Elnur Elgünün suallarına cavab

oland

“Qarabağ de-fakto bizim deyil, de-yuri isə qarantı hələ ki, neftimiz və neft borumuzdu”.

Elnur Elgünün suallarına cavab

 – Vahid bəy, Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində təbliğatımızı necə qurmalıyıq ki, dünya səsimizi eşitsin, kor olmuş gözəllər açılsın?

 – Fikrimcə “Azərbaycan həqiqətləri” deyilən o “vacib xəbəri” ilk növbədə Azərbaycan xalqının özünə çatdırmaq lazımdır. Özü də pıçıltı ilə yox, qulağının dibində qışqırmaqla. Bəlkə belə diksinib ayılaq. Ayılıb “Azərbaycan həqiqətləri”ni özümüz görək, səsimizi özümüz eşidək, öz kor olmuş gözlərimizi açaq. Bunu edə bilsək, inanın, dünya özü bizi dinləyəcək.

Son illər dilimizi yağır eləmiş “Azərbaycan həqiqətləri” ondan ibarətdir ki, gözümüzün qabağında Qarabağ boyda vətən torpağı, mədəniyyət incisi əldən çıxmaqdadır. Qarabağ de-fakto bizim deyil. Onun de-yuri qarantı hələ ki, neftimiz və neft borumuzdu. Vaxtilə neft əvəzinə Qarabağı qaytarmaq haqda düşünürdük, alınmadı. Bu gedişlə post-neft dövründə Qarabağın hüquqi itirilməsinin konturları görünür.

Ölkə korrupsiya bataqlığında boğulur, özü də bataqlığın üfunət qoxuyan yerindəyik. Bataqlıq üfunəti qoxuyana, hansı dünya yaxın durar, səsini eşitmək istəyər.

 – Ziyalılar, siyasi analitiklər Fransa parlamentinin məlum qərarını arxasında bir çox səbəblərin durduğunu qeyd edirlər. Sizcə, Fransa niyə bu qədər türkün üzərinə gedir? Doğrudanmı, bu ölkədə bu qədər güclü erməni sevgisi var?

– Əgər kimsə desə ki, Fransa Minsk qrupunun üzvü olanda türkün dostu idi və Qarabağ probleminin ədalətli həllinə dəstək verəcəyinə ümidliydi, bilin ki, sizin gözünüzün içinə baxıb sizi aldadır. Necə ki, 20 ildir gözümüzün içinə baxıb ağ yalan deyirlər. Fransanın hər bir güclü xristian dövlət kimi, uzun əsrlər Avropanı təlaş içində saxlayan müsəlman inanclı bir xalqa özəl münasibəti var. Və bu münasibət diplomatiyanın etik pərdəsinə bürünsə belə öz məkrini gizlədə bilmir. Fransa prezidentinin öz xeyir-duasını açıq şəkildə verdiyi  parlamentin son qərarı həm bu dövlətin strateji siyasəti, həm də bugünkü iqtidarının maraqlarından doğub. Deyilənlərin üstünə yarım milyondan artıq ictimai-siyasi çox fəal erməni icmasını da gələndə fikrimcə, mənzərə aydın olur.

 Belə olan halda ATƏT-in Minsk qrupunda Fransanın qalmasının yerı varmı? Bəlkə Almaniya və İngiltərənin yeri dəyişdirilməsi münaqişənin həllinə hansısa bir formada təsir edə bilərmi?

– Almaniya və ya Britaniyanın Fransanı əvəz eləməsi problemin həllinə köklü təsir edəcəyinə inanmıram. Fransanın əvəzinə Avropa Birliyinin bu prosesə qoşulmasından söz açılır hərdən. Avropa Birliyi prosesə qoşulmağa bir qədər həvəsli kimi görünür, amma nəzərə alanda ki, burada qərarlar konsensus əsasında qəbul olunur, bunun da perspektivi aydın görünmür. Odur ki, təkrar edirəm, bütün səbəbləri ilk növbədə özümüzdə axtaraq, tapaq və həll edək. Sonra kənar maneələri dəf eləmək indiki kimi çətin görünməyəcək.

 Günaz.TV

17.01.12

Elnur Elgünün suallarına cavab” üçün bir cavab

  1. Geri bildiriş: “Danışım, gör məni” (müsahibələr) | Vahid Qazinin bloqu

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma