İstiqlal cəfakeşi
(Arif Hacılının 50 yaşına)
Vahid Qazi
Səhər “Facebook”dakı səhifəmə “Azadlıqda olub məhbus ömrü yaşayanlar üçün ömürlük həbsə məhkum bir insandakı həyat eşqi hadisə deyilmi?” yazanda məhbus zabitimiz Ramil Səfərovun Macarıstan türməsində tərcümə elədiyi “Pal küçəsinin oğlanları” əsərinin təsirindəydim. Elə bilirdim ki, bu saat körpə Nemeçeki qollarımın üstünə alıb uğrunda öldüyü Meydançanı son dəfə görsün deyə ora aparacam və bununla bəlkə də həyatımda Allaha xoş gedəsi ən doğru hərəkətimi etmiş olacam. Əsərin qəhrəmanlarını uşaqlığımın məhlə oğlanları, müəllifini də macar yazıçısı yox, Ramilin özü kimi qəbul eləmişdim.
Axşama doğru bu əsərin qəhrəmanını bir də “gördüm” – “Media forum” saytı başqa bir məhbusun 50 yaşı münasibətilə fotosessiya təqdim edirdi. Oradakı ilk foto körpə Nemeçekin təsəvvürümdə canlanan şəklinin eyniydi. Qoşa su damlası kimi. Onun məsum baxışı “Pal küçəsi” uşaqlarının özləri kimi saf, gözləri tək duruydu. Fotoaparatın obyektivinə ümid qarışıq nigarançılıqla baxan körpə Arif sanki son döyüşün həyəcanını yaşayan Nemeçekin özüydü.
Beynimdə məhlə uşaqları, Meydança (vətən) sevgisi, Ramil, Arif, həbsxana… hər şey bir-birinə qarışmışdı…
***
Tale elə gətirdi ki, beşcə ay ərzində ölkənin baş aparatında iki Ariflə işlədim. Təlatüm dolu 1993-cü il idi onda, qarışıqlıqdan fələk belə başını götürüb qaçmışdı. Biri o birini əvəz eləyən Ariflər sanki iki fərqli epoxanın simvolları idilər.
Kəlbəcərdən gələn qorxunc xəbərə “təcili yardım” sirenası tək haray qoparıb köməyə tələsən Arifi (Hacılı) də görmüşəm, Ağdamın məhlə-məhlə işğalı xəbərini hər dəfə məruzə edəndə gözümün içinə buz nəzərlərlə baxan Arifi (Rəhimzadə) də…
Daha əvvəldən birini bu xalqın istiqlalına səs verən, o birini bu xalqın istiqlalını boğan imperiyaya səs verən görmüşdüm…
İstiqlalın 20-ci ili dövlət səviyyəsində qeyd edilən bir vaxtda onlar yenə göründülər. İstiqlala səs verən Arif Hacılı 50 yaşını həbsxanada, imperiyanı saxlayan qərara əl qaldıran Arif Rəhimzadə isə 70 illiyini döşündə “Şöhrət” ordeni qarşılayırdı…
Göz açandan böyüklərimizdən eşitmişik ki, gördüyün hər işin halallığını al! “Halallığı alınmayan bir gün irin olub adamın burnundan gələcək!” Kriminal qoxulu bu təlim xalqın inancından doğub. İstiqlalımız da halallıq istəyir. İstiqlalımızın səfasını sürənlər onun cəfasını çəkənlərdən halallıq almayacaqlarmı?
***
Onu tələbəlikdən tanıyıram. Yüz yerdə, yüz vəziyyətdə görmüşəm – yüksək məmur kreslosunda da, həbsxana narında da… Süfrə başında Ramiz Rövşəndən şeir də pıçıldayıb, beynəlxalq tribunada ermənipərəst Kerolayn Koksun oxuduğu qətnamə əleyhinə alov da püskürüb. O Ariflərin hər biri “Media forum”un fotosessiyasından baxan Ariflər kimi yüz ovqatda olublar. Arifin bu yüz ovqatından keçən bir halı var – mən onu həmişə darıxan gördüm… amma heç vaxt inamsız görmədim.
İndi o istiqlal cəfakeşi 20 il əvvəl fərəhlə qaldırdığı bayrağı hər səhər yatdığı həbsxananın damında dalğalanan görür. Görür və sevinir…
***
Fotosessiyadakı şəkillər bir-birini əvəzləyir, Arif beləcə böyüyür. Bu da sonuncu şəkil. O burdakı üzüylə “Pal küçəsi oğlanları”nın başçısı Bokanı – uşaqları səfərbər edib Meydançanı rəqib məhlə oğlanlarının hücumundan qoruyan dəstə başçısını xatırladır. “Məhlə uşaqları” başçı seçərək onun haqqını tanımaqda səhv etməmişdilər. Bu mövqe onun halal yeriydi.
İnanmaq istəyirəm ki, iqtidarımız onun istiqlal cəfasını azadlıqda çəkmək haqqını tanıyacaq.
Müsavatçılar da başqanlığını haqq eləmiş Arifə halallıq verəcəklər.
Axı biz halallıqsevər xalqıq!
17 yanvar 2012