Ayaz Salayevlə müsahibə

  

“Bizdə bu gün şəhvani hisslər üstünlük təşkil edir

Ayaz Salayev: “Hakimiyyət strukturları qarşısında kinonun

problemlərini qaldırmaq dəlinin yadına daş salmaq kimi bir şeydir”

Kinoşünas Ayaz Salayevlə “III Sektor”un redaksiyasında görüşdük. Jurnalın baş redaktoru Vahid Qazi, redaktor Hikmət Sabiroğlu və müsahibəni qələmə alan bəndənizin iştirak etdiyi söhbətdə söz-sözü çəkdi – ölkənin və dünyanın ictimai-siyasi havasına da toxunduq, hələ də keçid dövrünün acısını yaşayan Azərbaycanın ziyalısını düşündürən mənəvi problemlərə də nəzər yetirdik, kinomuzun dərd-sərindən də danışdıq.

Elə bilirdik ki, bolşevik ideologiyası ilə çox tez üzülüşmək mümkündür…

H.S.: İki il əvvəl böyuk alimimiz Azad Mirzəcanzadə «Zerkalo» qəzetinin «Azərbaycan hara gedir» sualına cavabında ölkəni sərt bir yoxuşda təntiyib geriyə yuvarlanan sınıq-salxaq maşına bənzətmişdi. Siz nə deyərdiniz: Azərbaycan hara gedir?

A.S.: Bəlkə də sizə qəribə görünəcək, amma mən belə nəticəyə gəlmişəm ki, Azərbaycan heç bir məntiqə tabe olmayan ölkədir. Burda adi məntiqə əsaslanmaq həmişə yanlış nəticə verir. Bu baxımdan Azərbaycanın gələcəyi barədə yalnız bir şeyi dəqiq demək olar: o, tamamilə başqa, bizim gözləmədiyimiz kimi olacaq. Mən özüm ölkənin gələcəyi barədə fikrimi gündə bir neçə dəfə dəyişirəm. Məsələn, çox pessimist olanda nikbinlik doğuran bəzi əlamətləri görürəm.

Ölkəmizin gələcəyi ilə bağlı bir ağrılı məqamı qeyd etmək istərdim: bu gün Azərbaycanın az qala bütün sağlam qüvvələri xarici şirkətlərdə işləyir. Təbii, bu, 1930-cu illərdəki kimi Sibir düşərgələrində çürüməkdən yaxşıdır, amma hər halda bütün sağlam qüvvələr ictimai həyatdan kənarda qalır.

H.S.: Gələcəyi tam təsəvvür etməyin çətin olduğunu deyirsiniz. Bəs 15-20 il bundan qabaq gələcəyi necə təsəvvür edirdiniz? İndiki Azərbaycan Sizin o zamankı təsəvvürlərinizə nə dərəcədə yaxındır?

A.S.: 1990-cı illərin əvvəlində biz hamımız illüziyalar içində yaşayır, müstəqilliklə bərabər xoşbəxt gələcəyin yaxında olduğunu düşünürdük. Amma 2-3 il ötdükdən sonra şəxsən məndə bu illüziyalar dağıldı və yaxın gələcəkdə Azərbaycanı nə gözlədiyini aydın gördüm. Mən indi yalnız 1980-ci illərdə doğulmuş gənclərə böyük ümid bəsləyirəm. Çünki bu gənclərin şüuru sovet ideologiyasının qalıqlarından azaddır. Biz elə bilirdik ki, sovet ideologiyası, bolşevik ideologiyası ilə çox tez üzülüşmək mümkündür, amma sonradan məlum oldu ki, bu 70 illik rejim təkcə Azərbaycana deyil, bütün dünyaya nəhəng zərbə vurub. Dünya tarixində öz nəticələrinə görə 1917-ci ilin Rusiya inqilabı qədər məhvedici çox nadir hadisələr tapmaq olar. Hadisə baş verir, rejim qurulur və dağılır, amma onun nəticələri hələ uzun müddət özünü büruzə verir.

Məsələn, 1930-40-cı illərin məşhur ziyalıları sovet ziyalıları deyildilər, onlar çar Rusiyasının məhsullarıydı. İndi isə bizi əhatə edən adamlar, xüsusilə hakimiyyətdə olan şəxslər bu müstəqillik dövrünün törəmələri deyil. Onlar 1970-ci illərin – Brejnev dövrünün törəmələridir. Loru desək, mənim fikrimcə, insan bolşevik dövründə nə qədər az yaşayıbsa, bir o qədər sağlamdır.

Amma Azərbaycanın gələcəyinə müəyyən nikbinliklə baxıram. İndi nəsil dəyişir. Mən elə cavanlar tanıyıram ki, istirahət günlərində pul yığıb yetimxanalara gedirlər, yetim uşaqlarla vaxt keçirirlər. Bu, Azərbaycan üçün son dərəcə yeni və sağlam əlamətdir. Azərbaycanın gələcəyi barədə danışanda da biz gərək ətrafımızdakı hər şeyə diqqətlə baxaq, o cümlədən yas mərasimlərinin, toyların keçirilməsinə, insanların mağazada necə alış-veriş eləməsinə. Yalnız bütün bu detallara əsaslanaraq fikir söyləməliyik. Üzr istəyirəm, biz hətta ayaqyolundakı yazıları da diqqətlə təhlil etməliyik.

Tale belə gətirdi ki, Azərbaycana sovet dövründə rəhbərlik etmiş şəxs yenidən hakimiyyətə gəldi və bu da insanlarda ölkədə heç vaxt heç nəyin dəyişməyəcəyi haqda yanlış təəssürat yaratdı. Amma belə deyil. Bir misal gətirmək istəyirəm. Bu yaxınlarda Tovuz rayonunda çəkilişdə oldum. Hamımız oturub millətimizi söyürük, amma mən Tovuzdan millətimə vurğun adam kimi qayıtmışam. Təsəvvür edin ki, camaat Ermənistanla sərhədin düz qırağında, snayper atəşi altında yaşayır, kartof əkir, təzə evlər tikir, oradan köçməyi düşünmür də. Belə şeylər adama qol-qanad verir.

V.Q.: Folkner deyirdi ki, fransızlar rasionallığın, yaponlar intellektin vurğunudur. Bu rakursdan yanaşdıqda, Sizcə, azərbaycanlılar nəyin vurğunudur?

A.S.: Sözün düzü, bu barədə danışmaq bir az ağırdır. Çünki deyəcəklərim bir az səthi və bayağı görünəcək… Mənə elə gəlir ki, cəmiyyətimizdə bu gün şəhvani hisslər üstünlük təşkil edir. Burada mən bir məsələni də xüsusilə qeyd etmək istərdim. Bu gün Azərbaycanda qədim dövrün bütpərəst şüuru özünü çox qabarıq şəkildə büruzə verir. Biz indi bütpərəst bir cəmiyyətdə yaşayırıq və bu da, yəqin ki, sovet dövrünün mirasıdır. Bütün xalqlarda mədəniyyət çox nazik bir qatdır və onun altında vəhşi bir şüur yatır. Azərbaycanda mədəniyyət qatı 70 il ərzində məhv edilib və bu vəhşi şüur üzə çıxıb və yaşamaq uğrunda mübarizə müstəvisində özünü çox qabarıq şəkildə biruzə verir. Təbii ki, hamı, hər bir insan yaşamaq uğrunda mübarizə aparır, amma bu mübarizədə insana öz mənəviyyatını, simasını saxlamağa kömək edən yeganə şey şəxsi ləyaqətini qorumaq istəyidir. Mən bu gün bu ləyaqəti görmürəm. Yaşamaq uğrunda mübarizəni kinoda ən gözəl ifadə edən Çarli Çaplindir. Onun qəhrəmanı həyat uğrunda mübarizə aparır, yemək oğurlayır, amma eyni zamanda şəxsi ləyaqətini saxlamağa çalışır. Bu insanlıq və şəxsi ləyaqətini qorumaq hissi bizdə aşağı səviyyədədır.

V.Q.: Biz deyirik ki, qədim tariximiz var, amma cavan millətik. Siz dediyiniz bu qüsurlar zamanla ötüb keçəcək, yoxsa elə belə də davam edəcək?

A.S.: Bəla bundadır ki, bu gün Azərbaycanı əyalətləşdirməyə çalışırlar. Bu da əsasən dünyadan xəbəri olmayan adamların işidir. Məsələn, bizim kino sahəsində ümumdünya dəyərlərinin məhv edilməsi prosesi gedir, çünki bu dəyərlər kontekstində kimin kim olduğu aydın görünür. Eyni hal bütün sahələrdə müşahidə olunur. Xarici ədəbiyyatdan xəbəri olmayan müəllimlər çalışırlar ki, bu mövzuda heç kim diplom işi yazmasın, çünki onlar bu diplom işinə rəy yaza bilməyəcəklər. Amma bütün bunlara baxmayaraq, yeni nəsil yetişir və bu nəsil çox tezliklə köhnə nəslə öz «yox» sözünü deyəcək. Məsələnin mahiyyəti də ondan ibarətdir ki, hakimiyyətlə mübarizəni yeni nəslin nümayəndələri aparmalıdır.

Böyük Britaniyada 1960-cı illrədə «Bitlz» fenomeni müşahidə olunurdu. Bu fenomen nədən ibarət idi? Yeni nəsil meydana gəldi və dedi ki, Sibirdən Buhenvalda qədər düşərgələr yaratmısınız, biz yeni nəsil olaraq sizi qəbul etmirik. Uşaqların zirzəmidə yığışıb gitara çalması yeni nəslin özünü ifadə etməsi idi. Məhz «Bitlz» fenomenindən sonra dünya tamamilə dəyişib. Ona görə ki, yeni nəsil yetişdi və köhnə nəslin dəyərlərini qəbul etmədi. Mənim balaca qızım uşaq bağçasına gedirdi. Onların bağçasına xaricilərin də uşaqları gəlirdi və mən görürdüm ki, mənim qızımda irqi fərqlər düşüncəsi yoxdur. O, zənci uşağa zənci deyil, qırmızı köynək geyinən uşaq deyir. Onun ağlına da gəlmir ki, zənci nədir. Bu, artıq yeni şüurun nümunəsidir.

H.S.: Ayaz bəy, ölkənin siyasi həyatına toxunaq. Demokratiya uğrunda mübarizənin uğursuzluğunun səbəblərini nədə görürsünüz? Sizcə, Azərbaycanda avtoritarizmə qalib gəlmək üçün nə çatmır?

A.S.: Məncə, vaxt çatmır. Mən 1980-ci illərdə doğulmuş gənclərin böyüməsini gözləyirəm. Bizə bu illərdə doğulmuş insanların 40 yaşının tamam olması çatmır.

V.Q.: Amma yeni nəsildə də köhnə ənənələr müşahidə olunur. Məsələn, son seçki vaxtı komsomolvari qalstuk taxıb kimisə lənətləyən və kiməsə yaltaqlanan azmı cavanlar gördük?! Hər halda bu gün Sizin dediyiniz gənclər yox, mənim dediyim gənclər üzdədir, meydan onlara açıqdır. Bir də ki, oğulların atalarına oxşamaq istəməsi bioloji haldır. Sovet İttifaqı zamanında mövcud olmuş ənənələr, bir növ, bərpa olunur. Sizə elə gəlmirmi ki, biz yeni nəsli də itiririk?

A.S.: Siz özünüz çox dəqiq ifadə etdiniz ki, bərpa olunur. Bərpa olunur nə deməkdir? Bu ənənələrin süni şəkildə yenidən yaradılması.

V.Q.: Bizim orta nəsil ciddi şəkildə viruslara yoluxub. Amma ümidlər bəslədiyiniz yeni nəsil də eyni dibçəkdə yetişir. Mən də hərdən ümid edirəm ki, Qərb ölkələrində oxuyan uşaqlar ölkəyə yeni vərdişlər və mədəniyyətlə qayıdırlar və Azərbaycanda nəyisə dəyişə biləcəklər. Amma onlar özlərini reallaşdıra bilmirlər axı. Bayaq dediyiniz kimi, xarici şirkətlərə sığınıblar, ictimai hərəkatda, müxalifət partiyalarında, dövlət strukturlarında gözə dəymirlər, deməli, həmin gənclərin cəmiyyətdə avanqard rolu üzərlərinə götürəcəyi inandırıcı görünmür. Uzağa getməyək, qonşu Gürcüstanda tamam fərqli mənzərədir. Son illərdə yetişmiş gürcü gəncləri xaricdə təhsil alıb Gürcüstana qayıdanda ictimai sektora yönəldilər. Gürcüstan inqilabının baş verməsində də məhz bu gənclər mühüm rol oynadılar. Bizdə isə belə gənclər ictimai fəallıqdan kənardadırlar.

A.S.: Təəssüf ki, bu, bir reallıqdır.

H.S.: Səbəb nədir? Azərbaycanın varlı ölkə, daha doğrusu, neft ölkəsi olmasımı?

A.S.: Neft amilinin tək bu məsələyə yox, bütövlükdə həyatımıza mənfi təsiri çoxdur. Lap adi bir misal gətirim: orta məktəblərdə «Neft bizim sərvətimizdir» şüarı asırlar. Bu, uşaqlara zərbə vurmaqdır. Yeniyetmələrə neftin hesabına yaxşı yaşayacağımız barədə yalançı təsəvvürlər təlqin etmək olmaz. Orta məktəblərdə «Bilik milli sərvətimizdir» şüarı asmaq yaxşı olar. Nə deyim, neft bizim kimi ölkələrə xeyirdən çox ziyan gətirir.

V.Q.: Söhbətin əvvəlində toxunduğunuz bir məqama qayıtmaq istəyirəm. Bizdə hakimiyyətdə olan insanlar ötən əsrin 70-ci illərində formalaşmış şəxslərdir. Cavan nəsil də bu adamların idarəçiliyi altında, yaratdığı reallıqlar üzərində formalaşır. Bu baxımdan yeni nəsildən müsbət gözləntilər realdırmı?

A.S.: Gəncliyin köhnəliyə müqaviməti amilini də nəzərə alın. Bir misal gətirim. İndiki şəhər uşaqları islama çox meyillənir. Əksəriyyəti də sünniliyə. Hərçənd, onların yeddi arxa dönəni qatı şiələrdir. Bu gənclər nənələrindən, babalarından dinlə bağlı heç bir şey almayıblar. Yəni heç də hər şey öz kökü üstündə bitmir. Bu gənclər tamamilə yeni insanlardır. Azərbaycanda artıq gəncləşmiş bir islam formalaşır və bu da müsbət hadisədir.

V.Q.: Necə hesab edirsiniz, Azərbaycan cəmiyyəti bu ağır durumdan çıxmaq üçün özündə güc tapacaqmı, yoxsa ayrı-ayrı fərdlərin qəhrəmanlığına ehtiyac var?

A.S.: Məncə, hər bir ölkədə fərdlər həmişə böyük rol oynayıb, amma o fərdlər də öz-özlərinə yaranmırlar, onlar cəmiyyətin törəməsidir. Cəmiyyətin eyni zamanda müəyyən bir özünüqoruma instinkti də var. Bu özünüqoruma instinkti Elmar Hüseynov kimi adamları yaradır. Məsələn, qarışqa aləmində müəyyən bir «şəhidlik» var. Cəmiyyət də belədir – özünü qorumaq üçün Elmar kimi adamları yaradır. Belə adamlar yaranmasa, cəmiyyət məhvə doğru gedəcək.

«Azərbaycanı alternativ mədəniyyətin, alternativ siyasətin, alternativ iqtisadiyyatın yaranması xilas edə bilər».

H.S.: Gələk kinoşünas Ayaz Salayevin problemlərinin üstünə. Sənətinizlə məşğul ola bilirsinizmi?

A.S.: Hazır ssenarim var, kino çəkmək üçün sponsor axtarıram. Bizim ofisdə (Ayaz Salayev «İnternyus-Azərbaycan» təşkilatında çalışır – red.) hamı bilir ki, mən bu ümidlə yaşayıram. Mən bilirəm ki, Azərbaycandan kənarda yaşasaydım, bu filmlə bağlı ideyalarım heç vaxt yaranmazdı. Bəlkə film çəkmək istəyim də olmazdı və mən özümü tam xoşbəxt hiss edərdim. Amma məndə bu istək yaranıbsa, deməli, onu həyata keçirməliyəm. Sənətimlə bağlı çox qayğılar var. Bu gün kinoda vəziyyət dəyərlər baxımından çox dəhşətlidir. Azərbaycan kinosu diletantların pəncəsində can verir. Bilirəm ki, çəkmək istədiyim filmin gerçəkləşməsi belə mühitdə qeyri-mümkündür. Buna görə də mən vəsaiti kənarda axtarıram və alternativ kinonu yaşatmaq istəyirəm. Mənə elə gəlir ki, Azərbaycanı alternativ mədəniyyətin, alternativ siyasətin, alternativ iqtisadiyyatın yaranması xilas edə bilər. Müxalif deyil, məhz alternativ.

Vəziyyətdən çıxmaq olar. Tək kinonu demirəm, bütövlükdə həyatımızı nəzərdə tuturam.

Azərbaycandakı şüur tam Şərq şüuru deyil və burda ikinci bir Türkmənistanın yaranmasına cəmiyyət özü imkan verməyəcək. Son vaxtlar belə bir fikrə gəlmişəm ki, həm rəsmi təbliğat, həm də müstəqil adlanan telekanallar, qəzetlər sanki sözü bir yerə qoyub və ya bir yerdən idarə olunaraq beynimizə «biz qoyun sürüsüyük və diktaturadan başqa bir şəraitdə yaşaya bilmərik» fikrini yeritməyə çalışırlar. Cəfəngiyyatdır. Əgər bir Azərbaycan ziyalısı «görəsən, bu xalq düşdüyü vəziyyətə layiqdir, yoxsa yox» sualına «layiqdir» cavabı verirsə, onun mövqeyi tək mənəviyyatdan yox, həqiqətdən çox uzaqdır.

V.Q.: Haqlısınız. İkiyə bölünmüş alman və ya Koreya xalqına demək olmaz ki, eyni xalqın bir hissəsi totalitar rejimdə, digəri isə demokratiyada yaşamağa layiqdir. Ancaq gəlin kino mövzusundan ayrılmayaq. Azərbaycan kinosunun vəziyyəti aydındır. Bəs dünya kinosunun vəziyyəti necə? Tutalım, indi xeyli mənada böhran keçirən poeziyaya münasibət yüz il əvvəl başqa cür idi. Sizcə, kino da poeziyanın aqibətini yaşaya bilərmi?

A.S.: Mənə elə gəlir ki, artıq yaşayır. Vaxtilə çardaqda acından ölən dahilərin əsərlərini gözləyən aqibət indi də kinonu gözləyir. Kino təzə-təzə yarananda həm sənət əsəri olan, həm də çox populyar olan əsərlər yaratmaq mümkün idi. Amma indi ictimai-mədəni mühit dəyişib və artıq əsl sənət əsəri olan film geniş auditoriya toplaya bilmir. Yəni dəyərlər və yanaşma, bir növ, dəyişib. Amma hətta bu şəraitdə də sənətçi gərək mövqeyini dəyişməsin. Biz çox maraqlı bir dövrdə, XXI əsrin astanasındayıq. Yeni əsrin küləyi duyulmaqdaır. Bəli-bəli, yeni əsr həmişə təqvimi başlanğıcdan 13-15 il sonra başlayır. XIX əsr 1812-ci ildən, XX əsr 1914-cü ildən başlamışdı. XXI əsr də hələlik başlamayıb, amma onun ab-havasını biz artıq duyuruq. Misal üçün, internetin ixtirası çap maşınının ixtirası səviyyəsində olan bir nailiyyətdir. Təbii ki, bu, çox şeyi dəyişir. Ona görə də biz bu yeni əsrin əleyhinə getməməliyik, biz komformist kimi deyil, yaxşı mənada yeni tendensiyalara uyğunlaşmalıyıq. Bu baxımdan bir sənətkar kimi özünü ifadə etmək qabiliyyətini itirməmək çox vacibdir. Yeni şəraitə uyğunlaşa-uyğunlaşa özünü ifadə etmək qabiliyyətini itirməmək gələcəkdə çox gözəl nəticələr verə bilər.

V.Q.: Son 10-15 ildə insanın özünün özünə etirazını ifadə edən Miloş Formanın «Qu quşu yuvası üstündən uçuş» kimi filmlər çəkilibmi?

A.S.: Siz deyən film öz dövrünün məhsuluydu.

V.Q.: Bəlkə belə filmləri yaradan səbəblər, rejimlər yoxdur? Yoxsa bu filmlərin tamaşaçısı yoxdur deyə onlar çəkilmir?

A.S.: Bu tipli filmlər İran kinosunda var. Azərbaycan kinosunda isə bu tipli filmlərin olmaması başqa səbəbdəndir. Mənə elə gəlir ki, Azərbaycan kinosunda bunun hansısa dərin fəlsəfi səbəbləri barədə danışmağa ehtiyac yoxdur. Bu gün Azərbaycan kinosunda konkret adamlar hakimiyyətdədir və onlar da öz yerlərini qorumaq uğrunda mübarizə aparırlar. Onlar kinoya yeni adamların gəlişinə əngəl törədirlər. Bəla budur. Kinoya yeni adamların gəlməsinə şərait yaradılsaydı, başqa mənzərəydi.

H.S.: Başqa mənzərə uğrunda çarpışan kino ictimaiyyəti varmı?

A.S.: Xeyr. Kino ictimaiyyəti anlayışı Azərbaycanda yox idi və indi də yoxdur. Onun əvəzində son dərəcədə geridə qalmış və Azərbaycan sovet özfəaliyyət kinosunu yaşatmağa çalışan savadsız və istedadsız adamlar meydan sulayır.

V.Q.: Doğrudanmı bizdə kino ictimaiyyəti deyilən şey heç vaxt olmayıb?

A.S.: Heç vaxt olmayıb. Nadir hallarda Səməd Mərdanov kimi rejissorlar meydana gəlirdi, amma yüksək mədəniyyət adamı olmayan şəxslər bu tipli insanlara mane olurdular. Səməd Mərdanov da 39 və ya 40 yaşında ikən dünyasını dəyişdi. Və elə ona görə də Azərbaycanda Azərbaycan xalqını tam ifadə edən kino yoxdur.

H.S.: Mədəniyyət nazirinin müavini kinorejissordur (müsahibə kinorejissor Vaqif Mustafayev nazir müavini olan zaman götürülüb – red.). Nə vaxtsa Sizi çağırıb kinonun ayağa qaldırılması yolları ilə bağlı söhbət edibmi?

A.S.: Yox, heç vaxt.

H.S.: Onunla heç bir kontaktınız da yoxdur…

A.S.: Yox.

H.S.: Siz tərəfdən də bir cəhd olmayıb? Ümumiyyətlə, hakimiyyət strukturları qarşısında kinonun problemlərini qaldırmağa cəhd edibsinizmi?

A.S.: Hakimiyyət strukturları qarşısında kinonun problemlərini qaldırmaq dəlinin yadına daş salmaq, pişiyin yanında siçan kimi səs çıxarmaq kimi bir şeydir. Mən kino sahəsində Azərbaycan dövləti səviyyəsində hansısa islahatların aparılacağına inanmıram. Azərbaycanda kinonu yalnız və yalnız müstəqil sahibkarlar dirçəldə bilərlər. Yalnız müstəqil sahibkarlar sinfi yarananda Azərbaycanda mədəniyyət də müəyyən qədər inkişaf edəcək. Əfsuslar olsun ki, çox şey iqtisadiyyatdan asılıdır. Mədəniyyət uğrunda mübarizəni yalnız və yalnız dövlət strukturları çərçivəsində aparmaq düzgün deyil. Yalnız alternativ mədəniyyət yaratmaq lazımdır.

Məni düzgün başa düşün. «Yarasa» filmim Azərbaycanın kino tarixində sanki heç mövcud da deyil. Amma mən həmin kino ilə bütün dünyanı gəzmişəm. Bu filmin Sürixin, Parisin, Hannoverin kiçik zallarında indiyəcən ildə bir dəfə də olsa göstərilməsi mənim üçün nailiyyətdir. Amma kino ictimaiyyəti arasında bu kino heç sanki yoxdur. Yalnız ikinci Azərbaycan kinosu, ikinci Azərbaycan ədəbiyyatı yaransa, nəsə irəliləyiş gözləmək olar. Hansısa məmurun yanına gedib kinonun problemlərini qaldırmaq mənasızdır.

H.S.: Bəs kinoya vəsait ayıran sahibkarlar var?

A.S.: Qrantlar, sponsor vasitəsilə kino çəkmək olar. Mən də bu gün kino çəkmək üçün yollar axtarıram. Əfsuslar olsun ki, Rusiyada yaşayan varlı azərbaycanlıların çoxu geri fikirli və ya Azərbaycandan incimiş, ölkəsinə nifrət edən adamlardır. Amma hər halda bu cür yollarla vəsait tapmaq olar.

V.Q.: Biz xırda bir dövlət, müqayisədə götürsək, hətta azsaylı xalqıq. Bir çox meyarlar üzrə dünyadan geri qalmışıq. Bu baxımdan ortaya böyük kino əsərləri qoya biləcəyimiz inandırıcı görünmür. Üstəlik, kino artıq nəhəng industriyadır.

A.S.: Üç-dörd ildən bir əsl sənət əsəri olan bir filmin çəkilməsi artıq milli kinonun inkişafı deməkdir. Şah əsərlər konveyerdən çıxmır. Amma bu böyük əsərlərin yaradılması müəyyən mənada orta səviyyəli əsərlərin də meydana çıxmasına səbəb olacaq. Ümumiyyətlə, ictimaiyyətin, xalqın özünü ifadə etmək istəyi yarananda bu, kino vasitəsilə baş verə bilər.

V.Q.: İndi 45 yaşlı Ayaz Salayev deyir ki, mənim baqajımda olan yeganə kino «Yarasa»dır. Bəs 75 yaşlı Ayaz Salayev də desə ki, mənim «baqajım»da olan ancaq «Yarasa»dır, onda bunun günahkarı kim olacaq? Millət, cəmiyyət, yoxsa siz özünüz?

A.S.: Mən bu haqda düşünmürəm, çünki konkret planlarım var. Xərcəng xəstəliyinə tutulmasam, başıma nəsə iş gəlməsə, mən mütləq bu planımı həyata keçirəcəyəm.

V.Q.: Dediniz ki, hazır ssenariniz var və sponsor axtarırsınız. Nə qədər pul lazımdır axı?

A.S.: Mənim deyəcəyim məbləğ xarici ölkə üçün heç nədir, amma Azərbaycan üçün normaldır. Mənə kino çəkmək üçün 120 min dollar kifayətdir.

V.Q.: Axı bu vəsaitlə necə kino çəkmək olar?

A.S.: Olar. Əgər sən filmi beynində cızıbsansa və hər şey sənə aydındırsa, o zaman bu vəsaitlə filmi çəkmək problem deyil.

V.Q.: Bəs bu kino ilə dünyaya çıxmaq olarmı?

A.S.: Bəli. Bu filmlə festivallara da çıxmaq olar. Mən «Yarasa» filmi ilə qran-pri almışam. Hərçənd, mən bu filmi sevmirəm, onun hər kadrından texniki problem damır. Amma hər halda, mən bu vəsaitlə film çəkməkdə problem görmürəm.

V.Q.: Söhbət öz-özünə gəlib milli burjuaziyanın formalaşmasına gəlib çıxır.

A.S.: Mənim indilikdə milli burjuaziyanın formalaşacağına inamım yoxdur. Amma mənim dediyim o yeni nəsil böyüsə və normal yaşamaq istəsə, o zaman mədəniyyəti, o cümlədən kinonu da yada salacaqlar. Hər şeyin geci-tezi var. Heç ağlımıza gələrdi ki, nə vaxtsa Kommunist Partiyası müxalifətdə olacaq?..

«Bin Laden də Lenin kimi kasıbları varlılara qarşı ayağa qaldırıb»

V.Q.: Hazırda dünyada qloballaşma ilə yanaşı müəyyən bir deqradasiya prosesi müşahidə olunur. Mənim Amerikada, Avropada yaşayan dostlarım var və onlar da öz cəmiyyətləri haqqında bizim öz cəmiyyətimiz barədə düşündükləri kimi düşünürlər. Məsələn, indiki Ağ ev administrasiyası 20 il əvvəlki administrasiya deyil. Buş administrasiyasının intellektual səviyyəsini Reyqan dövrü ilə müqayisə eləmək olmaz. Və bu tendensiya hər şeyə aiddir. Bəlkə Azərbaycanda baş verənlər də dünyada baş verənlərin proyeksiyasıdır?

A.S.: Mənə elə gəlir ki, burada bir qədər başqa şeydən danışmaq lazımdır. Bu, bir az qeyri-ciddi görünə bilər, amma mənim aləmimdə, Yer kürəsindəki mənəviyyat, intellekt tarixin bütün dövrlərində müxtəlif cür paylanıb. Məsələn, Romanın son illərinə nəzər yetirsək görərik ki, bir tərəfdə xristian şəhidləri var idi və vəhşi heyvanlara atılmalarına baxmayaraq, onlar öz mövqelərindən dönmürdülər, analar öz balalarını qurban verirdilər. Roma imperatoru Neron isə insanları ağaclara bağlayıb məşəl kimi yandırır, onları vəhşi heyvanlara yem edirdi. Yəni mənəviyyat payı insanlar arasında belə bölüşdürülmüşdü. İndi isə mənəviyyat payı bərabər şəkildə paylanıb və mənim aləmimdə qloballaşma budur. İnsanların cılızlaşdığı barədə fikirlər tarix boyu həmişə olub. Bu fikirlərdə həqiqət payını danmaq da olmaz. Amma bərkini tutmaq da düz deyil.

Deqradasiya deyirsiniz. Elitar kino əvvəl Fransada çəkilirdi, indi isə İranda çəkilir. Bu, deqradasiyadırmı? Xarici ədəbiyyat tarixini oxuyanda Roma imperiyası dövründən sonra qəfildən intibah dövrünün ədəbiyyatı başlayır. Bəs ortada olan o on əsr? Onlar hara getdi? Tarix, mədəniyyət tarixi çox mürəkkəbdir və müxtəlif dövrlərdə sənət növləri çiçəklənib.

Mən sizə bir şey deyim. Biz indi çox mürəkkəb və heç bir məntiqə tabe olmayan həyatı öz təsəvvürlərimizə uyğunlaşdırmağa çalışırıq. Mənə elə gəlir ki, bəşəriyyət tarixində baş verən bütün faciələrin səbəbləri də ondan irəli gəlir ki, biz mürəkkəb və naməlum həyatı öz şəxsi təcrübəmiz əsasında formalaşan təsəvvürlərimizə uyğunldaşdırmağa çalışırıq. Əgər mənə pislik edən on nəfər qırmızı köynək geyinibsə, mənim aləmimdə qırmızı köynək geyinən pis adamdır. Amma belə deyil axı. Mən heç vaxt deyə bilmərəm ki, onların hamısı pisdir. Ksenofobiya, millətçilik də bu yanaşmadan irəli gəlir. Dünyanı öz təsəvvürlərinə uyğunlaşdırmağa çalışanda nəticə belə olur.

V.Q.: Qloballaşmanın fəsadlarından danışan adamlar həm də texniki tərəqqinin həyatın romantikasını öldürdüyünü deyirlər.

A.S.: Bizdən uzaq, biz xəstələnəndə bu texniki tərəqqiyə görə dua edirik. Məsələn, texniki tərəqqinin inkişafı nəticəsində Yer kürəsindəki ərzaq problemlərini həll etmək mümkündür. Və yaxud, məhz nüvə başlıqları bəşəriyyəti üçüncü dünya müharibəsindən hifz elədi. Ona görə də bu fenomenin mənfi və ya müsbət tərəfləri barədə ayrıca danışmaq düzgün deyil.

V.Q.: Məsələn, mobil telefon insanların ünsiyyətini asanlaşdırsa da, eyni zamanda onları uzaqlaşdırır. İnsanlar sanki əvvəl daha mehriban idilər…

A.S.: Siz atasını satan Pavlik Morozovları nəzərdə tutursunuz?

V.Q.: Yox, əlbəttə, yox…

A.S.: Mən sizinlə razı deyiləm. Fikrimcə, biz keçmişlə vidalaşmağı bacarmalıyıq və bu cəsarətə malik olmalıyıq. Biz hər şeyə açıq gözlə baxmalıyıq. Tutalım, gender məsələsi. Gəlin etiraf edək ki, kişi ilə qadın arasında bərabərlik yaranıb. Kişilər artıq bununla barışmalıdır. Konkret adətlərə diqqət yetirək. Vaxtilə qız atasının toya getməsi, oynaması ayıb sayılırdı. Amma artıq bu adət aradan qalxıb və biz özümüzdə bundan imtina etməyə cəsarət tapmışıq. Cinsi əlamət üzrə heç kim artıq alçaldılmır və bu, gözəl haldır. Buna deqradasiya demək olmaz.

Düzdür, başqa hallar da var. Elə kinodan misal çəkəcəyəm. Kann festivalına gələn bir nümayəndə heyətindən soruşurlar ki, Fellini kimdir, deyirlər ki, təzəcə gəlmişik, hələ tanış ola bilməmişik. Belə hallar da var. Amma bütövlükdə yaxşı və pis dövrlər yoxdur. Həyat mürəkkəbdir və öz mürəkkəbliyinə görə maraqlıdır.

H.S.: İndi tez-tez sivilizasiyaların toqquşmasından danışırlar. Məsələn, Siz bu Bin Laden fenomeninə necə yanaşırsınız?

A.S.: Mənim aləmimdə Bin Laden Leninlə eyni fenomendir. Bin Laden də Lenin kimi kasıbları varlılara qarşı ayağa qaldırıb. Həmişə kasıbları varlılara qarşı ayağa qaldıran bir ideologiya olub və marksist ideologiyası tənəzzül etdikdən sonra bu ideologiyanı islamda axtarırlar. Əslində isə bunun səbəbləri iqtisadiyyatla bağlıdır.

V.Q.: Kasıblar dedikdə kimləri nəzərdə tutursunuz?

AS.: Dünyanın yoxsullarını. Bin Laden özü bu ideyaların müəllifi deyil, o, törəmədir, məhsuldur. Söhbət dindən getmir. Qərbyönlü ziyalılara Mərakeşdə də, Azərbaycanda da rast gəlmək olar. Sadəcə, islam ideologiyası Bin Laden kimiləri üçün kasıbları varlılara qarşı ayağa qaldırmaq üçün əlverişli bir baza rolunu oynayır. Mao Tszedun vaxtilə demişdi ki, inqilab böyük kəndin böyük şəhərə qarşı üsyanıdır. O bunu çox gözəl bilirdi və bundan dəqiq istifadə edirdi. Bəs İranda nə oldu? Böyük kəndin böyük şəhərə qarşı üsyanı. Ona görə də biz regionlardan Bakıya çox adamın gəlməsinə sevinməliyik, çünki Bakı nə qədər problemlə üzləşsə də, bütün bu insan kütləsini həzm edəcək. Ölkə daxilində böyük kənd – böyük şəhər qarşıdurması yaranmayacaq. Mən bunu xoşbəxtlik sayıram.

Müsahibə “III Sektor” demokratiya jurnalının 1 (19) 2006 sayında dərc olunub

Söhbəti qələmə aldı: Tariyel Calallı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma