada qoyub, Lenin bağının tinindən yolu adlayıb sovet illərində regionun işləyən yeganə məscidiylə, indiki dillə desək, analoqu olmayan Çay Evinin arasından Ət Kombinatına sarı üz tuturduq.”

Yol boyu sonralar milli qəhrəman olacaq iki nəfər də yad edilir: şəhər restoranının yanından keçəndə Allahverdi Bağırov və stadiona bitişik evin qarşısından ötəndə sahibi Fred Asif.

Qarabağ xanlarının ailə qəbiristanlığının yerləşdiyi “İmarət” tarixinə qısa nəzər salınır, 80-ci illərdə burda keçirilən “Natəvan” qızlar bayramı, “Xarı Bülbül” beynəlxalq festivallarından xüsusi zövqlə söz açılır. “1989-cu ildə keçirilən sonuncu festivalda dünyanın müxtəlif ölkələrindən 60 ansambl iştirak edirdi. Meksikalılar daha maraqlı çıxış etdilər. “Uşaqlar onları braziliyalı bilib “Zikonun yerliləri» deyib çağırırdı” (səh. 38).

“Qarabağ” futbol klubunun sələfi “Şəfəq”in Masallının “Viləş”iylə “İmarət” stadionunda keçirdiyi oyunun nostalji qarışıq yumorla təsviri oxucu simasında xoş təbəssüm yaradır. “Tribunadakıların bağırtısı (Əziz Nesinin yerliləri hələ indi öyrəniblər stadionda bağırmağı), xəttin qırağındakı uşaqların qışqırtısı topu rahat ram eləməyə imkan vermirdi, rəqib oyunçular topu dərhal itirirdilər. Qapıçı bilmirdi oyunu izləsin, topa baxsın, yoxsa qapının arxasındakı uşaqları güdsün. Çünki hücum anında arxadan elə səs qopurdu ki, deyirdin bəs, gələn monqol-tatar qoşunudu… İmarət ləngər vururdu. Stadiondakı bir-iki min azarkeşin bağırtısı, yalan olmasın, on minlərlə “Marakana” tamaşaçısının səsini batırardı, inan! Həmin gün stadionun səsi Çahargah üstündə köklənmişdi. “Şəfəq”in şöləsi projektor olub rəqibin gözünü tutmuşdu. ”

Oxucunun xoş ovqatı uzun sürmür, müəllif bu bölməni dərin bir kədər hissiylə bitirir, hamını düşünməyə vadar edən kədərlə: “İndi mənim küçəmdəki stadionum böyüyüb, Ağdamın özü boyda meydana çevrilib. Bir vaxtlar anamın aldığı oyuncaq stadionda öz-özümlə oynadığım kimi indi orda düşmən də özü-özüylə oynayır. Bir yanda tanklar, o biri yanda BTR-lər düzüb, top oynadır. Amma mənimkindən fərqli olaraq, bu “stadion” oyuncaq deyil, poliqondu. Nə vaxtsa Braziliyanı belə udmağa iddialı görünən şəhərdə indi oyunlar bizsiz keçir. Uduzub çıxmış kimiyik… “Lazım gəlsə”, bir də girəcəyik oyuna. “Lazım gəlsə” hələ gəlməyib, deyirlər gedib top almağa…”

***

“Novruz sabahının pəncərəsi” kitabdakı yeddinci essedir. Müəllif 10 yaşlı uşağın yağış yağarkən pəncərədə oturub gəlib-gedənə tamaşa eləməsini gələcəyə doğru yeni ümidin parıltısı kimi göstərir. Fransız yazıçısı Floberi xatırlayır və onun fikirlərini öz düşüncə tərzi ilə müqayisə edərək deyir: “150 il əvvəl “Əyalətdə pəncərə teatr və gəzintini əvəz edir” yazan Floberin Fransasında da belə olub, indi də belədi, yəqin 100 il sonra da belə olacaq…” (səh. 43).

“Dünya bir pəncərədi…” məsəlini dünyaya pəncərədən baxmışlar yəqin daha yaxşı anlayar” deyən müəllif gah pəncərə önündən keçən “Qırmızı tirmə şal üstündə oturdulan kuklalı QAZ-21-də aparılan gəlinə”, gah “izdihamın çiynində yırğalana-yırğalana Qarahacılı qəbiristanlığına gedən tabut”a baxır, gah da “Mardakert, Kəlbəcər dağlarından, yaylaqdan dönən köçün asfaltdan qopan ayaq səsiylə quzu mələşməsinin yaratdığı xoş bir musiqi”ni dinləyir.

Bəzən “Səhər tezdən camaatı pambıq yığımına səsləyən mədəniyyət evinin “avtoklubu”nun” çaldığı mahnıya, bəzən də süd-qatıq satan “Xıdırlı arvadların solo çığırtıları”na oyanır.

Pəncərənin solundan, sağından çıxan neçə adamın xarakterini açır və beləcə, oxucunu bu gün mövcud olmayan bir şəhərin uzaq 70-ci illərinə, xoşbəxt çağlarına aparır.

V. Qazi oxucunu “Yusifüzlü kitablar” adlı essedə şəhərin kitab, “Rəngsiz kino”da isə kino dünyasına səyahətə aparır, Ağdamın o vaxtkı ziyalı mühitiylə tanış edir. Şəhərin kitabxanaları, kitab mağazaları, dram teatrı, onun Tofiq Qarayev kimi məşhur aktyorları, adı dillərdə gəzən “Dostluq” kinoteatrı, onun “…haqqında rəvayət və lətifə gəzən arıq, balacaboy, əsəbi və söyüşcül olmasına baxmayaraq, hamının hörmət etdiyi” “kino Fazil” çağrılan müdiri, çayxana və onun “qəhrəmanları”, tum satanlardan tutmuş neçə-neçə məşhur adamacan yada salır, şirin xatirələri elə şirin dillə də danışır.

“Azan oxuyan göyərçin” essesində müəllif müxtəlif sənət adamlarından maraqlı hadisələri yada salır. Oxucuya tanış olan-olmayan musiqiçilərdən söhbət açır. 70-80-ci illərin Rəmiş əfsanəsi, Qədir sehri, Səxavət məlahəti, Şahmalı klassikası, Sədi səmimiyyəti və daha nə qədər sənətkar sevgiylə yad edilir.

“Ağdamdan musiqiçi gətizdirmək “prestij” sayılırdı. Məhərrimlikdə toy olmayanda Yerevandan Çimkəndədək səpələnirdilər”, “Sədinin də səsi Azərbaycan boydaydı”, “Səxavətin sənətə gəlişi səs-küylü oldu, toy kasetləri əl-əl gəzirdi”, “Bulvarın qırağındakı Eldarın səsyazma studiyasından Şahmalı Kürdoğlunun səsi aləmi başına götürmüşdü, …bulvarın ağaclarını, quşlarını belə sehrləmişdi”, “Başqa yaxşı gitaraçılar kimi üzbəüz qonşu Rzanın da bəxti onda gətirmədi ki, Rəmişlə eyni vaxtda, eyni şəhərdə yaşadı”.

Yurdundan didərgin düşmüş sənətkarın taleyini ikicə kəlməylə belə nəql edir: “Vaxtı ilə atamın toyunu çalmış qonşu Paşa dayının səsini son dəfə bir-iki il əvvəl Bakı restoranlarının birində eşitdim. Eşitdim və on yeddi ildir tikə-tikə itirdiyim ürəyimin bir parçası da içinə beş-on manat atılan qavalını görəndə yerə düşdü”.

“Hafiz Sədrzadə zil və yanıqlı səsiylə seçilirdi… “Zəminxarə”nin ustasıydı… Sonralar məscidin minarəsindən azanı onun səsiylə verirdilər. Dinləyən kafir balası da islama gələrdi. Mən hələ o cür azan eşitməmişəm, nə İstanbulda, nə Səmərqənddə, nə də Sovetskidə…” V.Qazi kitabın bu essesini ürək paralayan kədərlə bitirir: “…Onun səsini bu səhər yenə “eşitdim”. Çevrilib baxdım. Günəş iki minarə arasında dayanıb durmuşdu. Azanın bitməsini gözləyirdi. Hafizin azanı ağappaq göyərçin kimi Ağdam məscidinin minarəsinə qonmuşdu. Ruhlar şəhərinin sakinlərini ibadətə çağırırdı”,  (səh. 74).

“Hökümətə məhkumlar” adlanan on birinci essedə müəllif “nəinki kommunist, heç komsomolçu da olmayan” atasının, “Sovet hökumətinə yönəlik ikibaşlı sözlərini” sonralar anladığı tarix müəlliminin, fotosunu hər gün dərsə getdiyi yolun üstündəki milis idarəsinin divarına vurulmuş “onları milis axtarır” lövhəsində gördüyü “Qaçaq Hüseyn”in və başqa adamların dolğun portretini yaradıb. Müxtəlif peşə sahibi olan bu adamları birləşdirən bu nüans var – onlar “hökumətə məhkum”durlar. Esse bu cümlələrlə bitir: “Sənə sərhəd tanımayanlardan, qadağaları sevməyənlәrdәn, çərçivədə yaşamaq istəməyənlərdən danışdım! Hələ yazmadığım nə qədər adam qaldı. Onların hökumətlə işi yox idi, onların davası yalnız öz içlərindəki bapbalaca da olsa azadlığı, ləyaqəti qorumaq davasıydı. “Hökumətə məhkum” min-min sovet adamı kimi…”

“Sümük abidə” essisi müəllifin oxuduğu məktəbdən bəhs edir. Burada məktəb həyatı kiçik detallarınacan təsvir olunub: şagirdlər, müəllimlər, idman meydançaları, korpuslar, sinif otaqları, bağça, yeməkxana, “pis uşaqların” siqaret çəkdiyi tualet. “…Sonra bilirsənmi, nələr oldu? Sonra dava başladı. Davaya elə birinci o “pis uşaqlar” getdi. Şəhəri onlar qorudu, həmin o dəli-dolu uşaqlar vaxtilə özləri kimi vurub-tutan, dili kimi dilçəyi də olan böyüklərə qoşuldular, vuruşdular, yaralandılar, şәhid oldular, əlil oldular, öldülər.”

“Toz adamlar”da isə V. Qazinin oxuduğu sinif xatırlanır, ayrı-ayrı hadisələr, bir-birindən maraqlı uşaqlıq dostları və müəllimlərin xarakteri xoş təbəssüm yaradan şirin təhkiyyəylə nəql olunur. Digər bölümlərdə olduğu kimi burada da müəllif oxucunu düşündürücü bir kədərlə baş-başa qoyur: “Deyirlər, doğulanda hәr bir insanın taleyi alnına yazılır və “yazıya pozu yoxdu”. Bizdə belə olmadı. Ağdamsızlıq (Fələk) taleyimizi ömür ağacının elə yenicə cücərən anında yaxaladı, alnımızdakını pozub yerində nə yazdı, hansı xətlə yazdı, biz bir yana, sonra heç özü də oxuya bilmədi. Fələk (Ağdamsızlıq) divara dəyən tabaşirli yastıqcadan qopan toz dənələri kimi hərəmizi bir yana uçurtdu, bir diyara saldı… hər yerə, hər yana səpələndilər. Harda desən varıq, Ağdamdan savayı… ”

“Sağ qalan lərirlər”də sanki şəhərin xəritəsi çəkilib. Evdən çıxıb məktəbə gedəndə bir, qayıdanda isə başqa yolla gəlirmiş… Əli İbrahimov, Lenin küçələri, milis idarəsi, Mirbəşir Qasımov küçəsi, “Qarabağ bülbülləri”nin məşq elədiyi “Pioner evi”, maarif şöbəsi…,

“Növbəti kəsişən küçə Voroşilov adlansa da, bu sovet marşalını at belində burdan keçən görən olmamışdı… Ağdam Dram Teatrının sol böyrü, “Lenin yolu” qəzetinin redaksiyası və rayon prokurorluğu binasının qabağından keçən, 28 Aprel küçəsindən başlayan “Voroşilov”un harada qurtardığı yadıma düşmür, trayektoriyasının yarısını xatırlayıram: “28 Aprel”dən yola çıxan “Voroşilov” “Lenin”dən aldığını alıb, “Frunze”dən götürdüyünü götürüb, “Əzizbəyov”dan keçib sonra haracan gedirdi, ta bilmirdim… Bu bolşevik, kommunist adlarına fikir vermə, buralar nəinki kommunizmdən, sosializmdən dә uzaq yerlər idi. ”

Maksim Qorki küçəsini keçən kimi “…soldakı birmərtəbəli binanın hər pəncərəsindən bir səs gəlirdi: piano, qarmon, tar, kamança, skripka, başqa səslər. 1 saylı Şəhər Musiqi Məktəbiydi, el arasında Laura müəllimənin məktəbi deyirdilər. Mənim skripka, atamın tar təkidi bu sətirlərin müəllifini hər ikisindən qoydu. Görünür, uşağı bəzən məcbur eləmək lazımdı! Elə heyfsilənirəm ki… indiki ağlımla atam məni lap kontrabas sinfinə qoysaydı da, gedərdim. ”

Sonra uşaq bağçası, Musəvi küçəsi, məktəb, bazar… və beləcə şəhərin digər küçələri, evləri, mağazaları, bağları…

Sonuncu, yəni on beşinci esse “Xəyal memarı” adlanır. Vahid Qazinin Ağdam şəhərinin yenidən tikiləcəyinə dərin inamı var: “Heç bilirsənmi, Ağdamı xəyallarımda neçә dәfә tikmişəm?! Uşaq vaxtı qonşu Şahinlə həyətimizdəki qum təpəciyində şəhər salırdıq – yolları, tunelləri, evləri olan şəhər. Hər dəfə də dağıdıb әvvәlkindәn daha yaxşısını tikirdik. Bax o qumluqdakı kimi hər gecə dünənki şəhəri dağıdıb yenisini tikirəm. ” (səh. 111).

Sonra müəllif oxucuya müraciət edərək deyir: “Mənimlə Ağdamı tikməyə gedirsənmi? Gedirsən, bilirəm! İnanıram sənə, səninlə canbir qəlb olmadınmı bu 15 yazımda – əsir yurda 15 səfərimdə..”

Müəllif sanki bir memar kimi şəhərin tikinti planını çızır. “Bәrpa işlәrini şəhər məscidindәn, İmarət, Qarahacılı qəbiristanlığından başlarıq. Şuşa yolunun üstündəki abidənin yerində Qarabağ müharibəsi qurbanlarına əzəmətli heykəl ucaldarıq. Elə uca abidə ki, Bərdə yolu gələndə Uzundərədən, bir də Şuşa yolu gedəndə Əsgərandan görünsün. Ağdamın şəhid olmuş 6 min adamının adını qranit lövhəyə yazarıq bir-bir. Vəssalam! Müharibəni xatırladacaq daha heç nə lazım deyil! Savaşla yaşadığımız yetər, onun bizə yaşatdıqları yeddi arxa dönənimizə də bəsdi. Təzələnmiş şəhərimizdə yeni həyata başlarıq!”

“Küçələrə ağac adlarını qoyarıq. “28 Aprel” olar Palıd prospekti, əvvəlindən axırınadək palıd əkirik. Kommunist küçəsini Küknar edərik. “Süleyman Sani Axundov” olar Vələs, “Əzizbəyov” Şam, “Voroşilov” Gilas, “Maksim Qorki” Alma, “Lenin”in əvvəlki çinarlarını bir də əkərik, olar Çinar küçəsi. “Budaqov”u Heyva, “İslam Hacıyev”i Söyüd adlarına dəyişərik.”

Tikiləsi ən zəruri obyektlərin siyahısını verir…

“Şellidə nar zavodu açarıq. Göyçaylılara göstərərik nar necə olur.”

“Ta pambıq əkmərik, əvəzində taxıl becərərik. Mərzilidən üzü Haramı düzünə elə bir taxıl zəmisi salarıq ki, sorağı Qazaxıstana çatsın, təcrübəmizi öyrənməyə gəlsinlər.”

“Ağdam” çaxırını ta rus “ağdamşik”ləri yox, fransız xanımları üçün istehsal edərik, konyakı da ingilis lordlarına satarıq. Limonadı müsəlman ölkələrinə ixrac edərik, onlara spirtli içki olmaz. ”

“…İmarətdəki stadionun tikintisini yubatmaq olmaz. “Qarabağ” öz meydanında oynamalıdı. Gələnilki Avropa kuboklarınadək hazır olmalıdı. Qonaqları öz aeroportumuzda gül-çiçəklə qarşılayarıq. Oyundan sonra apararıq Şuşaya, gəzdirərik, Cıdır düzündə şəkil çəkdirərlər, yedirdib, içirdib yola salarıq. ”

“…Məscidi yaxşı təmir edərik. Ustaları İstanbuldan, Səmərqənddən gətirərik. Məsciddə azanı yenə Hafiz oxuyar. ”

“…Çörək Muzeyinə qaçqınlıq illərinin yadigarı olan çörəkləri eksponat kimi düzərik. Ərəblərin, almanların, türklərin göndərdiyi yardım unlarını qalın şüşə altında nümayiş etdirərik. Gələcək balalar, nəvələr, nəticələr elin dar gününü unutmasınlar…”

“…“Konzavod”a strateji obyekt kimi baxmaq lazımdı. Qarabağ atının şöhrətini qaytarmalıyıq. Növbəti olimpiadaya öz atımızla gedərik. Neçə milyonasa kənardan at almaq ayıbdı. Bir azdan özümüz başlarıq ora-bura at satmağa. Minsk qrupu ölkələri prezidentlərinin hərəsinə bir at bağışlayarıq. Yazıqlar bu illər ərzində əldən-ayaqdan getdilər. ”

Müəllif hüznlü duyğularla yazılan kitabı böyük bir nikbinliklə bitirir: “Bilirsən, bura daha ruhlar şəhəri deyil. Burdakı ruhlar ilahi bir əfsunla öz bədənlərinə döndü. Xatırlayırsanmı, yazmışdım: “Yaxşı bax bu külə, çünki gələcəyin bu küldən yoğrulacaq…” Allah onları yanmış ruhların külündən yoğurdu, ağızlarına nəfəs üfürdü… Həyətimizdəki kötükdən pöhrələyən cavan tut ağacının yarpaqlarını daha kabus nəfəsi əsdirmir… Oğlumdu, tut çırpır, şipşirin… Yuxu kimi şirin tut…” (səh. 117)

Kitaba “Qiyamətə qalmış 4 dəqiqə” adlı son sözü dünya şöhrətli alim Rafiq Əliyev yazıb. Akademik kitab haqqında, onun müəllifinin ürək yanğısı ilə ruhlar şəhəri- Ağdamı necə təsvir etməsini dəyərincə qiymətləndirib.

***

Vahid Qazinin “Ruhlar şəhəri” kitabı Ağdam şəhəri haqqında kövrək duyğuları, canlı xatirələri, vətən sevgisini özündə ehtiva etmişdir. Azərbaycan ədəbiyyatında az işlənən esse janrı müəllifin özü üçün seçdiyi ən yaxşı üsuldur. Ayrılıqda hər bir essenin dili şirin, xalq dilinə yaxın, rəvan və lakonikdir. Üslüb baxımından canlı xalq ifadələri ilə yoğrulmuşdur. Buna görə də oxucunu özünə ram edə bilir.

Müəllif Ağdam şəhərinin 1970-1993-cü illər arasındakı canlı qaynar həyatını obrazlı şəkildə oxucuların nəzərinə çatdırır. Şəhərin küçələri, evləri, yolları, yaşayış binaları, idarələri və onların yerləşdiyi binalar, kinoteatr, məktəblər, bağçalar, pioner evi, mağazalar, əfsanəvi Ağdam bazarı, orada müxtəlif ticarətlə məşğul olan adamlar, elm və sənət adamları və şairlər yad edilmiş, onlar uşaq məhəbbətilə yad olunmuşdu.

Bu esseləri bir ideya, bir arzu, bir amal, bir ovqat birləşdirir – “Ruhlar şəhəri” Ağdama olan sonsuz məhəbbət, istək və sevgi.

Vahid Qazi sanki şəhərin bədii dillə xəritəsini və tablosunu çəkmişdir. Gözümüz önündə öz əzəməti və vüqarı ilə seçilən Ağdam şəhəri canlanır. Müəllifin uşaqlıq illərindən qalan xatirələri çözəlir və həmin illərdə baş vermiş irili-xırdalı əhvalatlar bir an göz önündən kino lenti kimi gəlib keçir. Bu gün nə qədər acı olsa da həmin anları yada salmaq özü xoş xatirədir.

Mən publisist Vahid Qaziyə qəmgin notlardan uzaq yaradıcılıq uğurları arzulayıram.

Sabir Rüstəmoğlu

“Təzadlar”.  18 oktyabr 2011

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma