Sən torpağın buğlandığını görmüşdünmü, Vahid?

Yaramı göynədən «Ruhlar şəhəri»

Sən torpağın buğlandığını görmüşdünmü, Vahid?

 Qardaşım Vahid, səni təbrik etməyə dilim gəlmir, amma elə bilirəm ki, illərdən bəri yaşadığın yurdsuzluq zülmünün ağrı-acısını yazmaqla azca da olsa canından çıxarıb bir hovur nəfəs dərmisən. Ancaq səni məhz bu kitaba görə təbrik edəcəm, yazımın sonunda deyəcəm nə vaxt.

«Ruhlar şəhəri» bizi dərddən dəliyə döndərdi, həm də yanan ciyərimizə bir az su səpdi. Sən bizim tablomuzu yaratmısan, naturadan. Bu kitabı oxuya-oxuya fikirləşdim ki, nə yaxşı biz indəyəcən dəli olmamışıq?! Hə, gəldim ora çatdım, sən məndən də əvvəl yazmısanmış, «nə vaxtsa havalanmısanmı?» Elə havalıyıq, Vahid, vallah havalı-havalı gəzirik. Rəhmətlik İsa İsmayılzadəni tanıyırdınmı? Onun bir fikri vardı: «Şüşəsi qırıq-qırıq olub içinə tökülmüş termus kimiyəm, çöldən bütöv görünürəm». Yeri nurla dolsun gözəl şairimizin, ölümünə yaxın bizi də gözəlcə ifadə edib. 

«Ruhlar şəhəri» yurdsuzluqdan çərləmiş qaragünlü həyatımızın oduna benzin tökdü. Yandırıb kösövə döndərdi bizi, Vahid. Mən hər səhər alaqaranlıqdan  «süd», «qaymaq», «qatıq» deyə çağırıb sənin nağıl yuxularına haram qatan kişi surtuku geyinmiş qadınların kəndindənəm, Xıdırlıdan. İndi gündüzün günorta çağı çıraqla axtarsan da dərdə dərman kimi o kişi pencəkli qadınların birini də tapmassan. Hamısı ölüb, çoxdan ölüblər, ürəkləri çatlayıb, çərləyib ölüblər. Dişiylə-dırnağıyla qurub-yaratdıqları ev-eşiklərini, dünyalarını düşmən ayaqladı, ölməsinlər, neynəsinlər.

Xıdırlının sabahlarını Yeddixırman dağının mehi açardı. Bizim də günümüz radio ilə başlayardı. Üç ay yayı ən çox işimiz meyvə yığmaq, tut çırpmaq idi. Tutu lap o başdan çırpardıq, bezi tutmaq üçün də yuxudan durmalıydıq. Qardaşım alaqaranlıqdan ağacın quşqonmazına çıxıb tut yeyə-yeyə «harda qaldınız, yuxudan durmadınız» deyə bizi çağırırdı. Anam radionu açardı ki, səsə yuxumuz dağılsın. Hərəmizin əlimizdə bezin bir qulpu ayaqüstə yuxuya gedərdik. Bir az keçmiş səhər konserti başlayardı. Diktor «Oxuyur Qədir Rüstəmov» deyəndə rəhmətlik dədəmin üzü gülərdi. Artıq onun işarəsini gözləmirdim, o dəqiqə qaçıb radionun səsini sonadək qaldırıb özümü yenidən bezin bir qulağına çatdırıradım. Qədirin səsi Yeddixırmanın mehinə qarışıb qapı-bacamıza yayılırdı. Bizim də yuxumuz dağılardı. Bu səs dərmanımız idi, illah da Vətən dərdindən ürəyi parça-parça olub yad qəbristanlıqda qəbir əzabı çəkən dədəmin.

1998-ci ilin yayında Bərdənin Kətəlparaq kəndində, yol kənarında məskunlaşmış ailəmizi görməyə getmişdim, dədəm xəstələnmişdi. Anam Bərdə bazarından tut alıb gətirmişdi. Bir boşqaba yığıb atama verdik. Birdən atam elə nalə çəkib ağladı ki, hamımızı dəhşət bürüdü, əlimizədəki işi atıb başına toplaşdıq, ona qoşulub ağlaşdıq. Atama görə tut bezdən üstündən yeyilərdi, özü də o başdan, boşqabdan yox, tut bazardan alınmazdı, ağacdan çırpılardı. Üçüncü dəfə infarkt keçirəndə həkim qardaşlarıma dedi ki, kişinin ürəyi cırıq-cırıqdır, tərpətməyin, nə qədər papiros istəsə verin çəksin. Heç nəyi qadağan etməyin.  Tamam uşaq kimi olmuşdu, bizim «humanistliyimizdən» ürəklənmişdi də.

Bir gün dedi ki, nə yaxşı heç nəyə etiraz eləmirsiniz, istəməyəndə iynəmi də vurmursunuz. Onda mənə icazə verin gedim Xıdırlıya, arxayın olun yolu tanıyıram, çöl obayla gedəcəm, bir də ki, yaşlı kişiyəm, erməni mənə heç nə eləməz, deyəcəm kəndimə ölməyə gedirəm. Və on il əvvəl bir qarlı yanvar səhəri atam yol kənarında, palçıqdan qondarılmış kərpic daxmada dünyasını dəyişdi. Gülləsiz, düşmənsiz şəhid oldu. Dərd bizi çərlətdi və çox keçmədən  körpə oğlum Tamerlan babasının yanını özünə yer seçdi.

Tələbə vaxtı mənim ən böyük arzum universiteti bitirdikdən sonra seçdiyim peşəyə uyğun gəlməsə də kəndimizin sovxoz direktoru olmaq idi. Xıdırlı tarixən susuz, yolsuz kənd olub. Kəndimizə su, yol çəkdirmək istəyirdim. «Ruhlar şəhəri»ni oxuyandan sonra ən böyük arzum Ağdamın yenidən quruculuq işində çalışmaqdır. Bilirsən niyə? Sənə qəribə gəlməsin, Ağdamı yenidən qurmaq çətin olmayacaq. Ciddi deyirəm, sən Ağdamın yeni layihəsini elə çəkmisən ki, ora bir xırda çınqıl da əlavə olsa layihə korlanar. Eynən tələbəlikdəki kimi xəyallar qururam. Ağdamda çalışıram, vəzifəm də çox məsuldu. Bir gün iclasda təklif vermişəm ki, xaricdən arxitektor gətirməyə, təzə layihə çəkməyə ehtiyac yoxdur, Vahidi gətirək. Sən də gəlirsən, layihəndə olduğu kimi Ağdamı yenidən tikirik.

Gilənar parkı salırıq, lalələr meydanı qururuq, söyüdlər prospekti, çinarlar məhləsi uzanıb Seyidli kəndinin axırınacan gedir. Oradan o tərəfə Xıdırlı başlayır. Yasəmənlər tini, Gilas küçəsi, eynən yazdığın kimi. Qədir Rüstəmovun şərəfinə «Səs» qülləsi ucaldarıq, Eyfeldən də gözəl. Kitab da daim əlində olur ki, birinin də yerini yanılmayasan. Beləcə arzular şəhəri yaradarıq Ağdamı. Bax o zaman mən səni «Ruhlar şəhəri»nə görə ürəkdən təbrik edəcəm, qardaş, ciyər dolusu nəfəs alacam. Sən də elə edərsən. Sonra da papağını yan qoyub əlin cibində fit çala-çala gəzərsən Ağdamın küçələrini, Səs qülləsinə də çıxarsan.

Neçə illərdi nəfəssiz yaşayıram, hər bir yurdsuz kimi. Mən Vətəni sevgiliyə bənzədirəm. İnsan yaşlaşdıqca ona daha çox vurulur, aşiq olur. Sonda da başını onun qaraca daşına söykəyib sakitcə ölmək istəyir. Mən də Ağdamın köksünə sığınmaq, kül-kömür olmuş qara daşını qucaqlayıb ölmək istəyirəm, Vahid.

Bütün dərdlərə dözmək olur, İlahinin mizan-tərəzisi belədi, müəyyən vaxt keçəndən sonra adam lənətə gəlmiş dərdə öyrəşir. Bunu itirirsən, ona baxıb yaşayırsan, Allah bir təskinlik verir. Allah yurd, Vətən itkisinə təskinlik verməyib. Bu dərd nə səngiyir, nə söngüyür, nə də mizan-tərəzi tanıyır.

Mən hər bir əsəri həm də bədii ədəbiyyat nümunəsi kimi oxuyuram. Görünür peşəmizlə əlaqəlidi. Heç kəs inciməsin, «Ruhlar şəhəri» ədəbi mühitimizə ədəbiyyat gətirib. Tarixin çağırışlarına cavab verən ədəbiyyat. Hüseyn Cavid, Məhəmməd Hadi, Əhməd Cavad, Patrik Zuskin, Balzak, Folkner, Biçer Stou, Markes, Tolstoy, Dostayevski kimi tarixin çağırışlarına cavab verən ədəbi-bədii ədəbiyyat nümunəsi. Mənə görə XXI əsr Azərbaycan ədəbiyyatı «Ruhlar şəhəri»lə başladı. Bu əsəri insanın uşaqlığını, yeniyetməliyini, romantika dolu gəncliyini, tinlərin küncündən, çəpərin başından boylanan dəli sevgisini, başından dəli-dolu havası gedib bir az sarfası səknəmiş çağını və bu duyğuların fövqündə dayanan Vətən hissinin ifadəsi adlandırardım. Nə hissdir bilmirəm, amma «Ruhlar şəhəri»ni oxuyub qurtarandan sonra elə bildim «Əli və Nino»nu bir də oxudum. Bircə onu yəqin etdim ki, «Əli və Nino»nu şuşalı yazıb.

Bacasından tüstüsü çıxmayan, sacında qovurğası çırtlamayan, kolların dibindən novruzgülü, bənövşəsi boylanmayan yurdun övladıyıq biz. Neçə illərdir qırmızı yumurta boyamırıq, uşaqlarımız nənəsinin toyuq hinindən yumurta oğurlayıb döyüşməyə qaçmır, babasının qapısına torba atmır bilirsənmi, qardaş?

Novruz səhəri torpağın necə buğlandığını görmüşdünmü?

 Rəsmiyyə Məmmədqızı, tələbə yoldaşın

 “Kaspi” qəzeti. Mart 2011

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma