Ağrının sərhəd məntəqəsi

Vahid Qazi

Əl-ayaq kəsilib, sonuncu adam da çəkiləndə dəhlizin sükutu sanki canlı varlıq imiş, konsertə gecikən dinləyici təki bir andaca özünü qapının azca aralı boşluğundan palataya saldı. Bu “gəliş”lə yastığın üstündəki telefonda artıq neçənci kərə dinlədiyi bəşər tarixinin bəlkə də ən möhtəşəm musiqisinin səsini birə beş artırdı.

“Dəhlizin sükutu” palatanın “konsert”ində qəfil bir ovsunla donubmuş kimi sallaşa qaldı. Musiqi xəstəxana palatasında hər şeyi dondurmuşdu. Pəncərənin o üzündə yarpaqsız budaqlarla oynaşan ay işığının pəncərə şüşəsindən bu üzdəki şüaları da, saçın hər dənini yolduğu kimi orqanizmin hər hüceyrəsini də tək-tək gəmirib bədəni hissə-hissə zəbt edən Ağrı da, venesiyalı bir musiqiçinin üç yüz il əvvəl çaldığı musiqini o andan bu anacan bətnində gəzdirən Zaman da dayanıb durmuşdu.

Ağrı üzü qalın buz bağladığından axını görünməyən çay kimiydi. Canı ağrımırdı, ağrısı durmuşdu – “Tramal” ağrının buz qatıydı. Ağrı donmuşdu!

Donmayan ilahi musiqi, bir də “sistem”də damcılayan dərman idi. Dərmanın damlaları musiqiyə not-not damırdı, ritmini tuturdu, sevgililər kimi qol-boyun idilər, əriyib bir can olmuşdular, oynaşa-oynaşa yeni sevgiyə, Ağrıya can atırdılar – qana axırdılar.

***

Dəhlizin sükutunu boğuq bir səs pozdu: “Sestraaaa!” Cavab gəlmədi. Bəlkə də onuncu dəfəydi təkrarlanan bu səsə ayaq səsi də qarışdı. Ayağını güclə sürüyən xəstə tibb bacısını axtarırdı. Palatanın qapısı ağzına çatanda onun xırıltılısı aydın eşidildi. Yaşlı adam idi. Elə bil sürüdüyü ayağı, Ağrı dolu bədəni deyildi, bu anda qara qəpik qədər dəyəri qalmayan bütöv bir ömrüydü. Tibb bacısıyla söhbətdən tək bu sözləri qulağı aldı: “Yaxşı, zarıma, get yerinə, gəlib vuraram”.

Yadına gündüz görüb eşitdikləri düşdü. Kasıb xəstələrə həşərat kimi baxan həkimləri, altını batıran yataq xəstəsini çoban iti kimi tutan tibb bacısını, əməliyyata təzəcə gəlmiş xəstəyə görə kəndli malı üstündə əlbəyaxa olan bazar alverçilərinə bənzər iki yaşlı cərrahı, cürbəcür xəstənin artığını boşqablardan qazana siyirib, sonra elə həmin qazandan təzə yemək adına pay çəkdiyini görən cavan xəstənin etirazına şivənlə cavab verən, köklüyündən kötüyə dönmüş aşpazı unuda bilmirdi. Palatada yer olmadığından gecəni dəhlizdə qalan, atası kənddən pul gətirənəcən əməliyyatı təxirə salınan on iki yaşlı qız anasının qolları arasında ağlamaqdan yorulmuşdu…

Rafiq Tağı kimi həmkarına etinasız olanlar başqasına can yandırarmı? Ötən yay Polşada Osvensim ölüm düşərgəsində gördükləri hardan yadına düşdü? Bənzətmədən əti ürpəşdi.

Xəstəxanadan çöldəki həyatı xatırladı, bayırla iç eynidi… Bəli, bura boşluqlar ölkəsidi. Lap kosmik fəzadakı kimi çəkisizlikdi: baş hardadı, ayaq harda? yerin hanı, göyün hanı? şərqin budu, qərbin bu? – bilməzsən! Dünən yada düşmür, sabah üfüqdə görünmür, bu gün yoxdu – zamansızlıqdasan; qiblə yoxdu – allahsızlıqdasan; sərhəd yoxdu – vətənsizlikdəsən! Kosmik fəza sistemi kimi bura da boşluqdu, çəkisizdi, havasızdı. İçin də boşalıb çoxdan, çölün kimi, xəbərin olmayıb…

***

Pəncərədə dan yeri sökülürdü. Təzə gün doğurdu. Təzə günlə bir vaxtda təzə Ağrı da döğurdu. “Tramal” gecəni sabaha çatdırıb əldən düşmüşdü. “Ağrı – ağrı haqqında canlı bir təsəvvürdü”, düz deyirmişsən, Mark Avreli! Ağrı şüurla şüursuzluq arasındakı sərhəd məntəqəsidi! Bu səhər sərhədi keçmək istədi.

Başlamışdı, Ağrıyla böyük mücadilə yenə başlamışdı. Bu döyüşə yenə köhnə dostlarla çıxırdı: “Tramal”, “sistem” damlaları, bir də Tomaso Albinoninin “Adagio”su. Ağrını ağrıyla çıxarırdı, dünyanın ən əzəmətli Ağrısıyla – Albinoninin “Adagio”suyla. Ağrıyla döyüş daha onun canında yox, uzaqda, milyon-milyon ulduzların hansındasa gedirdi bəlkə də. Döyüşənlərin barışmağını görmüsənmi? Barışanların sevişməsini necə? Ağrıyla heç sevişdinmi?..

Gözlərini açdı. Yastıqdan sürüşən telefonu yorğanın altında tapdı. Mesaj gəlmişdi. Şuşalı Hikmət Sabiroğlu yollamışdı: “Fiziki ağrılar keçəcək! Bəs o biri ağrılar necə, bitəcəkmi?”

Albinoninin “Adagio”suna yüksək səs verib gözlərini tavandakı məchul nöqtəyə zillədi. Adamlar marağa qapını açıb örtürdülər. Sonra kimsə qapını tamam açdı, musiqi dalğa-dalğa dəhlizə yayıldı.

O isə məchul nöqtədən – “Ağrının sərhəd məntəqəsindən” keçib getmişdi…

Ağrının sərhəd məntəqəsi” üçün bir cavab

  1. Geri bildiriş: Tanrılarla baş-başa | Mismar.Az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma