Qan Turalıya məktub

Qan Turalıya məktub

Bir “dəyər cəfakeşi” barədə

Salam Tural bəy!

Azadlıq radiosunun “Oxu zalı” rubrikasının redaktoru Rövşən Qənbərovun “Bəyənməyib “like” düyməsini basana lənət” yazısını oxumağı məsləhət gördüyün üçün Sənə təşəkkür edirəm. Çox güman ki, xəbərim olmayacaqdı. Oxudum və çoxdan eşitdiklərim təsdiqini tapdı.

Rövşən bəy kitab satılmamasının səbəbi kimi ölkədə dəyərin itdiyini yazır. Və nəşr olunan minlərlə kitab içində mənim “Ruhlar şəhəri” kitabıma açıq mətnlə işarə vurur: “Ramiz Rövşən” imzasına hörmət qoyub Ağdam haqda “ağlamalinski” sicilləmələr toplusuna ön söz yazmamalıdır”. Yəni Ramiz Rövşən dəyərin nə olduğunu bilmir! Allah, sən saxla! Nə deyim, bilmirəm?

Rövşən bəylə onda razıyam ki, ölkədə dəyərlər itib. İtməsəydi, sıradan bir müxbir qos-qoca “Azadlıq” radiosundan xalqa ədəbiyyat dərsi keçməzdi, dəyərlərdən mühazirə oxumazdı.

Yazılarıma onun dəyər verib-verməməsi məni qəti maraqlandırmır. Mənim yazıçı adına, əstağfürullah, iddiam yoxdur, hərdən könül qeydləri edirəm, vəssalam. Amma ona sevinirəm ki, Rövşən bəyin “sicilləmə” adlandırdığı “Ruhlar şəhəri”nə ön sözü Ramiz Rövşən, son sözü isə Rafiq Əliyev, növbəti “Yaddaş ləpirləri. Demokratiya yazıları” və “Çamayra. Kuba dəftəri” kitablarına ön sözləri isə Cəmil Həsənli, Rüstəm İbrahimbəyov kimi müasir Azərbaycanın nəhəng zəka sahibləri yazıb. Bu insanlara bəyənmədikləri kitaba bircə cümlə belə yazdıra biləcək qüvvə ola bilərmi? Hələ o “sicilləmə”yə “Azadlıq” radiosunun dəyər verib tez-tez qonaq çağırdığı dəyərli insanların yazdığı onlarla başqa resenziyaları, yüzlərlə mesajı demirəm. Nə vaxsa həmin “sicilləmə”ni kitabın həcmindən iki dəfə çox olan o resenziya və mesajlarla birlikdə nəşr etdirəcəm, Rövşən bəyin bu cümləsi də orda olacaq.

Tural bəy, bu məktubu Rövşən bəyə cavab kimi qəbul eləmə! Bunu Sənə yazıram, o adama ki, birinin “sicilləmə” dediyi kitaba dəyər verib “Ağdam şəhəri” adlı gözəl bir məqalə yazıb. O ki, qaldı “Oxu zalı”nın redaktoruna, fikir vermə, onun qərəzli olduğunu artıq neçə aydır bilmişəm.

Adını çəkdiyim nəhəng adamların dəyər verdiyi kitablar və onların təqdimatı barədə bir cümlə yazmayanın ölkədə dəyər axtarması, incitmədən desəm, səmimi deyil. Qarlı-boranlı gündə iki yüzədək adamın qatıldığı Kuba barədə demokratiya kitabının təqdimatından missiyası hər yerdə demokratiyanı təbliğ etmək olan ABŞ radiosunun bir cümlə belə verməməsini isə bu radioya pul ayıran konqresmenlərin günahına yazmayaq.

“Vahid Qaziyə embarqo quymuşam. Bilirəm, Kənan Kazımoğlu ilə dostdurlar, amma dəxli yoxdur. Nə qədər ki, mən burdayam, onun bir yazısı da getməyəcək”. Əlindəki balaca səlahiyyəti ilə şahlıq iddiasında olan məmur təfəkkürünə bənzəmirmi? O bu sözləri bizim ümumi dostlarımıza deyib. Həqiqətən də bundan sonra, orada nə bir yazım, nə kitablar haqda radionun daimi tənqidçilərinin məqalələri çıxdı.

Rövşən Qənbərova nə vaxtsa nəsə etdiyimi, xətrə dəyəsi söz dediyimi xatırlamıram. Ötənilki ötəri görüşü nəzərə almasaq, ən azından on-on beş il olar görüşmürük. Əgər nəsə olubsa da, bu vaxta qədər unutmamasının bir adı var – kin. Mən də kini sağalmaz xəstəlik hesab edənlərdənəm.

Özünü kindən və qərəzdən qoru, Tural bəy, sən də redaktorsan! Redaktor üçünsə bu, əsas şərtlərdən biridir.

Kinsiz və qərəzsiz ədəbi dərgilər arzusuyla,

Vahid Qazi

28 aprel 2012

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma